Category: İdman

  • “Zirə”nin futbolçusu millidə debüt oyununda qol vurdu

    “Zirə” klubunun hücumçusu Leroy Mikels Ruanda milli komandasının heyətində debüt matçına çıxıb.

    Futbolçu “FIFA Series – 2026” turniri çərçivəsində Qrenada yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə mübarizə aparıb.

    Matça start heyətində başlayan forvard ilk hissəyə artırılmış vaxtda rəqib qapısına yol taparaq adını tabloya yazdırmağa müvəffəq olub.

    Ümumilikdə qarşılaşma Ruanda milli komandasının 4:0 hesablı mütləq qələbəsi ilə başa çatıb.

  • Bu oyunlar təxirə salındı

    AFFA-nın bayrağı altında təşkil edilən aşağı yaş qrupları üzrə çempionatlarda həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

    Bu barədə milli assosiasiyadan məlumat verilib.

    AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının görüşləri başqa tarixlərdə baş tutacaq.

  • Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi

    Azərbaycan millisi “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində bu gün ilk matçını keçirib.

    Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent Lüsiya millisi ilə üz-üzə gəlib.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşə saat 19:00-da start verilib.

    Görüş yığmamızın üstünlüyü ilə keçib. 6 qol vuran komandamız 1 top buraxıb.

    Bu, Azərbaycan millisinin tarixində ən böyükhesablı qələbə olub.

    “FIFA Series – 2026”
    19:00. Azərbaycan – Sent Lüsiya 6:1
    Qol: E. Mahmudov, 2-p, R. Sadıxov, 21, M. Qurbanlı, 36, T. Bayramov, 64 – D. Filip, 52-p.
    Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

  • FIFA iki türk klubuna transfer qadağası qoydu

    FIFA Türkiyənin “Kayserispor” və “Amedspor” klublarına sərt transfer qadağası tətbiq edib.

    Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

    Yayılan məlumata əsasən, Superliqada mübarizə aparan “Kayserispor” ardıcıl olaraq növbəti üç transfer pəncərəsində heyətinə heç bir yeni oyunçu qata bilməyəcək.

    I Liqa təmsilçisi “Amedspor” üçün isə vəziyyət daha mürəkkəbdir. Klub qeyri-müəyyən müddətə transfer hüququndan tamamilə məhrum edilib.

  • Azərbaycanlı güləşçi dopinqə görə sərt cəzalandırıldı

    Azərbaycanlı güləşçi Sabir Cəfərov cəzalandırılıb.

    Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

    Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

    Sabir Cəfərov AMADA tərəfindən dörd il müddətinə yarışlardan kənarlaşdırılıb. 2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.

  • “Lənkəran” və “Atletiko Baku”ya texniki məğlubiyyət verildi

    Futzal üzrə Yüksək Liqada çıxış edən “Lənkəran” komandası texniki məğlubiyyət alıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Bölgə təmsilçisi XV turda U-19 kollektivi ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu halla üzləşib. Bu səbəbdən “Lənkəran”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

    Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. “Atletiko Baku” PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.

  • İkiqat olimpiya çempionu vəfat edib

    Voleybol üzrə SSRİ yığma komandasının heyətində ikiqat Olimpiya çempionu olmuş Roza Salihova vəfat edib.

    Bu barədə Ümumrusiya Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    O, 81 yaşında həyatını itirib. Ölüm səbəbi barədə məlumat verilməyib.

    Qeyd edək ki, R.Salihova SSRİ yığmasının üzvü kimi 1968 və 1972-ci illərdə Olimpiya titulunu qazanıb. O, həmçinin Dünya çempionatının (1970) və Dünya kubokunun (1973) qalibi və ikiqat Avropa çempionu (1967 və 1971) olub.

  • UEFA “Benfika”nı cəzalandırdı

    UEFA Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələsi çərçivəsində “Real Madrid” klubuna qarşı keçirilmiş ilk oyunun nəticələrinə əsasən, “Benfika” klubuna intizam cəzası kəsib.

    Bu barədə UEFA-nın mətbuat xidməti xəbər yayıb.

    Azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli davranışlarına görə “Benfika” 40 min avro məbləğində cərimələnib. Bununla əlaqədar kluba həmçinin UEFA-nın himayəsi altında keçiriləcək növbəti ev oyunu üçün 500 biletin satışına qadağa qoyulub. Bundan əlavə, azarkeşlərin lazer göstəricisindən istifadə etməsinə görə klub daha 8 000 avro cərimə olunub.

    Xatırladaq ki, görüş fevralın 17-də Lissabonda keçirilib və “Real Madrid”ın 0:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolun müəllifi olan Vinisius Junior qoldan sonra “Benfika” azarkeşlərinə tərəf qaçaraq, onlara qarşı təxribatçı jestlər edib. Bundan sonra Vinisius qarşılaşmanın baş hakiminə irqçi təhqirlərlə bağlı şikayət edib.

  • Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı

    Azərbaycanlı mütəxəssis Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

    Bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

    Bildirilib ki, N.İsmayılova kişilər arasında Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliyanın “Kuçine Lube” və Polşanın “Aluron” komandalarının qarşılaşmasında supervayzer kimi iştirak edəcək.

    Qeyd edək ki, bu gün İtaliyada baş tutacaq qarşılaşmanın hakimləri portuqaliyalı Rikardu Ferreyra və yunanıstanlı Vasileios Vasileiadis olacaqlar.

  • Ronaldonun oğlu “Real”da oynayacaq

    Kriştiano Ronaldonun oğlu Ronaldo Junior “Real Madrid” akademiyasında U16 komandası ilə məşqə qatılıb. O, yaxın zamanda İspaniya klubuna tam keçid edə bilər.

    Hazırda Ronaldo Junior “Ən-Nəsr” klubunda çıxış edir. Daha əvvəl futbolçu Portuqaliyanın 15 yaşadək milli komandasına çağırılıb və Xorvatiyada keçirilən beynəlxalq turnirdə çıxış edib. O, finalda ev sahiblərinə qarşı oyunda dubl edərək komandasının qələbəsinə töhfə verib.

    Xatırladaq ki, Kriştiano Ronaldo 2009–2018-ci illərdə “Real Madrid” formasını geyinib, daha sonra isə “Yuventus” klubuna transfer olunub. “Kral klubu”nun heyətində portuqaliyalı futbolçu 438 oyunda 450 qol vurub və 131 məhsuldar ötürmə edib.