Category: İdman

  • “Qarabağ” ilk oyunda “Sabah”la heç-heçə etdi

    Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçları başa çatıb.

    Günün ikinci oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”ı qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Kadi Borges, qonaqlarda isə Umarali Raxmonaliyev dubl ediblər.

    Günün ilk matçında “Zirə” “Turan Tovuz”a 2:0 hesablı qalib gəlib.

    Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.

  • Bakıda bu stadion təmirə bağlanacaq

    Bayıl stadionu may ayında – cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq.

    Bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında deyib.

    Qurum rəsmisi AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.

    Onun sözlərinə görə, iki regionda isə futbol mərkəzi istifadəyə veriləcək.

  • “Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın” – AFFA prezidenti

    Çempionat oyunları zamanı hakim qərarlarında səhvlər olur.

    Bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

    O, hakimlərin inkişafı üçün proqramlar hazırlandığını bildirib: “Səhvləri minimum səviyyəyə endirmək üçün əlimizdən gələni edirik”.

    R.Nəcəfin sözlərinə görə, futbolla bağlı ən böyük arzusu Azərbaycan millisinin dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasıdır. Bir azarkeş kimi də bunu çox istəyirəm”.

    AFFA prezidenti infrastrukturun inkişafı üçün sponsorların cəlb edilməli olduğunu söyləyib: “Məsələn, bunlardan biri stadionlara sponsor şirkətlərin adlarını verməkdir. Tez bir zamanda infrastrukturu bərpa etmək olmur. Bunun üçün əlimizdən gələni edirik. Bizim əsas məqsədlərimizdən biri də regionlarda futbolu inkişaf etdirmək, uşaq futbolunun səviyyəsini yüksəltmək və stadionları yaxşı vəziyyətə gətirməkdir”.

    O, yerli mütəxəssislər üçün zəruri şəraitin yaradıldığını vurğulayıb: “İstərdik ki, karyerasını bitirən bütün futbolçulara iş verək. Amma bu real deyil”.

    “Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb. Artıq yerli futbolçular əcnəbilərlə başabaş mübarizə aparırlar”, – deyə qurum rəsmisi fikirlərini tamamlayıb.

  • Dünya çempionatından kənarda qalacaq ulduzlar (SİYAHI)

    2026-cı il Dünya çempionatı ABŞ, Meksika və Kanadanın ev sahibliyində keçiriləcək.

    Qaynarinfo xəbər verir ki, turnirdə 48 komanda iştirak edəcəyi dəqiqləşsə də, seçmə mərhələlərdə uğursuz olan bəzi ölkələr səbəbilə bir sıra ulduz futbolçular mundialda yer ala bilməyəcək.

    “Qalatasaray”ın hücumçusu Viktor Osimhen Nigeriyanın Dünya Kubokuna vəsiqə qazana bilməməsi səbəbindən turniri buraxacaq. Afrika seçmə mərhələsində və pley-off oyunlarında uğursuz nəticələr alan Nigeriya Demokratik Konqo Respublikası ilə penaltilər seriyasında məğlub olaraq mundial şansını itirib. 27 yaşlı forvard bu mövsüm “Qalatasaray”da Çempionlar Liqası və Super Liqa daxil olmaqla 29 oyunda 19 qol vurub.

    Robert Levandovski (Bavariya) də 2026 Dünya Kubokunda olmayacaq adlar arasındadır. Polşa yığması pley-off finalında İsveçə 2:3 hesabı ilə məğlub olaraq turnirə vəsiqə qazana bilməyib. 37 yaşlı hücumçu karyerasında Polşa millisinin heyətində 89 qol vurub və bu, onun son Dünya Kuboku şanslarından biri kimi qiymətləndirilirdi.

    Qapıçı Canluici Donnarumma (PSJ) İtaliyanın uğursuz seçmə mərhələsi səbəbilə turnirdə iştirak etməyəcək. Avropa çempionluğundan sonra yüksək səviyyəli karyera davam etsə də, İtaliya növbəti dəfə mundialdan kənarda qalıb.

    Dominik Szoboszlai (Liverpul) Macarıstan millisinin seçmə mərhələdə kifayət qədər nəticə göstərə bilməməsi səbəbilə Dünya Kubokunu buraxacaq.

    Xviça Kvaratsxeliya (PSJ) Gürcüstanın zəif seçmə mərhələ performansı nəticəsində turnirdə olmayacaq. Gürcüstan qrupda cəmi 3 xal toplayaraq mübarizəni erkən dayandırıb.

    Serhu Quirassi (BOrusiiya Dortmund) Qvineyanın Afrika seçmə mərhələsinin ilk mərhələsində mübarizədən kənar qalması səbəbilə Dünya Kubokuna gedə bilməyəcək.

    Turniri buraxacaq digər tanınmış futbolçular arasında həmçinin Jan Oblak (Atletiko Madrid, Sloveniya), Ademola Lukman (Atletiko Madrid, Nigeriya) Miloş Kerkez (Liverpul, Macarıstan), Nikola Milenkoviç (Nottingem Forest, Serbiya), Villi Orban (Leytspiq, Macarıstan), Ola Aina (Nottingem Forest, Nigeriya), Sandro Tonali (Nyukasl, İtaliya), Nikolo Barella (İnter, İtaliya), Bryan Mbeumo (Mançester Yunayted, Kamerun) və başqaları da yer alır.

  • Tonali “Real”a keçə bilər

    İtaliya millisinin və İngiltərənin “Nyukasl” komandasının yarımmüdafiəçisi Sandro Tonali İspaniyanın “Real Madrid” klubuna təklif edilib.

    Futbolçu özü İngiltərədə qalmaq istəsə də, agentləri onun “kral klubu”na mümkün transferi üzərində işləyirlər.

    Belə ki, onlar Madrid təmsilçisinin prezidenti Florentino Peresə müraciət edərək, “Nyukasl”ın ulduz oyunçunu 80 milyon funt sterlinq qarşılığında satmağa hazır olduğunu bildiriblər.

    İddiaya görə, “Real Madrid” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer edə bilməsə, Tonali ilə danışıqlara başlayacaq.

    Qeyd edək ki, Sandro Tonali bu mövsüm “Nyukasl”da 47 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

  • AFFA 3 klubu yarışlardan kənarlaşdırıb

    AFFA 3 klubu yarışlardan kənarlaşdırıb.

    Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

    AFFA U-12 Liqasında “Pambıqçı”, AFFA U-11 Liqasında isə “Məhsul”la “Zəfər” klubları təyin edilən vaxtda meydanda olmadıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar. Bu hal 3-cü dəfə təkrarlandığı üçün hər üç klub yarışlardan kənarlaşdırılıb.

    Bundan əlavə U-14 Liqasında keçirilməli olan “İnter” – “Qaradağ Lökbatan” oyunu “İnter” tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmayıb. Nəticədə Bakı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

    AFFA Region Liqasında isə “Beyləqan” komandası “Şəfəq”lə oyuna çıxmadığına görə görüş baş tutmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

  • AFFA-dan “Qarabağ”la matça görə “Kəpəz”ə AĞIR CƏZA VERİLDİ

    AFFA İntizam Komitəsi “Kəpəz” klubunu cərimələyib.

    Bu barədə komitənin bu gün baş tutan iclasında qərar verilib.

    Buna Misli Premyer Liqasının XXV turunda “Qarabağ”la matçdan sonra meydana kənar şəxslərin daxil olması səbəb olub. Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün Gəncə təmsilçisi 6 500 manat ziyana düşüb.

    Xatırladaq ki, “Kəpəz” həmin oyunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

  • Tofiq Musayevin amansız qarşılaşması tarixə düşdü

    Dünyanın ən böyük MMA platforması olan UFC-də azərbaycanlı döyüşçü Tofiq Musayevin sonuncu rinq sınağı yenidən diqqət mərkəzinə düşüb.

    Təmsilçimiz ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçirilən və gərginliyi ilə yadda qalan unudulmaz duel rəsmi qaydada mart ayının ən yaxşı döyüşü adını qazanıb.

    “UFC Fight Night 271” turnirində baş tutan və azərbaycanlı idmançının parlaq qələbəsi ilə başa çatan bu amansız qarşılaşma həm idmansevərlər, həm də MMA ekspertləri tərəfindən ayın ən möhtəşəm hadisəsi kimi dəyərləndirilib.

    Xatırladaq ki, oktaqonda sərgilədikləri yüksək performansa görə hər iki döyüşçü “Gecənin döyüşü” xüsusi bonusuna sahib çıxaraq, hərəyə 100 min dollar məbləğində pul mükafatı əldə ediblər.

  • Türkiyə millisinin dünya çempionatındakı OYUN TƏQVİMİ

    Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin həlledici final mərhələsi sona çatıb.

    Həlledici matçda Kosovonu 0:1 hesabı ilə məğlub edərək 24 illik fasilədən sonra dünya çempionatında iştirak hüququ əldə edən Türkiyə millisinin oyun təqvimi artıq məlumdur.

    ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın final mərhələsində Türkiyə millisi D qrupunda yer alacaq. Komandanın bu qrupdakı rəqibləri ABŞ, Paraqvay və Avstraliya milliləri olacaq.

    Türkiyə yığmasının komanda ilk matçına iyunun 14-də (Bakı vaxtı ilə saat 08:00) Vankuverdə Avstraliyaya qarşı çıxacaq. İkinci qarşılaşma iyunun 20-də (Bakı vaxtı ilə saat 08:00) San-Fransiskoda Paraqvay seçməsi ilə olacaq. “Ay-ulduzlular” qrup mərhələsindəki son sınağını isə iyunun 26-da (Bakı vaxtı ilə saat 06:00) Los-Ancelesdə meydan sahibi ABŞ millisinə qarşı keçirəcək.

    14 iyun, Bakı vaxtı ilə saat 08:00

    Avstraliya – Türkiyə

    (Vankuver, Kanada)

    20 iyun, Bakı vaxtı ilə saat 08:00

    Türkiyə – Paraqvay

    (San-Fransisko, ABŞ)

    26 iyun, Bakı vaxtı ilə saat 06:00

    Türkiyə – ABŞ

    (Los-Anceles, ABŞ)

    Məlumat üçün qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək davam edəcək DÇ-2026-da ümumilikdə 48 ölkənin milli komandası kubok uğrunda mübarizə aparacaq.

  • “Qarabağ”ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər

    “Qarabağ”ın futbolçusu karyerasını İtaliyanın “Cenoa” klubunda davam etdirə bilər.

    Fanat.Az-ın əldə etdiyi məlumata görə, Genuya təmsilçisi cari mövsümün sonunda ağdamlıları tərk edəcəyi dəqiqləşən Emmanuel Addaini istəyir.

    “Köhlənlər”in sıralarında yeni inkişaf mərhələsinə qədəm qoyan qanalı vingerin UEFA Çempionlar Liqasındakı çıxışı A Seriyası klubunun skautlarının diqqətini çəkib. Bu isə o deməkdir ki, Avropadan 4-5 real təklif alan 24 yaşlı Emmanuel üçün daha bir variant yaranıb.

    Cari mövsüm “Qarabağ”ın forması ilə bütün turnirlərdə 41 matça çıxan Addai 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.