Category: İdman

  • “Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

    Daşkənddə təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri Azərbaycan millisi üçün uğurla davam edir.

    Median.Az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində tatamiyə çıxan Ömər Rəcəbli karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub. O, finala qədər Rumıniya, Tacikistan, Yaponiya və Özbəkistan idmançılarını məğlub edərək həlledici mərhələyə yüksəlib. Final görüşündə isə Rusiya təmsilçisi Abdul-Kerim Tasuyevə tam üstünlüklə qalib gəlib.

    22 yaşlı cüdoçu turnir ərzində keçirdiyi beş görüşün dördündə rəqiblərinə ne-vazada osaekomi (saxlama) fəndi ilə qalib gəlib. Bu nəticə onun Dünya turunda qazandığı ilk qızıl medal kimi yadda qalıb.

    Xatırladaq ki, yarışın ilk günündə millimizin digər üzvləri – 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medal əldə edib.

    Beləliklə, Azərbaycan yığması turnirdə 2 qızıl və 1 gümüş medal qazanaraq ümumi medal cədvəlində 39 ölkə arasında ikinci pillədə qərarlaşıb.

  • UEFA Konfrans Liqasında 1/8 finalın püşkü atıldı

    Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

    Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

    Püşkatma nəticəsi:

    “Lex” (Polşa) – “Şaxtyor” (Ukrayna)

    “Kristal Pelas” (İngiltərə) – AEK (Larnaka, Kipr)

    “Samsunspor” (Türkiyə) – “Rayo Valyekano” (İspaniya)

    “Siqma” (Çexiya) – “Maynts 05” (Almaniya)

    AZ (Alkmar, Niderland) – “Sparta” (Çexiya)

    “Fiorentina” (İtaliya) – “Rakuv” (Polşa)

    “Sele” (Sloveniya) – AEK (Yunanıstan)

    “Riyeka” (Xorvatiya) – “Strasburq” (Fransa)

    Qeyd edək ki, bu raundun matçları martın 12-si və 19-da keçiriləcək.

  • UEFA Çempionlar Liqası: “Qalatasaray”ın 1/8 finalda rəqibi məlum oldu

    Bu gün keçirilən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra “Qalatasaray” klubunun rəqibi bəlli olub.

    Türkiyə təmsilçisi bu mərhələdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.

    Bu cütlüyün ilk qarşılaşması İstanbulda keçiriləcək.

    Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.

    Xatırladaq ki, “Qalatasaray” klubu pley-off mərhələsində İtaliyanın “Yuventus” klubuna ümumi hesabda 7:5 qalib gələrək 1/8 final mərhələsinə vəsiqə qazanıb.

    “Qalatasaray” UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində sentyabrın 30-da İstanbulda keçirilən qarşılaşmada “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.

  • UEFA əmsallar cədvəli: Azərbaycanın yekun mövqeyi bəlli oldu

    Azərbaycan cari mövsümdə UEFA-nın əmsallar cədvəlində 27-ci yerdə mövqe tutub.

    Bu nəticə avrokubokların pley-off mərhələsindəki qarşılaşmalar yekunlaşdıqdan sonra dəqiqləşib.

    Məsələ burasındadır ki, cədvəlin 27-ci pilləsindən aşağıda yer alan dövlətlərin artıq Avropa turnirlərində heç bir klubu qalmayıb. Hesabında 22.937 xal toplanan Azərbaycan siyahıda Sloveniyadan (23.968) geri qalaraq 27-ci pillədə qərarlaşıb.

    Bu rəqəm Azərbaycanın son 5 illik reytinq tarixində əldə etdiyi ən uğurlu nəticə hesab olunur.

    Əlavə edək ki, yeni mövsümün əvvəlində ölkəmiz daha bir mövqe qazanacaq, çünki 2021/22-ci illər mövsümündə qazanılmış xallar silinərkən, hazırda 25.750 xalı olan Serbiya 9.500 xal itirəcək. Azərbaycan isə həmin mövsümdə qazandığı 4.375 xalı itirdikdən sonra 26-cı yerə yüksələcək.

    Reytinq cədvəlinə 113.130 əmsalla İngiltərə başçılıq edir. Maraqlıdır ki, ingilislər mövsümə başladıqları 9 klubun hamısı avrokuboklarda mübarizəni davam etdirir.

  • UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlandı

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarının yekunlarına görə ən yaxşı oyunçu mükafatı üçün keçirilən səsvermənin qalibi açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

    Mükafatın sahibi, “Brügge” ilə oyunda (4:1) het-trik edən, “Atletiko Madrid”in norveçli hücumçusu Aleksandr Sörlot olub.

    A.Sörlot mükafat uğrunda mübarizədə həmvətəni, “Budyo Qlimt”in oyunçusu Yens Petter Hauqe, “Real Madrid”in fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni və “Qalatasaray”ın hücumçusu Viktor Osimheni qabaqlayıb.

  • Oyuna çıxmayan iki klub cəzalandırıldı

    AFFA İntizam Komitəsi oyuna çıxmayan iki Region Liqası klubunu cəzalandırıb.

    “Qobu” – “Crystal” oyunu qonaq komandanın təyin edilən vaxtda meydanda olmadığına görə ikincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.

    Eyni aqibəti “Dirçəliş” klubu da yaşayıb. Onlar “Universal Football Academy” kollektivi ilə görüşdə adı protokolda olmayan Ələkbər Əliyevi meydana buraxdıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşiblər.

  • “Yuventus” 35 yaşlı qolkiperlə yeni anlaşma imzaladı

    “Yuventus” klubu qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    35 yaşlı qolkiperlə imzalanan yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

    “Qoca Sinyora”nın yetirməsi sayılan Pinsolyo 2010-cu ildən etibarən əsas komandanın heyətində yer alır. Müxtəlif klublarda icarə əsasında çıxış edən təcrübəli qapıçı Turin təmsilçisinin forması ilə indiyədək cəmi 6 oyunda meydana çıxıb.

  • Lider 8 qol vuraraq qələbə qazandı

    1-ci Liqada 16-cı tura yekun vurulub.

    Son gündə 3 oyun baş tutub.

    “Şahdağ Qusar” “Zaqatala”ya, “Mingəçevir” MOİK-ə qalib gəlib. “Difai” ilə qarşılaşan “Şəfa” da darmadağına sevinib.

    1-ci Liqa
    16-cı tur
    25 fevral

    “Şahdağ Qusar” – “Zaqatala” 1:0
    Qol: Aqostinyo Çipesse, 61.

    “Difai” – “Şəfa” 1:8
    Qollar: Raul Yaqubzadə, 89 – Pərviz Azadov, 8; 46. Emin Zamanov, 29. Nahid Əliyev, 44. Tərlan Quliyev, 50. Amir Ebrahimzadə, 60. Hacıəli Şirəliyev, 65-öz qapısına. Aqil Nəsibov, 86.

    “Mingəçevir” – MOİK 2:0
    Qollar: Bahadur Həziyev, 11. Kennet Kalunqa, 63.

  • Olimpiya mükafatçılarımızın medalları dəyişdirilir

    Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşılanmaya məruz qalan medalların geri qaytarılması ilə bağlı işlərə start verilib.

    Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən “Chaumet” zərgərlik evinə müraciət edib.

    Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşılanmaya məruz qalan medalların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Hazırda Azərbaycan idmançılarının aşılanmış medallarının dəyişdirilməsi növbəsi çatıb. Bu günlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq.

    İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin ediləcək.

    Məlumata görə, yeni medalların hazırlanma müddəti təxminən üç-beş həftə davam edəcək.

  • Azərbaycanlı karateçiyə üç illik CƏZA VERİLDİ

    Azərbaycan karateçisi Lalə Babazadə üç illik diskvalifikasiya olunub.

    Median.Az AMADA-ya istinadən xəbər verir ki, bu addımın atılmasına səbəb idmançının dopinq nümunəsinin toplanması prosesindən yayınması, imtina etməsi və ya nümunəni təqdim etməməsi olub.

    Tətbiq edilən sanksiyanın qüvvəyə minmə tarixi ötən ilin 25 dekabrı olaraq müəyyənləşdirilib. Cəza müddəti 2028-ci ilin 24 dekabr tarixində yekunlaşacaq.