Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov “Spartak”da çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevlə bağlı insidentə münasibətini açıqlayıb.
Median.Az report-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis “Matç TV”yə müsahibəsində 23 yaşlı yarımmüdafiəçinin ABŞ vətəndaşı ilə münaqişəsinə dair fikirlərini bölüşüb.
“Ayaz Quliyevlə tanış deyiləm, onunla söhbətimiz də olmayıb. Dünya çempionatından sonra futbola aidiyyəti olmayan yalnız belə məsələlərdən danışırıq. Bu isə vəziyyəti gərginləşdirir və narahatlıq yaradır”, – Çerçesov bildirib.
Baş məşqçi bildirib ki, bu hərəkəti oyunçuya nə klubunda, nə də yığmada müsbət imic qazandırıb: “Mən bilmirəm ki, bizim futbolçulara nə olub. Futbolçu meydanda və meydandan kənarda yığmanın tələblərinə cavab verməlidir. Biz ölkəni təmsil edirik. “Spartak”ın isə belə hadisəyə reaksiya verməməyə ixtiyarı yoxdur”.
Qeyd edək ki, Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla mübahisə edib və yumruq zərbəsi ilə burnunu qırıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım maşını gəlib. Futbolçu əcnəbidən üzr istəyib və bütün xərcləri üzərinə götürüb. Bundan sonra zərərçəkən Quliyevə qarşı heç bir iddiasının olmamasına dair ərizə yazıb. Daha sonra klub futbolçunu heyətdən kənarlaşdırıb və onu cərimələyib.
Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib.
Median.Az-ın report-a istinadən məlumatına görə, dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər iştirak ediblər.
Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.
Seminarda Azərbaycanı məşqçi Rafael Şahverdiyev təmsil edib. Ona Beynəlxalq Cüdo Təhsili Proqramının diplomu və birinci dan qara kəmər verilib.
R.Şahverdiyev CÜDO TV-yə açıqlamasında Azərbaycan Cüdo Federasiyasına (ACF) minnətdarlığını bildirib: “Mənə bu şəraiti yaratmaqda, ölkəmizə Yaponiyadan təhsil diplomunu gətirməkdə köməklik göstərən ACF-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi”.
Əməkdar artist Tünzalə Əliyeva məclislərin birində fotokameramıza tuş gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl xərçəng xəstəliyi ilə gündəmə gələn aktrisa xeyli çəki atması ilə diqqət çəkib.
127 kiloqram çəkisi ilə “Toppuş bacı” ləqəbinə layiq görülən T.Əliyeva arıqlayaraq, istədiyi çəkiyə çatıb. Tünzalə eyni zamanda saçlarını uzadıb, onları boyatdırıb.
Qeyd edək ki, Tünzalə xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Kanadanın Toronto şəhərində bir qrup azərbaycanlı gənc “Qarabağ” adlı futbol klubu yaradıb.
ilk olaraq futbol komandasına 20 nəfər azərbaycanlı daxil olub.
Onu da bildirək ki, futbol klubunu yaradan gənclər Kanadanın Vaterloo Universitetində təhsil alanda “Qarabağ” adı altında futbol komandası yaradıb və həvəskar kimi çıxışlar ediblər.
Artıq yeni yaradılan “Qarabağ” üç mindən çox üzvü olan “Toronto Soccer Connection” təşkilatının tərkibindəki liqaya qoşulub.
“Qarabağ” futbol klubu artıq Torontoda tanınır və indi komandaya Azərbaycan, Türkiyə, Fransa, İrlandiya, Albaniya, Yaponiya və başqa ölkələrdən gələn gənclər də daxildir.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə sayca 70-ci Avropa çempionatı başa çatıb.
Yunan-Roma güləş millimiz son gündə medal qazana bilməyib.
Yalnız Orxan Nuriyev (-97 kq) medal qazanmağa yaxın olsa da, o da “bürünc” üçün görüşdə finlandiyalı Elias Kuosmanenə 2:3 hesabı ilə uduzub.
Bununla belə, topladığı xallar Azərbaycanın yunan-Roma güləşi üzrə millisinə bürünc kubok qazandırıb. Belə ki, bir gün əvvəl bir gümüş və iki bürünc medal qazanmış millimiz topladığı 76 xalla bu nailiyyətə imza atıb.
Qızıl kuboku beş qızıl, bir gümüş və üç bürünc medal qazanmış Rusiya millisi qazanıb. Son gündə bir qızıl, bir gümüş və iki bürünc medal qazanan Türkiyə ikinci yerə çıxıb. Rusiya və Türkiyə millisi müvafiq olaraq 192 və 132 xal toplayıb.
Xatırladaq ki, daha əvvəl sərbəst güləş millimiz Avropanın üçüncüsü olmuşdu. Qadın millimiz isə dördüncülüklə kifayətlənmişdi.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Median.Az-ın report-a istinadən məlumatına görə, çempionluğa iddialı “Qarabağ” debütant “Sabah”ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 10-cu dəqiqədə Riçard Almeyda vurub. 65-ci dəqiqədə Filip Ozobiç fərqi iki topa çatdırıb. 77-ci dəqiqədə Mahir Mədətov hesab arasındakı fərqi daha da artırıb.
Bu nəticədən sonra xallarının sayını 54-ə yüksəldən “Qarabağ” bir günlük də olsa, vahid lider olub. “Sabah” isə 26 xalla 5-cidir.
Qeyd edək ki, günün ilk oyununda “Zirə” “Sumqayıt”ı məğlub edib – 2:0. Tura sabah keçiriləcək “Keşlə” – “Qəbələ” və “Səbail” – “Neftçi” oyunları ilə yekun vurulacaq.
***17:55
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
Median.Az-ın report-a istinadən məlumatına görə, açılış matçında “Zirə” “Sumqayıt”ı qəbul edib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qəsəbə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu “Zirə”nin legioneri Xulio Sezar Rodrigez vurub. Paraqvaylı hücumçu 31-ci dəqiqədə hesabı açıb. İlkin Qırtımov isə 90+1-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.
Bu nəticədən sonra 25-ci xalını qazanan “Zirə” 6-cı pillədəki yerini möhkəmləndirib. “Sumqayıt” isə 20 xalla 7-cidir.
Qeyd edək ki, günün digər oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək. Tura sabah keçiriləcək “Keşlə” – “Qəbələ” və “Səbail” – “Neftçi” qarşılaşmaları ilə yekun vurulacaq.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Median.Az report-a istinadən xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizəyə start verib.
Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans verməyib və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə uduzan Əzizli aprelin 13-də bürünc medal uğrunda türk idmançıyla güləşib və çətinlik çəkmədən qələbə qazanıb.
Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub. Beləliklə, Taleh də yarımfinala adlayıb. Ancaq bu mərhələdə Norveç idmançısına yenilib. Məmmədov bürünc medal uğrunda görüşdə erməni idmançı Slavik Qalstyanı 6:2 hesabı ilə məğlub edib.
Elvin Mürsəliyev ilk mərhələdə alman həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyindən Elvin aprelin 13-də təsəlliverici görüşə çıxıb. Mürsəliyev dünya və Avropa çempionu olmuş erməni Arsen Culfalakyana minimal fərqlə uduzub.
İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala çıxan 3-cü yunan-Roma güləşçimiz olub. İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İslam aprelin 13-də həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gələcək.
Sabah Şəriəti debütdə Çexiya pəhləvanı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli dünya çempionuna uduzub. Rza Kayaalpın finala yüksəlməsi Şəriətiyə mübarizəni aprelin 13-də təsəlliverici görüşlə davam etdirmək imkanı verib. Sabah ilk təsəlliverici görüşdə çətinlik çəkmədən xorvat güləşçini mübarizədən kənarlaşdırıb. İkinci təsəlliverici görüşdə yerli idmançıyla qarşılaşan yığma üzvü hakimlərin qərəzli idarəçiliyi fonunda xalçadan məğlub ayrılıb.
Türkiyənin Giresun şəhərində keçirilmiş çempionatın ikinci mərhələsində yeniyetmə qızların 45 kilometr məsafəyə velosiped üzrə qrup ötüşməsi yığma komandamızın üzvü Lalə Əbdürəhmanovanın parlaq qələbəsi ilə başa çatıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər ki, iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşan yeniyetmə qızlarımız Türkiyə çempionatında Lalə Əbdürəhmanova, Viktoriya Sidorenko, Gülşən İsmayılova və Məleykə İsgəndərovadan ibarət heyətlə çıxış edib. Bu gün iştirakçılar kriterium ötüşməsində mübarizə aparacaqlar.
Qeyd edək ki, Türkiyə çempionatında Azərbaycanın yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandaları da çıxış edir.//milli.az
Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
65 kq çəki dərəcəsində mübarizə aparan Manolova finalədək Hena Yuhansonu (İsveç), Lutsie Mantskeni (Almaniya), Petra Ollini (Finlandiya) məğlub etdi.
Finalda isə yerli ölkəni – Rumıniyanı təmsil edən macar əsilli idmançı Krista İnçeni məğlub edərək Avropa çempionu oldu.
Elisin bu qələbəsinin özəlliyi isə ondan ibarətdir ki, hesabda 0:4 geridə olsa da, ardıcıl xallar toplayaraq geridönüş edə bildi və sonda 6:4 qalib gəldi.
Bununla da o, Mariya Stadnik və Yuliya Ratkeviçdən sonra Azərbaycana qadın güləşi üzrə böyüklər arasında Avropa birinciliyi qazandırdı. Bəs bu idmançı kimdir?
Median.Az oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Elis Manolova Bolqarıstan türküdür. O, 19 yaşında olanda millimizə cəlb olunub. Atası və şəxsi məşqçisi Filip Manolovla birgə Bakıya gəlib.
Elis vətəndaşlığını dəyişdirmək üçün iki ilədək Bolqarıstan millisindən kənarda qalıb. Elisdən üç yaş böyük bacısı Canan da güləşçidir. O, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Lakin Canan Manolova öz ölkəsində qalmağa qərar verib.
Elis Bakıda hazırlıq keçən bolqarıstanlı beşqat dünya və altıqat Avropa çempionu Stanka Zlatevanın (yeri gəlmişkən, 2012-ci ildə ona da Azərbaycanı təmsil etmək təklif olunsa da, o, imtina edib – S.M.) təcrübəsindən yararlanıb. Çünki Zlatevanın şəxsi məşqçisi vaxtı ilə Azərbaycanın qadın güləş millisini çalışdırmış Simeon Şterev olub.
Manolova əvvəl də qitə çempionu olub. Onun 2012-ci ildə Polşanın Katovitse şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionluğu da var. Ancaq həmin çempionluq Bolqarıstanı təmsil edərkən qeydə alınıb.
Bundan başqa, o, Azərbaycan adından gənclər arasında iki dəfə Avropa ikincisi, iki dəfə isə dünya üçüncüsü olub. 23 yaşadək dünya və Avropa çempionatında isə müvafiq olaraq gümüş və bürünc medal qazanıb.
O, ötən il böyüklər arasında Avropa çempionatının finalında uduzsa da, bu dəfə ona finalda qalib gəlmək qismət oldu. Özü də o ötən il finalda uduzduğu finlandiyalı Petra Ollini bu dəfə yarımfinalda kürəyini döşəyə vurmaqla məğlub etdi.
2015-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuş Manolova bu ilin əvvəlində Hindistan Liqasında da çıxış edib. O, Hacı Əliyevlə birgə “Yodha” klubunun üzvü kimi mübarizə aparıb.
Onun bu uğurları sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatında Elis Manolovanın mükafatçılar sırasına düşəcəyinə inamı artırır.
Aprel Azərbaycan üçün ermənilər üzərində qələbələr ayıdır: Bu dəfə güləşçilərimiz yarış meydanında işğalçı ölkəni təmsil edən rəqiblərini darmadağın etməklə yeni zəfərin sevincini bizə yaşatdılar.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ölkəmizi uğurla təmsil edən güləşçilərdən üçü – Hacı Əliyev, İslam Abbasov və Ağahüseyn Mustafayev Ermənistan idmançıları ilə üz-üzə gəliblər. Hər üç qarşılaşma təmsilçilərimizin möhtəşəm qələbəsilə başa çatıb.
Çemionatda 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu erməni David Safaryana qalib gəlib. İlk yarını 6:2 hesablı üstünlüklə tamamlayan Mustafayev ikinci hissədə daha 6 xal qazanaraq vaxtından əvvəl qələbə qazanıb.