Category: İdman

  • UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti veriblər – FOTO

    Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

    Median.Az-ın report-a istinadən məlumatına görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə – 5 ulduzla qiymətləndiriblər.

    Xatırladaq ki, mayın 29-da İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında UEFA Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.

  • “Çelsi” Bakıya gəlir – FOTO

    UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşünün digər iştirakçısı – “Çelsi” klubunun futbolçuları mayın 27-də Bakıya yola düşüblər.

    “Çelsi” klubunun “Twitter” səhifəsində xəbər verir ki, futbolçular təxminən saat 22:30 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaqlar.

    Xatırladaq ki, “Arsenal” komandası artıq Bakıdadır.

    “Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə “Arsenal” komandası ilə üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq.

  • Avroliqanın finalına 52 mindən artıq bilet satılıb – RƏSMİ

    UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa 52 mindən artıq bilet satılıb.

    Median.Az xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla Trend-ə danışıb.

    F.Abdulla bildirib ki, paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir.

    “Biletlər “28 Mall”, “Port Baku” və “Gənclik Mall” ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil”.

    Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda“Çelsi” ilə “Arsenal” komandaları arasında keçiriləcək.

  • “Arsenal”ın Bakıdakı ilk məşqindən – FOTO

    Mayın 25-si axşam saatlarında Bakıya gəlmiş İngiltərənin “Arsenal” klubu dünən paytaxtımızda ilk məşqini keçirib.

    Məşq “8-ci km” qəsəbəsində yerləşən “Bakcell Arena”da baş tutub.

    Qeyd edək ki, “Arsenal” mayın 29-da, saat 23:00-da UEFA Avropa Liqasının finalı üçün Bakı Olimpiya Stadionunda digər London klubu “Çelsi” ilə qarşılaşacaq.

    “Arsenal”ın Bakıdakı ilk hazırlığından görüntüləri təqdim edirik:

















    //oxu.az

  • UEFA Azərbaycanda Mxitaryanla bağlı təxribatın qarşısını aldı

    UEFA “Arsenal” klubu futbolçularının Avropa Liqasının Bakı finalında erməni komanda yoldaşları Henrix Mxitaryana dəstək göstərməklə bağlı planlarına əngəl olub.

    “Daily Mail”in məlumatına görə, “topçular” təhlükəsizlik məsələsini bəhanə edərək Bakıya uçmaqdan imtina edən erməni futbolçuya dəstəklə bağlı bir neçə variantı nəzərdən keçirib.

    Əsas müzakirə olunan təklif isinmə hərəkətləri zamanı arxasında Mxitaryanın adının olduğu köynəyin geyinilməsi olub. Ancaq bundan xəbər tutan UEFA insayderləri istənilən belə hərəkətlərin təşkilatın nizamnaməsinə görə qadağan olunduğunu bildirib.

    Stadiona daxil olan zaman həm meydanda, həm də meydançadan kənarda geyinilən istənilən idman forması, o cümlədən, futbolçuların isinmə hərəkətləri zamanı geyindiyi çiyinlik əvvəlcədən Avropanın ali idman qurumu ilə razılaşdırılmalıdır.

    Bu arada, nəşrin yazdığına görə, digər yandan “Arsenal” rəsmiləri Bakıda Mxitaryanla bağlı ehtiyatlı bəyanatlar səsləndirmək niyyətindədir. Onlar Azərbaycanla Ermənistan arasında uzunsürən münaqişənin olduğunu bilir və mötəbər yarışmanın finalına hər hansı siyasi gərginlik qatmaq istəmirlər.

  • “Arsenal” komandası Bakıya gəlib

    İngiltərənin “Arsenal” klubunun nümayəndə heyəti Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşmaq üçün Bakıya gəlib.

    Median.Az report-a istinadən xəbər verir ki, komanda Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib və matç günü iştirak ərizəsinə 23 oyunçunun adı daxil ediləcək.

    “Arsenal”ın heyəti: Obameyanq, Çex, Əl-Nenni, Genduzi, İvobi, Cenkinson, Kolaşinats, Kosyelni, Lyakazett, Leno, Lixtştayner, Meytlend-Naylz, Monreal, Mustafi, Nketia, Özil, Papastatopulos, Torreyra, Uillok, Caka, Uelbek, Saka, Amayeçi, İliyev.

    “Çelsi” – “Arsenal” matçı mayın 29-da Bakı vaxtı ilə 23:00-da başlayacaq.

  • Azərbaycanda nadir idman obyekti tikilir (FOTOLAR)

    Gəncədə Olimpiya İdman Parkının inşası geniş vüsət alıb.

    Mövcud layihəyə əsasən Gəncə Olimpiya İdman Parkı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaq.

    Burada idmanın bir çox növləri ilə məşğul olmaq mümkün olacaq. Əsas idman sarayında 1500 nəfər tamaşaçı tutumlu idman salonu yerləşəcək. Həmçinin kompleks böyük üzgüçülük hovuzuna malik olacaq.

    Kompleksin əsas idman qurğusu 4 mərtəbəli olacaq. Binanın alt hissəsində 10 metrədək hündürlüyü olan zirzəmi otaqları yerləşəcək.

    Gəncə Olimpiya İdman Parkında beynəlxalq standartlara uyğun böyük futbol stadionu, basketbol, voleybol və tennis meydançaları inşa ediləcək. Kompleksin inşasının təməl işləri artıq başa çatıb. Obyektin hazır olacağı tarix növbəti mərhələlər başa çatdıqdan sonra bəlli olacaq. (oxu.az)

  • Boksçumuz Çexiyada Qran Pridə finala yüksəldi

    Çexiyada boks üzrə Usti-nad-Labem Qran Prisində yarımfinal mərhələsinin görüşləri başa çatıb. Azərbaycan millisinin 1 üzvü finalda iştirak hüququ qazanıb.

    Median.Az bildirir ki, Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) 1/2 finalda tailandlı Nasuk Vuttiçayla üz-üzə gəlib. Görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27). O, həlledici görüşdə norveçli Hadi Srourla döyüşəcək.

    L.Sotomayordan fərqli, Alfonso Dominqes (81 kq) finala yüksələ bilməyib. 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusla qarşılaşan boksçumuz 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olaraq, bürünc medalla kifayətlənib.

  • Bakıda aerobika gimnastikası üzrə Avropa Çempionatının ikinci günündən maraqlı anlar – FOTO

    Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ikinci günü davam edir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu gün böyük gimnastların kişilər və qadınlar arasında fərdi proqramda, trio, qarışıq cütlüklər, qruplarda, eləcə də aero-dans proqramında çıxışları olacaq.

    İkinci yarış günündə Azərbaycanı Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva təmsil edir.

    Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

    Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

    Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

    Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

    Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

    Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatından maraqlı anları təqdim edirik:

  • Dənizkənarı Bulvarda Azarkeş Festivalı start götürüb

    Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı start götürüb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, festivalın ulduz qonaqlarının – ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun iştirakı ilə keçirilən açılış mərasiminə UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə yerli Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, assosiasiyanın I vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər təşrif buyurublar.

    Azarkeş Festivalı ictimaiyyətin böyük marağına səbəb olub. Müxtəlif əyləncə qurğuları ilə tanış olan festival ziyarətçiləri, həmçinin Maykl Ouen və Françesko Toldo ilə şəkil çəkdirmək, onlardan imza almaq imkanı da qazanıblar.

    Qeyd edək ki, Azarkeş Festivalı Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 29-na qədər fəaliyyət göstərəcək. İctimaiyyət üçün girişin sərbəst olacağı Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq və bütün ailəniz üçün Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək imkanı qazanacaqsınız. Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər.

    Azarkeş Festivalının ərazisinə giriş sərbəstdir.

    Finalda “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək.