Category: İdman

  • İtaliya klubunun prezidenti vəfat edib

    İtaliyanın “Fiorentina” futbol klubunun prezidenti Rokko Kommiso 76 yaşında vəfat edib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Onun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir. Sabiq rəhbərin xatirəsini əbədiləşdirmək üçün komandanın “Viola Park” təlim mərkəzinə adı veriləcək.

    Qeyd edək ki, Rokko Kommiso 2019-cu ildən “Fiorentina”ya rəhbərlik edirdi.

  • “Kəpəz” “Karvan-Yevlax”la qarşılaşacaq

    Bu gün Misli Premyer Liqasının təmsilçiləri – “Karvan-Yevlax” və “Kəpəz” yoxlama görüşündə üz-üzə gələcəklər.

    Qarşılaşma Yevlax şəhər stadionunda, saat 14:00-da start götürəcək.

    Qeyd edək ki, “Kəpəz” daha əvvəl yoxlama matçında “Qəbələ”yə 1:3 hesabı ilə uduzub.

  • Azərbaycanda futbol klubu yeddi oyunçusu ilə YOLLARINI AYIRDI

    I Liqa təmsilçisi “Mingəçevir” futbol klubu yeddi futbolçu ilə yollarını ayırıb, beş yeni futbolçu ilə ilkin müqavilə imzalanıb.

    Bu barədə klub məlumat yayıb.

    Klub göstərdikləri xidmətlərə görə onlara təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayıb. Amma “Mingəçevir” artıq beş yeni futbolçunu da heyətinə qatdığını elan edib:

    “Bundan əlavə, bir neçə oyunçu ilə danışıqlar son mərhələdədir. Yeni transferlərin adları yaxın günlərdə ictimaiyyətə rəsmi şəkildə elan olunacaq”.

  • “Qarabağ” Xorvatiya klubuna qalib gəldi

    Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.

    Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Xorvatiya təmsilçisi “Osiyek”i üstələyib.

    Qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə bitib. “Köhlən atlar”ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.

    “Qarabağ” bu gün, saat 19:00-da Polşanın “Zaqlembe” komandası ilə də yoxlama oyunu keçirəcək.

    Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın “Neftçi” klubunu beş cavabsız qolla üstələyib.

  • Samir Abasov işləmədən “Neftçi”dən maaş alacaq

    Misli Premyer Liqasının 12-ci turunda “İmişli”yə məğlubiyyətdən (2:3) sonra “Neftçi”dən istefaya göndərilən Samir Abasovla klub rəhbərliyi arasındakı narazılıq aradan qaldırılıb.
     
    Median.Az futbolinfo.az-a istinadən xəbər verir ki, tərəflər müqavilənin qarşılıqlı razılıqla xitamı məsələsində anlaşılmazlığa son qoyublar.
     
    Məsələ burasındadır ki, “ağ-qaralar” 47 yaşlı çalışdırıcının maaşını ödəməkdə davam edəcək. Belə ki, Abasov hazırda işsiz olsa da, “Neftçi” ilə pozulan müqaviləsinin sonuna qədər hər ay məvacibini alacaq. Yəni “bakılılar” mövsümün sonuna qədər həm hazırkı baş məşqçi Yuri Verniduba, həm də sabiq çalışdırıcı Abasova ödəniş edəcək.
     
    Qeyd edək ki, Samir Abasov “Neftçi”yə 2024-cü ilin oktyabrında təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 6-cı yeri tutub.

  • “Karvan-Yevlax” “Sabah”ın futbolçusunu icarəyə götürüb

    “Karvan-Yevlax” müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.

    Bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca “Sabah”, “Şamaxı” və “Sumqayıt” klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.

  • Xabi Alonso istefaya göndərildi

    İspaniyanın “Real” (Madrid) komandası baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.

    Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

    44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

    Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından bəri “Real”ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən gün İspaniya Super Kubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olub.
    //qaynar

  • AFFA bu qərarları ləğv etdi

    AFFA Region Liqasında çıxış edən üç komandanın apellyasiya şikayətləri təmin edilib.
     
    Bu barədə milli assosiasiyanın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.
     
    Araşdırmalara əsasən, İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Ağsu Siti” klubunun təqsiri olmadığı müəyyən edilib. Ötən ilin oktyabrında keçirilməli olan “Ağsu Siti” – “Ağcabədi” qarşılaşmasında təhlükəsizlik (polis) təmin olunmadığı üçün İntizam Komitəsi (İK) meydan sahiblərinə texniki məğlubiyyət verib. İK-nın qərarı ləğv edilib, qarşılaşma isə yenidən keçiriləcək.
     
    “Hacıqabul” klubu tərəfindən verilən apellyasiya şikayəti də təmin edilib. İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə bölgə təmsilçisinin təqsirsiz olduğu üzə çıxıb. Ötən ilin dekabrında “Ucar”la görüşdə həkim təyin olunmadığından “Hacıqabul” texniki məğlubiyyətlə üzləşmişdi. İK-nın bu qərarı da ləğv olunub və matç yenidən baş tutacaq.
     
    Bu turnirdə çıxış edən “Lokomotiv Baku” da müsbət cavab alıb. İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə paytaxt komandasının təqsiri olmadığı müəyyən edilib. İK “Lokomotiv Baku”ya “Crystal”la qarşılaşmaya görə texniki məğlubiyyət vermişdi. Bu qərar da ləğv edilib və oyun yenidən keçiriləcək.

  • Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb

    Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatında klassiklərin yarışına yekun vurulub.

    Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 77, 87 və 97 kq-da medalçılar müəyyənləşiblər.

    60 kq

    1. Ayxan Cavadov (Abşeron, DİN)

    2. Ziyad Zeynalov (Neftçi)

    3. Nihad Quluzadə (Neftçi), Murad Məmmədov (Neftçi).

    67 kq

    1. Fərid Xəlilov (Sumqayıt-Təhsil, “Neftçi”)

    2. Məhəmməd Şükürzadə (MOİK, Lənkəran)

    3. Məhəmməd Qasımzadə (Neftçi), Murad Əliyev (AHİTA).

    77 kq

    1. Sənan Süleymanov (Neftçi)

    2. Rəvan Nuriyev (Sumqayıt-Təhsil, “Neftçi)

    3. Nihad Məmmədli (DİN, ROİL), Davud Məmmədov (Neftçi).

    87 kq

    1. İslam Abbasov (Neftçi)

    2. Laçın Vəliyev (Neftçi)

    3. Abdulla Həsənov (AHİTA), Səid Axundzadə (Sumqayıt, Təhsil).

    130 kq

    1. Beka Kandelaki (Neftçi)

    2. Sərxan Məmmədov (Neftçi)

    3. Məzaim Mərdanov (“Mywrestling”, Şəmkir), Ayxan Mərdanov (“Mywrestling”, Şəmkir).

  • Meydanın donması səbəbindən İngiltərə klublarının oyunu təxirə salınıb

    İngiltərə FA Kubokunun III turunda keçirilməli olan “Salford City” – “Svindon” oyunu ləğv edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Salford City” klubunun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, görüş yanvarın 10-da keçirilməli idi, lakin meydanın donması matçın baş tutmasına imkan verməyib.

    Klubun açıqlamasında qeyd olunur ki, son iki həftə ərzində hava temperaturunun sıfır dərəcədən aşağı düşəcəyi nəzərə alınaraq meydança örtülüb, həmçinin həftə boyunca qızdırıcılardan istifadə olunub.

    Buna baxmayaraq, stadionun ot örtüyünün bəzi hissələri buzlu vəziyyətdə qalıb. Oyunçuların təhlükəsizliyini təmin etmək məqsədilə qərar İngiltərə Futbol Assosiasiyası (FA) və “Svindon” klubu ilə birgə qəbul edilib.

    Tərəflər matçın keçirilməsi üçün yeni tarix müəyyənləşdirmək istiqamətində danışıqları davam etdirir. Azarkeşlər bu barədə daha sonra məlumatlandırılacaqlar.

    Qeyd edək ki, FA Kubokunun üçüncü tur oyunları yanvarın 9-dan 12-dək keçirilməlidir.