Category: İdman

  • “Çelsi” 16 yaşlı futbolçu ilə razılaşdı

    “Çelsi” qarşıdan gələn qış transfer pəncərəsi üçün işləri davam etdirir.

    Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

    London təmsilçisi “İndependiente del Valle”nin 16 yaşlı futbolçusu Deiner Ordonezinin transferi ilə bağlı razılığa gəlib. Tərəflər bu qış müqavilə imzalayacaqlar. Lakin Deiner 2028-ci ildə komandaya qoşulacaq.

    Klub gənc oyunçunun gələcəkdə Levi Kolvilli əvəz edə biləcəyini düşünür.

  • Qadın şahmatçılarımız dünya çempionatında çıxış edəcəklər

    Qadın şahmatçılardan ibarət Azərbaycan millisi noyabrın 17-24-də İspaniyanın Linares şəhərində keçiriləcək komandalararası dünya çempionatında iştirak edəcək.

    Bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası qəbul edib.

    Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.

    Azərbaycan A qrupunda yer alıb. Şahmatçılarımız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmaları ilə eyni qrupda yarışacaq. B qrupunda Çin, Gürcüstan, Ukrayna, Fransa, Özbəkistan və Hindistan yığmaları çıxış edəcək.

    Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva mübarizə aparacaqlar. Komandanın kapitanı İlahə Qədimova olacaq.

  • Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb

    Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb.

    Median.Az xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

    O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib.

    Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.

    Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

  • Dünya ulduzu “Qalatasaray”dan GEDİR

    “Qalatasaray”ın yeni transferi İlkay Gündoğanla bağlı gözlənilməz iddialar gündəmə gəlib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu təcrübəli yarımmüdafiəçi üçün ciddi təklif hazırlayır.
     
    Bildirilir ki, klub Gündoğana yüksək səviyyəli müqavilə təklif etməyə hazırlaşır.

    Xatırladaq ki, 35 yaşlı futbolçu mövsümün əvvəlində “Qalatasaray”la 2027-ci ilə qədər müqavilə imzalayıb.

    Məlumata görə, “Əl-Əhli” artıq Gündoğanın transferi üçün rəsmi addımlar atmağa başlayıb və ulduz futbolçuya mükafatlı şərtlər təqdim etməyi planlaşdırır.

    İlkay Gündoğan cari mövsümdə “Qalatasaray”ın heyətində 7 rəsmi qarşılaşmada iştirak edib, bu müddətdə 1 qol və 1 assistlə yadda qalıb.

  • Peşəkar Futbol Liqasından “Karvan-Yevlax” klubuna ŞAD XƏBƏR

    “Karvan-Yevlax” klubu oyunlarını öz meydanında keçirə biləcək.

    Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

    Bildirilib ki, klub tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib.

    Noyabrın 4-də keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.

    “Karvan-Yevlax” klubu Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

  • “Napoli”nin heyətində CİDDİ İTKİ – “Qarabağ”a qarşı oyunda olmayacaq

    “Napoli”nin yarımmüdafiəçisi Andre Zambo-Anqissa zədələnib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, Anqissa Kamerun millisinin heyətində zədələnib. Onun sol dizaltı əzələsində ciddi zədə aşkarlandığı qeyd olunub.

    29 yaşlı yarımmüdafiəçinin üç-dörd ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

    Anqissa bu mövsüm A Seriyası və Çempionlar Liqasında 15 matçda dörd qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

    Qeyd edək ki, “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne və mərkəz hücumçusu Romelu Lukaku oxşar zədələrə görə sıradan çıxıblar, futbolçuların heç birinin yeni mövsümə qədər yaşıl meydanlara qayıtması gözlənilmir.

    Xatırladaq ki, “Napoli” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda noyabrın 26-da öz meydanında “Qarabağ”la qarşılaşacaq.

  • Prokuror “Fənərbağça”nın iki futbolçusunun həbsini tələb edib

    İstanbul məhkəməsində keçirilən dinləmə zamanı prokuror “Fənərbağça” klubunun futbolçuları Ceydon Ostervolde və Mert Hakan Yandaşın həbsini tələb edib.

    Median.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, məhkəmə iclası Türkiyə Superliqasının ötən mövsüm 37-ci turu çərçivəsində keçirilmiş “Qalatasaray” – “Fənərbağça” oyunundan sonra baş vermiş qalmaqallı hadisələrlə bağlı olub.

    Prokuror Ostervolde və Yandaşdan savayı, “Fənərbağça” klubunun həkimi Ertuğrul Karanlık, “Fənərbağça”nın keçmiş meneceri Hulusi Belgü və keçmiş baş məşqçi İsmail Kartalın oğlu Emre Kartalın 1 il 3 ay müddətindən 3 il 4 ay 15 gün müddətinə qədər həbsini tələb edib.

    Dövlət ittihamçısı adı sadalananların “qəsdən xəsarətlərinin yetirilməsi” və “idman meydanlarında asayişin pozulması və idman qurğularına zərər verilməsi” ittihamları ilə təqsirli bilinməsini istəyib.

    Məhkəmə şübhəlilərin vəkillərinə müvəkkilərini müdafiə etmələri üçün vaxt verərək, növbəti məhkəmə iclasını yanvarın 15-nə təyin edib.

  • Azərbaycan – İslandiya oyununda ilk hissə başa çatıb

    2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan – İslandiya matçında birinci hissə başa çatıb.

    Median.Az
    xəbər verir ki, qonaqlar fasiləyə 0:2 hesab ilə öndə yollanıblar.

    ***

    2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan – İslandiya matçında hesab arasında fərq artıb.

    Median.Az xəbər verir ki, İslandiya millisinin heyətində ikinci qolu 39-cu dəqiqədə İnqason vurub.

  • Azərbaycan – İslandiya görüşündə hesab açıldı

    2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan – İslandiya matçında hesab açılıb.

    Median.Az xəbər verir ki, ilk qolu qonaq komanda vurub.

    İslandiya millisinin heyətində 20-ci dəqiqədə Qyudmyundsson fərqlənib.

  • DÇ-2026: Azərbaycan – İslandiya oyunu başlayıb

    DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan – İslandiya matçına start verilib.

    Report-un məlumatına görə, qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilir.

    Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.