Category: İdman

  • “Qarabağ” dünya reytinqində doqquz pillə irəlilədi

    Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının növbəti reytinq siyahısını açıqlayıb.

    Median.Az IFFHS-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” reytinq cədvəlində doqquz pillə irəliləyərək 60-cı sırada mövqe tutub.

    502 komandanın yer aldığı sıralamada Azərbaycanın digər təmsilçilərindən “Sabah” 211-ci (+13), “Zirə” 418-ci (-29), “Araz-Naxçıvan” 468-ci (-12) pillədə qərarlaşıb.

    Siyahıya Fransanın PSJ klubu başçılıq edir. “Çelsi” (İngiltərə) və “Bavariya” (Almaniya) sonrakı yerləri tuturlar.

  • Qurban Qurbanov: “Bəzi futbolçulardan narazılığım var”

    “Meydançanın şəraitinə baxmayaraq, bunu bacardıq”.

    Bunu Misli Premyer Liqasında keçirilən “Şamaxı” – “Qarabağ” matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

    O bildirib ki, oyunçularında aqressiya çatışmırdı:

    “Azarkeşlərimizə təşəkkür edirəm. İki oyundur hava şəraitinə baxmayaraq, komandanın yanında olurlar. Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal idi. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissənin başlanğıcında “Şamaxı” bizdən daha aqressiv təsir bağışladı. Bizdə aqressiya çatışmırdı. İkinci hissədə futbolçularım oyuna nəzarəti ələ ala bildilər. Meydançanın şəraitinə baxmayaraq, topa nəzarət etməyi bacardılar. Son saniyələrdə topa nəzarət olunaraq qalibiyyət qolu vuruldu. Yaxşı oyuna görə rəqibi də təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

    “Bu heyət son matçı buraxmışdı. Kubok oyununda bəzi oyunçuların istirahətə ehtiyacı var idi. “İmişli” ilə oyunda da dəyişikliklər mümkündür, rotasiyalar edəcəyik. Bəzi futbolçulardan narazılığım var. Çünki əsl performanslarını göstərə bilmirlər. Bəzi nüanslar var ki, özlərini sübut etməlidirlər. Hələ bir neçə gün var. Rəqibin heyətindən, taktikasından asılı olaraq dəyişikliklər edə bilərik. Ola bilsin oyun zamanı fərqli seçimlər edək. İnanıram ki, sonda doğrusunu deyəcəyik”, – deyə Qurban Qurbanov qeyd edib.

    Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
    //oxu.az

  • Qurban Qurbanov meydançanı qardan təmizlədi (FOTO)

    Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Şamaxı” – “Qarabağ” matçından əvvəl stadionda qeyri-adi anlar yaşanıb. Şamaxıda hökm sürən əlverişsiz hava şəraiti və yağan intensiv qar şəhər stadionunun ot örtüyünü tamamilə örtüb. Meydançanın oyun üçün uyğunsuz halda olduğunu görən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hər kəsə nümunə olacaq davranış nümayiş etdirib.

    Demokrat.az xəbər verir ki, təcrübəli mütəxəssis kənardan izləmək əvəzinə, stadion işçilərinə qoşularaq meydanı qardan təmizləməyə başlayıb. Əlinə bel alan Qurbanovun stadion əməkdaşları ilə çiyin-çiyinə çalışaraq yaşıl örtüyü qardan təmizləməsi ətrafdakıların diqqətindən yayınmayıb. Onun bu səmimi görüntüləri qısa müddətdə sosial mediada yayılıb.

  • Nəriman Axundzadə “Qarabağ”dan getdi – RƏSMİ

    Nəriman Axundzadə “Qarabağ” futbol klubundan ayrılıb.

    Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Nəriman Axundzadə ilə bağlı MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.

    Qeyd edək ki, “Kolumbus Kru” klubu Nərimanla “U22 Initiative” proqramı çərçivəsində müqavilə imzalayacaq.

    “U22 Initiative” proqramı çərçivəsində olan futbolçular klublar tərəfindən azaldılmış büdcə xərci ilə transfer edilə bilər. Bu halda oyunçunun maaşı və transfer haqqı klubun maaş limitinə daha aşağı məbləğlə daxil edilir ki, bu da gənc futbolçuların heyətə cəlb olunmasını asanlaşdırır.

    Xatırladaq ki, 2021-ci ildən “Qarabağ”da çıxış edən Nəriman Axundzadə bu illər ərzində komandada 35 qol vurub və 17 məhsuldar ötürmə edib. 2023-cü ildən etibarən Azərbaycan yığmasında çıxış edən hücumçu milli komandada fərqlənə bilməyib.

  • “Turan Tovuz” “Kəpəz”ə qalib gəldi

    Futbol üzrə Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

    “Turan Tovuz” “Azersun Arena”da “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma Tovuz klubunun minimal hesablı qələbəsi ilə bitib – 1:0. Yeganə qolu Alexandro Serrano vurub. O, 15-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

    Bu nəticədən sonra ehtiyatda daha bir oyunu olan “Turan Tovuz” hazırda 33 xalla turnir cədvəlində 3-cü pillədədir. “Karvan-Yevlax” isə 6 xalla 12-ci sıradadır.

    Günün ilk matçında “İmişli” Qubada “Kəpəz”lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

    Qeyd edək ki, XIX turun ilk oyun günündə “Sabah” evdə “Araz-Naxçıvan”ı 4:1, “Zirə” isə səfərdə “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Tura fevralın 10-da keçiriləcək 2 oyunla yekun vurulacaq.

  • Türkiyənin tanınmış futbol şərhçisinə qarşı istintaq başladıldı

    İstanbul Baş Prokurorluğu Türkiyənin tanınmış futbol şərhçisi Ərman Toroğluna qarşı istintaq başladıb.

    Median.Az “NTV Spor”a istinadən xəbər verir ki, mütəxəssis ictimaiyyət arasında yanlış məlumat yaymaqda ittiham olunur.

    Dindirmə başa çatdıqdan sonra Ə. Toroğlunun işi növbətçi magistrat məhkəməsinə göndərilib.

  • MOK erməni idmançılarla bağlı müraciətinə müsbət cavab aldığını təsdiqləyib

    Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) erməni idmançıları Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.

    MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.

    Erməni idmançılarının bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı erməni idmançılarının istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.

    Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
    //report

  • Azərbaycan cüdoçusu finala vəsiqə qazandı

    Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turniri davam edir.

    Bu gün Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb.

    60 kq çəki dərəcəsində Balabəy Ağayev həlledici görüşə yüksəlib. 27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.

  • “Qarabağ” azarkeşlərinə xoş xəbər: Ən bahalı transferini etməyə çox yaxındır – FOTO

    Azarkeşlərin transfer fəallığı gözlədiyi “Qarabağ”ın danışıq apardığı futbolçulardan biri məlum olub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi hazırda Fransanın “Loryen” klubunun hücumçusu Sambou Soumanı transfer etmək üçün danışıqlar aparır.


    Danışıqların uğurla davam etdiyi bildirilir.

    Xatırladaq ki, “Qarabağ” S.Soumanı transfer etmək üçün ötən ilin sonlarında da fəallıq göstərsə də, Fransa təmsilçisi ilə ortaq razılığa gələ bilməmişdi. Belə ki, “Loryen” transfer üçün nəzərdə tutulan məbləği 5 milyon avrodan 3.5 milyona endirsə də, Ağdam klubu təklifini 2.5 milyon avro və bonuslarla məhdudlaşdıraraq danışıqlardan geri çəkilmişdi.

    Qeyd edək ki, Sambou Soumano 2021-ci ildə “Loryen”ə keçib. O, bundan sonra üç dəfə icarəyə verilib. Forvard əvvəlcə Belçikanın “Eupen” klubunda icarə əsasında çıxış edib.

    Daha sonra isə Fransa aşağı liqa təmsilçiləri “Rodez” və “Keviyi Ruan”da oynayıb. 2024-cü ildə isə məxsus olduğu “Loryen”ə dönüb. Ötən mövsüm Liqa 2-də meydana çıxdığı 32 görüşdə 14 qol vurmağı bacarıb. Bu mövsüm isə o, Liqa 1-də üç görüşdə bir dəfə fərqlənib. O, 2-ci turda “Renn”in qapısına yol tapa bilib.

  • Ronaldo buna görə matça çıxmaqdan imtina etdi

    Portuqaliya millisi və “Əl Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında yaranmış gərginlik fonunda bu gün “Əl İttihad”la keçiriləcək kritik derbi matçında iştirak etməyəcək.

    “Qafqazinfo” “Arriyadiah”a istinadən xəbər verir ki, portuqaliyalı ulduzun klubu və liqa rəhbərliyini boykot etmək qərarı ardıcıl ikinci oyunda da qüvvədə qalıb.

    Məlumata görə, klub rəsmilərinin onu matça çıxmağa razı salmaq cəhdləri nəticəsiz qalıb.

    Nəşr yazır ki, Ronaldonun sözügedən etirazına komandanın baş məşqçisi Jorji Jezuş da dəstək verib. Portuqaliyalı mütəxəssis həmrəylik nümayiş etdirərək oyunöncəsi və oyunsonrası mətbuat konfranslarında iştirakdan imtina edib. Bu addıma görə həm klubun, həm də baş məşqçinin ciddi maliyyə sanksiyaları ilə üzləşəcəyi gözlənilir.

    Xatırladaq ki, portuqaliyalı forvardın narazılığının əsas səbəbi Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) transfer siyasətidir. O, “Əl Nəsr”ə ayrılan büdcənin kəsilməsindən və rəqib “Əl Hilal”ın daha çox dəstəklənməsindən, həmçinin klubun idman direktoru Simao Koutinyo və baş icraçı rəhbəri Xose Semedonun vəzifələrindən uzaqlaşdırılmasından qəzəblidir. Ulduz futbolçu bu ədalətsizliyin aradan qaldırılmayacağı təqdirdə mövsümün sonunda komandanı tərk edə biləcəyi ilə bağlı mesaj verib.

    Onu da bildirək ki, hazırda turnir cədvəlində 47 xal toplayan “Əl Nəsr” lider “Əl Hilal”dan cəmi 3 xal geri qalır.