Category: İdman

  • Futzal millimiz Gürcüstanda ardıcıl ikinci dəfə məğlub oldu

    Futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.

    Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ardıcıl ikinci dəfə qarşılaşdığı Gürcüstan yığmasına bu dəfə 2:5 hesabı ilə uduzub.

    Görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.

    Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüşdə meydan sahibləri 4:2 hesablı qələbə qazanmışdı.

    Aprelin 13-də və 15-də isə komanda Aktauda Qazaxıstan millisi ilə yoldaşlıq matçları keçirəcək.

  • Azər Bağırov: “Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”

    “Kəpəz” futbol klubunun baş məşqçisi Azər Bağırov komandasının son oyunlardakı çıxışından ciddi narazılığını ifadə edib.

    Mütəxəssis bu barədə Misli Premyer Liqasının 27-ci turunda “Karvan-Yevlax”a məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında danışıb.

    Bağırov məğlubiyyətin səbəblərini şərh edərkən kadr çatışmazlığından gileylənib:

    “Çempionatın sonu yaxınlaşır və hazırda ciddi itkilərimiz var. Heyətdə bəzi yerdəyişmələr etmək istəsək də, mərkəz və cinah müdafiəsi mövqelərindəki problemləri həll edə bilmədik. “Qarabağ”la qarşılaşmadan sonra komandanı tanımaqda çətinlik çəkirəm. “Qəbələ” ilə oyunda olduğu kimi, bu gün də çox bəsit qollar buraxdıq”.

    Məşqçi vəziyyəti düzəltmək üçün futbolçularla söhbət aparılacağını bildirib:

    “Oyunçularımızla ciddi danışığımız olacaq. Hər bir halda, səhvlərimizdən nəticə çıxarıb gələcək oyunlara köklənməliyik”.

  • Burak Denizin evindən narkotik vasitə çıxdı

    Türkiyəli aktyor Burak Deniz saxlanılan zaman evində axtarış aparılıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış zamanı aktyorun mənzilindən 1 qram çəkidə narkotik vasitə tapılıb.

    Qeyd edək ki, sonuncu əməliyyat zamanı 14 nəfər barəsində saxlanılma qərarı verilib.

  • “Səbail” cərimələndi

    AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

    İclasda 1-ci liqanın 21-ci turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul verilib.

    “Şəfa” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib. Qərarda bildirilir ki, matçın 90+1-ci dəqiqəsində “Səbail” komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyunluq cəzalandırılıb, klubu 2400 manat cərimə edilib.

    “Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq çızalandırılıb, klubu 150 manat cərimə edilib.

  • Bu stadion Mirça Luçeskunun adını daşıyacaq

    Buxarest “Dinamo”sunun yeni stadionuna Mirça Luçeskunun adı veriləcək.

    “Mediafax” nəşrinin məlumatına görə, köhnə arenanın yerində inşa edilən yeni stadion “Dinamo Mirça Luçesku” adlanacaq.

    Xatırladaq ki, M.Luçesku 80 yaşında vəfat edib. O, futbolçu kimi karyerasının 12 ilini “Dinamo”ya həsr edib, 1985/1990-cı illərdə Rumıniya paytaxtının təmsilçisinin, 1966/1979-cu illərdə isə Ruminiya millisinin baş məşqçisi olub.

  • Əfsanəvi məşqçi Mirça Luçesku son mənzilə yola salındı

    80 yaşında həyatla vidalaşan dünyaşöhrətli rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku öz vətənində son mənzilə yola salınıb.

    Əfsanəvi məşqçi ilə vida mərasimi Rumıniyanın paytaxtı Buxarest şəhərindəki “Aziz Eleftherios” kilsəsində baş tutub.

    Mərasimdən sonra tanınmış mütəxəssisin cənazəsi Bellu qəbiristanlığına aparılaraq orada torpağa tapşırılıb.

    Qeyd edək ki, zəngin karyerası boyu Mirça Luçesku Türkiyənin “Qalatasaray” və “Beşiktaş”, eləcə də Ukraynanın “Dinamo Kiyev” və “Şaxtyor Donetsk” kimi nəhəng klublarına rəhbərlik edib.

    O, həmçinin Türkiyə və Rumıniya yığmalarının baş məşqçisi postunu tutub. Mütəxəssis çalışdırdığı komandalarla birlikdə çoxlu sayda titul qazanıb və beynəlxalq arenalarda mühüm nailiyyətlərə imza atıb.
    //oxu.az

  • Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzdu

    Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirib.

    Gürcüstan yığması ilə üz-üzə gələn Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda rəqibinə 2:4 hesabı ilə uduzub.

    Tbilisi şəhərindəki İdman Sarayında baş tutan oyunda Azərbaycanın qollarını Nihad İsmayılov (22) və Kənan Manafov (38) vurublar.

    Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.

  • Dünya çempionu vəfat etdi

    Disk atma üzrə tarixin ilk dünya çempionu, əfsanəvi çexoslovakiyalı atlet İmrix Bugar 70 yaşında vəfat edib.

    İ.Bugar 1983-cü ildə Helsinkidə keçirilən ilk dünya birinciliyində qızıl medala sahib çıxaraq adını tarixə yazdırıb. O, həmçinin 1980-ci il Moskva Olimpiadasında gümüş medal qazanaraq böyük uğura imza atıb.

    Qeyd edək ki, disk atma üzrə milli rekord – 71.26 metr göstəricisi bu günə qədər də məhz İmrix Bugara məxsusdur.

    Məşhur idmançı 1995-ci ildə peşəkar karyerasını başa vurduqdan sonra doğma “Dukla” klubunda məşqçi kimi fəaliyyətini davam etdirib.

  • Kamilo Duran Azərbaycan çempionatları tarixinə düşdü

    Misli Premyer Liqasının XXVI turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.

    Median.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan-Yevlax”la qarşılaşmada (7:0) üç qola imza atıb.

    Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov V turda “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumo XVIII turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atıblar.

    Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.

    Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə iki, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya bir matçda 3 qola sevinib. Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.

  • Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib

    Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib.

    Median.Az sovsport.ru-ya istinadən xəbər verir ki, bu barədə rumıniyalı jurnalist Emanuel Roşu bildirib.

    Məşhur mütəxəssisin 80 yaşı var idi. Luçeskunun son iş yeri Rumıniya milli komandası olub.

    Qeyd edək ki, son zamanlar təcrübəli məşqçinin sağlamlığında ciddi problemlərin olduğu bildirilirdi. Səhhəti pisləşən Luçeskunun ürəyinə defibrilyator (şok – red.) cihazı quraşdırılmışdı. Vəziyyəti ağırlaşdıqdan sonra həkimlər onu süni koma vəziyyətinə salmışdılar, lakin mütəxəssisin həyatını xilas etmək mümkün olmayıb.