Category: İdman

  • “Barselona”nın 53 oyunluq seriyası başa çatdı

    “Barselona”nın 53 oyunluq qol seriyası başa çatıb.

    Bu, ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Çelsi” ilə matçda gerçəkləşib. Görüş London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    “Barselona” 53 oyun sonra ilk dəfə bir oyunda qol vura bilməyib. Kataloniya təmsilçisi bunu son dəfə 2024-cü il dekabrın 15-də “Leqanes”ə 0:1 hesabı ilə uduzduqları görüşdə yaşamışdı. O vaxtdan bəri “Barselona” ardıcıl 53 matçda ən azı 1 qol vurub.

    Qeyd edək ki, “Barselona” hazırda ÇL-in turnir cədvəlində 7 xalla 15-cidir.

  • “Real Madrid”in daha bir futbolçusu zədələndi – FOTO

    “Real Madrid”in daha bir futbolçusu zədələnib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, komandanın gənc müdafiəçisi Din Höysen əzələ zədəsi alıb.

    Məlumata görə, futbolçu UEFA Çempionlar Liqasındakı “Olimpiakos”la və La liqada “Jirona” ilə oyunları dəqiq buraxacaq.

    Xatırladaq ki, daha əvvəl “Real Madrid” klubunun belçikalı qapıçısı Tibo Kurtua virusa yoluxduğu üçün heyətdən çıxarılmışdı.

  • UEFA Çempionlar Liqası: Əsas mərhələnin beşinci turuna yekun vurulur

    Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində beşinci turun son oyunları keçiriləcək.

    Beşinci turun son oyun günündə doqquz qarşılaşma baş tutacaq.

    Belə ki, “Kopenhagen” klubu “Kayrat”la, “Pafos” klubu “Monako” ilə, “Arsenal” klubu “Bavariya” ilə, “Atletiko Madrid” klubu “İnter”lə, “Ayntraxt Frankfurt” klubu “Atalanta” ilə, “Liverpul” klubu PSV ilə, “Olimpiakos” klubu “Real Madrid”lə, PSJ klubu “Tottenhem”lə, “Sportinq” isə “Brügge” klubu ilə üz-üzə gələcək.

    UEFA Çempionlar Liqası

    V tur

    26 noyabr

    Saat 21:45, “Kopenhagen” – “Kayrat”;

    Saat 21:45, “Pafos” – “Monako”.

    27 noyabr

    Saat 00:00, “Arsenal” – “Bavariya”;

    Saat 00:00, “Atletiko Madrid” – “İnter”;

    Saat 00:00, “Ayntraxt Frankfurt” – “Atalanta”;

    Saat 00:00, “Liverpul” – PSV;

    Saat 00:00, “Olimpiakos” – “Real Madrid”;

    Saat 00:00, PSJ – “Tottenhem”;

    Saat 00:00, “Sportinq” – “Brügge”.

  • “Napoli” və “Qarabağ”ın start heyətləri açıqlandı

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək “Napoli” – “Qarabağ” oyununun start heyətləri müəyyənləşib.

    Komandalar “Dieqo Armando Maradona” stadionunda keçiriləcək matça aşağıdakı tərkibdə çıxacaqlar:

    “Napoli”: 32. Vanya Milinkoviç-Saviç, 31. Sem Bökema, 13. Amir Rrahmani, 4. Alessandro Buoncorno, 17. Matias Oliveyra, 22. Covanni Di Lorentso, 68. Stanislav Lobotka, 8. Skott Maktominey, 70. Noa Lanq, 19. Rasmus Höylund, 7. David Nereş;

    “Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 10. Abdullah Zubir.

    Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

  • Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb

    Azərbaycan boksçusu Tağı Nəsibov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

    60 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalında Qevin Rayandan (İrlandiya) güclü olub.

    O, rəqibini 3:2 (28:29, 27:30, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəsibov yarımfinala vəsiqə qazanmaqla doğum günündə özünə azı bürünc medalı da hədiyyə edib.

    İdmançımız noyabrın 28-də yarımfinalda bolqarıstanlı Radoslav Rosenovla döyüşəcək.

    Qeyd edək ki, sabah daha 3 boksçumuz 1/4 final görüşünə çıxacaq.

  • Dieqo Maradonanın həyatı animasiya serialı olaraq ekranlaşdırılacaq

    Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın həyatı animasiya serialı olaraq ekranlaşdırılacaq.

    Layihə Hindistan şirkəti tərəfindən reallaşdırılacaq.

    Şirkət artıq personajla bağlı bütün zəruri hüquqları əldə edib. Film Maradonanın futbola addım atdığı ilk illərdən dünya şöhrətli futbolçu olmasına qədərki həyat yolunu əks etdirəcək.

    Burada onun karyerasının əsas anları, şəxsi həyatı və özündən sonra qoyduğu dərin mədəni izlər nümayiş olunacaq.

    Hazırda layihə işlənmə mərhələsindədir. Yaxın zamanda yaradıcı komanda və filmin tarixi haqqında daha ətraflı məlumatın açıqlanacağı gözlənilir.

    Qeyd edək ki, Argentina millisinin heyətində dünya çempionu olan Dieqo Maradona 2020-ci il noyabrın 25-də, 60 yaşında vəfat edib.

  • “Araz-Naxçıvan” 2500, “Turan Tovuz” 5700 manat cərimələnib

    Misli Premyer Liqası təmsilçilərindən “Araz-Naxçıvan” 2500, “Turan Tovuz” isə 5700 manat cərimələnib.

    Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

    XII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib. “Turan Tovuz” isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat ziyana düşüb.

    Bundan əlavə, Tovuz klubu oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

  • Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

    Dekabrın 5-7-si aralığında qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.

    Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

    Turnir Bakı İdman Sarayında təşkil ediləcək.

    Yarışda ölkənin ən güclü cüdoçuları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar. Dekabrın 5-6-da fərdi, 7-də isə komandalararası yarış gerçəkləşəcək.

  • “Karvan-Yevlax” doğma meydanındakı ilk oyununda 10 200 manat cərimələndi

    “Karvan-Yevlax” komandası 10 200 manat cərimə edilib.

    Bu barədə AFFA məlumat yayıb.

    Bildirilib ki, “Karvan-Yevlax” sözügedən qarşılaşmada 5 oyunçusu sarı vərəqə gördüyü üçün 700 manat ödəyəcək. Əlavə olaraq bölgə klubu matç zamanı meydana kənar şəxslərin daxil olması ucbatından 2 500, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 2 000, fanatların hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən 5 000 manat ziyana düşüb.

    Həmçinin “Karvan-Yevlax” – “Kəpəz” oyunundan sonra doğma meydanda ilk ev oyununu keçirən komandanın 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə biroyunluq cəza alıb.

  • “Napoli” – “Qarabağ” oyunu təxirə salınır?

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində İtaliyada keçiriləcək “Napoli” – “Qarabağ” oyunu pis hava şəraiti səbəbindən təxirə salına bilər.

    Bu barədə Median.Az İtaliya KİV-ə istinadən xəbər verir.

    Məlumata görə, matçın keçiriləcəyi Neapol şəhərində pis hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, hətta şəhərin bəzi ərazilərində hava xəbərdarlıq səviyyəsi sarıdan narıncıya qədər yüksəldilib.

    Hava proqnozuna əsasən, bölgədə yağıntının artması, leysan və güclü ildırım gözlənilir ki, bu da hidrogeoloji qeyri-sabitlik və daşqın riski də daxil olmaqla, bir çox ciddi fəsadlara gətirib çıxara bilər. Eyni zamanda, güclü külək açıq sahil xətləri boyunca qasırğa dalğalarına səbəb ola bilər.

    Təşkilatçılar yerli hakimiyyət orqanları ilə birlikdə mümkün profilaktik tədbirləri müəyyən etmək üçün vəziyyəti yaxından izləyəcəklər.

    Həmçinin Neapol bələdiyyəsi bununla bağlı verdiyi bəyanatda hələ ki matçın təxirə salınmasının nəzərdə tutulmadığını bildirib.

    “Dieqo Armando Maradona adına stadion “Napoli” matçları üçün adi rejimdə açıq olacaq. Hazırda “Napoli” – “Qarabağ” matçının təxirə salınması gözlənilmir. Lakin biz ən yaxşı şəkildə hazırlıqlı olmalıyıq, çünki bütün axşam boyunca aramsız yağış yağacaq”, – deyə bəyanatda qeyd edilib.