Category: Hadisə

  • Azərbaycanda avtobus qəza törətdi, ölən və yaralananlar var

    Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

    Median.Az APA-ya istinadən bildirir ki, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtobusun “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

    Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

  • Tanınmış azərbaycanlı alim vəfat edib

    Azərbaycanın görkəmli alimi, cərrah, akademik Böyükkişi Ağayev vəfat edib.

    Azərbaycan Milli Elmlər Akademiyasından oxu.az-a verilən məlumata görə, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M. Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında dünyasını dəyişib.

    Böyükkişi Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə təşkilatçısı idi.

    O, 1928-ci ildə Sabirabad rayonunda anadan olub.

    “Süni qış yuxusu-hibernasiyanın əməliyyat və travmatik şokun profilaktikasında və müalicəsində tətbiqi” mövzusunda namizədlik, “Xərçəng şişinin inkişaf mərhələsindən asılı olaraq böyrəküstü vəzin funksional vəziyyəti və cərrahi müalicəsində nəzərə alınmasının əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1967-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə tibb üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

    Alim Tibb İnstitutunun tələbələri üçün cərrahlıq fənnindən dərsliklərin yazılmasında da müstəsna xidmətlər göstərib. Ana dilindəki dərsliklərin çatışmazlığını nəzərə alaraq o, 1980-ci ildə Azərbaycan dilində “Klinik cərrahiyyədən mühazirələr” dərsliyinin birinci hissəsini, 1982-ci ildə ikinci hissəsini yazıb çap etdirib. 1989-cu ildə isə “Cərrahi xəstəliklər” dərsliyinin 1-2-ci hissələrini nəşrə hazırlayıb.

    B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təkliflərin müəllifi idi. Onun elmi əsərlərinin 200-ə yaxını xaricdə çap olunmuşdu.

    Görkəmli alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə edib.

    Alimlə vida mərasimi bu gün saat 13:00-dan 15:00-a qədər AMEA-nın Əsas binasında keçiriləcək.

  • Ağdam sakini Bərdəyə getdi — Xəstəxanalıq oldu

    Ağdam sakinini Bərdədə avtomobil vurub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Şirvanlı kəndində baş verib. “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən yolu keçən Ağdam rayon Üçoğlan kənd sakini 1972-ci il təvəllüdlü Meydanov Qafar Nəriman oğlunu vurub. Qəza zamanı xəsarət alan Q.Meydanov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Beyləqanda 39 yaşlı qadın evində ölü tapıldı – Qətl ehtimalı

    Beyləqanda mənzildən meyit aşkarlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Beyləqan şəhər Nizami küçəsi ev №7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının uzun müddət evdən çıxmamasına narahat olan qonşular DİN-in 102 “qaynar xətti”nə məlumat verib.

    Daxil olmuş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları R.Əsədovanı yaşadığı mənzilə daxil olaraq, qadını orada ölmüş vəziyyətdə aşkarlayıb.

    R.Əsədovanın qətlə yetirildiyi ehtimal olunur.

    Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb.

  • Yaş yarımlıq körpə su kanalına düşdü

    Salyan rayonunda yaş yarımlıq körpə suda boğulmaq təhlükəsindən son anda qurtulub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

    Valideyn nəzarətindən kənarda qalan 2017-ci il təvəllüdlü Mirvari Elcan qızı Ümidova yaşadığı evin yaxınlığındakı su kanalına düşüb. Körpə sudan çıxarılsa da, hadisə yerinə gələn təcili yardım stansiyasının həkimləri tərəfindən ilk tibbi yardımdan sonra özünə gəlib.

    Azyaşlı uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda daha bir piyada vuruldu — Bu dəfə maşınla yox, velosipedlə

    Mingəçevir şəhərində 24 yaşlı qızı velosiped vurub.

    Median.Az Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində piyada keçidində baş verib.

    Belə ki, yolu keçmək istəyən 1994-cü il təvəllüdlü şəhər sakini Elnarə Elxan qızı Abdullayevanı velosiped vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

    Qəzaya səbəb olan velosipedçi hadisə yerindən qaçıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qaradağda iki yük avtomobili toqquşdu — Gürcüstan vətəndaşı ölüb

    Qaradağda iki yük avtomobilinin toqquşması nəticəsində Gürcüstan vətəndaşı ölüb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində ”MAN” və “KAMAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

    Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
    “MAN” markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Tamaz Dalinzenin (Gürcüstan Respublikasının vətəndaşı) cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

  • Sumqayıtda bir nəfər göldə batıb

    Sumqayıtda 1 nəfər göldə batıb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindəki süni göldə 1 nəfərin batması ilə bağlı müraciət daxil olub. Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • İtkin düşən oğlanın meyiti 15 gün ağacdan asılı qaldı – Oğuzda şok olay

    Oğuz rayonunun Xaçmaz kəndində 15 gün əvvəl itkin düşən 20 yaşlı oğlanın cəsədi tapılıb.

    Median.Az xəbər verir ki, əqli zəifliyi olan İsmayılov Qorxmaz Qurbanəli oğlu 15 gündür evdən çıxmış və geri dönməmişdi. Körpə yaşlarından nənəsinin yanında qalan gənc əvvəllər 2 dəfə evi tərk edib, dağda çobanlar tərəfindən tapılaraq geri gətirilib. Mobil telefonunu da evə qoyub gedən gəncin tapılması üçün aidiyyatı qurumlara müraciət edilsə də, axtarışlar bir nəticə verməmişdi.

    Bu gün səhər saatlarında qonşuları öz bağlarında İsmayılov Qorxmazın cəsədini ağacdan asılı vəziyyətdə tapıblar.

    20 yaşlı gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparıılır.

  • Bakı-Qazax magistralında yol qəzası olub, xəsarət alan var – YENİLƏNİB

    Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1971-cı il təvəllüdlü Abbasov Vilayət Ənvər oğlu sərxoş vəziyyətdə idarə etdiyi avtomobili maneəyə çırpıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hdisə magistralın Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar.

    Faktla bağlı araşdırmalara başlanılıb./report.az