Category: İdman

  • “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri təqdim olunub

    “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri təqdim olunub.

    Gənclər və İdman Nazirliyi və Formula 1 Azərbaycan Qran-Prisinin dəstəyi ilə “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin təşkilatçılığı ilə könüllülər üçün “Bir komanda, tək məqsəd” adı altında idman festivalı təşkil edilib.

    Median.Az xəbər verir ki, festival könüllülərin səmərəli və sağlam vaxt keçirmələri, daha sıx dostluq münasibətləri qurmaları və tədbir öncəsi motivasiyalarının artırılması məqsədiylə keçirilib.

    Tədbirdə Bakıda keçirilən beynəlxaq idman festivallarında böyük təcrübə əldə etmiş 1500 könüllü iştirak edib. Onlar arasında futbol, basketbol, çimərlik voleybolu və kartinq idman növləri üzrə yarışlar keçirilib. Qalib komanda və iştirakçılara kubok və müxtəlif hədiyyələr verilib.

    “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov son illərdə ölkəmizdə vətənpərvər könüllülərin çoxaldığını vurğulayıb: “Biz Azərbaycanda əksəriyyəti gənclərdən ibarət böyük könüllü komandasının formalaşmasına çox sevinirik. Bu tədbir könüllülərin komanda ruhuna, festival öncəsi oyunlara inteqrasiyasına, sağlam həyat tərzi və idmanın təbliğatı uğrunda birgə mübarizə aparmalarına və “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı effektiv fəaliyyət göstərmələrinə təkan verəcəkdir”.

    Tədbir çərçivəsində könüllülərin ulduz səfirləri də ictimaiyyətə təqdim olunub. Ulduz səfirlər xeyriyyəçi və televiziya aparıcısı Haci Nuran, məşhur muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva, eləcə də istedadlı müğənni Tofiq Hacıyev və “O səs Türkiyə” yarışmasının finalisti Leyla Rəhimova olub.

    Tədbirdə cıxış edən Hacı Nuran deyib: “Biz könüllülərin ulduz səfiri və sosial dəyəri yüksək olan ictimai tədbirlərin bir hissəsi olmaqdan qürur duyuruq. Qələbə və uğur sevincini könüllülərlə birgə yaşayıb, onları paylaşmaq ən gözəl hislərdən biridir”.

    Tədbir ulduz səfirlərin ifaları ilə davam edib.

    Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

  • AVRO-2020: Azərbaycan – Macarıstan oyununda hesab açılıb – FOTO – YENİLƏNİB

    AVRO-2020: Azərbaycan – Macarıstan oyununda hesab açılıb.

    Median.Az xəbər verir ki, rəqib matçın 18-ci dəqiqəsində hesabı açıb. Macarıstan yığmasının heyətində Villi Orban fərqlənib.

    ***20:01

    AVRO-2020 seçmə mərhələsində keçirilən Azərbaycan – Macarıstan matçı bir dəqiqəlik sükutla başlayıb.

    Median.Az xəbər verir ki, qarşılaşmadan öncə UEFA-nın sabiq prezidenti Lennart Yuhanssonun xatirəsi yad olunub.

    Qeyd edək ki, Lennart Yuhansson 82 yaşında dünyasını dəyişib. İsveçli funksioner Avropa futbol qurumuna 1990-2007-ci illərdə rəhbərlik edib. Yuhansson bu vəzifədə ən uzun müddət qalan şəxs olub. O, 26 yanvar 2007-ci ildə keçirilmiş seçkidə fransalı Mişel Platiniyə uduzub. Yuhansson 2005-ci ilədək İsveçin AİK klubunun prezidenti olub. UEFA Gənclər Liqasının kubokuna onun adı verilib.

    “Bakcell Arena”da start verilən qarşılaşmada komandalar ilk dəqiqələrdən meydana aşağıdakı “11-lik”lə çıxıblar.

    Azərbaycan: 1. Səlahət Ağayev, 23. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 13. Dmitri Nazarov, 11. Ramil Şeydayev, 10. Mahir Emreli, 17. Renat Dadaşov.

    Macarıstan: 1. Peter Qulacsi, 2. Botond Barat, 3. Mihai Korhut, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Adam Naqi, 9. Adam Salai, 10. Dominik Soboslai. 14. Qerqö Lovrençiç, 15, Laslo Klyaynhaysler, 18. Dominik Naqi.//report.az

  • II Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüş keçiriləcək

    Milli Olimpiya Komitəsində Minsk-2019 Avropa Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüş keçiriləcək.

    İyunun 10-da baş tutacaq görüşdə gənclər və idman naziri Azad Rəhimov və MOK vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edəcək.

    Tədbir çərçivəsində Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin təmsilçiləri idmançılara oyunlarla bağlı vacib məlumatları verəcək və sualları cavablandıracaq.

  • Dünya çempionlarımız Avropa çempionatının finalında rusiyalılara qarşı

    İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

    Sərbəst güləşçilərin mübarizəsində bu gün millimizin iki üzvü finalda çıxış edəcək.

    Belə ki, 65 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələrin Olimpiya, dünya və Avropa çempionu Turan Bayramov və 79 kq-da çıxış edən dağıstanlı legionerimiz, yeniyetmələrin dünya çempionu Əbubəkr Abakarov finala çıxıb. Hər iki idmançımızın rəqibi rusiyalı güləşçilər olacaq.

    Gürcüstan, Fransa, Moldovadan olan rəqiblərinə qalib gəlmiş Turan Bayramovun rəqibi Müslüm Səidullayevdir. Belarus, Litva, Estoniyadan olan güləşçiləri məğlub etmiş Əbubəkr Abakarovun rəqibi isə həmyerlisi Amxad Taşuhacıyev olacaq.

    Qeyd edək ki, Elmar Kazımov (-70 kq) ilk görüşündə – 1/8 finalda moldovalı Vasili Dyakona 4:9 hesabı ilə uduzsa da, həmin idmançı finala çıxdığından, bürünc medal qazanmaq şansı əldə edib. Belə ki, Elmar təsəlliverici görüşdə almaniyalı Tino Retinqeri məğlub etməyə çalışacaq.

    //oxu.az

  • Avro-2020 həyəcanı: Azərbaycan Macarıstana qarşı

    Bu gün Azərbaycan millisi 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq.

    E qrupunda mübarizə aparan yığmamız saat 20:00-da “Bakcell Arena”da Macarıstan komandasını qəbul edəcək.

    Matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

    Qrupun digər oyunu Xorvatiya və Uels yığmaları arasında keçiriləcək.

    Millimizin baş məşqçisi Nikola Yurçeviç bugünkü oyunla bağlı nikbin olduğunu qeyd etmişdi.

    Xatırladaq ki, Azərbaycan yığması ilk matçda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olub.

  • Nurməhəmmədov Porye ilə döyüşə hazırlıqdan danışdı

    Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov təşkilatla yeni müqaviləsi və onun xüsusiyyətlərindən danışdı.

    Median.Az “Sport24.ru”-ya istinadla bildirir ki, rusiyalı idmançı danışıqların çətin keçdiyini boynuna aldı.

    “Müqavilənin şərtlərini açıqlamaq istəmirəm, amma nəticədə istədiyim kimi oldu. Deyə bilmərəm ki, UFC-nin ən yaxşı müqaviləsidir, lakin ən yaxşı üçlüyə daxil etmək olar”, – Nurməhəmmədov vurğulayıb və əlavə edib ki, liqanın qarşısında beş şərt irəli sürüb: “Mən liqaya şərtlərimin yerinə yetirilməyəcəyi təqdirdə yeni müqavilə imzalamayacağımı bildirdim. Mən və komandam bunu qazanmışıq”.

    Nurməhəmmədov sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə baş tutacaq döyüşə hazırlıqların necə getdiyindən də danışdı.

    “Hazırda bir ay müddətində dağlarda məşqlər keçməliyəm, sonra isə iki ay ərzində AKA-nın zalında hazırlaşacağam. Nəhayət, son 15 gündə isə Abi-Dabidə mühitə uyğunlaşmaq üçün məşqlər keçəcəyəm”, – deyə çempion bildirib.

  • ÇL finalında meydana daxil olmuş model cərimələndi

    Çempionlar Liqasının Madriddə keçirilmiş final görüşündə meydana çıxmış Kinsi Volanski cərimələnib.

    İspaniyanın “Marca” nəşri xəbər verir ki, polyakəsilli model 15 min avro cərimələnib.

    O, meydana daxil olduğu üçün 5 min avro UEFA tərəfindən, rusiyalı sevgilisi Vitali Zdorovetskinin Youtube-dakı pornoqrafiyadan bəhs edən səhifəsini qanunsuz reklam etdiyindən, İspaniya polisi tərəfindən 10 min avro cərimə ödəməyə məhkum edilib.

    Lakin bu cərimənin məbləğinin az olduğu deyilir. Çünki Volanski belə reklam sayəsində sevgilisinin səhifəsinə 4 milyon dollar pul qazandırıb.

    Kinsi Volanskinin 300 minlik “Instagram” səhifəsi isə bir gecədə 2 milyon yarım təqibçi yığıb. Amma sonradan bu səhifə ləğv olunub.

  • FİFA-nın vitse-prezidenti saxlanıldı

    Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎nın (FİFA) vitse-prezidenti Əhməd Əhməd Fransanın Paris şəhərində saxlanılıb.

    Median.Az-ın “Sovetski sport”a istinadən məlumatına görə, Ə. Əhməd korrupsiya məsələsinə görə dindirilməyə çağrılıb.

    Bildirilir ki, vitse-prezidentin saxlanılması konfederasiyanın futbol forması istehsalçıları ilə işbirliyində yol verdiyi bəzi pozuntularla bağlı ola bilər.

    Məsələn, bu il dünyaca məşhur idman brendi ilə müqaviləyə xitam verilib.

  • Batut və tamblinq üzrə Bakı çempionatı və birinciliyində “yeniyetmələr”, “gənclər” və “böyüklər” arasında qaliblər müəyyənləşib

    Batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyində “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında qaliblər müəyyənləşib.

    Median.Az Trend-ə istinadən bildirir ki, batut gimnastikası üzrə “böyüklər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri İlya Qrişunin (109.815 xal), ikinci yeri Ruslan Ağamirov (100.130 xal). Hər iki idmançı “Ocaq Sport” klubunun təmsilçiləridir.

    Tamblinq üzrə “böyüklər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda ən yaxşı nəticəni Mixail Malkin göstərib (65.100 xal, “Ocaq Sport” klubu), ikinci yerdə Fərid Mustafayev (62.400 xal, Bakı gimnastika məktəbi).

    Batut gimnastikası üzrə “gənclər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Riyad Abbasov (84.435 xal, Bakı gimnastika məktəbi), ikinci yeri isə Renad Eyvazzadə (82.585 xal, “Ocaq Sport” klubu) tutub.

    Batut gimnastikası üzrə “gənclər” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda ən yaxşı nəticəni Selcan Maqsudova (50.395 xal, Bakı gimnastika məktəbi) göstərib.

    Tamblinq üzrə “gənclər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Tofiq Əliyev (67.600 xal) tutub, ikinci yerdə Adil Hacizadə (65.000 xal), üçüncü yerdə isə Bilal Qurbanov (61.300 xal) qərarlaşıb.

    Tamblinq üzrə “gənclər” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda Zeynəb Qasımlı (Bakı gimnastika məkəbi) təmsil olunub. Z.Qasımlı 61.900 xal toplayib.

    Batut gimnastikası üzrə “yeniyetmələr” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda ən yaxşı nəticəni Hüseyn Abbasov göstərib (95.300 xal), ikinci yeri Maqsud Maqsudov (93.985 xal), üçüncü yeri Əli Niftəliyev tutub (85.825 xal). İdmançılar Bakı gimnastika məktəbinin təmsilçiləridir.

    Batut gimnastikası üzrə “yeniyetmələr” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda birinci yeri Violetta Sorokina (78.860 xal, Bakı gimnastika məktəbi), ikinci yeri Şəfiqə Hümbətova (73.890 xal, Bakı gimnastika məktəbi) tutub. Üçüncü yerdə isə Duyğu Əlizadə (61.630 xal, “Ocaq Sport” klubu) qərarlaşıb.

    Tamblinq üzrə “yeniyetmələr” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Abbas Abbasov (61.300 xal), ikinci yeri isə Aleksey Karatoşov (55.100 xal) tutub. İdmançılar Bakı gimnastika məktəbini təmsil edirlər.

    Qeyd edək ki, iştirakçılar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparıblar.

  • III Avropa Oyunlarını keçirəcək ölkənin adı məlum oldu

    III Avropa Oyunlarını keçirəcək namizəd ölkənin adı rəsmən açıqlanıb.

    Insidethegames.biz xəbər verir ki, mayın 31-də başa çatan müraciət prosesinə yalnız Polşa qoşulub.

    Belə ki, Polşa Olimpiya Komitəsi Krakov şəhəri və Malopolska regionunun namizədliyini irəli sürüb. Krakov əvvəl nəzərdə tutulmuş Polşanın Krakovitse şəhərini əvəzləyib.

    Rusiya Olimpiya Komitəsi isə Kazan şəhərinin namizədliyini irəli sürməkdən vaz keçib.

    İyunun 22-də Belarusun paytaxtı Minskdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclasında rəsmi olaraq III Avropa Oyunlarını keçirəcək ölkənin adı açıqlanacaq. Həmin gün seçki olacaq. Lakin başqa namizəd olmadığından, 2024-cü ildəki turnirin meydan sahibinin artıq bəlli olduğunu söyləmək olar.

    Qeyd edək ki, 2015-ci ildə I Avropa Oyunları Bakıda və Mingəçevirdə (kanoe yarışları) keçirilib. Bu ay başlayacaq II Avropa Oyunları isə Minskdə baş tutacaq.