Category: İdman

  • Ramil Şeydayev İçərişəhərdə uşaqlarla futbol oynadı – VİDEO

    Azərbaycan millisinin və Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev İçərişəhərdən video paylaşıb.

    Futbolçu sosial şəbəkə hesabında yerləşdirdiyi videoda uşaqlarla futbol oynayıb.

    R.Şeydayev videonu “Bye-bye Baku” (Hələlik, Bakı – red.) başlığı ilə paylaşıb.

    Qeyd edək ki, R.Şeydayev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin heyətində Macarıstana (1:3), Slovakiyaya (1:5) qarşı oyunlarda iştirak edib.//oxu.az

  • “Makqreqorla revanş döyüşü mənim üçün maraqlı deyil” – Nurməhəmmədov

    Yüngül çəki dərəcəsində UFC kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov son döyüşdə qalib gəldiyi irlandiyalı Konor Makqreqorla revanş qarşılaşmasında maraqlı deyil.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya mətbuatına 31 yaşlı idmançını özü açıqlayıb.

    O bildirib ki, ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC-229 çərçivəsində baş tutan döyüş onda mənfi təəssüratlar yaradıb. Bu üzdən də rusiyalı eyni məkanda tamaşaçılar önünə çıxmaq istəmir: “Veqasda baş verənlər orda qaldı. Nə baş verdiyini hamı bilir. Mən qalib gəldim, onu və komandasını darmadağın etdik. Yenidən Veqasda döyüşmək istəmirəm. Makqreqoru cəzalandırdılar, məni onqat cəriməyə məruz qoydular. Söhbət pulda deyil, prosesin gedişindədir. Veqasda böyük döyüş olsa, tamaşaçı kimi ora yollanacam. Amma özüm döyüşmək istəmirəm”.

    H.Nurməhəmmədov rəqibinin karyerasını bərpa edəcəyi halda, onunla döyüş ehtimalına da toxunub: “O, buna layiq olsa, revanş döyüşü keçirilə bilər. Amma hazırda mənim üçün maraqlı deyil. Revanş döyüşü nəyimə lazımdır ki?”

  • Maradona səhhətinə görə işsiz qaldı

    Argentinalı canlı futbol əfsanəsi Dieqo Maradona Meksikanın “Dorados” futbol klubunun baş məqşçisi postundan gedib.

    Bu barədə klubun rəsmi “Twitter” səhifəsində məlumat verilir.

    Argentinalı futbol mütəxəssisinin vəkili Matias Morla öz mikrobloqunda D.Maradonanın səhhətində yaranan problemlərlə əlaqədar istefa verdiyini bildirib. O, çiyin və diz nahiyəsindən iki cərrahiyyə əməliyyatı keçirəcək.

    Xatırladaq ki, D.Maradona Meksikanın ikinci divizionunda çıxış edən “Dorados” klubunu 2018-ci ilin payız aylarından çalışdırırdı. Buna qədər onun BƏƏ-nin “Əl-Fuceyrə” və “Əl-Vəsl” klublarında məşqçilik karyerası olub.

    D.Maradona bir müddət Argentina yığmasını çalışdırıb. Onun başçılığı altında “ağ-mavilər” 2010-cu ildə dünya çempionatının dörddəbir finalına qədər adlaya bilimişdi.

  • Azərbaycanlı dünya çempionu öz toyunda gəlinlə yumruqlaşdı – VİDEO

    Kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadənin toyu olub.

    Həyatını ali təhsil almaq üçün getdiyi Türkiyədə davam etməyə qərar verən azərbaycanlı idmançı orada evlənib.

    Eldar Fatma adlı türk xanımla ailə quran idmançımızın toy məclisi Kastamonu şəhərində baş tutub.

    İdmançımızın toydan paylaşdığı görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Belə ki, bəylə gəlin boks əlcəyi geyinərək yumruqlaşırlar.

    Görüntüləri təqdim edirik:
    //Baku.ws

  • Məmmədyarovdan ard-arda beşinci məğlubiyyət

    Norveçin Stavanqer şəhərində keçirilən “Norway Chess” turnirində Azərbaycanın yeganə təmsilçisi olan Şəhriyar Məmmədyarov yeddinci turda da məğlubiyyətlə üzləşib.

    Turnirin rəsmi saytında yer alan məlumata görə, Ş.Məmmədyarov bu turda çinli rəqibi Din Lijenə 0:2 hesabı ilə uduzub.

    Bununla şahmatçımız ard-arda beş turda məğlubiyyətə imza atıb.

    Yeddi turdan sonra Məmmədyarov 4,5 xalla doqquzuncu yerdə qərarlaşıb. Siyahıya 11 xalla norvçeli Maqnus Karlsen başçılıq edir.

    Ş.Məmmədyarov səkkizinci turda amerikalı Uesli So ilə qarşılaşacaq.

  • “Real” transfer rekordunu təzələdi

    Madridin “Real” futbol klubu özünün transfer rekordunu təzələyib.

    Yenilənməyin səbəbi “Lionun” sol müdafiəçisi Ferlanın Mendinin €48 milyonluq transferi olub.

    Beləliklə, yay transfer pəncərəsinin əvvəlində “Real” 5 oyunçunun keçidinə 300 milyon avrodan artıq pul xərcləyib.

    Daha əvvəl Eden Azar (“Çelsi”, €100 mln), Luka Yoviç (“Ayntraxt”, €60 mln), Eder Militao (“Portu”, €50 mln) və Rodriqo (“Santos”, €45 mln) “Real”ın formasını əyinlərinə ölçüblər.

    Klubun əvvəlki transfer rekordu 2009-cu ildə Ronaldunun keçidi dövrünə təsadüf edir.

  • “CBC Sport”un şərhçisinin biabırçı məğlubiyyətlə bağlı sözləri rekord qırır – VİDEO

    Azərbaycan millisinin Slovakiya ilə oyunda böyük hesablı məğlubiyyəti geniş müzakirələrə səbəb olub.

    Matçla bağlı ən kəskin tənqidlərdən birini “CBC Sport” kanalının şərhçisi Rüstəm Əfsərli edib.

    Şərhçi millinin meydançada mübarizə aparmadığını vurğulayıb:

    “Niyə şərhçi futbolçuların yerinə çıxıb üzr istəməlidir? Üzr istəməli olanlar futbolu, məşqçi və məşqçilər korpusudur. Sən kimə olur olsun bu cür 1:5 hesabı ilə uduzursansa, üzün qapqara olmalıdır. Başqa heç bir bəhanə qəbul edilməzdir”.

    “CBC Sport” kanalının şərhçisi Rüstəm Əfsərlinin bu sözləri qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub. Onun bu şərhinin videosu hazırda minlərlə baxış toplayır və izlənmə rekordları qırır.

    Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Slovakiya ilə qarşılaşıb. Qarşılaşmadan qonaqlar 1:5 hesablı qələbə ilə ayrılıb.

  • AFFA-da təcili iclas: Baş məqşçi hesabat verdi

    Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan-Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

    Bununla bağlı AFFA-nın rəsmi saytında məlumat verilib.

    Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

    İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.

  • Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?

    UEFA Avropa Liqasının bu il mayın 29-da Bakıda keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175 milyon manat vəsait daxil olub. Ümumilikdə isə 680 milyon manatlıq iqtisadi qazanc əldə edilib.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına əsasən, bu göstəricilər beynəlxalq kontekstdə media üzərindən əldə edilən dəyər, turistlərin xərcləmələri, çarter reyslərlə təyyarə parkına eniş edən təyyarələrə göstərilən xidmətdən əldə edilən gəlir, oyunla əlaqədar UEFA tərəfindən çəkilən xərclər və digər göstəricilər əsasında müəyyənləşdirilib.

    Rəsmi göstəricilərə əsasən, 300 milyona yaxın insan oyunu televiziya və internet üzərindən canlı izləyib. Mütəxəssislər hesab edir ki, beynəlxalq brendinq üzrə adambaşına düşən ortalama xərclər nəzərə alınsa, 300 milyona yaxın izləyici kütləsinə ölkəmizin media vasitəsilə tanıdılması üçün 505 milyon manatlıq vəsait ayrılmalı idi. Beynəlxalq turnirin Bakıda keçirilməsi eyni məbləğdə marketinq dəyəri yaradaraq, ölkəmizi yüz milyonlarla insana daha da yaxından tanıdıb.

    Gənclər və İdman Nazirliyinin, AFFA-nın məlumatlarına görə, final oyunu ilə əlaqədar ölkəyə gələn xarici turistlərin sayı 37,4 min nəfər olub. Onların hesabına görə, ölkəmizə 115 milyon manat nağd vəsait daxil olub. İqtisadi dəyərin 1,25 milyon manatdan çoxu Avroliqanın final oyununun keçirilməsi üçün cəlb olunan işçilərin əməkhaqları hesabına yaranıb.

    AZAL-dan daxil olan məlumatlarda isə 108 çarter reysi üçün alınan xidmət haqqının 687 min manatdan çox olduğu əksini tapıb.

  • AVRO-2020 oyunlarının bilet satışına start verilir

    Bu gün 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi saytında turnirin final hissəsinə biletlərin satışına başlanılacaq.

    UEFA-nın saytında yayımlanan xəbərə görə, biletlərin satışı iyulun 12-dək davam edəcək.

    Satış Bakı vaxtı ilə 16:00-dan etibarən başlayacaq və biletlər yalnız onlayn formada satılacaq.

    Xatırladaq ki, AVRO-2020-nin oyunları 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Turnirin 60 illik yubileyinə həsr olunmuş çempionat 12 şəhərdə baş tutacaq.

    Bunlar London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt, Amsterdam və Sankt-Peterburqdur.

    Bakıda AVRO-2020-nin üç qrup qarşılaşması və dörddə bir finalın bir oyunu baş tutacaq.

    Paytaxtımızda baş tutacaq qarşılaşmaları izləmək üçün onlayn satışa çıxarılan birinci kateqoriyalı biletlərin qiyməti 125 avro (250 AZN – red.), ikinci 75 avro (150 AZN – red.), üçüncü isə 30 avrodur (60 AZN – red.).