Category: İdman

  • De Bruyne DÇ-2026-nı buraxa bilər

    Belçika millisi və “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne sağ budundakı zədə səbəbindən 2026-cı il dünya çempionatını buraxa bilər.

    Bu barədə “The Sun” məlumat yayıb.

    Məlumata görə, “Napoli” klubu da 34 yaşlı futbolçu üçün cari mövsümün başa çata biləcəyindən narahatdır.

    Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinin altı turundan sonra Belçika komandasının 14 xalı var və o, J qrupunda birinci yerdədir. Belçikalılar üçün seçmə turnirin qrup mərhələsinin bitməsinə iki oyunu qalıb.

    Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

  • Ronaldu nə vaxtadək oynayacağını açıqladı

    Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu sağlamlığı imkan verdiyi müddətcə futbol oynamaq istəyir.

    Onun sözlərini UOL nəşri yayıb.

    Ötən gün futbolçu Səudiyyə Pro Liqasında komandasına qələbə qazandıran iki qola imza atıb.

    “Şəxsən mənim və bütün komanda üçün inanılmaz bir axşam idi. Komanda qalib gəldi və mən iki qol vurdum. Qol vursam da, vurmasam da, bu mənim həyatımdır və həmişə belə olub. 23-24 illik futbol mənim həyatımdır. Buna görə də sağlamlığım imkan verdiyi müddətcə oynamağa davam etmək istəyirəm”, – deyə portuqaliyalı bildirib.

  • Salah Lempardın nəticəsini təkrarladı: O, Runi və Şirerdən geri qalır

    “Liverpul”un məşhur futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 10-cu turunda “Aston Villa” ilə matçda növbəti qolunu vurub.

    Misirli oyunçu İngiltərə çempionatında məhsuldar hərəkətlərin (qol və ötürmə) sayını 279-a çatdıraraq (190 qol və 89 məhsuldar ötürmə) “Çelsi”nin əfsanəvi sabiq oyunçusu Frenk Lempardın nəticəsini təkrarlayıb (177 qol və 102 məhsuldar ötürmə).

    Bu sıralamada Salah yalnız Ueyn Runi (311) və Alan Şirerdən (324) geri qalır.

    Salah həm də “Liverpul”un heyətində bütün yarışlarda 250-ci qolunu vurub.

    Xatırladaq ki, “Liverpul” öz meydanında “Aston Villa”nı 2:0 hesabı ilə məğlub edib.

  • Daha bir cüdoçumuz Avropa çempionu oldu

    Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

    O, finalda polşa təmsilçisi Yakub Sordili məğlub edərək qızıl medala sahib çıxıb.

    Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.

    Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc mükafata yiyələnib.

    Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçularından İslam Rəhimov (66 kq) Avropa çempionu olmuşdu.

  • “Neftçi” “Kəpəz”ə qalib gəldi

    Misli Premyer Liqasının X turunda “Neftçi” “Kəpəz”lə qarşılaşıb.

    “Palms Sports Arena”da keçirilən oyunda ev sahibləri 5:1 hesablı qələbəyə sevinib.

    “Ağ-qaralar”ın qollarını Emin Mahmudov (19-pen), Vensan Abubakar (23), Bassalo Sambo (74, 86) və Freddi Varqas (90+1) vurublar. Qonaqlardan isə Sadiq Şəfiyev (77) fərqlənib.

    Turnir cədvəlində “Neftçi” 15 xalla altıncıdır. 3 xalı olan “Kəpəz” isə, sonuncu – onikincidir.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “İmişli”ni 2:0, “Zirə” isə “Karvan-Yevlax”ı 3:2 hesabı ilə məğlub edib.

  • Mbappe penaltini vura bilmədi, azarkeşin ürəyi dayandı

    İspaniya çempionatında “Barselona” ilə görüşün 52-ci dəqiqəsində Kilian Mbappenin penaltini dəqiq yerinə yetirə bilməməsi “Real Madrid” azarkeşinin ölümünə səbəb olub.

    Fransalı hücumçu real qol vəziyyətindən yararlana bilməyib.

    Həmin vaxt tribunada olan israilli azarkeş huşunu itirib. Yaxınlıqdakı azarkeşlər və “Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua hakimə oyunu dayandırmaq üçün işarə versələr də, matç dayandırılmayıb.

    Azarkeşə stadionun tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra xəstəxanaya çatdırılan fanatın həyatını xilas etmək mümkün olmayıb.

    Xatırladaq ki, oktyabrın 26-da Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan qarşılaşma “Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

  • “Zirə” “Karvan”a qalib gəldi

    Misli Premyer Liqasının X turunda “Zirə” “Karvan-Yevlax”a qalib gəlib.

    Şamaxı şəhər stadionunda keçirilən oyun Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin 3:2 hesablı üstünlüyü ilə bitib.

    Bölgə təmsilçisinin qollarını İmani Barker (29) ilə Kayl Spens (62) vurublar. “Qartallar”ın heyətində isə Brahim Konate (57), Leroy Mikels (74) və Ayron Qomis (87) dəqiq zərbə müəllifi olublar.

    “Zirə” 19 xalla turnir cədvəlində ikinci sırada yer alıb. “Karvan-Yevlax” isə 5 xalla onbirincidir.

    Qeyd edək ki, turun açılış qarşılaşmasında “Qarabağ” “İmişli”ni iki cavabsız qolla üstələyib.

  • Dembele “Bavariya” ilə oyuna hazırlaşır

    PSJ-nin ulduz futbolçusu Usman Dembele optimal formasından uzaqdır.

    Bu barədə tanınmış jurnalist Fabris Hokins məlumat verib.

    Onun sözlərinə görə, Fransa çempionatının “Loryan”la oyununda (1:1) zədədən sonra yaşıl meydanlara qayıdan 28 yaşlı futbolçu özünü yaxşı hiss etməyib.

    Dembelenin bu gün Fransa çempionatında “Nitsa”ya qarşı görüşdə start heyətində yer almayacağı gözlənilir.

    UEFA Çempionlar Liqasında (ÇL) “Bavariya” ilə vacib oyununa qədər optimal formasına qayıtması üçün “Nitsa” ilə görüşdə futbolçu ikinci hissədə meydana çıxa bilər.

    Xatırladaq ki, ÇL-in əsas mərhələsinin 4-cü turunun PSJ – “Bavariya” oyunu noyabrın 4-də keçiriləcək.

  • “Sumqayıt”ın baş məşqçisi: “Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər”

    “Sumqayıt”ın oyunçuları Azərbaycan Basketbol Liqasının V turunda “Sərhədçi”yə qarşı matçda qəhrəmanlıq göstəriblər.

    Median.Az xəbər verir ki, bunu “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.

    O, qələbəyə görə sevincli olduqlarını bildirib:

    “Hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər. Bu gün heyətdə cəmi 3 ABŞ-li oyunçu var idi. Müəyyən səbəblərə görə dördüncü basketbolçunu gətirə bilmirik. Yeni legionerin gəlişi ilə komandamızın səviyyəsi daha da yüksələcək. Əslində, biz ötən mövsümə də uğursuz başlamışdıq. Heyəti dəyişdikdən sonra özümüzə gəldik”.

    Qeyd edək ki, Sərhədçi” – “Sumqayıt” görüşü ikincilərin 84:80 hesablı qələbəsi ilə bitib.//report

  • Qurban Qurbanov: “Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq”

    “Qarabağ” hər rəqibə qarşı ciddi hazırlaşmalıdır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının X turunda “İmişli”yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

    Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:

    “Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürümü bildirdim. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissədə temp artdı, topla daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. “İmişli”yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar”.

    Qeyd edək ki, “Qarabağ” – “İmişli” oyunu Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.