Category: İdman

  • Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı – FOTO

    Azərbaycan idmançıları və nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək II Avropa Oyunlarına yola salınıb.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan mərasimdə respublikanın idman ictimaiyyətinin nümayəndələri, həmçinin Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin rəhbərliyi iştirak edib.

    İdmançılar tədbirdə Oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər.

    II Avropa Oyunlarının açılış mərasimi iyunun 21-də start götürəcək. Azərbaycan bu yarışda 80 idmançı ilə təmsil olunacaq. Oyunlara iyunun 30-da yekun vurulacaq.

    Qeyd edək ki, II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar Tokioda 2020-ci ildə keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları dərəcəsində keçiriləcək.




  • Bu gün klublarımız rəqiblərini tanıyacaq

    Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqası və Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, qitənin ən ali turnirində Azərbaycanı ölkə çempionu “Qarabağ” təmsil edəcək.

    Ağdam təmsilçisinin mümkün rəqibləri “Valletta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya) və “Saburtalo” (Gürcüstan) klublarıdır.

    Avropa Liqasında isə ölkəmizi “Neftçi”, “Səbail” və “Qəbələ” komandaları təmsil edəcək.

    “Neftçi”nin potensial rəqibləri “Hibernians” (Malta), “Rujomberok” (Slovakiya), “Pandev Akademiyası” (Makedoniya), “Speranta” (Nisporeni, Moldova) və ya “Zeta” (Monteneqro), “Səbail”in isə “Universitatya Krayova 1948” (Rumıniya), “Baltsan” (Malta), “Laçi” (Albaniya), “Şkupi” (Makedoniya), “Petrokub-Hincesti” (Moldova) və ya “Narva Trans” (Estoniya) klublarıdır.

    Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Azərbaycan Kubokunun qalibi “Qəbələ”nin rəqibi isə iyunun 19-da müəyyənləşəcək.

    Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyul, Avropa Liqasında isə iyulun 11-i və 18-də keçiriləcək.

  • “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri

    Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

    Püşkatmadan bir gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb.

    Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

    “Valetta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Saburtalo” (Gürcüstan).

    Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkatma mərasimi sabah saat 14:30-da başlayacaq.

  • Dünya çempionumuz yeni qurum yaratdı

    Azərbaycanda yeni ictimai birlik yaradılıb.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, İdmançılar İctimai Birliyinin rəhbəri məşhur karateçimiz, dünya və Avropa çempionumuz Rafael Ağayevdir.

    Bu qurumun vitse-prezidenti də məşhur simadır. Belə ki, sərbəst güləş üzrə dünya və Avropa çempionumuz Hacı Əliyev R.Ağayevin müavini olacaq. Bu qurumun baş katibi isə Rövşən Acalovdur.

    Qeyd edək ki, sabah Milli Olimpiya Komitəsində bu birliyin təqdimatı keçiriləcək.

  • Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub

    İyunun 16-da Abşeron Olimpiya İdman Kompleksində uşunun citkundo və çinda növləri üzrə Bakı kuboku yarışlarına yekun vurulub.

    AZƏRTAC xəbər verir ki, yarış yeniyetmələr, gənclər və kişilər arasında keçirilib. Çempionatda Bakının idman klublarından 200-ə yaxın idmançı qızıl medal uğrunda mübarizə aparıb. Bakı kuboku üzrə mübarizədə “Arktika” komandası medal hesabına görə birinci olub. “Anar-Mehemmedi” komandası ikinci, “Avatar” komandası isə üçüncü olub.

    Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri federasiya tərəfindən diplom və medallarla təltif olunub.

  • “İnsanlara kömək etdim, tanrı da mənə ikiqatını verdi” – Ronaldu

    Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştianu Ronaldu xeyirxah addımlarından danışıb.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu xeyirxah olmağı atasından öyrəndiyini bildirib:

    “Atam mənə bunu öyrətdi: yardıma möhtac insanlara nə qədər kömək etsən, tanrı da sənə ikiqatını verər. Mən də həyatıma belə davam etdim. Ehtiyacı olan insanlara nə qədər kömək etdimsə, tanrı da mənə ikiqatını verdi”.

    Qeyd edək ki, Ronaldu dəfələrlə xeyirxah addımları ilə gündəmə gəlib. O, daha öncə Fələstin və Suriyada yaşayan köməyə möhtac insanlar üçün milyonlar xərcləyib.

  • Azərbaycan millisinin sabiq futbolçusu “Qəbələ” ilə müqavilə bağladı

    2019-2020-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
    APA-nın məlumatına görə, “qırmızı-qaralar” Sadiq Quliyevlə 1 illik müqavilə imzalayıb.

    “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı müdafiəçi 2020-ci ilə qədər bu komandanın formasını geyinəcək.

    Sadiqin Premyer Liqada ilk klubu “Qəbələ” olub. O, 2012-15-ci illərdə, həmçinin 2016/17 mövsümündə “qırmızı-qara” forma geyinib.
    Müdafiəçi bu müddətdə 13 çempionat, 3 kubok və 1 avrokubok matçında iştirak edib. “Qəbələ”dən başqa yalnız “Zirə”də çıxış edən Sadiq 2015/16 mövsümündə və 2016-19-cu illərdə paytaxt təmsilçisində oynayıb. O, Premyer Liqada ümumilikdə 74 oyun keçirib.
    Müdafiəçi Azərbaycanın U-17, U-19, U-21 və U-23 yığmalarının da heyətində forma geyinib.

    Qeyd edək ki, “Qəbələ” bunadək Kamal Mirzəyevlə müqavilə imzalayıb.

  • “Qəbələ” “Zirə”dən bu futbolçunu transfer etdi

    “Qəbələ” 2019-2020-ci illər mövsümünün transfer çalışmalarına start verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, yay fasiləsində ilk transferini həyata keçirən “qırmızı-qaralar” Kamal Mirzəyevi heyətinə qatıb.
    “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

    2012/13 mövsümündə də “Qəbələ”nin şərəfini qoruyan Mirzəyevin Premyer Liqada debütü də “qırmızı-qara” formada gerçəkləşib. O, mövsümün ikinci yarısında 5 çempionat oyununda meydana çıxıb. Sonrakı illərdə AZAL (44 oyun, 1 qol), “Sumqayıt”da (18 oyun) oynamış yarımmüdafiəçi ötən mövsümdə “Zirə”nin formasını geyinib. O, 13 qarşılaşmada meydana çıxıb. Ümumilikdə Premyer Liqada 80 matç keçirən yarımmüdafiəçinin aktivində 1 qol var. Kamal Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.

  • Şəhriyar Məmmədyarov yenə uduzdu

    Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirində Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov sonuncu turu da məğlub başa vurub.

    Turnirin rəsmi saytında yer alan məlumata görə, Ş.Məmmədyarov bu turda çinli Yuy Yaniyə 0:2 hesabı ilə uduzub.

    Bununla da şahmatçımız turnir çərçivəsində keçirilən doqquz turdan yeddisində məğlubiyyətlə üzləşib.

    Turnirin yekun nəticəsinə əsasən, qrossmeysterimiz 5,5 xalla doqquzuncu yeri tutub.
    /oxu.az/

  • İdmançımız erməni rəqibini geridə qoyub Avropa birincisi oldu

    Pauerliftinq üzrə Avropa çempionatında milli komandamızın tərkibində mütləq çəki dərəcəsində gücünü sınayan Razim Hüseynov turnirin qalibi olub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı R.Hüseynov üç hərəkətin cəmində 885 kiloqram ağırlığı qaldıraraq, yaxın izləyicisi olan erməni rəqibindən üstün olub və çempionluğa yiyələnib.

    Qeyd edək ki, R.Hüseynov pauerliftinq üzrə bir dəfə dünya çempionu və dünya ikincisi, üç dəfə Avropa çempionu və səkkiz qat Azərbaycan birincisidir.