Category: Hadisə

  • Siyəzəndə gənc qadın dəm qazından boğulub

    Siyəzən rayonunda gənc qadın dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndində baş verib.

    Kənd sakini 1999-cu il təvəllüdlü Esmira Məmmədova martın 12-də axşam saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənib. O, yaxınlarının köməyi ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tərtərdə 19 yaşlı qadın doğuşda öldü

    Tərtər rayonunda gənc qadın xəstəxanada doğuş zamanı ölüb.

    Hadisə martın 12-də baş verib.

    Rayonun Hacıqərvənd kənd sakini, 2007-ci il təvəllüdlü Röya Allahverdiyeva hamiləliklə bağlı Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilib. O, doğuş zamanı dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Tanınmış vəkil vəfat etdi – FOTO

    Vəkillər Kollegiyasının üzvü Qabil Hümbətov vəfat edib.
     
    Median.Az bildirir ki, o, bu gün dünyasını dəyişib.
     
    Qeyd edək ki, Q.Hümbətov Naxçıvanda vəkillik fəaliyyəti ilə məşğul olub. O, 41 illik vəkillik təcrübəsinə malik idi./e-hüquq
     
    Allah rəhmət eləsin!
     

  • Mingəçevirdə maşın yolu keçmək istəyən piyadaları vurdu

    Mingəçevirdə maşın yolu keçmək istəyən iki piyadanı vurub.

    “Unikal”ın bölgə müxbirinin məlumatına görə, hadisə Ü.Hacıbəyov və Rəsul Rza küçələrinin kəsişməsində baş verib. İlkin məlumata görə, “Mercedes” markalı avtomobil yolu keçmək istəyən kişi və xanım piyadanı vurub. Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma başlanıb.

  • Füzulidə mina partlayışı: Ölən var

    Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

    Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Ramil Maşallah oğlu Hacıyev atla hərəkətdə olarkən minaya düşüb.

    Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Vətəndaşları işə düzəltmək adı ilə dələduzluq – 300 min manat…

    Vətəndaşları işə düzəltmək adıyla 300 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilən Sahil Göyüşovun cinayət işi üzrə məhkəməsi ilk baxış iclası başlayıb.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham aktını elan edib.

    Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.

    Zərərçəkmiş şəxs Səmid Kərimli bildirib ki, təqsirləndirilən şəxsə guya Ədliyyə Nazirliyində işə düzəldəcəyinə görə 14 min manat pul verib.

    Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin olunub.

    Qeyd edək ki, iş üzrə 16 zərərçəkmiş var və ümumilikdə dəymiş ziyan isə 300 min manatdan artıqdır. İttihama görə, təqsirləndirilən şəxs vətəndaşları müxtəlif işlərə düzəldəcəyi ilə bağlı yalan vəd verərək onlardan pul alıb.

    Sahil Göyüşova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

  • Ağsuda küçədə meyiti tapılan şəxslə bağlı İLGİNC FAKTLAR (Yenilənib)

    Ağsuda meyiti tapılan kişinin ölüm səbəbi məlum olub.

    1980-ci il təvəllüdlü Turab Həsən oğlu Səmidov rayon sakini olub və tək yaşayırmış. O, içki aludəçisi olub, uzun müddət imiş ki, tüfeyli həyat tərzi keçirirmiş. Gündüzlər şəhər ərazisində tüfeylilik edən T.Səmidov sərxoş halda küçələrdə gecələyirmiş. Martın 11-də onun meyiti rayonun X.Natəvan küçəsində yerləşən yarımtikilidə aşkar olunub.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    * * * * *

    Ağsuda küçədə meyit tapılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə martın 11-də qeydə alınıb. Rayon sakini Turab Həsən oğlu Səmidovun meyiti rayonun X.Natəvan küçəsində yerləşən yarımtikilidə aşkar olunub.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda tələbə vəfat etdi

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistr tələbəsi vəfat edib.

    Bununla bağlı universitet sosial şəbəkədə məlumat yayıb.

    Bildirilib ki, 2002-ci il təvəllüdlü Cahad Hüseyn oğlu Qurbanlı Geoloji-Kəşfiyyat Fakültəsinin magistr l kurs tələbəsi olub.

  • Həmkəndlisinin maşınını “prava”sız sürdü – Faciəli şəkildə öldü

    Masallı rayonunda sürücülük hüququ olmayan gəncin törətdiyi yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

    Həmkəndlisi Kənan Rufullayevə məxsus “Mercedes” markalı avtomobilin sükanı arxasına keçən Orxan Zamanov gecə saat 02:00 radələrində yaşadıqları Mahmudavar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək daş hasara çırpılıb.

    Hadisə nəticəsində 21 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə etməyi ona həvalə edən Kənan Rufullayev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi, eləcə də avtomobilin belə şəxslərə etibar edilməsi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, çox vaxt ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur.

    Sürücülərdən və nəqliyyat vasitəsi sahiblərindən tələb olunur ki, bu kimi məsuliyyətsiz davranışlardan çəkinərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoymasınlar.

  • Qəzada xəsarət alan piyada yol polisinin müşayiəti ilə xəstəxanaya çatdırıldı – Video

    Ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Qəzada xəsarət alan piyadalardan biri taksi minik avtomobilinə qoyulub və onun vəziyyəti, pik saatda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq yol polisi əməkdaşlarının operativ müşayiəti altında Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

    DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edərək bildirir ki, piyada vurulması ilə nəticələnən qəzalar daha çox piyada keçidlərinin yaxınlığında qeydə alınır. Ən təhlükəlisi də odur ki, piyadaların bir qismi sürətli və hərəkətin intensiv olduğu yollarda “avtomobillər dayanıb yol verəcəklər” düşüncəsi ilə məsələyə yanaşdığından onlar çox vaxt qəzanın qurbanı olur və ya ağır xəsarət alırlar.

    Piyadalar yolu diqqətsiz keçdikləri və piyada keçidlərindən istifadə etmədikləri təqdirdə nəticəsi ağır olacaq. Bu baxımdan yol hərəkəti iştirakçıları qaydalara əməl etməli, məsələyə ciddi yanaşmalıdırlar.