Category: İdman

  • Transgender idmançılar Olimpiya oyunlarından kənarlaşdırılır

    Beynəlxalq Olimpiya Komitəsi (BOK) transgender idmançıların Olimpiya oyunlarında qadın yarışlarında iştirakını qadağan etməyə hazırlaşır.

    Bu barədə “The Times” mənbələrinə istinadən məlumat yayıb.

    Məlumata görə, bununla bağlı yekun qərar BOK-un 2026-cı ilin əvvəlində baş tutacaq toplantısında açıqlanacaq.

    Xəbərdə bildirilir ki, kişilərin qadınlardan fiziki üstünlüyü ilə bağlı hərtərəfli elmi sübutlar əldə edildikdən sonra müvafiq qərar qəbul ediləcək.

    BOK transgender idmançıların iştirakı ilə bağlı qadın idmanının üzləşdiyi problemlərə dair elmi icmalın ilkin nəticələrini təqdim edib. Təqdimat zamanı ortaya çıxan nəticələrdən sonra təqdim olunan sübutlar maraqla qarşılanıb.

    Hazırda BOK-un qaydalarına əsasən, qadınların yarışlarında transgenderlər iştirak edə bilərlər.

  • Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazandı

    Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

    Median.Az xəbər verir ki, o, kişilərin 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında fərqlənib.
    İdmançı 2.01.16 nəticə ilə 2-ci olub.

  • Həbib Nurməhəmmədov məşqçilik karyerasını nə vaxt bitirəcəyini açıqlayıb

    Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov MMA-da məşqçilik karyerasını nə vaxt dayandıracağını açıqlayıb.

    Median.Az bu barədə “Red Corner MMA”ya istinadən xəbər verir.

    Onun sözlərinə görə, bəzi döyüşçülər oktaqonda vuruşduğu müddətcə məşqçiliyini davam etdirəcək:

    “MMA-da prioritetlərim Usman, Umar və İslamdır. Onlar karyeralarını başa çatdıranda mən də məşqçilikdən ayrılacağam”.

    Qeyd edək ki, Nurməhəmmədovun özü 2020-ci ilin oktyabr ayından bəri döyüşə çıxmayıb, o, sonuncu qarşılaşmasında amerikalı Castin Qeyci məğlub edib.

  • Azərbaycanlı hakim-inspektor DÇ-2026-nın oyununa təyinat alıb

    Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

    O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də keçiriləcək Norveç-Estoniya görüşünün hakim-inspektoru olacaq.

    Qarşılaşma Oslo şəhərində yerləşən “Ullevaal” stadionunda baş tutacaq.

  • Hidayət Heydərov çempion oldu

    Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

    O, finalda özbəkistanlı Şakram Ahadovla qarşılaşıb.

    Rəqibini məğlub edən Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Qeyd edək ki, H.Heydərov 2017-ci ildə Bakıda təşkil edilən İslamiadanın da qalibi olmuşdu.

  • Azərbaycanlı atıcıdan yeni dünya rekordu

    Azərbaycan Atıcılıq Federasiyasının üzvü Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb.

    50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayan milli komandanın üzvü bu göstəricisinə görə yeni dünya rekordu müəyyənləşdirib.

    Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların sayına görə müəyyənləşib. Y.Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.

  • Cüdoçumuz VI İslam Həmrəyliyi oyunlarının finalına yüksəlib

    Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

    Median.Az xəbər verir ki, o, yarımfinalda Qazaxıstan idmançısı Diana Burkeyevanı “yuko” xalı ilə məğlub edib.

    Bu nəticə ilə cüdoçu ən azı gümüş medalı təmin edib. K.Əliyevanın finaldakı rəqibi Tuğçe Beder (Türkiyə) olacaq.

    Qeyd edək ki, bu cüdoçular V İslamiadanın finalında da qarşılaşmışdılar.

  • VI İslam Həmrəyliyi Oyunlarında 15 yaşlı ağırlıqqaldıranımız 3 bürünc medal qazanıb

    “Şükür Allaha, ilk medallarımızı qazandıq”.

    Bu sözləri Apasport.az saytının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.

    O, bu nəticəni Azərbaycan xalqına həsr etdiklərini bildirib:

    “Bu münasibətlə bütün azarkeşləri, xalqımızı təbrik edirəm. Nurayın 15 yaşı dekabrda tamam olacaq. Bu çox böyük nəticə, uğurdur. Onun göstərdiyi əzmkarlıq federasiya olaraq bizi də .çox sevindirdi. Üstəlik, bu uğur xalqımız üçün böyük bir günə – Zəfər Gününə təsadüf etdi. Bu medalı Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqına həsr edirik. İnşallah, uğurlu nəticələrim izin davamı gələcək. Qarşıda medal qazanmaq potensialına malik digər ağırlıqqaldıranlarımız da çıxış edəcəklər. Bu uğur dövlətimizin, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə zəhmətinin nəticəsidir”.

    Qeyd edək ki, 15 yaşlı ağırlıqqaldıranımız Nuray Əbilova 48 kq çəki dərəcəsində 3 bürünc medal qazanıb.

  • “Qalatasaray”ın heyətində CİDDİ İTKİ: İlin sonuna qədər olmayacaq

    “Qalatasaray”ın futbolçusu Yunus Akgün əməliyyat olunub.

    Median.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, türkiyəli cinah hücumçusu qasıq nahiyəsindən əməliyyat edilib.
    24 yaşlı futbolçu ilin sonunadək komandasına kömək edə bilməyəcək.

    Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Azərbaycanın iki cüdoçusu İslamiadada yarımfinala yüksəlib

    Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

    1/4 finalda Hidayət Heydərov (73 kiloqram) Faye Aleks Njiyə, Könül Əliyeva (48 kiloqram) isə tacikistanlı Ahliya Muminovaya qalib gəliblər.

    Gültac Məmmədəliyeva (52 kiloqram) 1/8 finalda uduzaraq mübarizəni dayandırıb. 1/4 finalda məğlub olan Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə təsəlliverici görüşlərə qatılacaqlar.

    Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

    Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.