Category: İdman

  • Şeydayev rəsmən “Dinamo”da

    Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Moskva “Dinamo”suna keçidi rəsmiləşib.

    Bu barədə “Dinamo”nun rəsmi “Tvitter” səhifəsində məlumat verilib.

    Müqavilənin müddəti bir ildir.

    Qeyd edək ki, R.Şeydayev bundan əvvəl Rusiyanın “Krılya Sovetov” klubunda oynayıb. O, burada 20 oyunda dörd qol (ikisi penaltidən) vurub, bir məhsuldar ötürmə verib.

  • Erməni hakim-inspektor “Neftçi”nin oyununa təyinat aldı

    UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Sperantsa” – “Neftçi” matçının təyinatları açıqlanıb.

    Oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

    Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcək. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

    Xatırladaq ki, iyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

    Məlumat üçün bildirək ki, Tim Marşal iyunun 6-da 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Lixtenşteyn – Azərbaycan (1:0) oyununu idarə edib.

  • II Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı dəyişiklik

    Bu gün keçiriləcək II Avropa Oyunlarının bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq.

    Bunu “Minsk 2019”un Əməliyyat Komitəsinin Mərasimlər və Mədəni Proqram üzrə İdarəsinin rəisi Sergey Xomiç keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, tədbir zamanı Oyunların bayrağı, sadəcə, endiriləcək. Xomiç bağlanış zamanı müasir Belarusun nümayiş etdiriləcəyini də əlavə edib.

    Qeyd edək ki, bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
    /oxu.az/

  • Karateçimiz finala vəsiqə qazandı

    Azərbaycanın digər karateçisi Asiman Qurbanlı da II Avropa Oyunlarında finala yüksəlib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Qurbanlı yarımfinalda Gürcüstan təmsilçisi Qoqita Arkaniyanı məğlubiyyətə uğradıb.

    Finalda onun rəqibi xorvatiyalı Ancelo Kvesiç olacaq.

    Qeyd edək ki, daha əvvəl İrina Zaretskaya (-68 kq) da finala yüksəlib. Roman Hüseynov isə kata yarışında bürünc medal qazanıb.

  • Azərbaycan Avropa Oyunlarında dördüncü qızılını qazandı

    Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında Azərbaycan dördüncü qızıl medalını qazanıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Azərbaycan yığmasının üzvü Alfonso Dominqes britaniyalı Benjamin Uittakerlə görüşüb.

    Boksçumuz 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da idmançımız yarışın çempionu adına yiyələnib.

    Bu, Azərbaycan boks millisinin Avropa Oyunlarında ikinci medalı olub. A.Dominqesə qədər Lorenso Sotomayor yarışların bürünc mükafatını əldə edib. 69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda uduzaraq üçüncü olub.

    A.Dominqesin mükafatı Azərbaycan millisinin Minsk-də 23-cü medalı olub. Bunlardan dördü qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.

  • Gimnastlarımız Polşada 10 mükafat qazandılar

    Azərbaycanın bədii gimnastika üzrə komandası Polşanın Qdın şəhərində keçirilən beynəlxalq turnirdə 10 mükafata sahib olub.

    Median.Az xəbər verir ki, senyorkalar yarışında qrup hərəkətləri üzrə ikinci komanda bürünc het-trikə imza atıb.

    Narin Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovanın yer aldığı kollektiv çoxnövçülükdə, habelə beş topla hərəkətlərdə və üç qurşaqla kompozisiyada üçüncü olub.

    Yuniorlar arasında Arzu Cəlilova topla hərəkətlərdə gümüş, qurşaqla hərəkətlərdə bürünc medal qazanıb. Nərmin Səmədova isə lentlə kompozisiyada ikinci yer tutub. Təmsilçilərimiz həmçinin komanda hesabında qızıl mükafatlara sahib olublar.

    Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Ələkbərova və Selcan Hacızadədən ibarət yuniorlar qrupu isə mükafatların tam komplektini qazanıb. İdmançılarımız beş lentlə hərəkətdə birinci yer tutublar, çoxnövçülükdə ikinci, beş qurşaqla hərəkətlərdə isə üçüncü olublar.//oxu.az

  • Azərbaycan Avropa Oyunlarında 21-ci medalını qazandı

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının karate yarışlarında Azərbaycan ilk medalını qazanıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, kişilərin kata yarışında bürünc mükafat uğrunda mübarizə aparan Azərbaycan təmsilçisi Roman Heydərov almaniyalı İlya Smorqunerlə mübarizə aparıb.

    25,46 xal toplayan təmsilçimiz rəqibini qabaqlayıb. Almaniyalı 24,54 xal yığıb. Bununla da R.Heydərov bürünc medala yiyələnib.

    Bu, Azərbaycan millisinin Minskdə 21-ci medalı olub. Bunlardan üçü qızıl, altısı gümüş, on ikisi bürüncdür.

    Qeyd edək ki, yığmamızın bir karateçisi bu gün yarımfinalda qüvvəsini sınayıb. İrina Zaretskaya finala çıxıb.

  • Məşhur futbolçu saxlanıldı

    Qətərin “Əl-Qarafa” klubunun yarımmüdafiəçisi Uesli Sneyder Niderlandda saxlanılıb.

    “Lenta.ru” xəbər verir ki, futbolçu Utrext şəhərində vətəndaşa məxsus maşını zədələdiyinə görə saxlanılıb.

    U.Sneyder avtomobilin sahibinə təzminat verməyi təklif etdikdən sonra məsələ yoluna qoyulub.

    Futbolçu və onun nümayəndəsi hadisəni şərh etməkdən imtina ediblər.

    Qeyd edək ki, U.Sneyder 2018-ci ildən Qətər klubunda çıxış edir. Yarımmüdafiəçi Niderland yığmasının tərkibində 2010-cu ildə dünya ikincisi, 2014-cü ildə isə dünya üçüncüsü olub.

  • Güləşçimiz II Avropa Oyunlarında gümüş qazanıb

    Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova II Avropa Oyunlarının finalında Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, 62 kiloqram çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.

    Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.

    Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.

  • Azərbaycan Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı

    Azərbaycan qadın güləşçisi Mariya Stadnik II Avropa Oyunlarının qalibi olub.

    Median.Az xəbər verir ki, -50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə həmyerlisi ukraynalı Oksana Livaçla üz-üzə gəlib və ona 7:1 qalib gəlib.

    Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər – Mahir Əmiraslanov (-57 kq) və Hacı Əliyev (-65 kq) qızıl medal əldə edə bilib.

    Bu gün həmçinin Elmira Qəmbərova final, Alyona Kolesnik və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.