Category: İdman

  • Abramoviç Bakıda – FOTO

    “Çelsi”nin sahibi Roman Abramoviç Avropa Liqasının final oyununu izləmək üçün Bakıdadır.
    “Corierre dello Sport”un yaydığı məlumata görə, biznesmen komandasının qaldığı oteldə kameralara tuş gəlib.

    Abramoviç 2003-cü ildə “Çelsi”ni alıb. Bu müddət ərzində klub beş dəfə İngiltərə çempionu olub, həmçinin Çempionlar Liqası və Avropa Liqasını qazanıb.

  • “Çelsi” və “Arsenal” start heyətlərini açıqlayıb

    Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” komandaları start heyətlərini açıqlayıblar.

    Median.Az UEFA-nın rəsmi saytında yer alan “11-lik”ləri təqdim edir:

    “Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10.Eden Azar

    “Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett

    Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.

  • Azarkeşlərin daşınması üçün 450 xüsusi avtobus fəaliyyət göstərəcək

    Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    Median.Az-ın məlumatına görə, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə ümumilikdə 450 avtobus fəaliyyət göstərəcək.

    O cümlədən, finala bilet alan tamaşaçılar Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı), metronun “Q.Qarayev” stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

    Xatırladaq ki, bu gün saat 23:00-da Bakı Olimpiya Stadionunda (BOS) UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək. Final qarşılaşmasında “Çelsi” və “Arsenal” klubları qarşılaşacaq.

  • İngilisdilli həkimlər Bakı xəstəxanalarında futbol fanatlarını gözləyir

    Bakıdakı tibb müəssisələrində Avropa Liqasının Londonun “Çelsi” və “Arsenal” klubları arasında keçiriləcək final matçında iştirak etmək üçün Bakıya gələn futbol komandaları və azarkeşlər üçün 200-dək çarpayı ayrılıb. Bundan əlavə, xəstəxanalarda ingilis dilini bilən həkimlər növbə çəkəcək.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, paytaxt xəstəxanaları 29 may saat 23:00-da Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final matçına hazırlıq vəziyyətinə gətirilib.

    Belə ki, nazirlik tərəfindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 39 təcili yardım avtomobili azarkeşlərə və komanda heyətlərinə xidmət göstərəcək. Bundan başqa 1 saylı Kliniki Tibbi Mərkəzdə 90, 3 saylı Kliniki Tibbi Mərkəzdə 50, Mərkəzi Neftçilər Xəstəxanasında 25, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 30 çarpayılıq yerlər ayrılıb.

    Tədbir keçiriləcək müddətdə qeyd olunan xəstəxanalarda təcrübəli mütəxəssislərin (onların arasında ingilis dili bilən olmaqla) növbətçiliyi təşkil olunub. “9103 qaynar xətt” xidməti 24 saat gücləndirilmiş iş rejimində çalışacaq.//sputnik.az

  • UEFA prezidenti: Erməni mətbuatının yazdığı məni maraqlandırmır

    Bakıda UEFA İcraiyyə Komitəsinin iclası baş tutub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, iclasdan sonra qitə futbol qurumunun sloveniyalı rəhbəri Aleksander Çeferin jurnalistlərin suallarını cavablandırıb:

    – Bu gün baş tutacaq finala Bakı tamamilə hazırdırmı?

    – Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib.

    – Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb.

    – Mən ancaq konfransdan sonra bundan xəbər tutmuşam. Konfrans bitdikdən sonra ətraflı məlumat veriləcək.

    – Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir?

    – Məsafə ilə götürsəniz, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdr.

    – Ermənistan mətbuatı yazır ki, Mxitaryan diplomatik hücum etdi, sonra estafet erməni depuatatlara keçdi. Siz bu barədə dəqiq nə deyə bilərsiniz?

    – Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.

  • Florent Malouda: Bakı çox gözəldir, insanları mehribandır – VİDEO

    Məşhur futbolçu, “Çelsi”nin keçmiş oyunçusu Florent Malouda bu gün Bakıda keçirləcək Avropa Liqasının final oyunlarından öncə paytaxtımızı gəzib.

    Gəzinti zamanı fanatlarının və müxbirlərin sevgisi ilə əhatə olunan məşhur futbolçu şəhərimiz barəsində gözəl fikirlər səsləndirib:

    “Bakı çox gözəl şəhərdir. İnsanları çox mehriban və dostcanlıdır. İlk dəfə bu şəhərə gəlmişəm, çox bəyəndim və təşkilati işlər də gördüyümə görə əla səviyyədə yerinə yetirilib. Ümid edirəm bu gecə final oyunu da eyni ilə gözəl keçəcək və gözəl bir oyundan ləzzət alacağıq”.

    Finaldakı favoritinin “Çelsi” olduğunu söyləyən oyunçu, 2013-cü ildə oynadığı “Trabzonspor” komandasını da zarafatla xatırlayaraq “bizə hər yer Trabzon” ifadəsini işlədib.

  • “BBC Sport” Bakıdan videoreportaj yayımlayıb – VİDEO

    “BBC Sport” UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı haqqında videoreportaj yayımlayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, jurnalist Devid Ornsteyn (David Ornstein) “Avropa Liqasının finalı: Nə üçün Bakıda” adlı reportajında Dağüstü Parkdan azarkeşlərə səslənərək Bakının final oyunu üçün möhtəşəm məkan olduğunu bildirib.

    “Salam, Azərbaycanın paytaxtı olan günəşli Bakıya xoş gəlmisiniz. Burada “Çelsi” və “Arsenal” komandaları Avropa Liqasını qazanmaq üçün qarşılaşacaq. Hər iki klub Londondan 5500 km-dən artıq məsafə qət edərək bu şəhərə gəlib. Finalın Bakıda keçiriləcəyi qərarı 2 il əvvəldən qəbul edilib. Burada insanlar bu böyük və fantastik matça mükəmməl stadionda baxmaq imkanı əldə edəcəklər”, – o qeyd edib.

  • Bakı qırmızıya büründü – FOTO

    UEFA Avropa Liqasının finalına saatlar qalmış “Arsenal” fanatları Bakının mərkəzində toplaşıb.

    Median.Az xəbər verir ki, oxu.az-ın əməkdaşı şəhərdə matça getməyə hazırlaşan “Arsenal” və “Çelsi” fanatlarını görüntüyə alıb.

    Müşahidələr Bakıda daha çox “Arsenal” fanatlarının, “qırmızı-ağ” forma geyinən azarkeşlərin çox olduğu görünür.

    Qeyd edək ki, bu gün “Arsenal” və “Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq. Oyuna 50 minə yaxın bilet satıldığı deyilir.

  • “Çelsi”-“Arsenal” oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq

    Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, indiyədək ölkəmizdə canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətləri ilə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq.

    Stadionda yüksək sürətli fiberoptik internet xətti çəkilib. Məhz buna görə AoİP (Audio-over IP) sistemlər tətbiq olunacaq. Beləliklə, səs canlı efirdə məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək. Bu yenilik bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə də istifadə olunacaq.

    Qeyd edək ki, London klubları “Çelsi” və “Arsenal” arasında keçiriləcək final oyunu mayın 29-da saat 23:00-da start götürəcək.

  • Paytaxtımızdan final ərəfəsi reportaj – Bəlkə də, son matçı Bakıda izləyəcəyəm

    Bu gün Bakıda UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qalibi müəyyənləşəcək. Final qarşılaşmasında iki London klubu – “Arsenal” və “Çelsi” üz-üzə gələcək.

    Oyuna maraq gözlənildiyindən də artıqdır. Son məlumata görə, satışda cəmi 100 bilet qalıb.

    Final oyunu ilə əlaqədar paytaxtımıza öz komandalarını dəstəkləmək üçün minlərlə futbol həvəskarı gəlib.

    “Sky Sports”un müxbiri Qari Koteril Bakıda olub və buradan reportaj hazırlayıb.

    Reportajına “Bakının taksiləri tanış gəlir. Londonun ənənəvi “keb”ləridir. Hazırda isə Bakıda daha böyük “London” ab-havası gözə dəyir. Söhbət “Arsenal” və “Çelsi” klublarının futbolçuları, rəsmiləri, texniki heyəti və azarkeşlərindən gedir. Azarkeş sayı arzuolunan sayda olmasa belə”, – deyə başlayan Koteril azarkeşlərin Azərbaycan paytaxtı və final oyunu ilə bağlı fikirlərini öyrənib.

    “Bakıya, “Avropa Azarkeş festivalı”na xoş gəlmisiniz”.

    “Arsenal” azarkeşi olan turist Bakı barədə danışaraq, insanlarının möhtəşəmliyinə diqqət çəkib:

    “İstanbula uçduq, oradan isə bura ötən gecə çatdıq. Bura çox yaxşıdır. İnsanları möhtəşəmdir”.

    Başqa bir “Arsenal” azarkeşi isə özünü şanslılardan hesab edir:

    “Yarımfinalın birinci oyunundan sonra bron etdiyimiz üçün bəxtimiz gətirdi, bir az qabağa düşdük. Uçuşlara 440 funt sterlinq ödədik”.

    “Çelsi” azarkeşlərindən biri Qari Koterilə müsahibə verib və komandasının qələbə qazanacağına əminliyini ifadə edib:

    “Hazardın “Real Madrid”ə keçidi ilə bağlı danışıqların getdiyini eşitdik. Bununla belə, komandamızın 2013-cü ildə Amsterdamda olduğu kimi, bu dəfə də kuboku başları üzərinə qaldıracaqlarını gözləyirik”.

    Qari yazır ki, sabahkı (bugünkü – red.) finalın əsas hədəfi bu gümüşü rəngli kubokdur. Fan-zonada onunla şəkil çəkdirmək üçün insanlar uzun növbəyə dayanır. Azarkeşlər arasında Torontodan gələn Deb Piter adlı “Arsenal” azarkeşi də var. O, Londondan 55 il əvvəl köçüb.

    Deb Piter xəstə olsa da, ölümünə nə qədər qaldığını bilməsə də, bu fürsəti qaçırmaq istəməyib. O, bəlkə də, sevimli komandasının son matçını izləyəcəyinə işarə edib:

    “Mən 75 il əvvəl “Arsenal”da doğulmuşam”. Bu komanda mənim üçün çox dəyərlidir (göz yaşlarını saxlaya bilmir)… Əslində, səyahət etməməli idim. Xəstəyəm. Ancaq bu füsəti qaçıra bilməzdim. Bilmirəm ömrümə nə qədər qalıb və bundan sonra neçə finala gedə biləcəyəm…”

    Deb Piterin dostu isə belə deyir:

    “Bir neçə il əvvəl xərçəngdən müalicə olunurdu. Amma indi yaxşıdır. Hər halda bura gəlib çıxmışıq.”

    Jurnalist fan-zonada olan “Çelsi” komandasının plakatında Ruben Loftusun baş hissəsinin boş qaldığına diqqət çəkib (insanların şəkil çəkdirməsi üçün – red). Sabahkı (bugünkü – red.) oyunda da ona meydanda yer olmayacaq. Belə ki, o, ötən həftə Bostonda xəsarət alıb.

    Qari deyir ki, belə mənzərələrə Bakı məhəllərində çox rast gələ bilərsiniz (uşaq top çiləyir – red). Bu, yerli əhalidə futbola böyük marağın olduğunu göstərir. UEFA-nın göstərməyə çalışdığı Bakı budur. Bakı limanında cah-cəlallı yaxtalar Roman Abramoviçin də oyuna baxmaq üçün bura gələcəyindən xəbər verir. Ancaq hələlik heç kim nə təsdiq, nə də inkar edir. Bakı Olimpiya Stadionu hər iki kluba yaxşı tanışdır. Hər ikisi burada “Qarabağ” klubu ilə qarşılaşıb. Bu yaxınlarda, oktyabr ayında “Arsenal” 0-3 hesab ilə qələbə qazanmışdı. Sabah isə Avropa Liqası futbolu ab-havası olacaq. “Arsenal” məğlub olsa, növbəti mövsümdə yenə də “tutqun sular”da vurnuxmalı olacaq.

    Bakı Qran-Prisindən bir ay keçməsinə baxmayaraq, pitstop cığırı hələ də mərkəzi yolda gözə dəyir. Luis Hamilton burada məğlubiyyətə uğramışdı. Sabah isə (bu gün – red.) “Arsenal” və ya “Çelsi” məğlub olacaq. Bakının London taksiləri isə yollarda hərəkət etməyə davam edəcək.