Category: İdman

  • Eduard Məmmədov yeddinci dəfə Dünya Kubokunu qazandı – FOTO

    Tanınmış idmançımız Eduard Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən kikboksinq üzrə 25-ci Dünya Kubokunu qazanıb.

    O, veteranlar arasında keçirilən döyüşlərin qalibi olub. Bu, onun qazandığı yeddinci Dünya Kubokudur.

    Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda geniş heyətlə təmsil olunur. Bu gün yeniyetmə kikboksçularımız mübarizə aparır.





    //oxu.az

  • Mourinyu: Messi bu mövsüm “Qızıl top”a layiq deyil

    “Barselona”nın argentinalı hücumçusu Lionel Messi bu mövsüm “Qızıl top”a layiq deyil.
     
    Median.Az
    xəbər verir ki, bunu “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Joze Mourinyu deyib.

    “Mən Messinin bu il “Qızıl top”a layiq olduğuna şübhə edirəm, çünki o, Çempionlar Liqasında uğursuzluğa düçar oldu”, — deyə “Get French Football News” nəşri RMC-yə istinadən Mourinyunun sözlərini sitat gətirib.

    “Barselona” cari mövsümdə Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”a (3:0, 0:4) məğlub olub.

    Bu mövsüm ÇL-in 10 matçında iştirak edən Messi 12 qol və 10 məhsuldar ötürmənin müəllifi olub. Onun hesabında həmçinin İspaniya çempionatının 33 matçında vurulan 34 qol və 13 məhsuldar ötürmə var.//report.az

  • Azərbaycanlı idmançı 59 saat susuz qalıb: Ölümdən qayıtdım

    Bir neçə gün öncə “Elektra Events Hall”da ATEF GYM-ın təşkilatçılığı ilə bodybulding, klassik bodybulding, “Mens fizik” və bikini-fitnes üzrə açıq turnir keçirilib. Yarışda “Gömrükçü” İdman Klubunun təmsilçiləri Seymur Sadıqov gümüş, Orxan Kazımovski bürünc medal əldə ediblər.

    Turnirlə bağlı fikirlərini Sputnik Azərbaycan-a bildirən 75 kilo çəki dərəcəsində gümüş medala layiq görülmüş Seymur Sadıqov deyib ki, Azərbaycan səhnəsində hər bir nailiyyəti əldə etdiyinə görə o, artıq özünü Avropa səhnəsində sınamaq fikrindədir:

    “Bundan sonrakı məqsədim bayrağımızı xarici ölkələrdə ucaltmaqdır. Adətən mənim çəkim 90 kq olur. Yarışa isə 75 kq çəki dərəcəsində çıxıram. Ancaq çəkimi 90 kilodan 100 kiloya qaldıracağam ki, yarışlara 80-85 kiloda çıxım.”


    Sadıqov bildirib ki, turnirə hazırlıq ərəfəsində çox böyük çətinliklərdən keçməli olub: “Yarış üçün xüsusi məşqlərə 6 ay qalmış başladım. Bu müddət ərzində ancaq məşqə yox, yeməyə də diqqət ayırmalıyıq. Hər gün səhər 15 yumurta ağı, herkules, kəsmik yeyirdim. Günorta menyusunda isə 200 qram düyü, 150 qram toyuğun döş ətini yeyirdim. Axşamlar isə 200 qram balıq, kahı, xiyar, pomidor ilə qidalanırdım. Hər gün eyni qidaları yemək də başqa bir zülmdür. Meyvələrdən banan, armud şaftalı və üzüm yemək qəti olmaz. Ancaq kivi, alma, ananas və qreyfurt yemək olar.”

    S.Sadıqovun sözlərinə görə, yarışa bir neçə gün qalmış yeməyi tamamilə azaldıb, mayeni isə ümumiyyətlə qəbul etməyib. Bu isə onun vəziyyətini ağırlaşdırıb: “Hazırlıq zamanı qidalarla bağlı ölümdən qayıtdım. Bu yarışda 59 saat ərzində yediyim yemək ancaq 100 qram toyuğun döş əti idi. Hər 4 saatdan bir 100 qram qəbul edirdim. Su içmək isə qəti olmazdı”.


    Bütün bu çətinliklərə baxmayaraq, əsas olan nəticədir və idmançı da bu əziyyətin bəhrəsini görüb.

    Qeyd edək ki, Seymur Sadıqov 2014-2015-ci illərdə bürünc medal qazanıb, 2016-cı ildə isə 4-cü olub. 2017-ci ildə gümüş, 2018-ci ildə qızıl medala yiyələnib. 2019-cu il martın 12-sində keçirilən ATEF GYM açıq turnirində bodybulding idman növü üzrə 75 kq çəki dərəcəsində 2-ci yerə çıxıb.

  • Dörd güləşçimiz Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb

    Oktyabrın 10-dan 15-dək ABŞ-ın San Dieqo şəhərində idmanın 17 növü üzrə I Dünya Çimərlik Oyunları keçiriləcək.

    Median.Az xəbər verir ki, martın 29-30-da Portuqaliyanın Şaves, mayın 10-11-də isə Braziliyanın Rio de Janeyro şəhərində Dünya Çimərlik Oyunlarına lisenziya xalları verən Dünya Seriyası turnirləri keçirilib.

    Ölkəmizi bu yarışlarda dörd güləşçi – Pənah İlyaslı (-70 kq), İbrahim Yusubov (-80 kq), Kənan Əliyev (-90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edib. Şavesdə Oyan qızıl, Pənahla İbrahim isə gümüş medal qazanıb. Rio de Janeyroda Nəzəriani və Yusubov gümüş, Əliyev isə bürünc medalın sahibi olub.

    Beləliklə, iki yarışın yekununda Oyan 45, İbrahim 40, Pənah 30, Kənan isə 15 xal toplayıb. Bu nəticəylə reytinq sıralamasında Nəzəriani birinci, İbrahim ikinci, Pənah dördüncü, Kənan isə altıncı yerdədir.

    Beləliklə, güləşçilərimizin dördü də I Dünya Çimərlik Oyunlarında iştirak hüququ qazanıb. Qeyd edək ki, bu oyunlarda çimərlik güləşi üzrə yarış oktyabrın 12-13-də keçiriləcək.

    Onu da bildirək ki, daha əvvəl bu yarışda azərbaycanlı karateçi (kata) Roman Heydərovun yarışacağını xəbər vermişdik.

  • Bədii gimnastımız finala vəsiqə qazanıb

    Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Zöhrə Ağamirova finala vəsiqə qazanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün çempionatda mübarizəyə fərdi proqramda çıxış edən böyük gimnastlar qoşulub.

    Ölkəmizi bu proqramda Zöhrə Ağamirova və Vernika Qudis təmsil edib. Bunlardan Zöhrə Ağamirova finala vəsiqə qazanıb. O, halqa ilə çıxışda səkkizinci olub.

    Qeyd edək ki, dünən yeniyetmə gimnast komandamız final mərhələsinə vəsiqə qazanmışdı.

  • Millimiz Faiq Qarayevə əvəz tapdı

    Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

    Volleyball.it saytının məlumatına əsasən, yığmamızın “sükanı arxasına” italiyalı Covanni Kaprara keçib.

    Kaprara yeni vəzifədə səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyəcək.

    Baş məşqçinin əsas məqsədi avqustun 2-4-də Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə uğurlu çıxış etməkdir.

    Qeyd edək ki, D qrupunda Azərbaycanın rəqibləri Kamerun və Dominikan Respublikasıdır.

  • “Arsenal” və “Çelsi” azarkeşləri düşmən deyil” – Azad Rəhimov

    “Bura Avropadır. Bütün şəhərlər bu cür yüksək səviyyəli yarışları qəbul edə bilərlər”.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov deyib. O, Bakının Avropa Liqasının final oyununa tam hazır olduğunu bildirib:

    “İnanıram ki, şəhərimiz və qonaqpərvərliyimizi görəndən sonra hər kəs yenidən Bakıya gəlmək istəyəcək. Hava limanımız iki saat ərzində 7-10 min arası sərnişin qəbul etmək iqtidarındadır. Bu, Azərbaycan Hava Yollarından alınan rəsmi məlumatlardır. Əsas məsələ insanları aeroportda çox gözlətməmək, viza prosedurları zamanı vaxt itirməməkdir. Bütün bunlar bir nəfər üçün maksimum 25-30 saniyə ərzində həll ediləcək”.

    Nazir təhlükəsizliyin yüksək səviyyədə təmin olunacağı ilə bağlı da zəmanət verib: “Təhlükəsizlik xidmətinin əməkdaşları ilə xeyli təlimlər keçmişik. Meydandakı stüardlar istənilən problemi həll edəcək təcrübəyə sahibdirlər. Hazırda yalnız azarkeşlərin rahatlığı haqda düşünürük. Şəxsən mən hesab edirəm ki, “Arsenal” və “Çelsi” azarkeşləri düşmən deyillər, ona görə də Bakıda hər hansı problem olmayacaq”.

    Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda “Arsenal” və “Çelsi” klubları qarşılaşacaqlar.

  • “Zirə” 9 futbolçu ilə yollarını ayırdı

    Paytaxtın “Zirə” komandası 9 futbolçu ilə bağlanmış müqavilələrin vaxtını uzatmayıb.

    Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Budaq Nəsirov, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə klub arasında imzalanmış müqavilə başa çatıb.

    Paytaxt klubu futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.

  • Dünya Çempionatının ulduz səfiri Miri Yusif seçilib

    Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif bu ilin sentyabr ayında (16-22) Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının ulduz səfiri seçilib.

    Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi Dünya Çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

    Xatırladaq ki, Dünya Çempionatının daha bir səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadır.

    Hər iki ulduz səfir aprel ayında paytaxtımızda baş tutmuş bədii gimnastika üzrə Dünya Kubokunda qonaq olaraq, yarışları böyük maraqla izləmişlər.//milli.az

  • Azərbaycan komandası Bakıdakı Avropa çempionatında finala yüksəlib

    Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə, Fəridə Səfiyarzadədən ibarət kollektiv halqalar ilə kompozisiyada 21.650 xal toplayaraq beşinci yeri tutub. Bu isə yığmanın finala çıxması üçün yetərli olub.

    Qeyd edək ki, Avropa çempionatında 35 ölkənin idmançıları mübarizə aparır. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edir. Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova ilə Veronika Hudis təmsil edəcək. Avropa çempionatına mayın 19-da yekun vurulacaq.