Category: İdman

  • Azərbaycanlı gimnast beynəlxalq turnirdə 2 qızıl medal qazandı

    Serbiyanın Novi-Sad şəhərində idman gimnastikası üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Miryusif Əhmədzadə uğurlu çıxışla yadda qalıb.

    Məşqçi Zaur Dadaşovun yetirməsi olan Miryusif Əhmədzadə yarışdan iki qızı medalla dönüb.

    Dəstəli at və paralel qollar üzrə Miryusifi üstələyən olmayıb.

  • “Qəbələ” – “Turan Tovuz” oyununun davamı sabah keçirilməyəcək

    Misli Premyer Liqasının XIV turunda əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyununun davamı sabah keçirilməyəcək.

    Peşəkar Futbol Liqasından (PFL) verilən məlumata görə, turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib.

    Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib. Matçın keçirilmə tarixi ilə bağlı PFL-in İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

    Qeyd edək ki, sözügedən qarşılaşma hesab 0:0 olarkən qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb.

  • DÇ-2026-nın İran – Misir oyunu LGBT-yə həsr olunacaq

    2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ) qrup mərhələsinin İran – Misir qarşılaşması LGBT-yə həsr olunacaq.

    Median.Az Sports.ru-ya istinadən xəbər verir ki, DÇ-nin püşkatmasından əvvəl Sietlin Təşkilat Komitəsi 26 iyun tarixində planlaşdırılmış turnir oyununun LGBT-yə həsr olunacağını elan edib.

    Elan zamanı həmin tarixdə hansı milli komandaların oynayacağı məlum deyildi. Püşkatmadan sonra bəlli olub ki, həmin gün Sietldə İran və Misir milli komandaları üz-üzə gələcəklər.

    Misirdə homoseksual əlaqələr qadağandır. İranda homoseksual əlaqələrə görə maksimum cəza ölümdür.

    Oyunun Məsləhət Komitəsi bildirib ki, tədbir planlaşdırıldığı kimi keçiriləcək.

    Qeyd edilir ki, tədbir yerli komitə tərəfindən təşkil olunub və FIFA ilə əlaqəsi yoxdur.

    Xatırladaq ki, turnir gələn yay 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

  • “Liverpul” komandasının əsas oyunçuları baş məşqçinin istefasını istəyirlər

    “Liverpul” klubunun kapitanı Vircil Van Deyk və bəzi digər əsas oyunçuları komandanın baş məşqçisi Arne Slotla münasibətlərin korlanmasından danışan ulduz futbolçu Məhəmməd Salahın tərəfini tutublar.

    Bu barədə britaniyalı jurnalist Ceyms Uotlend “X” sosial şəbəkəsində məlumat verib.

    Futbolçular niderlandlı mütəxəssisinin istefaya göndərilməsinin tərəfdarıdırlar. Bir müddət əvvəl Salah Slotu oyunçulara qarşı hörmətsizlikdə ittiham etmişdi.

    Qeyd edək ki, Arne Slot “Liverpul”a 2024-cü ilin yayından başçılıq etməyə başlayıb. Onun rəhbərliyi altında “Liverpul” 2024/25 mövsümündə İngiltərə çempionu olub.

    Cari mövsümdə isə mersisaydlılar 15 matçdan sonra 23 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində doqquzuncu yerdə qərarlaşıblar.

  • “Napoli” klubu 38 ildən sonra rekordunu yenilədi

    “Napoli” 2025-ci ildə İtaliya A Seriyasında ev oyunlarının heç birində məğlub olmayıb.

    Komanda son olaraq XIV turda “Yuventus”u 2:1 hesabı ilə üstələyib. Bu, Neapol təmsilçisinin cari ildə doğma meydanda sonuncu matçı olub.

    Klub tarixində son olaraq 38 ilə əvvəl, 1987-ci ildə belə hal yaşanıb.

    Qeyd edək ki, 14 oyundan sonra aktivində 31 xal olan “Napoli” turnir cədvəlinin zirvəsində qərarlaşıb.

  • Tofiq Musayevə yüksək vəzifə verildi

    Dekabrın 6-da Azərbaycan MMA və Qrapplinq Federasiyasının ümumi yığıncağı keçirilib.

    Yığıncaqda federasiyasının İdarə Heyətində dəyişiklik edilib. Səsvermənin nəticələrinə əsasən, MMA döyüşçüsü Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib.

    Tofiq Musayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

    Federasiyanın prezidenti Azad Əsgərov da çıxışında qurumun inkişafı üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb.

  • “Qarabağ” – “Ayaks” oyunu İTV-də yayımlanacaq

    “Qarabağ” – “Ayaks” oyunu İctimai Televiziyada yayımlanacaq.

    Bu barədə İTV məlumat yayıb.

    “Məlum olduğu kimi, “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur.

    “Qarabağ” klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayımlanır. Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayım proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub.

    Yayımçı qurumların birgə təşəbbüsü ilə “Qarabağ” – “Ayaks” oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub”, – məlumatda deyilir.

    Qeyd edək ki, qarşılaşma dekabrın 10-u saat 21:45-də başlayacaq.

    Əlavə edək ki, ev oyunlarını “CBC Sport” yayımlayırdı

  • Messi 2026-cı il dünya çempionatında iştirak edəcək?

    Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak perspektivləri ilə bağlı şərh verib.

    Bu barədə Median.Az Championat.com-a istinadən xəbər verir.

    “Orada olub-olmayacağına özü qərar verəcək və istənilən halda biz onun qərarını dəstəkləyəcəyik. Hər şey yaxşı gedir, amma altı ay uzun müddətdir. Ümid edirik ki, o özü və milli komanda üçün ən yaxşı qərarı verəcək”, – deyə Skaloni bildirib.

    Qeyd edək ki, dekabrın 5-də DÇ-2026-nın püşkatma mərasimi keçirilib. Argentina J qrupunda yer alıb və Avstriya, Əlcəzair və İordaniya ilə qarşılaşacaq.

    2026-cı il dünya çempionatı gələn yay üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.

  • Üç yaşlı hindistanlı şahmatçı rekorda imza atdı

    Hindistanlı Sarvaqya Sinqh Kuşvaha Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq siyahısına daxil olan ən azyaşlı şahmatçı olub.

    Median.Az “ETV Bharat”a istinadən xəbər verir ki, o, 3 yaş 7 ay 20 günlüyündə həmyerlisi Anişa Sarkarın rekordunu (3 yaş 8 ay 19 gün) yeniləyib.

    “Biz Sarvaqyanın nailiyyətinə sevinirik, onunla qürur duyuruq. Düşünürük ki, onun şahmatda parlaq gələcəyi var. Oğlumun qrossmeyster olmasını istəyirik”, – deyə uşağın atası bildirib.

  • “Qarabağ”la Bakıdakı oyunda “Ayaks”ı 1000-dən çox azarkeş dəstəkləyəcək

    Niderlandın “Ayaks” komandasını Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda dəstəkləyəcək azarkeşlərin sayı bəlli olub.

    Median.Az report-a istinadən xəbər ki, “köhlən atlar”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev bildirib.

    Onun sözlərinə görə, Amsterdam təmsilçisi qarşılaşma üçün 1450 bilet istəyib.

    Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.