Category: İdman

  • Bayrağımızı Rüstəm daşıyacaq

    “Minsk 2019” II Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı açıqlanıb.

    Median.Az xəbər verir ki, bu, cüdoçu Rüstəm Orucovdur.

    Qeyd edək ki, II Avropa Oyunları 21 – 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Azərbaycan Oyunlarda 82 idmançı ilə təmsil olunacaq.

  • “Neftçi” ruslara qalib gəldi

    Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama görüşünə çıxıb.

    Median.Az xəbər verir ki, Roberto Bordinin komandası Rusiyanın birinci divizionunda çıxış edən “SKA-Xabarovsk” klubu üz-üzə gəlib. Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

    “Ağ-qaralar”ın qollarına Namiq Ələsgərov, Rəhman Hacıyev və Emin Mahmudov imza atıb.

  • Avropa Oyunlarının açılış mərasimi vaxtı fırtına olacaq, şimşək çaxacaq

    Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının açılış mərasimi vaxtı fırtına olacağı gözlənilir.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, şəhərdə yüksək tempaturu bu gündən etibarən şimşək çaxması və güclü yağış əvəzləyib.

    Buna görə də təşkilatçılar sabah “Dinamo Arena”da keçiriləcək açılış mərasimi vaxtı pis havanın yan keçəcəyinə ümid edir. “Minsk-2019”un icraçı direktoru Saymon Kleq bu barədə danışıb:

    “Hava bizim nəzarətimizdən kənardır. Sabah üçün günortadan sonra yağışın olacağı gözlənilir. Avropa Oyunlarının Minsk Təşkilat Komitəsi (MEGOC) bu problemin həlli üçün mümkün tədbirlər görməyə çalışır”.

    Azarkeşlərə mümkün fırtına barədə xəbərdarlıq edilsə də, onlara çətirlə stadiona daxil olmağa icazə verilməyəcək.

    Yeri gəlmişkən, meydan sahiblərinin bayraqdarı altı dəfə Olimpiya Oyunlarının iştirakçısı olmuş stolüstü tennis üzrə idmançı Vladimir Samsonov olacaq. Bakıda keçirilmiş I Avropa Oyunlarında qızıl medal qazanmış güləşçi Vasilisa Marzalyuk isə bütün idmançılar adından andiçmədə iştirak edəcək.

    Qeyd edək ki, sabah Avropa Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 82 idmançı ilə qatılacaq milli komandamızın bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq.

  • “Mamedoff”un dəstəyi ilə “Nərd Çempionatı” başlayır

    26 iyun Silahlı Qüvvələrin yaranmasının 101-ci il dönümü münasibəti ilə “Mamedoff Group”un baş sponsorluğu və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Bakıda “Nərd Çempionatı” təşkil ediləcək.

    Keçirilən turnirin əsas məqsədi milli idman növlərinə marağın yenidən artırılmasıdır. Çempionata kütləvi qatılım olacağı gözlənilir. “Nərd Çempionatı”nda tanınmış şəxslər, internet fenomenləri və şəhərin məşhur nərd ustaları da iştirak edəcək.

    Çempionatın qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Bununla yanaşı, bütün qatılanları hədiyyələr gözləyir. “Nərd Çempionatı”nda 18 yaş üstü hər kəs iştirak edə biləcək.

    İştirak etmək üçün “Mamedoff” “Facebook” səhifəsində yerləşdirilmiş forumda onlayn qeydiyyatdan keçənlər çempionat günü qeydiyyatını rəsmiləşdirə biləcək. “Mamedoff”un sponsorluğu və təşkilatçılığı ilə keçirilən “Nərd Çempionatı” 30 iyun saat 11:00-da “Park İnn” hoteldə başlayacaq.

  • Məşhur futbolçunun transfer qiyməti açıqlandı – 300 milyon avro

    “Barselona” keçmiş futbolçusu Neymarın geri qayıtmasının əleyhinə deyil. Elə braziliyalı hücumçu da yalnız bu haqda düşünür.

    Neymarın oynadığı PSJ onu çox baha satır. Paris klubu braziliyalıya 300 milyon avro qiymət qoyub.

    Neymar

    Fransa mətbuatı yazır ki, əslində, PSJ Neymarı satmaq istəmir. Yüksək qiymət qoyulmasının səbəbi də budur. Digər tərəfdən, PSJ həm də üç il əvvəl futbolçunu baha almışdı. Onda transfer üçün 222 milyon avro xərcləmək lazım gəlmişdi.

    Samuel Umtiti

    “Barselona” və PSJ ortaq məxrəcə gəlsə, başqa variantlar da var. Məsələn, Fransa klubuna hansısa başqa oyunçunu təklif etmək. “Barselona” Neymara görə Samuel Umtitidən, İvan Rakitiçdən, Usman Dembeledən keçməyə razıdır.

    /Bizimyol.info/

  • Güləş millimiz daha üç medal qazanıb Avropa ikincisi oldu

    İtaliyanın Faentsa şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

    Bu gün yunan-Roma güləşi üzrə millimiz daha bir qızıl medal qazanıb.

    Bu, 45 kq çəki dərəcəsində yarışan Fərid Sadıqlıdır. O, finalda rusiyalı Danial Ağayevi vaxtından əvvəl tam üstünlüklə – 10:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub.

    Laçın Vəliyev (-92 kq) isə finalda rusiyalı Məhəmməd Yevloyevə 0:6 hesabı ilə yenilərək gümüş medalla kifayətlənib.

    Bürünc medalı isə Allahverdi Əliyev (-71 kq) millimizə qazandırıb. İlk görüşündə erməni Lyova Xaçatryana qalib gəlmiş Allahverdi bürünc medal uğrunda görüşdə rusiyalı Stepan Starodubtsevdən üstün olub – 3:1.

    Beləliklə, qitə birinciliyində möhtəşəm çıxış edən yığmamız ümumilikdə üç qızıl, bir gümüş və iki bürünc medal qazanıb. Yığmamız bununla da 135 xalla Avropa ikincisi olub. Komandamız yalnız 178 xalla Avropa çempionu olan Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan tutub.

    Xatırladaq ki, millimizin tərkibində dünən Məlik Əliyev (-48 kq) və Nihat Məmmədli (-55 kq) Avropa çempionu olaraq İtaliyada himnimizi səsləndirib. Xasay Həsənli (-65 kq) isə bürünc medala sahib olub.

    Qeyd edək ki, artıq qadın güləşçilərin mübarizəsinə start verilib. Millimizdən Zenfira Həşimova (-43 kq) və Birgül Soltanovanın (-57 kq) bürünc medal qazanmaq şansı var.
    /oxu.az/

  • Messi Neymarı “Barselona”ya qaytarmağa çalışır

    “Barselona” klubunun forvardı və kapitanı Lionel Messi braziliyalı futbolçu Neymarın Kataloniya klubuna qayıtmasını istəyir.

    Bu barədə “El Mundo” nəşri məlumat yayıb.

    Məlumata əsasən, argentinalı hücumçu bu istəyini klubun prezidenti Xosep Mariya Bartomeuya ifadə edib.

    “Barselona” klubunun rəhbərliyi hazırda potensial transfer sövdələşməsinin şərtlərini götür-qoy edir.

    Neymar hazırda Fransanın PSJ klubunda çıxış edir və klubla yollarını ayıracağı ilə bağlı söz-söhbətlər gedir.

    Qeyd edək ki, 27 yaşlı futbolçu 2013-2017-cü illərdə “Barselona”nın şərəfini qoruyub.

  • “Qarabağ”ın ÇL-də növbəti rəqibləri müəyyənləşdi

    Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.

    I təsnifat mərhələsində Albaniyanın “Partizani” kollektivinə qalib gəlsə, təmsilçilərimiz “Dandolk” (İrlandiya) / “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

    “Qarabağ” “Partizani”yə məğlub olsa, “Şerif” (Moldova) / “Saburtalo” (Gürcüstan) cütündə məğlub tərəflə qarşılaşacaq.

    Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, II təsnifat mərhələsinin matçları isə 23-24 və 30-31 iyulda keçiriləcək.

  • Güləşçilərimiz Avropa çempionatında iki qızıl, bir bürünc medal qazanıblar – VİDEO

    İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

    Azərbaycan Güləş Federasiyası xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

    1/4 finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb. Belarus güləşçisinə də gücünü göstərən Əliyev finala vəsiqə qazanıb. İyunun 18-də baş tutan həlledici qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiya güləşçisiylə görüşdə 0:3 hesabıyla geridə olan Məlik əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib və Avropa çempionu olub!

    Nihat Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. Məmmədli növbəti qarşılaşmada türk güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisiylə üz-üzə gələn Nihat prinsipial qarşılaşmadan da üzüağ çıxıb. İlk hissədə qazandığı 4 xallıq üstünlüyü sona kimi qoruyan pəhləvanımız finala çıxıb. İyunun 18-də baş tutan son görüş də güləşçimizin başdan sona üstünlüyü ilə keçib. Belarus idmançısına vaxtından əvvəl qalib gələn Məmmədli Avropa çempionu olub!

    Xasay Həsənli qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk görüşdə macar rəqibini vaxtından əvvəl məyus edib. Həsənli Xorvatiya idmançısına da göz açmağa imkan verməyib. Rəqibinə ilk hissədə qalib gələn Xasay yarımfinala yüksəlib. Həsənli bu mərhələdə Rusiya təmsilçisinə uduzub. Xasay iyunun 18-də 3-cü yer uğrunda görüşdə Gürcüstandan olan rəqibinə ilk hissədə qalib gəlməklə bürünc medalı boynundan asıb.

    Əlisəftər Məmmədli ilk mərhələdə Xorvatiya güləşçisinə qalib gəlib. Ancaq Əlisəftər növbəti görüşdə moldovalı həmkarıyla bacarmayıb.

    Əli Fərmanov Ukrayna idmançısına məğlub olub.

    48 kq

    1/4 final – Məlik Əliyev – Melkamu Fetene (İSR) 9:0

    1/2 final – Məlik Əliyev – Maksim Stupakeviç (BLR) 4:1

    FİNAL – Məlik Əliyev – Damir Kalakutok (RUS) 5:3

    55 kq

    1/8 final – Nihat Məmmədli – Artyom Kolesnik (RUS) 3:1

    1/4 final – Nihat Məmmədli – Seyitcan Beytekin (TUR) 8:0

    1/2 final – Nihat Məmmədli – Varujan Antonyan (ARM) 4:0

    FİNAL – Nihat Məmmədli – Qleb Makaranka (BLR) 9:0

    65 kq

    1/8 final – Xasay Həsənli – Atilla Toesmaqi (HUN) 12:1

    1/4 final – Xasay Həsənli – Kristian Bosnyak (CRO) 10:0

    1/2 final – Xasay Həsənli – İmran Baboçiyev (RUS) 0:5

    Bürünc medal görüşü – Xasay Həsənli – Nikolos Marqvelaşvili (GEO) 9:0

    80 kq

    Təsnifat – Əlisəftər Məmmədli – Tomislav Brkan (CRO) 3:1

    1/8 final – Əlisfətər Məmmədli – Qabriel Lupasko (MDA) 1:4

    110 kq

    Təsnifat – Əli Fərmanov – Mixaylo Vişnivetski (UKR) 1:7

  • “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib

    “Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

    Bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində məlum olub. Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Albaniyanın “Partizani” komandasına rəqib olub.

    Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək. “Qarabağ” ilk matçını səfərdə keçirəcək.