Category: İdman

  • Azərbaycanın daha bir klubunun oyunları Yevlax şəhər stadionunda keçirilə bilər

    Misli Premyer Liqasının daha bir klubu ev oyunlarını Yevlax şəhər stadionunda keçirə bilər.

    Klubun Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Kəpəz” klubu ev oyunlarını Yevlax şəhər stadionunda keçirmək üçün müraciət edib:

    “Kəpəz” klubunun da Misli Premyer Liqasındakı ev oyunlarını Yevlax şəhər stadionunda keçirmək üçün Peşəkar Futbol Liqası ilə danışıqlar gedir. Əgər PFL icazə versə, “Kəpəz” klubu da ev oyunlarını Yevlaxda oynayacaq”.

    Qeyd edək ki, Gəncə təmsilçisi ev oyunlarını müvəqqəti olaraq Qəbələ şəhər stadionunda keçirir.

    Xatırladaq ki, “Karvan-Yevlax” klubu tərəfindən Yevlax şəhər stadionunda təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib. Klub Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

  • Azərbaycan cüdoçuları Riqada keçirilən turnirdə dörd medal qazandılar

    Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən Avropa Cüdo Ümidləri Turnirində dörd medal qazanıblar.

    Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

    Bildirilib ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan beynəlxalq yarışda Azərbaycan cüdoçuları iki qızıl, bir gümüş və bir bürünc medal əldə ediblər.

    Fəxrim Məhərrəmov (U-13, -46 kq) və Fərhad Quliyev (U-15, -60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

    Səccət Tağıyev (U-15, -42 kq) gümüş, Cahid Bayramlı (U-15, -66 kq) isə bürünc mükafata sahib çıxıblar.

    Qeyd edək ki, turnirdə 20 ölkədən 289 cüdoçu mübarizə aparıb.

  • DÇ-2026-nın seçmə mərhələsi: Son oyunlar keçiriləcək

    2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində bu gün son qarşılaşmalar baş tutacaq.

    Günün bütün matçları eyni vaxtda – 23:45-də start götürəcək.

    Mərhələnin son oyun günündə Avstriya millisi Bosniya və Herseqovina ilə, Belarus Yunanıstanla, Belçika Lixtenşteyn ilə, Bolqarıstan Gürcüstan millisi ilə, Kosovo İsveçrə ilə, Rumıniya San-Marino ilə, Şotlandiya Danimarka ilə, İspaniya Türkiyə ilə, Uels Şimali Makedoniya ilə, İsveç isə Sloveniya ilə üz-üzə gələcək.

    18 noyabr

    DÇ-2026 seçmə mərhələsi

    Saat 23:45, Avstriya – Bosniya və Herseqovina;

    Saat 23:45, Belarus – Yunanıstan;

    Saat 23:45, Belçika – Lixtenşteyn;

    Saat 23:45, Bolqarıstan – Gürcüstan;

    Saat 23:45, Kosovo – İsveçrə;

    Saat 23:45, Rumıniya – San-Marino;

    Saat 23:45, Şotlandiya – Danimarka;

    Saat 23:45, İspaniya – Türkiyə;

    Saat 23:45, İsveç – Sloveniya;

    Saat 23:45, Uels – Şimali Makedoniya.

  • Azərbaycanın U-21 millisi Cəbəllüttariqlə qarşılaşacaq

    Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

    B qrupunda yer alan komanda səfərdə Cəbəllüttariqlə üz-üzə gələcək.

    Görüş “Avropa Point” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Matçın baş hakimi rumıniyalı Andrey Çivulete olacaq.

    Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliyaya qarşı keçirəcək. Komandamız dörd oyundan sonra iki xalla beşinci pillədə qərarlaşıb.

  • Ulduz futbolçu xəstəxanadan evə buraxıldı

    “Çelsi” klubunun sabiq futbolçusu, hazırda Braziliyanın “San-Paulu” klubunda çıxış edən Oskar xəstəxanadan evə buraxılıb.

    Bu barədə klubun “X” hesabında məlumat verilib.

    Futbolçu noyabrın 12-də tibbi müayinə nəticəsində ürəklə bağlı problemlər aşkar edildikdən sonra xəstəxanaya yerləşdirilmişdi.

    Oskar dörd gündən sonra xəstəxanadan evə buraxılıb. Onun xəstəxanada bu qədər müddət qalması müayinədən sonra yaranan kardioloji ağırlaşmalarla bağlı olub.

    Xəstəxanada qaldığı bütün müddət ərzində onun vəziyyəti stabil olub və futbolçu özünü yaxşı hiss edib. Məlumata görə, Oskar növbəti günlərdə həkimlərin təyin etdiyi istirahət rejiminə davam edəcək.

    Xatırladaq ki, 34 yaşlı braziliyalı yarımmüdafiəçin 2024-cü ilin dekabrında “San-Paulu” komandasına qoşulub. “Çelsi” ilə iki dəfə İngiltərə çempionluğu yaşayan Oskar Braziliya milli komandasında 48 oyun keçirib və 12 qol vurub.

  • “Napoli” – “Qarabağ” oyununa bilet satışı dayandırılır – TARİX AÇIQLANDI

    “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə qarşılaşacağı “Napoli” (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, klubdan asılı olmayan səbəblərə görə, qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.

    Hazırda “Qarabağ”a dəstək olmaq istəyən azarkeşlər biletləri onlayn qaydada əldə edə bilərlər.

    Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 26-da “Stadio Diego Armando Maradona” stadionunda, saat 00:00-da start götürəcək.

  • DÇ-2026-da iştirak edəcək komandalardan 32-sinin adı bəlli oldu

    2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsində iştirak edəcək 48 komandadan 32-si müəyyənləşib.

    Noyabrın 17-nə keçən gecə baş tutan oyunlardan sonra Norveç və Portuqaliya yığmalarının da nüfuzlu yarışda iştirakı rəsmiləşib.

    İndiyə qədər aşağıdakı komandalar DÇ-2026-ya vəsiqə qazanıblar:

    Turnirin ev sahibləri: ABŞ, Kanada, Meksika;

    AFC (Asiya): Avstraliya, İran, Yaponiya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Özbəkistan;

    ACF (Afrika): Əlcəzair, Misir, Kabo-Verde, Qana, Kot`d-İvuar, Mərakeş, Seneqal, CAR, Tunis;

    KONMEBOL (Cənubi Amerika): Argentina, Braziliya, Kolumbiya, Ekvador, Paraqvay, Uruqvay;

    CFO (Okeaniya): Yeni Zelandiya, Avstraliya;

    UEFA (Avropa): İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliya.

    Qeyd edək ki, DÇ-2026-da 48 milli komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.

  • “Formula-1” pilotları saxta izləyicilər sayəsində böyük pullar qazanırlar

    “Formula-1″in ən yaxşı pilotları gəlirlərinin əhəmiyyətli bir hissəsini sosial media platformalarındakı reklam paylaşımlarından əldə edirlər.

    Bu barədə “Racing News 365” məlumat yayıb.

    Məlumata görə, bu reklamların auditoriyası çox vaxt saxta izləyicilər hesabına təmin olunur.

    Məsələn, 41.7 milyon izləyicisi olan yeddiqat dünya çempionu Lyuis Hemilton hər sponsorlu paylaşım üçün 100 302 funt sterlinq qazanır. Lakin onun auditoriyasının 28%-ni 11.6 milyon bot hesabı təşkil edir. Beləliklə də, bu gəlirin 27 924 funt sterlinq dəyərindəki hissəsini pilot saxta izləyicilər hesabına əldə edir.

    Onun komanda yoldaşı Şarl Lekler 3.37 milyon saxta hesablar (15.93%) sayəsində hər paylaşım üçün əlavə 8 143 funt sterlinq gəlir əldə edir.

    “Red Bull” pilotu Maks Ferstappenin bot auditoriyası 18.63% təşkil edir və ona əlavə 7 502 funt sterlinq qazandırır.

    “Aston Martin” pilotu Fernando Alonso isə saxta izləyicilərin faizinə görə liderlik edir. Onun auditoriyasının 34.55%-i botlardır.

  • Mbappe Bakıya niyə gəlmədi? – Baş məşqçi açıqladı

    “Sabah nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bakıya 22 futbolçu ilə gəlmişik. Hamısına güvənirəm”.

    Bunu Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

    O, Azərbaycan millisinin enerjili komanda olduğunu bildirib: “Rəqibimiz çox istəkli komandadır. Heyət baxımından risk etmək istəmirəm. Topuğunda zədəsi olan Kilian Mbappe ilə “Real Madrid” klubunun həkimləri məşğul olacaqlar”.

    Qeyd edək ki, Azərbaycan – Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

  • Devid Bekhem futbol karyerasına görə peşmandır

    İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem karyerası ilə bağlı peşmanlığını dilə gətirib.

    Median.Az “People” jurnalına istinadən xəbər verir ki, o, karyerasını başa vurduqdan sonra əldə etdiyi məşhurluğun futbol oynamaqdan aldığı həyəcanı əvəz etmədiyini və buna görə hələ də çox darıxdığını qeyd edib:

    “Həyatının hər hansısa bir mühüm mərhələsindən keçəndə, bəzən həmin anda bütün bunları tam şəkildə dərk etmək çətin olur.

    Futbol oynadığım günlər üçün çox darıxıram və düşünmürəm ki, o zaman hər şey bitdikdən sonra bütün bunların mənə nə qədər çətin olacağını dərk edirdim. Əgər bir şeyi dəyişə bilsəydim, özümə gənc ikən hər anın qədrini bilməyi məsləhət görərdim”.

    Xatırladaq ki, Bekhemin karyerası İngiltərə futbol tarixinin ən parlaq karyeralarından biridir. O, “Mançester Yunayted”lə çox sayda mükafat qazandıqdan sonra, “Real Madrid”, “Los-Anceles Qalaksi”, “Milan” və PSJ-də çıxış edib, 2013-cü ildə isə futbol karyerasını tamamilə başa vurub. Hazırda o, MLS klubu “İnter Mayami”nin həmsahibidir və dünyanın ən tanınmış simalarından biri kimi böyük kommersiya uğuru qazanıb.
    //oxu.az