Category: İdman

  • UEFA Çempionlar Liqası: Əsas mərhələnin beşinci turuna start verilir

    Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində beşinci turun oyunları start götürəcək.

    Beşinci turun ilk oyun günündə doqquz qarşılaşma baş tutacaq.

    Belə ki, “Qalatasaray” klubu “Royal Union”la, “Ayaks” “Benfika” ilə, “Napoli” “Qarabağ”la, “Budyo Qlimt” “Yuventus”la, “Çelsi” “Barselona” ilə, “Borussiya Dortmund” “Vilyarreal”la, “Mançester Siti” “Bayer Leverkuzen”lə, “Marsel” “Nyukasl Yunayted”lə, “Slaviya Praqa” isə “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.

    Qeyd edək ki, turun oyunlarına sabah yekun vurulacaq.

    25 noyabr

    UEFA Çempionlar Liqası

    V tur

    Saat 21:45, “Qalatasaray” – “Royal Union”;

    Saat 21:45, “Ayaks” – “Benfika”.

    26 noyabr

    Saat 00:00, “Napoli” – “Qarabağ”;

    Saat 00:00, “Budyo/Qlimt” – “Yuventus”;

    Saat 00:00, “Çelsi” – “Barselona”;

    Saat 00:00, “Borussiya Dortmund” – “Vilyarreal”;

    Saat 00:00, “Mançester Siti” – “Bayer Leverkuzen”;

    Saat 00:00, “Marsel” – “Nyukasl Yunayted”;

    Saat 00:00, “Slaviya Praqa” – “Atletik Bilbao”.

  • UEFA Gənclər Liqası: “Qarabağ” – “Napoli” oyunu çexiyalı hakimə tapşırıldı

    UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandasının İtaliyada “Napoli”yə qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.

    Qarşılaşmanı çexiyalı hakim Dominik Starı idarə edəcək.

    Ona Lukaş Slavitsek və Jozef Suma kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

    Qeyd edək ki, qarşılaşma noyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

  • Vinisius yanvarda “Real Madrid”i tərk edə bilər

    “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior qış transfer pəncərəsində klubu tərk edə bilər.

    Bu barədə insayder Ekrem Konur “X” sosial şəbəkəsində məlumat verib.

    O bildirib ki, vinger klubla yeni müqavilə məsələsində razılığa gələ bilmir. Eyni zamanda, ona “Mançester Siti”, “Çelsi” və bəzi Səudiyyə Ərəbistanı klubları ciddi maraq göstərirlər.

    Qeyd edək ki, 2018-ci ildən “Real Madrid”də çıxış edən 25 yaşlı vinger cari mövsümdə klub səviyyəsində keçirdiyi 23 matçda altı qol vurub və beş məhsuldar ötürmə edib.

    Vinisiusun “Real”la mövcud müqaviləsi 2027-ci ilin iyun ayının sonunadək nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir.

  • Osimhen daha bir oyunu buraxacaq

    Türkiyə Superliqasında “Gençlerbirliği” ilə matçda zədə səbəbindən meydana çıxa bilməyən “Qalatasaray”ın futbolçusu Viktor Osimhenin son durumu bəlli olub.

    Median.Az “Sabah” qəzetinə istinadla xəbər verir ki, Osimhen Çempionlar Liqasında “Royal Union” ilə matçda iştirak etməyəcək.

    Nigeriyalı forvard müalicədən sonra məşqlərini zalda davam etdirir. Lakin “Fənərbağça” derbisində iştirakı hələ də sual altındadır.

    Qeyd edək ki, Superliqanın XIV turu çərçivəsində dekabrın 1-də “Fənərbağça” doğma meydanda əzəli rəqibi “Qalatasaray”ı qəbul edəcək.

  • Lionel Messi zirvəyə yüksəldi

    Lionel Messi karyerası ərzində qol+məhsuldar ötürmə sayına görə futbolçular arasında birinci olub.

    MLS-in (“Major League Soccer” – ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) pley-off mərhələsinin dördüncü final matçında “Sinsinati”yə qarşı (4:0) qələbədə bir qol və üç məhsuldar ötürmə ilə yadda qalan ulduz futbolçu karyerasındakı qol+məhsuldar ötürmələrin sayını 1 300-ə çatdırıb.

    O, karyerası ərzində 1 135 oyunda 896 qol və 404 məhsuldar ötürmə ilə unikal nəticə göstərib.

    Messi qol+məhsuldar ötürmə üzrə “Barselona” klubunda 941 dəfə, “İnter Mayami”də 117 dəfə, PSJ klubunda 66 dəfə, Argentina millisində isə 176 dəfə fərqlənib.

  • Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la heç-heçə edib

    Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

    “Report”un məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

    Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

    “Araz-Naxçıvan”ın heyətində Ba-Muaka Simakala 29-cu dəqiqədə fərqlənib. Qonaqlardan Ayxan Hüseynov 78-ci dəqiqədə adını tabloya yazdırıb.

    Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.

    Günün ikinci oyununda “Qəbələ” səfərdə “Zirə” ilə üz-üzə gələcək.

    Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün “Kəpəz” səfərdə “Karvan-Yevlax”ı (2:1), “Qarabağ”ı isə “Sumqayıt”ı (4:2) məğlub edib.

  • UEFA “Qarabağ”ın rəqibini cərimələyib

    “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu cərimələnib.

    Bu barədə Avropa futbol qurumu qərar çıxarıb.

    Buna Frankfurt təmsilçisinin evdə İngiltərənin “Liverpul” komandasına uduzduğu matçda yaşananlar səbəb olub.

    Bundesliqa klubu ümumilikdə 39250 avro ödəməli olacaq. “Ayntraxt” sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 11000, pirotexniki vasitələrdən istifadəyə görə 10750, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro ziyana düşüb.

    Qeyd edək ki, qarşılaşma Frankfurt klubunun 1:5 hesablı məğlubiyyəti ilə bitib. Almaniya komandası “Qarabağ”la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.

  • “Real”ın qapıçısı London klubuna keçə bilər

    İspaniyanın “Real” klubunun qapıçısı Andrey Lunin İngiltərə Premyer Liqasında çıxış edə bilər.

    “Report” “Defensa Central” nəşrinə istinadən xəbər verir ki, “Tottenhem” 26 yaşlı qolkiperlə maraqlanır.

    London təmsilçisi ukraynalı futbolçunu qış transfer dönəmində heyətinə qatmaq niyyətindədir. London təmsilçisi oyunçu üçün 12-15 milyon avro ödəməyə də hazırdır.

    Qeyd edək ki, Andrey Lunin cari mövsüm “Real”da rəsmi oyuna çıxmayıb.

  • Türkiyədə keçmiş futbolçu “qırmızı bülleten”lə axtarışa verildi

    İstanbul Prokurorluğu keçmiş futbolçu Batuhan Karadeniz də daxil olmaqla bəzi şəxslərin aktivlərinə həbs qoyub və barələrində “qırmızı bülleten”lə axtarış elan edib.

    Median.Az bu barədə “Haber Global” telekanalına istinadən xəbər verir.

    Prokurorluğun apardığı təhqiqat çərçivəsində məlum olub ki, Karadeniz sosial şəbəkələrdə qanunsuz mərc və qumar oyunları həyata keçirib.

    Xatırladaq ki, keçmiş futbolçu xaricə qaçıb.

  • “Qarabağ” səfərdə “Sumqayıt”ı məğlub etdi

    Misli Premyer Liqasının XII turunda “Qarabağ” səfərdə “Sumqayıt”a qalib gəlib.

    Median.Az bildirir ki, Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar 4:2 hesablı qələbəyə seviniblər.
    Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Toral Bayramov (42), Abdullah Zubir (63) və Aleksey Kaşuk (90+3) fərqləniblər. “Gənclik şəhəri” təmsilçisinin qollarını isə Höccət Haqverdi (30) və Nsana Simon (83) vurublar.

    Meydan sahiblərinin heyətində 59-cu dəqiqədə Rayan Senhadji ikinci sarı vərəqənin ardından meydandan qovulub. 77-ci dəqiqədə isə Aleksandr Ramalinqom penalti zərbəsindən yararlana bilməyib.

    “Qarabağ” 26 xalla turnir cədvəlinə başçılıq edir. 20 xalı olan “Sumqayıt” dördüncü sırada qərarlaşıb.

    Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” səfərdə “Karvan-“Yevlax”ı 2:1 hesabı ilə məğlub edib.