Category: İdman

  • Avropa çempionu Qətər klubuna baş məşqçi təyin olundu

    Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini Qətərin “Əl-Sədd” komandasını çalışdıracaq.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, italiyalı mütəxəssislə iki il yarım müddətində müqavilə imzalanıb.

    Qeyd edək ki, Roberto Mançininin son iş yeri Səudiyyə Ərəbistanın milli komandası olub. O, karyerasında, həmçinin “Mançester Siti”, “İnter”, “Qalatasaray” kimi klublarda da çalışıb.

    Xatırladaq ki, Roberto Mançini İtaliya millisi ilə 2020-ci il Avropa çempionatının qalibi olub.

  • Türkiyədə mərc oyunları qalmaqalı – 102 futbolçu…

    Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsinin (PFDK) mərc qalmaqalı ilə bağlı qərarları açıqlanıb.

    Median.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa və 1-ci Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştirak etdiyinə görə diskvalifikasiya edilib.

    Cəzalandırılanlar arasında “Galatasaray” və “Trabzonspor”un futbolçuları da yer alıb. İstanbul klubundan Metehan Baltacı 9 ay, Eren Elmalı isə 45 gün futboldan uzaqlaşdırılıb. “Trabzonspor”dan isə Boran Başqan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza alıb.

    Həmçinin Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” və “Səbail”in formasını geyinmiş Mert Çelik də 45 günlük diskvalifikasiya edilib.

  • Ronaldo 1000-ci qolu vurmasından danışdı

    Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo karyerasında 1000-ci qolunu vurması barədə verilən suala yumorla cavab verib

    Median.Az xəbər verir ki, hazırda onun aktivində 953 qol var. Jurnalist Ronaldoya belə bir səhnəni təsəvvür etməyi xahiş edib: Dünya Çempionatının finalı, həlledici an… və o, 1000-ci qolu vuraraq komandasını çempion edir.

    Ulduz futbolçu mövzuya yumorla yanaşıb və deyib: “Görünür, çox film izləmisiniz (gülür). Bu, həddindən artıq ideal səhnə olardı. Amma dedikləriniz xoş səslənir. Yığma bir oyunçudan asılı deyil, amma bu rəqəmlər əlbəttə ki, xoş göstəricidir”.

    Karyerası ərzində Ronaldo “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” kimi klublarda çıxış edib. Portuqaliya millisinin heyətində isə Avropa Çempionatının qalibi olub.

  • DÇ-2026-nın seçmə mərhələsi: Bu gün səkkiz görüş keçiriləcək

    2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində bu gün səkkiz qarşılaşma baş tutacaq.

    Günün ilk matçında Azərbaycan İslandiya ilə qarşılaşacaq.

    Digər görüşlərdə isə Ermənistan Macarıstanla, Norveç Estoniya ilə, Andorra Albaniya ilə, İngiltərə Serbiya ilə, Fransa Ukrayna ilə, İrlandiya Portuqaliya ilə, Moldova isə İtaliya ilə üz-üzə gələcək.

    13 noyabr

    DÇ-2026 seçmə mərhələsi

    Saat 21:00, Azərbaycan – İslandiya;

    Saat 21:00, Ermənistan – Macarıstan;

    Saat 21:00, Norveç – Estoniya;

    Saat 23:45, Andorra – Albaniya;

    Saat 23:45, İngiltərə – Serbiya;

    Saat 23:45, Fransa – Ukrayna;

    Saat 23:45, İrlandiya – Portuqaliya;

    Saat 23:45, Moldova – İtaliya.

  • Dönüş tarixləri bəlli oldu

    İspaniyanın “Barselona” klubunun zədələnmiş futbolçularının bərpa prosesi ilə bağlı yeni məlumatlar açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə “Barça Universal” nəşri məlumat yayıb.

    Bildirilib ki, qapıçı Joan Qarsiya və hücumçu Rafinya La Liqanın növbəti turunda – noyabrın 22-də baş tutacaq “Atletik Bilbao” ilə oyuna qədər sağalaraq komandanın sərəncamında olacaq.

    Gənc ulduz Lamin Yamal isə təxminən 8-10 gün meydana çıxa bilməyəcək. Pedrinin dekabrın ortalarında, Mark-Andre ter Ştegenin yanvarda, Qavinin isə yalnız fevralda bərpa olunaraq oynamağa başlaması gözlənilir.
    Qeyd edək ki, hazırda “Barselona” turnir cədvəlində 28 xalla ikinci pillədə qərarlaşıb və lider “Real Madrid”dən 3 xal geri qalır.

  • AFFA Əliyar Ağayevin səhv qərar qəbul etdiyini təsdiqlədi — VİDEO

    AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

    Median.Az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

    O, “Şamaxı” – “İmişli” (1:0), “Sumqayıt” – “Qəbələ” (2:0), “Araz-Naxçıvan” – “Karvan-Yevlax” (2:1), “Sabah” – “Kəpəz” (3:1), “Zirə” – “Turan Tovuz” (0:0) və “Qarabağ” – “Neftçi” (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.

    Belçikalı mütəxəssis baş hakim Əliyar Ağayevin “Zirə” – “Turan Tovuz” matçında meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqənin “sarı” ilə əvəzlənməsinin yanlış qərar olduğunu bildirib.//demokrat.az

  • Azərbaycan karateçisi İslamiadanın qalibi oldu

    Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

    Median.Az xəbər verir ki, idmançı 68 kq çəki dərəcəsində qızıl medal qazanıb.

    İrina Zaretska finalda Eda Eltemuru (Türkiyə) 5:3 hesabı ilə məğlub edib.

    Qeyd edək ki, Azərbaycanı 67 kq çəki dərəcəsində təmsil edən Nuran Rzazadə 1/16 finalda Abdul Vaxab Raşidova (Özbəkistan) məğlub olub.

  • Əliyar Ağayev Xorvatiya yığmasının oyununa təyinat alıb

    Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb.

    38 yaşlı hakim DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Farer adaları oyununu idarə edəcək.

    Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

    Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi təyinat alıblar.

    Qeyd edək ki, qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.

  • VI İslam Həmrəyliyi Oyunları: İdmançılarımız bu gün altı növdə mübarizə aparacaqlar

    Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri altı idman növündə çıxış edəcəklər.

    Median.Az xəbər verir ki, idmançılarımız karate, stolüstü tennis, muaytay, ağırlıqqaldırma, voleybol və üzgüçülükdə qüvvələrini sınayacaqlar.

    Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

  • “Qarabağ” dünya reytinqində 17 pillə irəliləyib

    Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib.

    Median.Az IFFHS-nin saytına istinadən xəbər verir ki, reytinqdə 502 klub yer alıb.

    Azərbaycan çempionu “Qarabağ” klubu 192.25 xalla dünya reytinqində 17 pillə irəliləyərək 82-ci sıradan 65-ci yerə yüksəlib.

    Digər təmsilçilərimiz “Sabah” klubu 296-cı mövqedən 276-cı yerə, “Araz-Naxçıvan” klubu 391-ci yerdən 390-cı yerə, “Zirə” isə 407-ci yerdən 387-ci mövqeyə yüksəliblər.

    Qeyd edək ki, siyahıya PSJ başçılıq edir. İlk beşlikdə, həmçinin “Real Madrid”, “Çelsi”, “İnter” və “Bavariya” müvafiq olaraq yer alırlar.