Category: İdman

  • Azərbaycanın Əməkdar məşqçisi vəfat edib

    Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib.

    Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Leksutov bu gün 82 yaşında vəfat edib.

    O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb.

    İqor Leksutov 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.

  • “Arsenal”ın hücumçusu zədəsini sağalda bilmir

    “Arsenal”ın hücumçusu Kay Haverts zədəsini sağalda bilmir.

    Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

    Məlumata görə, alman hücumçu daha bir ay komandasına kömək edə bilməyəcək.

    Qeyd edək ki, Haverts İngiltərə Premyer Liqasının ilk turundakı “Mançester Yunayted”lə görüşdə zədələnib.

  • “Qarabağ” 10 min manat cərimə ödəyəcək

    AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.

    Bu barədə komitənin iclasında qərarlar qəbul olunub.

    Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 2500 manat cərimələnib.

    “Qarabağ” isə azarkeşlərinə görə cərimələnib. Belə ki, fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam təmsilçisi 7000 manat ziyana düşüb. Bununla yanaşı, oturacaqlar sındırıldığı, stadiona zərər vurulduğu üçün “Qarabağ” daha 3000 manat ödəməli olacaq. Stadiona dəymiş ziyan son çempion tərəfindən qarşılanacaq.

    Ağdam klubuna həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq edilib.

  • Azərbaycan UEFA əmsallar cədvəlində geriləyib

    Azərbaycanın UEFA əmsallar cədvəlində iki pillə geriləyib.

    Bu, UEFA Konfrans Liqasının əsas mərhələsində VI turun oyunlarından sonra baş verib.

    Son tur matçlarının ardından Sloveniya 22.843 xalla 26-cı, Slovakiya isə 22.375 xalla 27-ci pilləyə yüksəlib. Azərbaycan isə 22.250 xalla 28-ci pilləyə enib.

    Qeyd edək ki, cədvələ 103.658 xalla İngiltərə başçılıq edir.

  • Qurban Qurbanov: “Sabah”la oyunda belə bir nəticənin olacağını təxmin edirdim”

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının “Sabah”la oyunda zəif təsir bağışlayacağını təxmin edib.

    “Report”un məlumatına görə, bunu ağdamlıların baş məşqçisi özü Misli Premyer Liqasının I turundan təxirə salınmış “Sabah”la oyundan sonra mətbuat konfransında deyib.

    Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

    “Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Belə bir nəticənin olacağını təxmin edirdim. Çünki son vaxtlar komandamız çox güc sərf edir. Bəzi futbolçularımızın zədəli və xəstə olması müəyyən problemlər yaratdı. Təbii ki, bütün bunlar məğlubiyyətə səbəb olmamalıdır. Bu məğlubiyyət komandaya əlavə motivasiya verməlidir”.

    Qeyd edək ki, “Sabah” – “Qarabağ” oyunu Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

  • “Qarabağ”ın futbolçusu zədələndi

    “Qarabağ”ın futbolçusu Joni Montiel zədələnib.

    Median.Az xəbər verir ki, o, 1-ci turdan təxirə salınmış “Sabah”la matçın 26-cı dəqiqəsində sıradan çıxıb.

    Montieli Marko Yankoviç əvəzləyib.

    Qeyd edək ki, hazırda davam edən matçda hesab 1:1-dir.

    Qarabağ FK

  • “Finalissima”nın dəqiq tarixi açıqlandı

    İspaniya və Argentina milli komandaları 2026-cı il martın 27-də “Finalissima” kuboku uğrunda mübarizə aparacaqlar.

    Bu barədə məlumatı UEFA-nın Mətbuat Xidməti yayıb.

    Oyun Qətərin Doha şəhərindəki “Lusail” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

    Qeyd edək ki, “Finalissima” Avropa və Amerika çempionlarının qarşılaşdığı oyundur.

    2024-cü ildə Argentina milli komandası Amerika Kubokunda qələbə qazanıb. İspaniya yığması həmin il Avropa çempionu tituluna sahib çıxıb.

  • Azər Həşimov “Karvan-Yevlax”dan AFFA-ya şikayət edib

    Azər Həşimov “Karvan-Yevlax”dan AFFA Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət edib.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Yevlax təmsilçisindən kənarlaşdırılan baş məşqçinin vəkili Elcan Həsənli deyib.

    O, mütəxəssisin hüquqlarının pozulduğunu söyləyib:

    “Bir müddət gözləmə mövqeyi tutduq ki, klub tərəfindən Azər Həşimova kompensasiya ödənilsin və məsələ həllini tapsın. Lakin nəticə çıxmadı. Artıq AFFA Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət ünvanlanıb. Sona qədər mübarizəmiz davam edəcək. Bütün bunlar hüquqi işlərdir, məhkəmə prosesi uzun çəkə bilər. Sonda istəyimizə nail olacağımıza inanıram. Qərar bizi qane etməsə, AFFA Apellyasiya Arbitraj Tribunalına üz tutacağıq”.

    Qeyd edək ki, bir müddət əvvəl “Karvan-Yevlax” baş məşqçi Azər Həşimovun müqaviləsinə birtərəfli xitam verib.

  • “Çelsi” unikal nailiyyətə imza atıb

    “Çelsi” klubu İngiltərə Kuboku uğrunda oyunlarda unikal nailiyyətə imza atıb.

    Median.Az “Squawka”ya istinadən xəbər verir ki, London təmsilçisi son 10 mövsümdə 11 dəfə ölkə kuboklarında yarımfinala yüksəlib.

    Məlum olub ki, “Çelsi” 2016/17 mövsümündən bəri altı dəfə FA Kubokunda, beş dəfə isə Liqa Kubokunda 1/2 finala çıxıb. London klubu həmin oyunların səkkizində finala yüksəlib və yalnız bir dəfə kuboka yiyələnib (2017/18 mövsümündə FA Kuboku).

    Qeyd edək ki, “Çelsi” dünən Liqa Kubokunda “Kardiff Siti”ni 3:1 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. London təmsilçisinin yarımfinaldakı rəqibi “Mançester Siti” və “Brentford” klubları arasında bu gün keçiriləcək matçda müəyyənləşəcək.

  • Azərbaycan klublarının gəlirləri açıqlandı

    Azərbaycanın Premyer Liqa klublarının ötənilki maliyyə gəlirləri açıqlanıb.

    Bu barədə məlumat AFFA-nın 2025/2026-cı illər mövsümü ilə bağlı klubların lisenziyalaşdırılması üzrə hesabatında verilib.

    Hesabata əsasən, “Qarabağ” 2024-cü ildə Premyer Liqanın ən çox gəlir əldə edən klubu olub. Ağdam təmsilçisinin gəliri 30,8 milyon manatdan 34,7 milyon manata yüksəlib. “Neftçi” də gəlirlərini 20 milyon manatdan 28,6 milyon manata çatdırıb.

    “Sabah” 2023-cü ildəki 22,8 milyon manatlıq göstəricini 2024-cü ildə 26,9 milyon manata yüksəldib. “Zirə”də isə cüzi artım olub. Komandanın gəliri 9,3 milyon manatdan 10,9 milyon manata qədər artıb.

    “Sumqayıt”ın gəliri 6,1 milyon manatdan 9,1 milyon manata, “Araz-Naxçıvan”ın gəliri 2,8 milyon manatdan 6,2 milyon manata, “Turan Tovuz”un gəlirləri 5,1 milyon manatdan 6,1 milyon manata yüksəlib.

    Bununla yanaşı, bəzi klubların gəlirlərində azalma qeydə alınıb. “Şamaxı”nın gəliri 5,5 milyon manatdan 3 milyon manata düşüb. “Səbail”in gəliri isə 9,2 milyon manatdan 7,7 milyon manata enib.

    Ümumi olaraq, klubların gəlirlərində əvvəlki mövsümə nisbətən təxminən 19 faiz artım müşahidə olunub.