Category: İdman

  • Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında məğlub oldu

    Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşü keçirilib.

    Final qarşılaşmasında Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı üz-üzə gəliblər.

    İki görüşün yekun nəticəsinə əsasən 1.5-0.5 hesabı ilə qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.

    Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

  • UEFA “Qarabağ”ı cərimələdi

    UEFA “Qarabag” klubunu cərimələyib.

    Buna UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən “Qarabağ”- “Ayntraxt Frankfurt” oyununda baş verən hadisələr səbəb olub.

    UEFA İntizam Komitəsi “Qarabağ”ı idman tədbiri üçün uyğun olmayan mesaj ötürdüyünə və futbolun və xüsusən də UEFA-nın nüfuzuna xələl gətirdiyinə görə 17 500 avro cərimələyib.

    Ağdam təmsilçisinə həmçinin təhlükəsizlik qaydalarını pozduğuna görə xəbərdarlıq olunub.

    Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

  • WBO heç bir məğlubiyyəti olmayan boksçunu diskvalifikasiya etdi

    Qazaxıstan nümayəndəsi Janibek Alimxanulı antidopinq qaydalarını pozduğuna görə Dünya Boks Təşkilatı (WBO) tərəfindən bir il müddətinə diskvalifikasiya edilib.

    Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

    Diskvalifikasiya müddəti 2 dekabr 2025-ci ildən hesablanır.

    WBO Alimxanulının orta çəkidə çempionluq kəmərini saxlayıb, lakin həmin çəki dərəcəsində müvəqqəti titul uğrunda döyüş təyin edib ki, burada britaniyalı Denzel Bentli və venesuelalı Endri Saavedra qarşılaşacaqlar. Döyüşün tarixi daha sonra təyin olunacaq.

    Diskvalifikasiya müddətində Alimxanulı rəsmi və ya nümayiş döyüşlərində iştirak hüququndan məhrum edilib. Diskvalifikasiya müddəti bitdikdən dərhal sonra o, müvəqqəti titul uğrunda döyüşün qalibinə qarşı məcburi titul müdafiəsi yarışı keçirməlidir.

    Jurnalist Den Rafaelin məlumatına görə, WBO və Beynəlxalq Boks Federasiyasının (IBF) orta çəki dərəcəsində titullarına sahib olan Alimxanulının dopinq testində meldonium aşkarlanıb. Bakı vaxtı ilə 7 dekabr gecəsi o, ABŞ-də Dünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə çempion olan kubalı Erislandi Lara ilə döyüşməli idi, lakin döyüşdən kənarlaşdırılıb.

    32 yaşlı Alimxanulının hesabında 17 qələbə (12-si nokautla) var və heç bir məğlubiyyəti yoxdur. O, 2013-cü ildə həvəskarlar arasında dünya çempionu olub.

  • İspaniyanın tanınmış klubu Bakıda oyunçu seçəcək

    İspaniyanın “Levante” klubu bu ilin yayında “Qarabağ” Futbol Akademiyasında gənc futbolçular arasında seleksiya məşqləri keçirəcək.

    Bu barədə Azərtac-a Akademiyanın baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

    Onun sözlərinə görə, seleksiya prosesi yerli istedadların üzə çıxarılması və onların Avropa futboluna inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

    Seçilən futbolçuların gələcəkdə İspaniyada baxışdan keçmək imkanı qazanacağı gözlənilir.

  • “İdman TV” də Azərbaycan Premyer Liqasını yayımlayacaq

    Azərbaycan Premyer Liqasının yayım coğrafiyasını genişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı “CBC Sport” və ölkənin ilk idman telekanalı olan “İdman TV” rəhbərliyi ilə müzakirələr aparıb.

    AFFA-nın rəsmi saytında məlumat yayılıb.

    Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Premyer Liqanın hər turundan bir qarşılaşma “CBC Sport”la paralel olaraq “İdman TV” vasitəsilə də canlı yayımlansın.

    Yeni əməkdaşlıq çərçivəsində ilk yayımın 22-ci turda keçiriləcək “Qarabağ” – “Sabah” matçı olması nəzərdə tutulur.

    Yayımın təşkili və ümumi prosesin tənzimlənməsi ilə bağlı texniki detallar telekanallar tərəfindən qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək.

  • Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini itirdi

    Azərbaycan UEFA-nın əmsallar cədvəlində mövqeyini itirərək bir pillə aşağı düşüb.

    Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra təmsilçimiz geriləyərək 27-ci sıraya enib.

    Aktivində 22.937 xal olan Azərbaycanı bu siyahıda Sloveniya (23.343) qabaqlayıb. Siyahının 25-ci pilləsində qərarlaşan Ukraynanın aktivində isə 24.412 xal mövcuddur.

    Xatırladaq ki, reytinq siyahısının zirvəsində 112.352 əmsalla İngiltərə qərarlaşıb.

  • Azərbaycan millisi Rusiyaya 7 qolla uduzdu

    18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxıb.

    B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

    Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüşdə yığmamız 1:7 hesabı ilə uduzub. Azərbaycan millisinin yeganə qolunu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.

    Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

  • AFFA 1 milyon maaşa milliyə əcnəbi məşqçi gətirir

    AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək və U-20 millisinə əcnəbi baş məşqçi təyin olunacaq.

    Median.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, bu posta Rui Jorje gətiriləcək.

    15 il Portuqaliya millisində işləmiş mütəxəssislə əvvəlcə 6 aylıq müqavilə bağlanacaq.

    Ona 6 aylıq sözləşmə üçün 500 min avro (1 milyon manat) ödəniləcək.

  • Serbiyanın tanınmış klubu azərbaycanlı futbolçunu geri qaytardı

    17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü İslam Həsənov müqavilə əsasında məxsus olduğu Serbiyanın “Srvena Zvezda” komandasına qayıdıb.

    Bu barədə Azərtac-a hücumçu özü məlumat verib.

    “Qrafiçar” klubu icarəyə götürdüyü yığma üzvünü birdəfəlik transfer etmək istəsə də, “Srvena Zvezda” buna icazə verməyib: “Bildiyiniz kimi, “Qrafiçar”ın U-19 komandasında çıxış edirdim. Klub məni saxlamaq istəyirdi. Hətta Serbiyanın başqa komandalarından da təkliflər var idi. Lakin “Srvena Zvezda” məni buraxmaq istəmədi. İndi müqavilə ilə məxsus olduğum klubun U-19 komandasına qoşulmuşam”.

    Qeyd edək ki, İslam Həsənov “Srvena Zvezda”ya “Sabah”dan keçib. O, 2023-cü ildə Bakı klubunun heyətində 76 qolla AFFA U-15 Liqasının bombardiri olub.

  • Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazanıb

    Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb.

    40 yaşlı qrossmeyster yarımfinal mərhələsinin tay-brekində Aydın Süleymanlıya qalib gəlib.

    O, finalda Məhəmməd Muradlı ilə görüşəcək.

    A.Süleymanlı isə üçüncü yer uğrunda görüşdə Read Səmədovla qarşılaşacaq.

    Qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə mübarizə aparacaq.

    Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.