Category: İdman

  • Arşavin: Bakıda Mxitaryan onsuz da ehtiyatda qalacaqdı

    Henrix Mxitaryan “Arsenal”ın əsas heyət oyunçusu deyil, ona görə də o, Bakıda “Çelsi”yə qarşı keçirilən Avropa Liqasının finalına getsəydi, ehtiyatda qalacaqdı.

    Bu fikirləri “Moskva-Baku”ya müsahibəsində Rusiya yığmasının sabiq kapitanı, Əməkdar idman ustası, “Arsenal”ın keçmiş oyunçusu Andrey Arşavin deyib.

    “Mxitaryanın olmaması? Henrix “Arsenal”ın əsas heyət futbolçusu deyil, ona görə də o, çox güman ki, hətta ora getsəydi, ehtiyatda qalacaqdı. Onun yoxluğu nəticəyə heç cür təsir göstərə bilməz”, – o deyib.

    Ümumilikdə, Bakıda mayın 29-u keçirilən oyun barədə danışarkən Arşavin bildirib ki, gərgin oyun gözləyirdi və “Arsenal”a üstünlük verirdi. “Çelsi”nin qələbəsi futbolçu üçün gözlənilməz olub.

    “Görmədim ki, “Arsenal” qəhrəmanlıqla nəyisə dəyişmək istəsin. Əlbəttə – bəli, həqiqətən də, ehtiyatdan iki yeni oyunçu meydana daxil oldu, bunlar Matteo Henduzi və Aleks İvobidir. İvobi “Arsenal”ın yeganə qolunun müəllifi oldu, ancaq “topçular”dan heç bir qəhrəmancasına hücumun şahidi olmadım, “Çelsi” isə inamla oyunu sona çatdırdı”, – o qeyd edib.

    “Topçular”ın keçmiş üzvü Bakıdakı matçın təşkili ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, hər şey yüksək səviyyədə təşkil olunub:

    “Mən dəqiq deyə bilərəm: Bakı öz tapşırığının öhdəsindən yaxşı gəldi, bu, gözəl vaxt keçirmək üçün möhtəşəm şəhərdir. Burada çoxlu parklar, fontanlar var, İçərişəhəri gəzmək maraqlıdır. Xəzər… Hər şey matç üçün gələn turistlər, azarkeşlər üçün yaradılıb.

    Və hər şey yüksək səviyyədə idi. Təşkilatçılıq da həmçinin! Stadiona getmək, qayıtmaq – təşkilatçılıq planları, mən əminəm ki, heç kim bundan narazı qala bilməz. İngilislərin altı saat müddətində uçuşdan narazı qalmasına gəlincə, bəzən belə də olur”.

  • Qılıncoynadanımız Avropa çempionu olub

    Sablya üzrə milli komandamızın üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanıb.

    Median.Az xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-ni qalib başa vuran Anna 1/16 finalda Polşa idmançısı Zuzanna Şesleri 15:6 hesabı ilə məğlub edib.

    1/8 finalda ispan Elena Hernandez Munoza 15:8 hesabı ilə qalib gələn sablyaçımız 1/4 finalda Macarıstan təmsilçisi Kern Biankanı 15:3 hesabı ilə məğlub edib.

    Anna Başta yarımfinalda belaruslu Kaspiaroviç üzərində 15:10 hesablı qələbə qazanıb. Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionu olub.

  • Elxan Məmmədovun UEFA-dakı vəzifəsi artırıldı

    Məlum olduğu kimi, mayın 29-da Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

    İclasda AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.

    Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.

    Xatırladaq ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.

    //oxu.az

  • Bakıda Avroliqanın finalı: Möhtəşəm futbol və matçın əla təşkili

    Azərbaycan paytaxtı Avropa Liqası turnirinin həlledici oyununu keçirmək tapşırığının öhdəsindən gəldi və yaxşı tərəfdən azarkeşlərin yaddaşına həkk olundu.

    Bu fikirlər “Nezavisimaya qazeta”da dərc olunan “Bakıda Avroliqanın finalı: Möhtəşəm futbol və matçın əla təşkili” adlı məqalədə yer alıb.

    “Çelsi” və “Arsenal” klublarının Avropa Liqasının finalında nümayiş etdirdiyi möhtəşəm oyun Avropa Liqasının finalının əsas hadisəsi oldu. Milyonlarla azarkeşin oyunun hesabını və komandaların meydandakı fəaliyyətini müzakirə etməsi bu görüşün təşkilatçılarının xidmətidir.

    Qarşılaşma yüksək səviyyədə keçdi və ilin ən vacib matçlarından birinə nəinki stadion, bütün Azərbaycan paytaxtı hazır idi. Axı final ərəfəsində o, tənqidlərə tuş gəldi, ancaq həyat göstərdi ki, bunlar əsassızdır”, – məqalədə deyilir.

    Qeyd edilib ki, bu il təşkil olunan Avroliqanın finalı son 10 ildə azarkeşlərin gəlməsi baxımından üçüncü olub və rəsmi məlumatlara görə, stadionda 51 min 370 azarkeş oyunu izləyib. Avroliqa finallarında ən çox azarkeş 2018-ci ildə Lionda keçirilən oyunda olub.

    Həmin vaxt “Marsel” – “Atletiko” qarşılaşmasını 55 min 768 nəfər izləyib. İkinci yerdə “Atletiko” və “Atletik” arasında Buxarestdə baş tutan final olub ki, bu oyunu stadiondan 52 min 347 azarkeş izləyib.

    “Britaniyanın London derbisi öncəsi oyunun Bakıda keçirilməsinə qarşı informasiya kampaniyası aparmasına baxmayaraq, qarşılaşmanı bu qədər azarkeş izləyib. İlk növbədə, Azərbaycan paytaxtındakı stadionu seçən Avropa Futbol Assosasiyası Birliyini (UEFA) tənqid etdilər.

    Müzakirə edilən əsas məsələlərdən biri “Arsenal”ın forvardı Henrix Mxitaryanın təhlükəsizlik səbəbindən Bakıya uçmaqdan imtina etməsi olub. Eyni zamanda, Britaniya KİV bildirirdi ki, şəhər və onun rəhbərliyi tapşırığın öhdəsindən gələ bilməyəcək, azarkeşlər isə qalmaq və stadiona çatmaqla bağlı problemlərlə qarşılaşacaq.

    Bundan başqa, çoxları niyəsə unudublar ki, Bakı Birinci Avropa Oyunları, bədii gimnastika üzrə dünya kuboku və dünya çempionatı, “Formula -1” yarışları kimi oyunlara ev sahibliyi edib”, – yazıda bildirilir.

    Qeyd olunur ki, UEFA prezidenti Aleksandr Çeferin birliyin oyunları dünyada inkişaf etdirmək üçün vacib qarşılaşmaları nəinki tanınmış futbol paytaxtlarında, eləcə də, bu cür oyunlara ev sahibliyi etməyən şəhərlərdə də keçirməklə bağlı təklifini müdafiə edib.

    “Düzünü desəm, iddiaları anlamıram və heç bir çətinlik görmürəm. Əlbəttə, azarkeşlərə Bakı və ya Bilbao ilə müqayisədə London və Romadakı mehmanxanaları bron etmək daha asandır. Ancaq bu, o demək deyil ki, biz bu cür şəhərlərdə matçlar keçirməməliyik”, – UEFA rəhbəri deyib və bildirib ki, UEFA Avropa Liqasının final oyunun Bakıda keçirilməsi üçün hazırlıqlar yüksək səviyyədə aparılıb.

    “Fanatları aeroportda xoş sürprizlər gözləyirdi. Misal üçün, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları aeroportda azarkeşlərə gül və suvenirlər verirdilər. Qonaqların stadiona rahat çatması üçün “Koroğlu” metrostansiyasından arenaya xüsusi və pulsuz avtobuslar fəaliyyət göstərirdi.

    Dənizkənarı Milli Parkda azarkeşlər üçün festival təşkil edilmişdi, oyuna stadiondan kənarda baxmaq istəyənlər üçün şəhərin bir neçə yerində böyük monitorlar quraşdırılmışdı. Təşkilatçılar hətta ingilis azarkeşləri arasındakı ənənəvi davaya icazə vermədilər. Finalı xatırlayarkən azarkeşlər qarşıdurmalar zamanı neçə fanatın xəsarət alması ilə bağlı deyil, hesab, oyun haqqında danışacaqlar”, – məqalədə qeyd edilib.

    “Hər şey yaxşı təşkil olunmuşdu. “Çelsi” qol vuran zaman “Arsenal”ın bəzi azarkeşləri aqressiya göstərdilər. Ancaq, düzünü desək, heç bir qarşıdurma görmədim. Ümumilikdə atmosfer xoşagələn idi. Biz “Çelsi” azarkeşləri ilə danışdıq”, – bu fikirləri “Vestnik Kafkaza”nın jurnalistinə britaniyalı azarkeş Riçard Skeyls deyib. – Təəssüf edirəm ki, qələbə qazana bilmədik, ancaq oyun, final, Bakı çox xoşuma gəldi, çox gözəl şəhərdir. Mən birinci dəfədir Bakıdayam. Burada hamı dostsevərdir. Bu, əla səfər idi. Təkcə qarşılaşmanın nəticəsi üzücüdür”.

    “Əlbəttə, Böyük Britaniyada çoxlu azarkeşlər var və mən oxudum ki, çoxları seçilmiş yerlə bağlı tənqid səsləndirirlər, ancaq fikrimcə, insanlar çox vaxt unudur ki, azarkeşlər dünyanın hər yerində var, – avstriyalı azarkeş Devid Makkey Eurasianet.org portalının jurnalistinə deyib. – “Əlbəttə, birbaşa uçuşlar yaxşıdır, ancaq tranzitlə bir neçə saata gəlmək böyük problem deyil, – o deyib. – Mənə elə gəlir ki, İngiltərədə çox səs salırlar”.

    “Bu, əla oyun idi və hər iki komanda finala çıxmaq üçün çox şey etdilər, – “Facebook” hesabında Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts qeyd edib. – İki komandamız üçün möhtəşəm final keçirdiyi üçün Bakıya əhsən! Stadion dünya səviyyəsində idi”.

    Bu səviyyədə təşkil olunan Avropa Liqasının finalı Azərbaycan paytaxtında və bütün ölkədə inkişaf üçün vacib mərhələ olacaq. Qeyd edək ki, ötən il Rusiyada keçirilən Dünya Çempionatı ərəfəsində bəzi KİV-lər yarışı boykot etmək üçün kampaniya başlatmışdı.

    Jurnalistlər dəfələrlə fantastik şeylər yazırdılar ki, Rusiya oyunları keçirmək üçün təhlükəsiz deyil, azarkeşlər dəhşətli nəqliyyat infrastrukturuna görə şəhərlər arasında qalacaqlar. Ancaq Rusiyada keçirilən mundial futbol tarixinin ən uğurlu yarışı oldu.

    “Yaxın vaxtlarda təşkilatçılar Avropa Liqasının finalının Bakıda keçirilməsinin təsirlərini qiymətləndirəcək və nəticələrin heyranediciliyi təəccüblü olmayacaq”, – qəzet yazıb.

    //oxu.az

  • “Liverpul”un avtobusu “Atletiko”nun meydanında bir saat tuneldə ilişib qaldı – VİDEO

    İngiltərənin “Liverpul” futbol klubunun avtobusu Madriddə hadisə ilə üzləşib.

    Median.Az bildirir ki, Çempionlar Liqasının final matçında iştirak etmək üçün İspaniya paytaxtına gələn komandanın avtobusu oyunları qəbul etməli olan “Vanda Metropolitano” stadionunun altındakı tuneldə qalıb.

    Avtobus yalnız bir saat tuneldə qaldıqdan sonra hərəkət edə bilib.

  • FIFA sabiq baş katibi 8 il futboldan uzaqlaşdırıb

    FIFA Etika Komitəsi Okeaniya Futbol Konfederasiyasının sabiq baş katibi Taya Nikolası 8 il müddətinə futboldan uzaqlaşdırıb.

    Median.Az report-a istinadən məlumatına görə, istintaq zamanı 2014-cü ildən 2017-ci ilə qədər qurumun üzvü olan Nikolasın FIFA-nın vəsaitlərini qeyri-qanuni yolla mənimsədiyi məlum olub. Onun təşkilatın etika normalarını pozaraq qiymətli əşyalar təqdim və qəbul etdiyi də ortaya çıxıb.

    Diskvalifikasiyaya əlavə olaraq sabiq funksioner 50 min İsveçrə frankı məbləğində cərimə olunub.

  • Kuarejma Bakıda – Azad Rəhimovla görüşəcək

    Portuqaliya millisi ilə Avropa çempionu olmuş Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardu Kuarejma Bakıya gəlib.

    35 yaşlı futbolçu sabah Gənclər və İdman naziri Azad Rəhimovla görüşəcək.

    Qeyd edək ki, Rikardu Kuarejma “Sportinq”lə bir, “Portu” ilə üç dəfə Portuqaliya çempionu olub. Onun “İnter”lə bir dəfə İtaliya, “Beşiktaş”la iki dəfə Türkiyə çempionluğu da var. O, 2010-cu ildə “İnter”lə UEFA Çempionlar Liqasının da qalibi olub.

  • Finalın ən çılğın azarkeşləri – VİDEO

    Avropa Liqasının final oyunu bitdikdən sonra yüzlərlə azərkeş Olimpiya stadionunu hoş əhval ruhiyə ilə tərk edirdilər.

    “Çelsi” və “Arsenal” fanatları yerli azarkeşlərlə birlikdə Azərbaycan milli rəqslərini oynuyub, foto çərkdirib, oxuyub və əyləniblıər.

  • UEFA Avropa Liqası finalının açılış mərasimi olub – FOTO

    UEFA Avropa Liqası finalının açılış mərasimi olub.

    Median.Az report-a istinadən xəbər verir ki, britaniyalı müğənni Conas Blu oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda səhnə alıb.

    O, 150 yerli rəqqasın müşayəti ilə “Rise”, “Mama”, “Polaroid” və “Perfect Strangers” mahnılarını ifa edib.

    Qeyd edək ki, finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşır. Oyun saat 23:00-da başlayacaq.

  • Futbol matçlarında beyin silkələnməsinə görə əlavə əvəzetmə ola bilər

    Qadınlar arasında 2021-ci il UEFA Çempionlar Liqasının final oyununun keçiriləcəyi stadion bəlli olub.

    Median.Az xəbər verir ki, bu barədə qurumun Bakıda keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

    Matç İsveçin Höteborq şəhərindəki “Qamla Ullevi” stadionunda baş tutacaq. Toplantıda həmçinin futbol matçlarında beyin silkələnməsi zamanı əlavə əvəzetmənin mümkünlüyü müzakirə olunub və oyun qaydalarında müvafiq dəyişiklik üçün FIFA-ya müraciət etdilməsi qərara alınıb.

    İclasda İpsaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales UEFA-nın vitse-prezidenti təyin olunub. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrae isə UEFA-nın 2020-ci ildə keçiriləcək konqressinə qədər FIFA Şurasına avropalı üzvü olacaq.

    Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbət iclası bu il sentyarın 24-də Sloveniyanın paytaxtı Lyublyanada olacaq.