Category: İdman

  • “Qarabağ” Avropa Liqasından milyonlar qazanıb

    “Qarabağ”ın ötən mövsüm Avropa Liqasında qazandığı vəsait açıqlanıb.

    Bu barədə məlumatlar UEFA-nın cari mövsümlə bağlı təqdim etdiyi rəsmi maliyyə hesabatında yer alıb.

    Azərbaycan çempionu Avroliqanın əsas mərhələsindəki çıxışına görə 7 milyon 858 min avro əlavə edib. Bu məbləğin 4 milyon 310 min avrosu komandanın turnirin liqa mərhələsinə vəsiqə qazanması qarşılığında ödənilib.

    Marketinq və yayım hüquqlarından gəlirlər 3 milyon 15 min avro olub. “Qarabağ” əsas mərhələdəki nəticələrinə görə 458 min, yekun reytinq sıralamasına əsasən isə 75 min avro qazanıb.

  • Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib

    Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.

    Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

    Püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

    Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.

  • “Xankəndi” heyətini yeni futbolçu ilə gücləndirdi

    Azərbaycanın II Liqa təmsilçisi “Xankəndi” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, müdafiəçi Murad Fərzəliyevlə mövsümün sonunadək müqavilə imzalanıb.

    Qeyd edək ki, futbolçunun son klubu “Səbail” olub.

  • “Sumqayıt”dan yeni transfer

    “Sumqayıt” mövsümün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.

    Klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Slovakiyanın “Spartak” (Trnava) klubunda çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb. Burkina Faso millisinin 28 yaşlı üzvü ilə 1,5+1 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, Sedrik Badolo karyerası ərzində “Spartak”la yanaşı, vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.

  • Devid Bekhem Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb

    “İnter Mayami”nin sahibi Devid Bekhem “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu haqqında danışıb.

    Oxu.Az “Championat”a istinadən xəbər verir ki, daha əvvəl Bekhemin Ronaldunu Lionel Messinin oynadığı “İnter Mayami”yə dəvət etməyi ciddi şəkildə düşündüyü bildirilmişdi.

    “Ronaldu “Real Madrid”də? Bu, inanılmaz idi. Kriştianu oynadığı hər komanda ilə bir miras qoyub gedib. Əvvəlcə Portuqaliya millisində, sonra isə “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus”, “Ən-Nəsr” kimi komandalarda. Bugünkü karyerasına baxsanız, sadəcə inanılmaz idi”, – deyə Bekhem “Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinandın aparıcılığı ilə keçirilən podkastda bildirib.

  • Qurban Qurbanov xanımı və qızı ilə – Video

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qızı Zəhranın toyudur.

    Qurban Qurbanovun həyat yoldaşı Könül və qızı Zəhra ilə birgə çəkilmiş fotosu yayılıb.

    Fotonu stilist Jalə Əsədzadə paylaşıb.

  • AFFA iki komandaya texniki məğlubiyyət verib

    AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

    AFFA Region Liqasında keçirilməli olan “Bakı” TFK – “Mərcanlı” qarşılaşması birincilərin heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

    AFFA U-17 Liqasında keçirilməli olan “Turan Tovuz” – “Lion” PFK oyununda isə qonaq kollektiv təyin edilən vaxtda meydanda olmadığına görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

  • “Çelsi” xal itirdi, “Nyukasl” “Tottenhem”ə qalib gəldi

    İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir.

    “Çelsi” doğma meydanda “Lids”lə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

    Digər görüşdə isə “Nyukasl” “Tottenhem”ə 2:1 hesabı ilə qalib gəlib.

    Hazırda “zadəganlar” 44 xalla 4-cü pillədə qərarlaşıb.

    “Nyukasl” isə 36 xalla 10-cu yerdədir.

  • “Qəbələ”dən yeni transfer

    “Qəbələ” transfer dönəminin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

    “Qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valansyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

    Sonuncu komandası “Valansyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.

    O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

  • “Qarabağ” – “Nyukasl” matçının biletləri sabah satışa çıxarılacaq

    UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçının biletləri sabah, gün ərzində satışa çıxarılacaq.

    Bu barədə “Qarabağ” klubundan məlumat verilib.

    Bildirilib ki, biletləri yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür: “Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər”.

    Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.