Category: İdman

  • Metehan Baltacı azadlığa çıxdı

    “Qalatasaray”ın futboçusu Metehan Baltacı azadlığa buraxılıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün azadlığa çıxıb.

    Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Futbol mərc oyunları araşdırması” çərçivəsində Metehan Baltacı öz klubunun oyunlarına mərc etdiyi iddiası ilə ötən ilin dekabrında həbs edilmişdi.

  • Salah “Liverpul”dan ayrılır

    “Liverpul”un ulduz futbolçusu Mohamed Salah mövsümün sonunda klubdan ayrılacaq.

    Bununla bağlı misirli futbolçu özü paylaşım edib.

    O bildirib ki, cari ilinin sonunda “Liverpul” klubunu tərk edəcək.

    Qeyd edək ki, Mohamed Salahın klubdan ayrılacağı ilə bağlı bundan öncə də xəbərlər var idi. Onun baş məşqçi Arne Slotla yola getmədiyi bildirilirdi.

    Xatırladaq ki, Mohamed Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, “Mersisayd” klubu ilə meydana çıxdığı 298 oyunda 188 qol vurub.

  • Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir

    Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, B Liqasının altıncı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirəcək.

    Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Kaunasdakı “Raudondvario” stadionunda start götürəcək. Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

    Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

  • Antuan Qrizman komandasını dəyişdi

    ABŞ-nin MLS təmsilçisi “Orlando Siti” klubu “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmanın transferini elan edib.

    Bu barədə Orlando klubunun mətbuat xidməti məlumat yayıb.

    “Antuanın “Orlando Siti”yə gəlişi təkcə klubumuz üçün deyil, həm də şəhərimiz, azarkeşlərimiz və bütövlükdə liqa üçün əlamətdar hadisədir”, – deyə “Orlando Siti”nin sahibi və idarə heyətinin sədri Mark Vilf komandanın rəsmi saytına müsahibəsində bildirib.

    Futbolçu ilə bağlanmış müqavilə 2026-cı ilin iyul ayında qüvvəyə minəcək. Razılaşma 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub və müqavilənin daha bir il uzadılması imkanı da var.

  • “Barselona” Kanselunu komandada saxlamaq istəyir

    “Barselona” “Əl-Hilal”dan icarəyə götürdüyü Joau Kanselunun transfer hüquqlarına yiyələnmək istəyir.

    Məşqçilər korpusu portuqaliyalı müdafiəçinin performansını bəyənir. Səudiyyə Ərəbistanı klubu Kanselu üçün 15 milyon avro tələb edir. İspaniya nəhəngi isə 31 yaşlı sol cinah müdafiəçisinin keçidini daha aşağı məbləğə yekunlaşdırmağa çalışır.

    Qeyd edək ki, “Barselona” Joau Kanselunu bu ilin yanvarında icarəyə götürüb.

  • Nigeriyalı vinger “Qarabağ”ın düşərgəsində

    Nigeriyanın “Komfort Edge” klubunun futbolçusu Onyema Çukvumaobim Azərbaycana yollanıb.

    Median.Az Afrika mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı vinger “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlib.

    Sol cinah oyunçusu bir müddət Ağdam klubunda baxışdan keçiriləcək. Çukvumaobim özünü doğruldarsa, müqavilə imzalanması gözlənilir.

    Nigeriyalı hücumçu bəyənilərsə, mövsümün qalan hissəsini klubun akademiyasında keçirəcək. O, aşağı yaş qruplarında çıxış edəcək. Yüksək performans göstərərsə, növbəti mövsüm əsas komandaya cəlb olunacaq.

  • KİV: Zidan Fransa yığmasına başçılıq etmək üçün şifahi razılıq əldə edib

    “Real Madrid” futbol klubunun keçmiş baş məşqçisi Zinəddin Zidan Fransa Futbol Federasiyası (FFF) ilə milli komandada iş şərtləri barədə şifahi razılıq əldə edib.

    Median.Az bu barədə “Le 10Sport” portalına istinadən xəbər verir.

    Yanvar ayında “Reuters” agentliyi FFF-yə istinadən Didye Deşamın 2026-cı ilin yayında Kanada, ABŞ və Meksikada keçiriləcək dünya çempionatından sonra milli komandanın baş məşqçisi postunu tərk edəcəyini bildirmişdi.

    Danışıqların əsas məsələsi məşqçi qərargahının genişləndirilməsi ilə bağlıdır. Belə ki, Zidan Deşamdan daha çox assistent istəyir. Gözlənilir ki, bu məsələ yaxın vaxtlarda həll olunacaq.

  • Osimhen futbol klubu alır

    “Qalatasaray”ın hücumçusu Viktor Osimhen Türkiyədə futbol klubu alır.

    Bu barədə Türkiyə KİV yazır.

    Qeyd olunur ki, nigeriyalı futbolçu “İstanbulspor” klubunu satın alacaq.

  • Azərbaycan klubu səfərə getməyə pul tapmır

    Azərbaycan II Liqasında çıxış edən “Quba” futbol klubu maddi problemlərlə üzləşib.

    Bu haqda klubun feysbuk sosial şəbəkəsi vasitəsilə ictimaiyyətə ünvanladığı müraciətdə bildirilib.

    “Bu gün “Araz Saatlı” ilə oyuna çıxmalı idik. Amma açıq deyək, bu oyuna çıxmağımız ciddi sual altındadır. Səbəb hamıya bəllidir. Yol xərclərini qarşılaya bilmirik, komandanın elementar ehtiyaclarını ödəməkdə çətinlik çəkirik. Uşaqlar aylarla əziyyət çəkdi, çoxu heç nə gözləmədən oynadı. Sadəcə Quba üçün, bu komandanın adı üçün çıxış etdi.

    Hamı oyuna çıxmaq, döyüşmək istəyir. Amma bəzən istəmək kifayət etmir. Biz bu vəziyyətə gəlib çatmışıq. Ona görə sizə müraciət edirik, açıq və səmimi. Kim nə qədər bacarırsa, hətta çox kiçik bir məbləğ də bizim üçün böyük dəstəkdir. İnanın, bəzən xırda bir kömək belə böyük problemi həll edir. Sadəcə baxıb keçməyin. Bu komanda hamımızındır. Bu gün bizə dəstək olmasa, sabah gec ola bilər”, – paylaşımda qeyd edilib.

  • Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq

    Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

    O, üçüncü yer uğrunda qarşılaşmada İspaniyanı təmsil edən Anton Şuxaliyevə qalib gələrək bürünc medala sahib çıxıb.

    Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.