Category: İdman

  • Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi

    2024-cü ildə Parsidə keçiriləcək Olimpiya Oyunlarında breyk-dans idman növü kimi proqrama daxil ediləcək.

    Beynəlxalq Olimpiya Komitəsinin 134-cü sessiyasında breyk-dansın idman növü kimi Olimpiya Oyunları proqramına daxil edilməsi, serfinq, dağadırmanma və skeytbordinqin proqramda saxlanılmasına dair qərar qəbul edilib.

    Breyk-dans ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə keçirilən yeniyetmələrin yay Olimpiya Oyunlarında Olimpiya idman növü kimi təqdim edilmişdi.

    Breyk-dansda 16 kişi və 16 qadın idmançı medallar uğrunda mübarizə aparacaq.

    Dağadırmanma, skeytbordinq və serfinq idman növləri üzrə ilk Olimpiya mübarizəsi gələn il Tokioda başlayacaq.

    Parisdə isə Olimpiya Oyunları 2024-cü ildə, iyulun 24-dən, avqustun 11-nə qədər olan müddətdə keçiriləcək. Bu idman növlərinin əlavə edilməsi ilə Olimpiya proqramına daxil edilmiş idman oyunlarının sayı 33-ə çatır.

  • Erməni idmançını məğlub edib ağlayan Mehmanın videosu rekord qırır (VİDEO)

    İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb.

    Mehman Xəlilov (57 kq) bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.

    Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub.

    Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib.

    Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb.

  • II Avropa Oyunlarında son vəziyyət: 11 medalımız var

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında idmançılarımız mübarizəni davam etdirirlər.

    İndiyədək 11 medal qazanmışıq.

    Bunlardan dördü gümüş, yeddisi bürünc medaldır.

    Bu göstərici ilə millimiz hazırda 24-cü sıradadır. Rusiya yenə 48 medalla liderlik edir. Şimal qonşumuz 22 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb.

    İkinci yerdə 38 medalla Belarus gedir. Meydan sahiblərinin 11 qızıl, 9 gümüş və 18 bürünc medalı var.

    Digər qonşumuz Gürcüstan isə artıq üçüncü sıraya qalxıb. 20 medalı olan gürcülər altı qızıl, beş gümüş və doqquz bürünc medal qazanıblar.

    Qeyd edək ki, II Avropa Oyunları iyunun 30-da başa çatacaq.
    /oxu.az/

  • Azərbaycan gimnastları Avropa Oyunlarında 5-ci olub

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında batut gimnastikası yarışlarına start verilib.

    Medoan.Az-ın report-a istinadən məlumatına görə, Azərbaycan təmsilçiləri Ruslan Ağamirov və İlya Qrişunin kişilərin sinxron hərəkətlərində qüvvələrini sınayıblar.

    Gimnastlarımız 47,900 xalla 5-ci yeri tutublar. Yarışın qalibi adını isə polşalılar Lukaş Yavorski və Artur Zakrşevski qazanıb. Onların çıxışı 51,450 xalla qiymətləndirilib.

  • Azərbaycanın Avropa Oyunlarında medallarının sayı 11-ə çatdı

    Azərbaycanın medal qazanmağa sonuncu namizədi Uşanqi Kokauri həlledici görüşdə büdrəyib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bununla da Azərbaycan cüdoçuları II Avropa Oyunlarının fərdi yarışlarında mübarizəni başa vurub.

    Komandamız fərdi yarışlarda beş medal – bir gümüş və dörd bürünc medal qazanıb. Cüdo hələ ki Azərbaycana Minskdə ən çox medal qazandıran idman növüdür.

    Qeyd edək ki, sabah cüdo millimiz qarışıq komanda yarışlarına qatılacaq. Komandamızın rəqibi Fransa cüdoçuları olacaq.

  • Elmar Qasımov: İdmançılarımız özlərini pis apardılar

    Bürünc medal qazanmağımı yaxşı nəticə kimi qiymətləndirirəm. Burda üçüncü yeri tutmağım belə, məni növbəti yarışlara həvəsləndirir. Bu yarışa 5-6 ay idi ki, hazırlaşırdıq. Fikrimcə, hazırlığımız boşa getmədi.

    Median.Az oxu.az-a istinadən verdiyi xəbərə görə, bunu bu gün II Avropa Oyunlarında bürünc medal qazanmış cüdoçu Elmar Qasımov deyib.

    Azərbaycana 10-cu medalı qazandıran Elmar Qasımov uzun müddətdən sonra medal qazandığına görə sevindiyini bildirib:

    “Üçüncü yer uğrundakı rəqibim o qədər də güclü idmançı deyil. Düzdür, arada medal qazanır. Amma onu həmişə məğlub etmişəm. Bu dəfə nisbətən çətin oldu. Çünki Olimpiadaya az qaldığından, hamı burda var gücü ilə yarışır.

    Əslində bürünc medalı yüksək qiymətləndirməyim son üç il ərzində medal qazana bilməməyimlə bağlıdır. Keçirdiyim psixoloji gərginlik medal qazanmağıma imkan vermirdi. Olimpiadadan sonra çox gərgin olmuşdum. İndi bunun üzərində çalışıram ki, böyük turnirlər zamanı gərginlik yaşamayım”.

    Daha sonra o, Rüstəm Orucov və Hidayət Heydərova zarafatla söz atıb:

    “73 kq-dan qızıl medal gözləyirdik. Mənim fikrimcə, 73 kq-dakı idmançılarımız özlərini pis apardılar”.

  • Baş məşqçi: Onun çiyni medal qazanmağına imkan vermədi

    Bildiyiniz kimi, II Avropa Oyunlarına yeddi idmançı ilə – altı kişi və bir qadın samboçu ilə qatılmışdıq. Yarışı üç medalla başa vurduq. Düzdür, istəyirdik ki, biz də vətənimizə bir qızıl medal qazandıraq, amma alınmadı.

    Fikrimcə, medallarımız artıq da ola bilərdi. Məsələn, 62 kq-da Cavidan Qarayev medal qazana, hətta finala da çıxa bilərdi. Ondan bunu gözləyirdik. Ancaq birinci görüşdə çiynindən zədə alması və rəqibinin güclü olması buna imkan vermədi. Ümumilikdə, nəticələri qənaətbəxş adlandırardım.

    Bunu Oxu.Az-a açıqlamasında sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyev deyib.

    O bildirib ki, II Avropa Oyunlarında qazanılan bir gümüş və iki bürünc medalı qızıla çevirmək zamanı artıq gəlib:

    “Hər dəfə qızıl medal ala bilməməyimizi bəxtsizliklə əlaqələndirərdim. Çünki ötən il dünya çempionatının finalında Emil Həsənovun görüşün başa çatmasına 13 saniyə qalmış hakimdən xəbərdarlıq alaraq uduzdurulması yaddan çıxmayıb. Əgər belə olmasaydı, Emil indi dünya çempionu idi. İnşallah, çalışacağıq ki, biz bu nəticələrimizi qızıl medala çevirək.

    Bizi noyabrda Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək dünya çempionatı gözləyir. Bir ay sonra keçiriləcək Azərbaycan çempionatından sonra oraya gedəcək idmançılarımızı müəyyənləşdirəcəyik.

    Oraya qız idmançımızın getməsi isə sual altındadır. Çünki Gözəl Zutovanın Avropa Oyunlarındakı güləşi qənaətbəxş olmadı. Ona görə də bu barədə fikirləşəcəyik”.

  • Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” – VİDEO

    K-1 qaydasız döyüş növü üzrə dünya çempionu, “Mauqli” ləqəbli idmançı Zabit Səmədov Minskdə Çeçenistan lideri Ramzan Kadırovla çəkdirdiyi maraqlı görüntüləri paylaşıb.

    Z.Səmədovun “Instagram” hesabında yerləşdirdiyi videoda R.Kadırovla məşq etməsi əks olunub.

    II Avropa Oyunlarında fəxri qonaq olan azərbaycanlı idmançı məşq haqqında fikirlərini bölüşüb:

    “Ramzan Kadırovla hər görüşdən sonra çoxlu enerji qazanıram və yaxın vaxtlarda “Axmet” klubunun bayrağı altında keçirəcəyim növbəti görüşün hazırlıqlarına başlayacağam”.

  • II Avropa Oyunları: Cüdoçularımız günə qələbə ilə başladı

    Azərbaycan idmançıları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarına inamla başlayıblar.

    Bu gün Azərbaycan yığmasının beş cüdoçusu qüvvəsini sınayır.

    100 kq çəki dərəcəsində mübarizə aparan iki təmsilçimiz 1/16 final qarşılaşmalarını keçirib. Elmar Qasımov Anton Savitskiyə (Ukrayna) qalib gəlib. Onun 1/8 finaldakı rəqibi estoniyalı Qriqori Minaşkin olacaq.

    Eyni çəkidə çıxış edən Zelim Kotsoyev isə Boyan Doşen (Serbiya) ilə qarşılaşıb. Qələbə qazanan təmsilçimiz 1/8 finalda belçikalı Toma Nikiforovla üz-üzə gələcək.

    90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda İqor Varapayevlə (Belarus) görüşüb. Qalib gələn cüdoçumuz 1/8 finalda fransalı Orelian Dyes ilə mübarizə aparacaq.

    Qeyd edək ki, bu gün daha iki idmançımız tatami üzərinə çıxacaq. 1/8 finaldan yarışa qatılacaq Uşanqi Kokauri (+100 kq) Vinçentso Vito Draqiçlə (Sloveniya), qadın cüdoçumuz İrina Kindzerskaya (+78 kq) Yasmin Külbs (Almaniya) – Səbile Akbulut (Türkiyə) cütünün qalibi ilə görüşəcək.
    /oxu.az/

  • İspaniyalı futbolçu “Qarabağ”da – İLK TRANSFER

    “Qarabağ” futbol klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

    Klubun məlumatına əsasən, Ağdam təmsilçisi ispaniyalı futbolçu Xayme Romero Rodrigesi heyətinə cəlb edib. Xayme ilə üç illik müqavilə imzalanıb.

    Yeni transfer komandada “9” nömrəli forma ilə çıxış edəcək.

    Karyerasına “Albasete”də başlayan 28 yaşlı futbolçu, həmçinin, “Saraqosa”, “Real”ın B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da icarədə oynayan Xayme son olaraq ölkəsinin “Kordoba” klubunda çıxış edib.

    Xayme transferi haqqında təəssüratlarını bölüşüb:

    “Qarabağ” kimi kluba gəldiyim üçün çox sevincliyəm. Bura mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqqında məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm.

    “Qarabağ”ın son illərdə ardıcıl Azərbaycan çempion olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin, klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm, həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim”.

    İspan oyunçu bildirib ki, belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır:

    “Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir. Cəmi iki həftə istirahətim olub, fiziki cəhətdən özümü yaxşı hiss edirəm.

    “Partizani” ilə oyuna qədər digər komanda yoldaşlarım kimi olmasa da, istənilən səviyyədə olmaq üçün tam gücümlə çalışacağam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəm”.