Category: Hadisə

  • Suqovuşanda mina partladı – Kənd sakini yaralandı

    Ağdərə rayonu ərazisində mina partlayışı hadisəsi baş verib.

    Hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Məhərrəmov Mahir Abdulla oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.

    Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı məlumata görə, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

    Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

    Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

  • Bakıda ər və arvad faciəli şəkildə öldülər

    Bakıda ər və arvad dəm qazından boğulublar.

    Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu ərazisində baş verib.

    1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü həyat yoldaşı Ülviyyə Məmmədova Nərimanova Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən, kirayə yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.

    Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Qaradağda iki yaşlı uşaq ölüb

    Qaradağ rayonunda azyaşlı ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə martın 30-da Ələt qəsəbəsində baş verib.

    Qəsəbə sakini 2024-cü il təvəllüdlü Cahangir İsgəndərli naməlum səbəbdən qusub və xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdam sakini Mingəçevirdə küçədə infarktdan öldü

    Mingəçevir şəhərində 57 yaşlı kişi küçədə qəfil ölüb.

    Hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində baş verib.

    Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Şahlar Məmişov küçədə qəfil özünü pis hiss edib və yıxılıb. O, küçədə vəfat edib.

    İlkin məlumata görə, Ş.Məmişov infarktdan dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • BDU-nun müəllimi vəfat etdi – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) müəllimi Möhübbət Nəcəfli vəfat edib.

    Bu barədə BDU məlumat yayıb.

    Bildirilib ki, mərhum Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi olub.

    Qeyd edək ki, Möhübbət Nəcəfli 64 yaşında vəfat edib.

  • İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Biri 3 yaşlı qız olmaqla iki nəfər ÖLDÜ

    İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 5 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində vəfat edib.

    Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb. Qəzaya düşənlər Qəbələ rayonunun Yenikənd kənd sakinləridir.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • Zaqataladakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı: Bir ölü, beş yaralı

    Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

    Martın 30-da saat 16 radələrində 1987-ci il təvəllüdlü Zaqatala rayonunun Muğanlı kənd sakini Elvin İsmayıl oğlu Qurbanov idarə etdiyi VAZ-2101 markalı 08-BK-566 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində əks yolla hərəkətdə olan, 1977-ci il təvəllüdlü Samir Samid oğlu Yusifovun idarə etdiyi “Mercedes-Benz E-240” markalı 90-XR-566 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

    Hadisə nəticəsində VAZ-2101 markalı avtomobildə olan sərnişin 1972-ci il təvəllüdlü Ülfət İsrafil oğlu Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü Elvin İsmayıl oğlu Qurbanov və avtomobildə olan digər sərnişinlər 2007-ci il təvəllüdlü Səməndər Mehman oğlu Qurbanov, 2009-cu il təvəllüdlü Loğman Natiq oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Səməd Yusif oğlu İbrahimov, “Mercedes-Benz E-240” markalı avtomobildə olmuş sərnişin 1976-cı il təvəllüdlü Natəvan Rəsul qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Bakıda faciə: Oğlunu itirdikdən sonra xəstəliyə tutulan qadın binadan yıxılaraq öldü – Video

    Paytaxtın Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az Xəzər TV-yə istinadla xəbər verir ki, yaşlı qadın Ağa Nemətulla küçəsi, 22 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb.

    Hadisə barədə məlumat daxil olduqdan sonra prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək meyitə baxış keçiriblər. Ölən şəxsin Qərənfil Sadıqova olduğu müəyyən edilib.

    Qonşuların sözlərinə görə, qadının bir neçə il əvvəl oğlunu itirdikdən sonra səhhətində problemlər yaranıb. O, son vaxtlar Parkinson xəstəliyindən əziyyət çəkirmiş və ailəsi – həyat yoldaşı və qızı ilə birlikdə yaşayırmış.

    Mərhumun meyiti dəfn edilməsi üçün doğulduğu Tovuz rayonuna göndərilib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bayram günlərində baş vermiş hadisələrdə 13 nəfər ölüb – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, beş avtonəqliyyat qəzası, üç partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər həyatını itirib, intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

  • Gəncədə dörd avtomobil toqquşdu: Yaralananlar var

    Gəncə şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Hərəkətdə olan “Chevrolet”, “Mercedes”, “Toyota” və BMW markalı minik avtomobilləri toqquşaraq zəncirvari qəzaya səbəb olublar.

    Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım briqadası tərəfindən şəhər xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.