Category: İdman

  • Azərbaycan cüdoçusu Avropa çempionu oldu

    Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

    Median.Az xəbər verir ki, təmsilçimiz finalda niderlandlı Yokhem van Hartenə qalib gələrək qızıl medala sahib çıxıb.

    Qeyd edək ki, digər təmsilçilərimizdən Murad Muradlı və Hüseyn Allahyarov (60 kq) günü medalsız başa vurublar.

  • Azərbaycan millisi dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq

    Azərbaycanın qadınlardan ibarət şahmat millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq.

    Bu barədə “Report”a Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı 4 komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

    Dünya çempionatına 12-ci vəsiqənin sahibi isə Azərbaycan və Özbəkistan komandalarının matçında məlum olacaq. Mundiala seçmə xarakter daşıyan qarşılaşma noyabrın 1-2-də Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.

    İki gün ərzində rapid yarışının yekununda qalib gələcək komanda dünya çempionatına vəsiqə qazanacaq.

    Azərbaycan millisi matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.

    Azərbaycan – Özbəkistan görüşünün baş hakimi Faiq Həsənovdur.

    Qeyd edək ki, mundial noyabrın 18-23-ü aralığında baş tutacaq.

  • “Qarabağ” – “Çelsi” oyununa satılan biletlərin sayı məlum olub

    “Qarabağ” – “Çelsi” oyununa 27 250 bilet satılıb.

    Bu barədə Qarabağ Futbol Klubu məlumat yayıb.

    Bildirilib ki, Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün isə 1000 manat olaraq təyin edilib.

    Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

  • “Ordu” “Lənkəran”ı üstələdi

    Azərbaycan Basketbol Liqasında V tura start verilib.

    “Unikal” xəbər verir ki, ilk oyun günündə “Ordu” “Lənkəran”la qarşılaşıb.

    B qrupunun matçında paytaxt təmsilçisi 91:76 hesablı qələbəyə sevinib. “Ordu” 10 xalla birinci, “Lənkəran” 7 xalla üçüncü pillədə qərarlaşıb.

    Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.

  • “Qarabağ”ın “Çelsi” ilə oyununa satılan biletlərin sayı açıqlanıb

    Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 22 500 bilet satılıb.

    Bu barədə Ağdam klubunun Mətbuat Xidməti bildirib.

    Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

  • “Barselona”nın yarımmüdafiəçiəsi Pedri bir neçə həftəlik sıradan çıxıb

    “Barselona” klubunun mərkəz yarımmüdafiəçisi Pedri zədələnib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    22 yaşlı futbolçu sol budundan zədə alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verilmir.

    Lakin KİV-in proqnozlarına əsasən, Pedri təxminən üç həftə oynaya bilməyəcək.

    Xatırladaq ki, Pedri bu mövsüm 13 oyunda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

  • Azərbaycan Kubokunda daha iki 1/8 finalçı müəyyənləşdi

    Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

    Baş tutan görüşlərdən sonra növbəti 1/8 finalçılar müəyyənləşib.

    Qəbələdə şəhərin eyniadlı komandası “Mingəçevir”ə 5:1 hesabı ilə qalib gəlməklə növbəti raunda adlayıb.

    “Şamaxı” isə səfərdə “Səbail”i 1:0 hesabı ilə üstələyərək 1/8 finala yüksəlib.

    Qeyd edək ki, II təsnifat mərhələsinə “Neftçi” – MOİK oyunu ilə yekun vurulacaq.

  • Qurbanovdan futbolçulara SƏRT CƏZA: “Qarabağ”lıların maaşlarından kəsiləcək

    “Qarabağ” bütün futbolçularını cərimələyib.

    Median.Az Sportinfo.az-a istinadla xəbər verir ki, bu, Qurban Qurbanovun qərarıdır.

    Baş məşqçinin belə addım atmasına səbəb Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda qeydə alınan nəticədir.

    Belə ki, Azərbaycan təmsilçisi İspaniya səfərində “Atletik Bilbao” ilə üz-üzə gəlib.

    Ağdam klubu “San Mames” stadionunda keçirilən oyunu 1:3 hesabı ilə uduzub. Bu onların ardıcıl 2 qələbədən sonra liqa mərhələsində ilk məğlubiyyəti olub.

    Qurbanovu məyus edən yalnız nəticə deyil. Təcrübəli mütəxəssisi narazı salan futbolçularının sərgilədiyi mübarizədir.

    O. istənilən səviyyədə çıxış etməmələri, əksər tapşırıqlarının yerinə yetirilməməsi üzündən oyunçularını cərimələməyi zəruri sayıb.

    Məbləğ kifayət qədər böyükdür. Həmin vəsait komanda üzvlərinin oktyabr ayı üçün maaş fondundan tutulacaq.

    “Qarabağ” bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlmiş, “Atletik Bilbao” isə xal qazanmamışdı.

    İlk turda “Benfika”nı 3:2, ikinci turda isə “Kopenhagen”i 2:0 üstələmiş Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür.

    ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yerləri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

  • “Qarabağ” – “Çelsi” oyununun biletləri satışa çıxarılıb

    UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri satışa çıxıb.

    Satışa saat 15:00-da start verilib.

    Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

    Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

    Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

  • İtaliyada “İnter”in qapıçısı avtomobillə əlil arabasında olan şəxsi vurub öldürdü

    İtaliyanın “İnter” klubunun qapıçısı Xosep Martines avtomobili ilə elektrikli əlil arabasında olan 81 yaşlı kişini vurub.

    Median.Az quicomo.it saytına istinadən xəbər verir ki, hadisə oktyabrın 28-də yerli vaxtla saat 9:40-da baş verib.

    Məlumata görə, zərbə son dərəcə şiddətli olub, xilasedicilərin dərhal müdaxiləsinə baxmayaraq, yaşlı kişi hadisə yerində keçinib.

    Təcili yardım xidmətlərinin və planlı yoxlamaların aparılması üçün yol müvəqqəti bağlanıb.

    “İnter” klubu matəm əlaməti olaraq, baş məşqçi Kristian Çivunun saat 14:00-a planlaşdırılan mətbuat konfransını ləğv edib.

    İspaniyalı qapıçının hadisədən sonra şokda olduğu bildirilir. 27 yaşlı futbolçu xəsarət almasa da, bu hadisədən çox sarsılıb.