Category: İdman

  • Finala cəmi 100 bilet qalıb

    UEFA Avropa Liqasının final matçına cəmi 100 bilet qalıb.

    Bunu oxu.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

    Onun sözlərinə görə, satışdakı 62 min biletdən yalnız 100-ü qalıb. Lakin AFFA rəsmisi bunu da vurğulamağı unutmayıb:

    “Bildiyiniz kimi, əvvəl UEFA biletlərin 21500-nü onlayn qaydada satışa çıxarmışdı. Bunların hamısı satıldı. Amma bu, o demək deyil ki, stadion tam dolu olacaq. Çünki bu finala Avroliqanın yarımfinal iştirakçılarından “Ayntraxt” və “Valensiya”nın da çıxmaq şansı vardı.

    Bu iki komandanın azarkeşləri isə əvvəldən finala bilet almışdı. Ola bilsin ki, həmin alman və ispan azarkeşlər Bakıdakı oyuna gəlməsin”.

    Qeyd edək ki, bu gün “Arsenal” və “Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq.

  • Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək

    Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

    Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada Londonun “Arsenal” və “Çelsi” klubları mübarizə aparacaq.

    Bakı vaxtı ilə 23:00-da başlayacaq oyunu Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

    Bu qarşılaşma hər iki komanda üçün xüsusi önəm daşıyır. “Zadəganlar” bu mövsümü titulla başa vurmaq istəyir, “topçular” isə yalnız Avroliqanın qalibi olmaqla növbəti mövsüm Çempionlar Liqasında çıxış edə biləcək.

    //oxu.az

  • Sarri: Bakıda komandaların şansları bərabərdir

    Komandaların şansları hazırda 50-50-dir.

    Bunu “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri deyib.

    O, Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında “Arsenal”la sabah keçiriləcək oyun haqda danışıb və jurnalistlərin suallarına cavab verib:

    “Mənim “Çelsi” ilə müqaviləm daha iki il var. Ona görə də hazırda bu matçın “Çelsi”də son oyun olduğu barədə danışmaq istəmirəm. Mən tamamilə “Arsenal”la matça köklənmişəm.

    Hazırda bizim komandanın pis mövsüm keçirdiyini deyə bilmərəm. Çünki biz Çempionlar Liqasına vəsiqə qazanmışıq. İngiltərə Liqa Kubokunda “Liverpul” və “Totenhem” kimi komandaları məğlub etmişik, finalda isə yalnız “Mançester Siti”yə penaltidə məğlub olmuşuq.

    Olivye Jiru bizim üçün vacib oyunçudur. Sabah onu start heyətdə oynadıb-oynatmayacağımı müəyyənləşdirəcəm.

    Mövsümün əvvəlində mən komandamı başa düşməkdə çətinlik çəkirdim. Lakin mövsümün sonuna yaxın onlar tapşırıqlarımı yerinə yetirməyə başladılar və biz üçüncü yeri tutduq. İndi isə bu titulu qazanmalıyıq”.

    Qeyd edək ki, sabah “Arsenal” və “Çelsi” finalda qarşılaşacaq. Final görüşü Bakıda saat 23:00-da başlayacaq.

  • AQTA Bakıdakı final oyunu ilə bağlı nəzarəti gücləndirib

    AQTA mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar nəzarət tədbirlərini gücləndirib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Agentliyin əməkdaşları tədbir məkanlarında qida və içki satışını həyata keçirəcək şirkətlərlə görüş keçirib, qida təhlükəsizliyi tədbirlərinin vəziyyətini öyrəniblər. Eyni zamanda, oyuna hazırlıq dövründə və oyun günü qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilməsi üçün sözügedən şirkətlərə peşəkar tövsiyələr verilib.

    Bununla yanaşı hakimlərin, komandaların, UEFA qərargah üzvlərinin, təminatçıların və KİV nümayəndələrinin yerləşdiyi hotellərə qida təhlükəsizliyinə əməl olunması ilə bağlı tədbirləri əks etdirən məlumatlar verilib.

    Eləcə də, Qış parkı və Sahil parkında təşkil olunan azarkeşlərin toplaşma məntəqəsi ətrafında yerləşən ictimai iaşə müəssisələrinə qida təhlükəsizliyinə əməl olunması barədə məlumatlar verilib və onlara bildirişlər təqdim olunub.

    Qida təminatçısı şirkətlərə qida təhlükəsizliyinə dair tələbləri əks etdirən təlimatlar göndərilib, qida təhlükəsizliyinə riayət olunması vəziyyətini öyrənmək məqsədi ilə qidalardan nümunələri götürülüb və laborator müayinələrdən keçirilib.

  • “The Sun”: Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur

    Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ərəfəsində Böyük Britaniyanın “The Sun” nəşrində Azərbaycanın futbol hakimi Tofiq Bəhramov barədə geniş yazı dərc olunub.

    Median.Az xəbər verir ki, qəzet “Arsenal” və “Çelsi” azarkeşlərinə Bakı ilə bağlı tövsiyələrini çatdırıb.

    Qəzet məqaləsində azarkeşlərə mütləq Bakıda şəhər turuna çıxmağı tövsiyə edib.

    Məqalədə qeyd olunur ki, əgər azarkeşlər Bakını gəzsələr, İngiltərə futbol tarixinin ən təsiredici şəxsinə vəfa borclarını ödəyə bilərlər.

    T.Bəhramovu 1966-cı il dünya çempionatında İngiltərə və AFR (Qərbi Almaniya) milliləri arasında keçirilmiş final matçı məşhurlaşdırıb. Hesab 2:2 ikən əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə sayəsində dünya çempionu olub.


    Məqalədə qeyd olunur ki, finaldan bəri ingiltərəli azarkeşlər T.Bəhramovu böyük ehtiramla xatırlayırlar: “Uembli”də 1966-cı il dünya çempionatının qalibi olan İngiltərə millisinin kapitanı Bobbi Murun heykəli var. “Old Trafford”da Aleks Ferqyuson, Mett Basbi, Corc Best və Bobbi Çarltonun abidəsi qoyulub. Ancaq Azərbaycanın paytaxtında yerli sakinlər sabiq referi Tofiq Bəhramovu bürünc heykəl formasında əbədiləşdiriblər. Tofiq Bəhramov bütün ingilislərin qəlbində xüsusi yer tutur. O, 1996-cı ildə “Umebli”də İngiltərə və Qərbi Almaniya komandaları arasında keçirilən finalın yan xətt hakimi olub. Son 50 ildə topun qapı xəttini keçib-keçməməsi müzakirə mözvusu olsa da, həmin vaxt Bəhramov qətiyyətli formada qol olduğunu bildirib”.


    Məqalədə T.Bəhramovun hakimliklə yanaşı, futbolçu, məşqçi və idarəçi olduğu xatırladılıb. Onun 1972-ci ildə ilk UEFA Kubokunun final matçını idarə etdiyi də vurğulanıb. Həmin oyunda İngiltərənin “Tottenhem” klubu bu ölkənin digər təmsilçisi “Vulverhempton”u 2:1 hesabı ilə məğlub edib.

    Yazıda T.Bəhramovun oğlu Bəhramın da fikirlərinə yer verilib: “Atam həmişə deyirdi ki, finalda doğru qərar verib. Əlbəttə, mübahisəli epizoddur. Ancaq o, başını dik tutaraq, qol olduğunu bildirib. İndi Azərbaycanın müstəqil olduğu dövrdə onun Azərbaycan xalqının nümayəndəsi kimi xatırlanılması çox vacibdir. Tofiq Bəhramov kimi adamlar 100 ildə bir dəfə doğulur”.

    Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

  • Hacı Əliyev: “Əvvəllər istəmirdilər qabağa gedim” – VİDEO

    “5-ci element” verlişinin bu dəfəki qonağı 3 qat Avropa, 3 qat dünya çempionu Hacı Əliyev olub.

    Verliş zamanı Hacı Əliyev yeniyetmə vaxtı iştirak etdiyi yarışlarda hakimlərin onu tez-tez uduzdurduğunu deyib. “Əvvəllər istəmirdilər qabağa gedim” – deyən məşhur idmançı bu səbəbdən atasının tez-tez hakimlərlə mübahisə etdiyini də bildirib.

    Qeyd edək ki, “5-ci element” tok şousu hər bazar ertəsi ATV telekanalında yayımlanır.

  • “Çelsi” Bakıda – FOTO/VİDEO

    UEFA Avropa Liqasının digər finalçısı olan İngiltərənin “Çelsi” klubu artıq Bakıdadır.

    Oxu.Az xəbər verir ki, London klubunu gətirən təyyarə bu radələrdə Heydər Əliyev Hava Limanına yerə enib.

    Komanda nağara musiqisi sədaları altında qarşılanıb. Daha sonra “Çelsi” məskunlaşacağı “Four Seasons” otelinə yola düşüb.

    Qeyd edək ki, ““Çelsi” mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda “Arsenal”la qarşılaşacaq.

  • “Çelsi” və “Arsenal”-ın oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı müəyyənləşib

    Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq “Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.

    AFFA xəbər verir ki, mayın 28-də Bakı Olimpiya Stadionunda “Arsenal” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə saat 17:45-də mətbuat konfransı keçiriləcək. Saat 18:30–da isə komandanın mətbuat üçün açıq məşqi olacaq.

    “Çelsi” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı isə saat 20:15-də təşkil ediləcək. Saat 21:00-da komandanın mətbuat üçün açıq məşqi olacaq.

    Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə biləcəklər.

  • UEFA final oyunu üçün Bakını niyə seçdi? – Çeferin açıqladı

    UEFA prezidenti Aleksandr Çeferin “Der Şpigel” nəşrinə müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakının seçdiklərini açıqlayıb.

    Median.Az xəbər verir ki, Çeferin bunu Azərbaycanda yaşayan insanların futbolu sevməsi ilə əlaqələndirib.

    “”Niyə? Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”, – Çeferi bildirib.

    UEFA prezidenti qeyd edib ki, əlbəttə Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən, finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.

    Çeferi erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə də toxunub.

    “Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”, – deyə UEFA prezidenti vurğulayıb.

  • Avropa Oyunlarında iştirak edəcək idmançılarımız – ADLAR

    Azərbaycanı gələn ay Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında təmsil edəcək idmançıların adlarına aydınlıq gəlib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, 11 idman növü üzrə 80 idmançı ilə II Avropa Oyunlarında təmsil olunacağıq.

    Heyətdə bəzi dəyişikliklər var. Belə ki, 62 kq-da qadın güləşində belaruslu legionerimiz Tatyana Omelçenkonu Elmira Qəmbərova, şosse velosipedində Kərim Şirəliyevi Mikayıl Səfərli əvəzləyib. Bədii gimnastika millimizdə isə yığmamızın bolqarıstanlı baş məşqçisi Mariana Vasilevanın qızı Siyana Vasilevanın zədə üzündən iştirak etməyəcəyi müəyyənləşib.

    Siyahıda uzun müddətdən sonra güləşə qayıdan Olimpiya çempionumuz Toğrul Əsgərov da var. O dönüşünü məhz Minskdə rəsmiləşdirəcək. Beləliklə, siyahını təqdim edirik:

    Atıcılıq – Emin Cəfərov, Nurlana Cəfərova, Əli Hüseynli (hər üçü stend açıcılığı), Riqina Meftahəddinova (dairəvi stend atıcılığı), Ruslan Lunyov, Nigar Nəsirova (hər ikisi güllə atıcılığı)

    Badminton – Azmi Kovimuramadhoni

    Cüdo – Kişilər: Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi -60 kq), Nicat Şıxəlizadə (-66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq); Qadınlar: Aişə Qurbanlı (-48 kq), Gültac Məmmədəliyeva (-52 kq), İçinxorlu Munxtsedev (-57 kq), İrina Kindzerskaya (+78 kq)

    Güləş – Sərbəst güləş: Mahir Əmiraslanov (-57 kq), Hacı Əliyev (-65 kq), Toğrul Əsgərov (-74 kq), Cəbrayıl Həsənov (-86 kq), Nurməhəmməd Hacıyev (-97 kq), Cəmaləddin Məhəmmədov (-125 kq); Yunan-Roma güləşi: Sakit Əliyev (-60 kq), Kərim Cəfərov (-67 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev (-97 kq), Sabah Şəriəti (-130 kq); Qadın güləşi: Mariya Stadnik (-50 kq), Alyona Kolesnik (-57 kq), Elmira Qəmbərova (-62 kq), İrina Netreba (-68 kq), Səbirə Əliyeva (-76 kq)

    Boks – Kişilər: Rüfət Hüseynov (-49 kq), Məsud Yusifzadə (-52 kq), Tayfur Əliyev (-56 kq), Cavid Çələbiyev (-60 kq), Bəxtiyar Qazıbəyov (-64 kq), Lorenso Sotomayor (-69 kq), Kamran Şahsuvarlı (-75 kq), Loren Alfonso (-81 kq), Rahil Məmmədli (-91 kq), Məhəmməd Abdullayev (+91 kq); Qadın boksu: Məryəm Cəbrayılova

    Kamandan oxatma – Ozay Qasımova

    Velosiped idmanı – Sergey Omelçenko (trek velosipedi), Samir Cəbrayılov, Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə (şosse velosipedi)

    Kanoe – Maria-Lorena Manolike

    Karate – Roman Heydərov (kata), Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (-50 kq), İrina Zaretskaya (-68 kq)

    Sambo – Kişilər: Ağasif Səmədov (-52 kq), Mehman Xəlilov (-57 kq), Cavidan Qarayev (-62 kq), Emil Həsənov (-68 kq), Abdulla Abdullayev (-74 kq), Ceyhun Hüseynov (-82 kq); Qadın sambosu: Gözəl Zutova (-74 kq)

    Gimnastika – Zöhrə Ağamirova, Ayşən Bayramova, Zeynəb Hümmətova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Darya Sorokina (hamısı bədii gimnastika), İlya Qrişunin, Ruslan Ağamirov (hər ikisi batut gimnastikası), Ruhidil Qurbanlı, Abdulla Əl-Maşeyxi (hərə ikisi akrobatika gimnastikası), İvan Tixonov, Marina Nekrasova (hər ikisi idman gimnastikası).

    Qeyd edək ki, iyunun 1-dək adlarda müəyyən dəyişikliklər ola bilər.