Category: İdman

  • FIFA DÇ-2026-nın oyunları üçün ucuz bilet kateqoriyası təqdim edib

    FIFA azarkeşlərin 2026-cı il dünya çempionatının biletlərinin yüksək qiymətləri ilə bağlı narazılığından sonra daha ucuz bilet kateqoriyası təqdim edib.

    Median.Az bu barədə “The Times” nəşrinə istinadən xəbər verir.

    Məlumata görə, FIFA turnirin hər oyunu üçün 60 dollar dəyərində yeni bilet kateqoriyasını satışa çıxarıb.

    Yeni kateqoriya turnirdə keçiriləcək 104 oyunun hər biri üçün ümumi kvotanın 10 faizini təşkil edəcək. Hər bir ölkəyə isə öz oyunları üçün stadion tutumunun səkkiz faizi həcmində kvota ayrılacaq.

    Xatırladaq ki, DÇ-2026-nın final oyununa “büdcə kateqoriyası” üzrə biletlərin qiyməti 4 185 ABŞ dollarından başlayır.

    Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

  • “Qarabağ”ın qış hazırlıq planı açıqlandı

    “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

    Qaynarinfo Ağdam təmsilçisinə istinadən xəbər verir ki, 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq.

    Misli Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

    “Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.

    Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ müəyyənləşməyib.

    Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda “Ayntraxt”a qarşı keçirəcək.

  • AFFA 14 turda klubları 193 min cərimə edib – Pullar hara gedir?

    Məlum olduğu kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2025/2026 mövsümündən başlayaraq bütün liqalarda klublar üçün cərimələri artırıb. Cərimələrin artırılması AFFA-nın İntizam Məcəlləsində əksini tapıb.

    Az qala 104 maddənin hər birində artım müşahidə olunur. Maddələrdən asılı olaraq 50-60, hətta 100 faizlik artımdan söhbət gedir. Təbii ki, belədə ötən mövsümlərlə müqayisədə cərimələrdən yığılan məbləğdə də artım var.

    “Futbolxeber.az” saytı AFFA İntizam Komitəsinin bu mövsüm Premyer Liqa klublarına verdiyi cəzalarla bağlı araşdırma aparıblar. Araşdırma nəticəsində məlum olub ki, 14 tur ərzində Premyer Liqada baş verən xoşagəlməz hallara görə klublar ümumilikdə 193 300 manat cərimə olunublar.

    193 300 manatlıq cərimə məbləğində klubların “pay bölgüsü” aşağıdakı kimidir:

    “Neftçi” – 72400
    “Sumqayıt” – 19300
    “Kəpəz” – 18600
    “Karvan-Yevlax” – 16700
    “İmişli” – 16400
    “Sabah” – 15100
    “Qarabağ” – 11000
    “Şamaxı” – 7900
    “Turan Tovuz” – 6900
    “Araz-Naxçıvan” – 4400
    “Qəbələ” – 2400
    “Zirə” – 2200

    Nəzərə alsaq ki, mövsüm hələ yarılanmayıb, qış fasiləsinə qədərki son iki turun cərimələri hesablandıqdan sonra məbləğ 200 mini ötəcək. Futbol ilinin sonuna qədər isə bu rəqəmin yarım milyona çatması realdır. Kifayət qədər böyük rəqəmdir. Bəs cərimələr rəhbər dəyişikliyindən sonra AFFA-ya ödənilir, yoxsa əvvəlki kimi PFL-ə? Klubların “borc dəftəri” varmı? Ümumiyyətlə, yığılan pullar hara xərclənir?

    Fanat.Az məsələyə hər iki qurumun mətbuat xidmətindən cavab alıb.

    AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov: “Xeyr, ötən mövsümlərlə müqayisədə bu mövzuda dəyişiklik yoxdur. Əvvəllər də olduğu kimi, AFFA İntizam Komitəsinin verdiyi cəzalardan gələn maliyyə vəsaiti PFL-in hesabına köçür”.

    PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev: “Oyunlarda tətbiq olunan cərimələr əvvəlki qaydada ödənilir. Klublar ilə Peşəkar Futbol Liqası arasında həm oyunların təşkili və keçirilməsi, eləcə də maliyə məsələləri müstəvisində münasibətlər üst səviyyədədir. Klublar Peşəkar Futbol Liqasına cərimələri ödəyirlər. İndi hansı klubun borcunun olub-olmamasını demək əməkdaşlıq baxımından uyğun deyil. Daxil olan cərimələr büdcə planlamasına uyğun olaraq, yönləndirilir”.

  • İlin ən yaxşı qapıçısı seçildi

    FIFA ilin ən yaxşı qapıçısının adını açıqlayıb.

    “The Best” mükafatına İngiltərənin “Mançester Siti” klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb.

    İtaliyalı qolkiper səsvermədə Alisson (“Liverpul”, İngiltərə), Tibo Kurtua (“Real Madrid”, İspaniya), Emiliano Martines (“Aston Villa”, İngiltərə), Manuel Noyer (“Bavariya”, Almaniya), David Raya (“Arsenal”, İngiltərə), Yan Zommer (“İnter”, İtaliya) və Voytsex Şensnini (“Barselona”, İspaniya) geridə qoyub.

    Ötən il bu mükafatı argentinalı qapıçı Emiliano Martines qazanıb.

  • “Qarabağ” azarkeşlərinə görə cərimələndi

    “Qarabağ” azarkeşlərinə görə cərimələnib.

    Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

    Ağdam klubu Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb. “Araz-Naxçıvan” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

    “Kəpəz” – “Qəbələ” oyununda Gəncə komandası “Kəpəz” komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. “Qəbələ” isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə 1000 manat ziyana düşüb. İ.Sanqare isə 2 oyunluq diskvalifikasiya olunub.

    “Karvan-Yevlax” “İmişli” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. “Sumqayıt” isə “Neftçi” il matçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaq.

  • Qurban Qurbanov Əkbərlə görüşdü – Video

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qarabağ” – “Ayaks” oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb.

    Görüş ötən gün baş tutan “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan sonra olub.

    Görüşdə “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə də iştirak edib.

  • “Neftçi” xal itirdi

    Futbol üzrə Misli Premyer Liqasında XV tura yekun vurulub.
     
    Son oyun günündə iki görüş keçirilib.
     
    “İmişli” “Karvan-Yevlax”la heç-heçə edib – 1:1.
     
    “Neftçi” isə doğma meydanda “Sumqayıt”la bərabərə qalıb – 2:2.
     
    Qonaqlar 27 xalla 4-cü, meydan sahibləri isə 17 xalla 8-ci pillədə qərarlaşıb.
     
    Turun əvvəlki oyunlarında “Şamaxı” “Zirə”yə 2:1, “Sabah” “Turan Tovuz”a 3:1, “Kəpəz” “Qəbələ”yə 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”a 5:1 hesabı ilə qalib gəlib.

  • “Qarabağ” qışda yeni transfer edəcək? – Qurban Qurbanovdan AÇIQLAMA

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış transfer pəncərəsindəki planları haqda danışıb.

    Median.Az xəbər verir ki, “Komanda.az” saytının keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilən 53 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında yeni oyunçuların gələcəyini bildirib:

    “Danışıqlarımız, axtarışlarımız davam edir. Çalışacağıq ki, təkcə hücum xəttinə yox, digər mövqelərə də transferlər edək. Tələblərimiz böyüyüb, çoxdur. Bizim keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var”.

    Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən, “Qarabağ” yeni transferlərini Çempionlar Liqasının qalan 2 matçında – “Ayntraxt” və “Liverpul”la görüşlərdə oynada bilməyəcək. Yalnız Ağdam təmsilçisinin pley-offa yüksələcəyi halda, həmin oyunçular meydanda ola biləcəklər.

  • Ağadadaş Ağayev: “Qurban Qurbanovdan incimişəm, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim”

    “Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm”.

    Median.Az xəbər verir ki, bunu “Futbolinfo”ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib.

    O, bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb: “Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mən çıxış etmişəm. Doğrudur, ondan küsməmişəm, sadəcə, qardaş kimi bir az incimişəm. Qurban Qurbanov bu gün nəinki Azərbaycanda, hətta dünyada da tarix yazıb. Bu uğurun arxasında haradasa mənim də xeyir-duam var”.

    Sənətçi Qurban Qurbanovda inciməyinin səbəbini ona zəng etməməsi ilə izah edib: “Məni xatırlamır, zəng edib hal-əhval soruşmur. Mənim də işim çoxdur. Adam sevdiyindən umur, mən ondan umuram, uman yerdən küsərlər. Bunu ona irad tutmuram. O, mənim kiçik qardaşımdır. Bu gün avrokuboklarda ermənipərəst hakimlər “Qarabağ”ın oyunlarında qərəzli hakimliklə yadda qalırlar. Onların soyadları “yan”la bitməsə də, ermənilər kimi düşmənçilik edirlər. Yadınızdadır, avrokuboklarda “Bazel”lə oyunda top yarım metr qapı xəttini keçdi, amma hakimlər bunu görmədilər. Hələ biz Bakıda Marsel “Olimpik”i ilə oyunda “Qarabağ”ın vurduğu qoldan sonra Qurban Qurbanovun oyunçusunun əllə fərqlənməsini görüb qolu ləğv etdirməsindən danışmırıq. Alicənablıq budur! Qurbanov əsl xarakterdir. Mən Türkiyə mediasını izləyirəm, onlar “Qarabağ”ı tərifləyirlər.

    Mən Qurbandan incikliyimi Musa Qurbanova da bildirmişəm. Musa mənə dedi ki, “Ağadadaş, sən haqlısan!” Mən Qurbanı çox sevirəm axı. Vallah, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim…” – A.Ağayev bildirib.

  • La Liqada ən bahalı futbolçuların adı məlum oldu

    Transfermarkt portalı futbolçuların bazar dəyərlərini yeniləyib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, yenilənmədən sonra “Real”ın hücumçusu Kilian Mbappenin qiyməti 20 milyon avro artaraq 200 milyon avroya yüksəlib.

    Bununla da fransalı futbolçu “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal və “Mançester Siti”nin hücumçusu Erlinq Holandla eyni səviyyəyə çatıb. Hazırda bu üç futbolçu dünyanın ən bahalı oyunçuları hesab olunur.

    La Liqada ən çox bahalaşan futbolçu isə “Real”ın yarımmüdafiəçisi Arda Güler olub. Türkiyəli oyunçunun dəyəri 30 milyon avro artaraq 90 milyon avroya yüksəlib.