Category: İdman

  • Azərbaycanın sərbəst güləş yığması Avropa çempionatında 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb

    Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün sərbəst güləş üzrə daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Azərbaycan təmsilçiləri günü bir medalla başa vurub.

    92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxıb. O, həlledici qarşılaşmada polşalı Zbiqniyev Baranovskini sınağa çəkib. Döyüş Şərifovun qələbəsi ilə yekunlaşıb – 9:1. Bununla da Azərbaycan sərbəst güləşçisi karyerasında ilk dəfə Avropa çempionu olub. O, daha əvvəl 2012-ci il London Yay Olimpiya Oyunlarında və 2011-ci il dünya çempionatında qızıl medal qazanmışdı. Şərifov qitə çempionluğu da əldə etməklə, titul kollesiyasını tamamlayıb.

    Digər azərbaycanlı sərbəst güləşçilər Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) isə elə ilk görüşdə məğlub olublar və mübarizəni dayandırıblar.

    Beləliklə, Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatında 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Daha əvvəl Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medala sahib olub.

    61 kq

    Təsnifat – Əsgər Məmmədəliyev – Nikolay Oxlopkov (ROU) – 0:6

    74 kq

    Bürünc medal görüşü Hacımurad Hacıyev – Timur Bijoyev (Rusiya) – 4:6

    1/2 final – 1/2 final – Hacımurad Hacıyev – Frank Çamizo (İTA) – 2:6

    1/4 final Hacımurad Hacıyev – Maksim Vasilioqlo (Rumıniya) – 11:1

    1/8 final – Hacımurad Hacıyev – Georgi Paskalov (MDA) – 10:1

    86 kq

    Bürünc medal görüşü – Murad Süleymanov – Əli Şabanov (Belarus) – 2:11

    1/2 final – Murad Süleymanov – Vladislav Vəliyev (RUS) – 0:7

    1/4 final – Murad Süleymanov – Teymuraz Naskidaeva (İspaniya) – 7:2

    1/8 final – Murad Süleymanov – Ahmed Ruslanoviç (Almaniya) – 5:0

    Təsnifat – Murad Süleymanov – Riçard Ferents Liqeti (HUN) – 5:0

    92 kq

    Final – Şərif Şərifov – Zbiqniyev Baranovski (Polşa) – 9:1

    1/2 final – Şərif Şərifov – İrakli Mtsituri (Gürcüstan) – 8:2

    1/4 final – Şərif Şərifov – Məhəmməd Qurbanov (RUS) – 6:2

    125 kq

    Təsnifat – Seyid Məhəmmədrza Azərşakib – Eqzon Şala (KOS).

  • Daha bir güləşçimiz Avropa çempionatında yarımfinala adlayıb

    Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

    Median.Az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə başlayıb.

    Türkan Nəsirova (-50 kq) və Elmira Qəmbərova (-59 kq) gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olub.

    Dünya üçüncüsü İrina Netreba bu dəfə gücünü 68 kq-da sınayıb. Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn yığmamızın üzvü 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək adını yarımfinala yazdırıb. Onun bu mərhələdəki rəqibi ukraynalı Alla Çerkasova olacaq.

    Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva (-76 kq) startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarıyla bacarmayıb.

    Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

  • Azərbaycanlı güləşçi: “Qələbəmi Aprel şəhidlərinin ruhuna ithaf edirəm”

    “Gördüyünüz kimi, çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Hacı Əliyev (65 kq) deyib.

    28 yaşlı idmançı yarışın ağır keçdiyini vurğulayıb. O, növbəti dəfə Avropa çempionu olduğu üçün şad olduğunu söyləyib: “Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram. Yavaş-yavaş formamın zirvəsinə çatıram. Ancaq dayanmaq olmaz. Daha da artırmaq lazımdır. Çünki bizi çox güclü dünya çempionatı gözləyir. Ona çox yaxşı hazırlaşmalıyıq”.

    Qeyd edək ki. Hacı Əliyev 1/8 final mərhələsində Ermənistan güləşçisi Vazgen Tevanyanı məğlubiyyətə uğradıb.

  • “ShamkirChess 2019” turnirinə yekun vuruldu

    Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2019” superturnirinə yekun vurulub.

    Sonuncu – IX turda Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə, Teymur Rəcəbov isə çexiyalı David Navara ilə heç-heçə edib.

    Hazırkı dünya çempionu və turnirin qalibi Maqnus Karlsen isə yenə qələbə qazanıb. O, rusiyalı Aleksandr Qrişuku məğlub edib.

    IX tur

    9 aprel

    Maqnus Karlsen (Norveç) – Alekandr Qrişuk (Rusiya) – 1:0

    Şəhriyar Məmmədyarov (Azərbaycan) – Sergey Karyakin (Rusiya) – 0,5:0,5

    Vişvanatan Anand (Hindistan) – Veselin Topalov (Bolqarıstan) – 0,5:0,5

    Dinq Liren (Çin) – Aniş Giri (Hollandiya) – 0,5:0,5

    David Navara (Çexiya) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5

    Qeyd edək ki, Maqnus Karlsen 9 turdan sonra 7 xal toplayıb. Dinq Liren və Sergey Karyakin 5 xalla 2-3-cü, Alekandr Qrişuk, Vişvanatan Anand, Teymur Rəcəbov 4,5 xalla 4 – 6-cı yerləri bölüşdürüblər. 4 xalı olan Veselin Topalov və David Navara 7-8-ci yerləri tutublar. Şəhriyar Məmmədyarov 3.5 xalla 9-cu, Aniş Giri isə 3 xalla 10-cu olub./report

  • Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında finala yüksəlib

    Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov yarımfinalda Gürcüstan təmsilçisi İrakli Mtsiturini məğlub edib. O, həlledici görüşdə polşalı Zbiqniyev Baranovski ilə qarşılaşacaq.

    Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) yarımfinalda məğlub olsalar da, bürünc medal uğrunda yarışacaqlar. Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıblar. Bu çəki dərəcələrində medal görüşləri sabah keçiriləcək.

    Qeyd edək ki, Cəbrayıl Həsənov (79 kq) rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün Avropa çempionu olub. Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi final görüşünə çıxacaq. Hacı Əliyev (65 kq) və Ağahüseyn Mustafayev (70 kq) müvafiq olaraq türkiyəli Selahəttin Kılıcsallayan və Mustafa Kaya ilə üz-üzə gələcək. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov bürünc medal görüşündə fransalı Zuheyir Əl Orajı, 97 kq-dakı Nurməhəmməd Hacıyev isə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.

  • Üç güləşçimiz Avropa Çempionatının finalında

    Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

    İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.

    Mahir Əmiraslanov startda Moldova təmsilçisinə qalib gəlsə də, 1/4 finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

    Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev startda Belarus, daha sonra Ermənistan idmançısına qalib gəlib. 1/4 finalda Rusiya güləşçisinə də gücünü göstərən Hacı adını yarımfinala yazdırıb.

    Bu mərhələdə Moldova nümayəndəsinə heç bir şans tanımayan millimizin lideri ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib.

    Ağahüseyn Mustafayev Avropa çempionatına möhtəşəm başlayıb. Ardıcıl iki dünya çempionunu – Rusiya və Ermənistan pəhləvanını məğlub edən yığma üzvü yarımfinala adlayıb. Finalın bir addımlığında Böyük Britaniya təmsilçisini də rahat üstələyən Ağahüseyn karyerasında ilk dəfə AÇ-nin finalına vəsiqə qazanıb.

    Millimizin kapitanı Cəbrayıl Həsənov qitə birinciliyinə inamlı start verib. Startda gürcü güləşçi üzərində əzmkar qələbə qazanan ikiqat Avropa çempionu ardınca Almaniya idmançısını tam üstünlüklə məyus edib və yarımfinala yüksəlib. Finalın bir addımlığında isə Moldova güləşçisi Həsənova müqavimət göstərə bilməyib.

    Beləliklə, Cəbrayıl 6-cı dəfə AÇ-nin finalına yüksəlib.

    Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev startda olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə qarşılaşıb və uduzub. Ancaq titullu rəqib finaladək irəlilədiyi üçün Hacıyev sabah təsəlliverici görüşə çıxacaq.

    Qeyd edək ki, finallar sabah axşam seansında baş tutacaq.

  • “Formula 1”- də iştirak edəcək ikinci məşhurun adı açıqlandı – FOTO/VİDEO

    Aprelin 26-28 kimi Bakıda keçiriləcək “Formula 1” Qran-Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci məşhur ulduzun adı açıqlanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu dünya şöhrətli amerikalı hip-hop ifaçısı Kardi Bidir. Sənətçi aprelin 28-də Crystall Hall-ın səhnəsində çıxış edəcək.

    Qeyd edək ki, Kardi tarixdə ilk qadın reperdir ki, “Grammy”də “Ən yaxşı repçi albomu” nominasiyası üzrə qalib gəlib.

    Onun səsləndirdiyi musiqi parçalar xüsusi ilə gənclər arasında çox sevilir və bəyənilir. Kardi Binin konsertində iştirak etmək istəyirsinizsə biletləri şəhərimizin kassalarında əldə edə bilərsiniz.

  • “Formula-1” vaxtı Bakıda gediş-gəliş necə olacaq?

    Bakı şəhər sakinləri “Formula-1” yarışı ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcək.

    Median.Az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Qaynarinfo-ya verilən məlumata görə, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və bununla yanaşı, piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcək.

    Nəqliyyat hərəkətinin qadağan olunduğu ərazilər üç zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq Meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.

    Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız 2019 Formula 1 Azərbaycan Qran Prisi zamanı yol məhdudiyyətləri tətbiq edilən müddət (22-30 Aprel) üçün etibarlıdır.

    İcazə sənədi nəqliyyat vasitəsinin ön şüşəsinin sağ tərəfinin aydın görünən aşağı hissəsinə yerləşdirilməlidir. İtirilmiş, oğurlanmış və ya yararsız hala düşmüş sənəd yenisi ilə əvəz olunmayacaq. Yarış ərəfəsində yalnız icazə sənədinə sahib nəqliyyat vasitələri bu zonalara buraxılacaq və onların istənilən zonaya daxil olmasına icazə veriləcək.

    Məlumat üçün bildirək ki, 1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq və icazə sənədi olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Neftçilər prospekti ilə Asəf Zeynallı küçəsinin kəsişməsi, 2-ci zonaya giriş Rəşid Behbudov və Xəqani küçələrinin kəsişməsi, 3-cü zonaya giriş isə Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.

    Nəqliyyatın fasiləsiz hərəkəti üçün təyin olunan alternativ yollarla xəritədə tanış ola bilərsiniz. Bu xəritədə həmin yollar mavi rənglə göstərilib. Həmin küçələrdə nəqliyyatın hərəkətinə icazə verilsə də, bu yerlərdə parklanma qadağan olunacaq. Qırmızı rənglə göstərilən küçələrdə isə aprelin 22-si gecə saat 01:00-dan etibarən aprelin 30-u saat 06:00-a qədər nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.

    Həmçinin, bu il konsert və əyləncə proqramlarının Kristal Zalında keçirilməsi ilə əlaqədar olaraq, 27 və 28 aprel tarixlərində Azneft dairəsindən Bayraq Meydanına qədər olan yolda 17:00-04:00 saatları arasında nəqliyyatın hərəkəti tam dayandırılacaq.

    Qeyd edək ki, aprelin 24-dən saat 08:00-dan aprelin 29-na qədər dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 25-i, saat 12:00-dan etibarən yarış günlərində yalnız 4-günlük bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək. Digər bilet sahibləri üçün həmin zona 26-27-28 aprel, saat 10:00-dan etibarən açıq olacaq.

    Şəhər sakinləri və qonaqlar yuxarıda qeyd olunan günlər ərzində Park Bulvar alışveriş mərkəzindən istifadə edə biləcəklər.

    Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

  • Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında finala yüksəlib – YENİLƏNİB

    Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 70 kq çəki dərəcəsində yarışan Ağahüseyn Mustafayev yarımfinalda Almaniya təmsilçisi Nikolae Koyokaruya qalib gəlib – 6:0.

    O, finalda Mustafa Kaya (Türkiyə) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibi ilə güləşəcək. Daha əvvəl Hacı Əliyev (65) də finala yüksəlib.

    Qeyd edək ki, sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79) da yarımfinal görüşünə çıxacaq.

    ***19:41

    Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultanı məğlub edib – 12:2. O, finalda türkiyəli Selahəttin Kılıcsallayanla qarşılaşacaq. Final görüşləri sabah keçiriləcək.

    Qeyd edək ki, bu gün digər sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79) da yarımfinal görüşlərinə çıxacaqlar.

  • Maqnus Karlsen “Shamkir Chess 2019”un qalibi oldu – FOTO

    Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin qalibi müəyyənləşib.

    Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.

    Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.

    Hazırda Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin), Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) və Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir. Turnirə aprelin 9-da yekun vurulacaq.