Category: Hadisə

  • Qocalar evində yanğın: ölən və yaralananlar var

    Böyük Britaniyanın Stiveneyc şəhərində qocalar evində yanğın baş verib.

    Axar.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onlardan birinin vəziyyəti ağırdır.

    Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

    Yanğının səbəbləri hələlik məlum deyil.

  • İsmayıllıda qadın öz həyətində yad kişi meyiti tapdı

    İsmayıllı rayon sakininə məxsus fərdi yaşayış evində naməlum kişi meyiti tapılıb.

    APA-nın xəbərinə görə, şəhərin Mübariz Orucov küçəsindəki 119 saylı mənzildə yaşayan 50 yaşlı Nüşabə Dəmirova Bakı şəhərindən rayona qayıdan zaman həyətində tanımadığı bir kişinin meyitini görüb. Qadın dərhal İsmayıllı Rayon Polis Şöbəsinə məlumat verib.
    Polis əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

    Araşdırma zamanı ölən şəxsin Ağdam rayonu, Quzanlı qəsəbə sakini, 1957-ci il təvəllüdlü Əliyev Akif Əbdülhüseyn oğlu olduğu müəyyənləşib. Akif Əliyevin Lahıc qəsəbəsinə qonaq gəldiyi deyilir. Onun hansı səbəbdən öldüyü və meyitinin həyətə necə gətirilməsi müəyyənləşdirilir. Tək yaşayan Nüşabə Dəmirova ölən kişini tanımadığını və evini rayona gələn turistlərə gündəlik kirayə verdiyini bildirib.

    Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Ağdasda məscidin yanmasının səbəbi bilindi

    Xəbər verdiyimiz kimi, ötən gecə Ağdaş rayonunun Güvəkənd kəndində məscid yanaraq yararsız hala düşüb.

    ARB TV xəbər verir ki, ümumi sahəsi 180 kvadratmetr olan məscidin yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

    Yanğın zamanı dini kitablar, qiymətli xalçalar, müxtəlif əşyalar yanaraq külə dönüb. Hadisə zamanı məsciddə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Kənd sakinləri hadisədən gec xəbər tutduğu üçün məsciddən heç nə çıxara bilməyiblər.

    Hadisə yerinə FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının ilkin ehtimallara görə qısaqapanmadan çıxdığı bildirilir.

    Qeyd edək ki, məscid 1993-cü ildə inşa edilərək kənd sakinlərinin istifadəsinə verilmişdi. Ətrafdakı bir neçə kəndin dindarları Güvəkənd məscidinə gələrək ibadət edirdi.

  • Yolçəkən fəhlənin dəhşətli sonu: maşın üstünə aşdı – VİDEO

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb.

    APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.

    Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu “Shacman” markalı yük maşınının altında qalıb.

    Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.

    Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Bakıda yanğın: İki polis zəhərlənib

    Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.

    Median.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu gün Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin girişində tikilmiş emalatxana və içərisində olan əşyalar 10 m2 sahədə yanıb.

    Yanğınsöndürənlər tərəfindən doqquz nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub.

    Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    Hadisə nəticəsində iki polis əməkdaşı tüstüdən zəhərlənib.

  • Bakı-Sumqayıt yolunda yük maşını alışdı – VİDEO

    Bakı-Sumqayıt yolunda avtomobil alışıb.

    Baku.ws-in məlumatına görə, yük maşını qəfildən yanıb. Hadisə yerinə dərhal DYP maşını gəlib.

    Ətrafdakı insanların köməyi ilə maşını söndürməyə çalışıblar.

    Yük maşının hansı səbəbdən alışdığı hələlik məlum deyil.

    Hadisənin görüntüsünü təqdim edirik:

  • Bakıda tunelin ortasında mübahisə edən sürücülər ağır yol qəzasına səbəb olublar – VİDEO (YENİLƏNİB)

    Paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

    “Report” xəbər verir ki, qəza zamanı iki yük maşını toqquşub.

    “99-CE-034” dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin 1973-cü il təvəllüdlü sürücüsü Abbasov Tərlan Əldilşad oğlu idarəetməni itirərək qarşıda hərəkət edən “Kamaz”ın qəfil əyləcdən istifadə etməsi nəticəsində ona çırpılıb.

    Nəticədə T.Abbasov sol ayağından sınıq xəsarətləri alıb. Kabinada sıxılıb qalmış yaralı ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya yerləşdirilib. Onun xəsarət alan ayağı amputasiya edilib. Qəza nəticəsində “Kamaz” markalı yük avtomobilindən yola qum dağılıb. Tuneldə qısamüddətli sıxlıq yaranıb.

    Hadisə yerinə cəlb olunmuş Yol Patrul Xidməti əməkdaşlarının “Report”a verdiyi məlumata görə, “Kamaz”ın qəfil əyləcdən istifadə etməsinə səbəb onun qarşısında iki “VAZ-2107” markalı avtomobil sürücüsünün maşınları tunelin ortasında saxlayaraq mübahisə etməsi olub.

    Fakt araşdırılır.

  • Bakıda avtomobillər toqquşdu – yanğın oldu

    Bakıda 2 avtomobil toqquşub. Lent.az xəbər verir ki, Salyan yolu 2 ünvanının qarşısında Səfa Mirzəyevin idarə etdiyi “QAZ 3110” marklı avtomobillə İsmayıl Qarayevin sürdüyü “Toyota Land Cruiser” toqquşub. Nəticədə “QAZ 3110” yanmağa başlayıb.
    Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının miqyasının artmasının qarşısını alıb.Xoşbəxtlikdən xəsarət alan olmayıb. Araşdırma aparılır.

  • Salyanda 7 yaşlı uşaq gölməçədə boğulub

    Salyanda bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Bəşirbəyli kənd sakini, 7 yaşlı Səmədov İsmayıl Sahil oğlu evlərinin yaxınlığındakı gölməçəyə düşərək boğulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Nəsimi rayonunda ev yanıb – FOTO

    Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

    Dünən gecə saatlarında Süleyman Rüstəm və Hənifə Ələsgərova küçələrinin kəsişməsində ümumi sahəsi 40 m2 olan birmərtəbəli, ikiotaqlı evin yanar konstruksiyaları yanıb.

    Yanğın zamanı bir nəfər xəsarət alıb. Qonşu evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.//oxu.az