Category: İdman

  • “Barselona” klubu “Roma”dan müdafiəçi almaq istəyir

    “Barselona” klubu “Roma”nın müdafiəçisi Obite Ndikanı heyətinə cəlb etmək istəyir.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi mövsümün sonunda keçidi reallaşdıra bilər.

    Məlumata görə, futbolçu özü də “Barsa”da oynamağa müsbət yanaşır.

    Qeyd edəl ki, 26 yaşlı mərkəz müdafiəçisinin “Roma” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

  • “Qarabağ”ın yeni transfer hədəfi bəlli oldu – FOTO

    “Qarabağ”ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

    Median.Az Sport24.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın “Levski” klubunda çıxış edən Mustafa Sanqare ilə maraqlanır.

    “Köhlən atlar” 27 yaşlı hücumçunu ilk növbədə yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin Malidən olan forvardın Sofiya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

    Bu səbəbdən də Ağdam klubu futbolçunun transferi üçün qarşı tərəfə müəyyən məbləğ ödəməli olacaq. Hazırda tərəflər arasında danışıqlar davam edir.

    Sanqare cari mövsüm Bolqarıstan çempionatında 20 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

    Mali millisinin üzvü Azərbaycan azarkeşlərinə də müəyyən qədər tanışdır. O, ötən ilin avqustunda UEFA Konfrans Liqasında “Sabah”a qarşı keçirilən oyunda meydanda olub.

    Qeyd edək ki, Mustafa Sanqarenin ötən ilin sonunda yenilənən bazar dəyəri 1.5 milyon avro təşkil edir.

  • “İnter Mayami”nin sahibi Messinin illik maaşını açıqladı

    “Argentinalı hücumçu Lionel Messi “İnter Mayami” klubunda ildə 70-80 milyon dollar qazanır”.

    Bu barədə komandanın sahibi Xorxe Mas “Bloomberg”ə müsahibəsində bildirib.

    “Dünya səviyyəli sponsorlara ehtiyac duymamağımın səbəbi futbolçuların bahalı olmasıdır. Mən Messiyə pul ödəyirəm, o, ödənişin hər qəpiyinə dəyər, lakin söhbət ildə 70-80 milyon dollardan gedir” , – deyə Mas vurğulayıb.

    Xatırladaq ki, Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.

  • Tofiq Musayevin UFC-də növbəti rəqibi bilindi

    Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevin UFC-də növbəti rəqibi çilili İqnasio Bahamondes olacaq.

    Median.Az bu barədə “MMA Junkie” portalına istinadən xəbər verir.

    Bildirilir ki, hər iki idmançı döyüş keçirməyi qəbul edib və yaxın günlərdə sənədlərin imzalanması gözlənilir.

    Döyüş martın 28-də ABŞ-nin Sietl şəhərindəki “Climate Pledge Arena”da keçiriləcək.

  • “Liverpul” 120 milyon funt sterlinq itirə bilər

    İngiltərənin “Liverpul” klubu cari mövsümün sonunda UEFA Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməyəcəyi təqdirdə böyük maliyyə itkisi ilə üzləşə bilər. Mersisayd təmsilçisinin bu uğursuzluq nəticəsində 120 milyon funt sterlinq gəlirdən məhrum olacağı gözlənilir.

    Bu barədə BBC məlumat yayıb.

    Mənbə qeyd edir ki, qitənin ən nüfuzlu klub turnirindən kənarda qalmaq “Liverpul”un büdcəsinə ciddi zərbə vura bilər. Buna baxmayaraq, ötən yay transfer pəncərəsində xərclənən böyük vəsaitlərə rəğmən, “Liverpul”un ümumi maliyyə vəziyyəti hələ də sabitliyini qoruyur.

    Hazırda “Liverpul” İngiltərə Premyer Liqasında (İPL) gərgin mübarizəsini davam etdirir. Mersisaydlılar 48 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıblar.

  • Məhkəmə Harri Maquayr barəsində hökm çıxardı

    “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr ciddi təhlükə törətməyən bədən xəsarətləri yetirməkdə təqsirli bilinib.

    Bu barədə jurnalist Ben Ceykob “X” sosial şəbəkə hesabında paylaşım edib.

    Məhkəmə futbolçunu 15 ay müddətinə şərti azadlıqdan məhrum edib. Bu qərar onun 2020-ci ildə ailəvi istirahət zamanı Yunanıstanda baş vermiş davada ehtimal olunan iştirakının nəticəsidir. Hadisə Mikonos adasında baş verib. Orada Maquayr və dostları yerli barların birində digər ingilislərlə dava salıblar.

    Polis gəldikdən sonra müdafiəçinin də daxil olduğu qrup hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib. Bu hadisə nəticəsində futbolçu və onun iki dostu saxlanılaraq polis məntəqəsinə aparılıb.

  • UEFA “Qalatasaray”ı cəzalandırdı

    “Qalatasaray” azarkeşləri Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul”la səfər oyununa buraxılmayacaq.
     
    Median.Az UEFA-ya istinadən xəbər verir ki, qurum “Qalatasaray” azarkeşlərinə səfər oyunu üçün bilet satmağı qadağan edib. Klub həmçinin 40 min avro cərimələnib.
     
    “Qalatasaray”ın cərimələnməsi və cəzalandırılması, azarkeşlərin fevralın 25-də Turində “Yuventus”a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda (əlavə vaxtdan sonra 2-3) davranışlarına görədir.
     
    Belə ki, Turindəki matçda “Qalatasaray” azarkeşləri meydana əşyalar atıb, pirotexniki vasitələrdən istifadə edib və iğtişaş yaradıblar.
     
    Qeyd edək ki, “Liverpul” və “Qalatasaray” klublarının ilk oyunu martın 10-da Türkiyədə, cavab görüşü isə 8 gündən sonra İngiltərədə keçirəcəklər.

  • Əliyar Ağayev Azərbaycana qayıda bilmir – SƏBƏB

    Azərbaycanlı FIFA referisi Əliyar Ağayev çətin vəziyyətlə üzləşib.

    Median.Az Sportal.az-a istinadən xəbər verir ki, referi Azərbaycana geri qayıda bilmir. Belə ki, o, hazırda Küveytdə qalmağa məcbur olub.

    Azərbaycanın tanınmış futbol hakimi Küveyt kubokunun bir neçə oyununu idarə etmək üçün ora yollanmışdı. Bölgədə yaranmış hərbi gərginlik səbəbindən o, hazırda ölkəyə geri dönə bilmir.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • KİV: PSJ-nin qapıçısı “Sabah”a keçir

    PSJ-nin mərakeşəsilli qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirə bilər.

    Bu barədə nüfuzlu “L’Equipe” nəşri məlumat yayıb.

    Bildirilir ki, əcnəbi qolkiperlə “Sabah” klubu yaxından maraqlanır.

    Xəbərdə bildirilir ki, 2019-cu ildən bəri PSJ-də çıxış edən 20 yaşlı qapıçının bu yay klubdan ayrılıb Azərbaycan təmsilçisinə keçəcəyi gözlənilir.

    Futbolçunun Paris klubu ilə müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir. Qolkiperin müqaviləsi yayda başa çatacağından “Sabah”a azad agent statusu ilə pulsuz keçəcəyi istisna olunmur.

    Məlumata görə, Laurendon indiyə qədər PSJ-nin əsas komandasında heç vaxt meydana çıxmayıb.

  • Avropa çempionu olan Azərbaycan cüdoçusuna cəza verildi

    Avropa çempionu və dünya mükafatçısı olan Azərbaycan cüdoçusu Elcan Hacıyevə cəza tətbiq olunub.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a müsahibəsində Azərbaycan millisinin baş məşqçisi və yığmanın performans direktoru Riçard Trautman bildirib.

    O, 23 yaşlı idmançının intizamı pozduğunu söyləyib:

    “Ümumilikdə, təbii ki, iş prosesində müəyyən məsələlər olur və biz bunları komandanın daxilində həll etməyə çalışırıq. Təəssüf ki, bəzən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, idmançılar yenə intizamı pozurlar. Bunlardan biri Elcan Hacıyevdir. Elcana dəfələrlə xəbərdarlıq edilsə də, bundan nəticə çıxarmayıb və ona da müvafiq cəza tətbiq olunub”.

    R.Trautman E.Hacıyevin böyük potensialının olduğunu sözlərinə əlavə edib:

    “Onun böyük potensialı var, Avropa çempionu, dünya mükafatçısıdır. O, öz çəkisində aparıcı cüdoçulara müxtəlif yarışlarda qalib gəlib. Lakin bu potensialı reallaşdırmaq, dünya və olimpiya çempionu olmaq üçün Elcan işə yanaşmanı dəyişməli, daha intizamlı və peşəkar olmalıdır. Ümid edirəm ki, Elcan da müvafiq nəticələr çıxaracaq və özündə lazımi dəyişiklikləri edəcək”.

    Xatırladaq ki, Elcan Hacıyev 2024-cü ildə Avropa çempionatında qızıl medal qazanıb. O, 2025-ci ildə isə dünya çempionatında bürünc mükafata sahib çıxıb.