Category: İdman

  • Olimpiya məşəli Romadan Bakıya ötürülüb – FOTO

    Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına 100 gün qalmış məşəl İtaliyanın paytaxtı Romadan Azərbaycana ötürülüb.

    Oxu.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, lX əsrdə Dostluq və Qardaşlıq simvolu olaraq Roma İmperatoru Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri baş tutub.

    Tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edib.

    Keçirilən mətbuat konfransında xarici jurnalistlərə bildirilib ki, bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş Crystal Hall bu il açılış mərasinin keçiriləcəyi məkan olacaq.

    Bununla yanaşı, təqdimat mərasimində Fərid Mansurov (Yunan-Roma güləşi. Olimpiya çempionu 2004, dünya çempionu 2007, 2009), cüdoçu Kəramət Hüseynov (2017, U-23 Avropa çempionatı bürünc medal və 2018 böyüklər arasında Avropa Kuboku, bürünc medal) və voleybolçu Raziyə Əliyeva (2018 yeniyetmələr arasında voleybol çempionatı, qizil medal) iştirak edib.

    Daha çox, nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanej Koyançiçə, o isə gənc Raziyə Əliyevaya təqdim edib.







  • Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında növbəti medalını qazanıb

    Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda dueldə Bolqarıstan təmsilçisi Nikolova Xristovaya şans verməyib.

    Azərbaycanın digər qadın güləşçisi Tatyana Omelçenko (62 kq) “bürünc” üçün ukraynalı İlona Prokopevnyuku sınağa çəkəcək. Elis Manolova (65 kq) isə finalda Rumıniya idmançısı Krista İnçenin müqavimətini qırmağa çalışacaq.

    Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Elmira Qəmbərova (59 kq) bürünc medal qazanıb.

  • İslam Abbasov erməni dünya çempionunu məğlub etdi – YENİLƏNİB

    Hacı Əliyev və Ağahüseyn Mustafayevin ardından daha bir güləşçimiz erməni rəqibini Avropa çempionatında məğlub etməyi bacarıb.

    İslam Abbasov 1/4 finalda dünya və ötən ilin Avropa çempionu olmuş Maksim Manukyanı 6:1 hesabı ilə məğlub edib.

    Həm İslam Abbasov, həm də Eldəniz Əzizli ilə Taleh Məmmədov axşam seansında yarımfinal görüşlərinə çıxacaq.

    * * * * *

    Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

    Beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib.

    Bu gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizə aparır.

    Dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) ilk görüşündə Sebastyan Kolomparı (Serbiya) cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib – 9:0. O, 1/4 finalda Nuqzar Surtsumianı (Gürcüstan) da eyni hesabla yenərək yarımfinala vəsiqə qazanıb.

    Taleh Məmmədov (-63 kq) təsnifat mərhələsində Donior İslamovdan (Moldova) güclü olub – 8:3. 1/4 finalda Mihay Mihutu (Rumıniya) məğlub edərək yarımfinala adlayıb – 8:7.

    İslam Abbasov (-87 kq) startda çətinliklə də olsa, Denis Kudlaya (Almaniya) qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisi David Çakvetadzeni də məyus edərək (2:1) 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi erməni güləşçisi Maksim Manukyan olacaq.

    Qeyd edək ki, bu gün qadın güləşçilərimizin də üç medal qazanmaq şansı var. Elis Manolova (-65 kq) qızıl, Tatyana Omelçenko (-62 kq) və Alyona Kolesnik (-57 kq) bürünc medal qazana bilər.
    //oxu.az

  • Şəhriyar Məmmədyarov: “Mənim psixoloji problemlərim var”

    Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında fəal çıxış edə bilməyib. O, iki dəfə məğlub olub və qalan partiyaları isə heç-heçə başa vurub. Nəticədə doqquzuncu yerlə kifayətlənməli olub.

    Median.Az xəbər verir ki, Sputnik Azərbaycan-a müsahibəsində Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirindəki uğursuzluğunun səbəblərinə aydınlıq gətirib, həmçinin özünün iddiaçılar turnirində iştiraka vəsiqə qazanmaq uğrunda mübarizəsinin perspektivlərindən danışıb.


    – Şəmkirdə uğursuz çıxışınızın səbəbləri nədir?

    – Mənim turnirdə taleyimi həll edən ən vacib partiya üçüncü turda Vişvanatan Ananda qarşı oynadığım partiya oldu. Bu görüşdə mən qaralarla uduş mövqeyində idim, lakin gözlənilən zəfərin əvəzinə məğlub oldum. Düşünürəm ki, analoji vəziyyət Aniş Qrişin də başına gəlib. O da Sergey Karyakinlə olan partiyada uduş mövqeyində idi. Amma sonunda böyük bir üstünlüyü əldən verdi və məğlub oldu. Nəticədə biz hər ikimiz çox pis çıxış etdik, o, üç partiyanı uduzdu, mən isə iki partiyanı. Vişi Ananadla olan partiyada udmaq şansını əldən verəndən sonra mənim sadəcə turnirdə qələbə uğrunda mübarizə aparmaq əzmim qalmadı. Ananda məğlub olmaq mənə psixoloji cəhətdən çox pis təsir göstərdi və bundan sonra hər şey get-gedə pisə doğru getdi.

    – Bəlkə psixoloji hazırlıqları artırmaq lazımdır?

    – Bu turnir uzun sürmədi, ona görə də partiyalar zamanı yaranan şansdan istifadə etmək lazım idi. Misal üçün, 2017-ci ildə mən IV Vüqar Həşimov memorialında udarkən belə bir qeyri-mütənasib vəziyyətə düşmüşdüm. Onda mən Pavel Elyanov və Vladimir Kramniklə partiyalarda pis mövqedə idim. Amma rəqiblərim səhvə yox verdilər və onda qələbə üçün şans yarandı, mən də ondan istifadə etdim. Belə şeylərə daha peşəkar yanaşmaq lazımdır. Nə vaxt ki, şans üzünə gülür, yaxud səndən üz döndərir, emosiyaları həddindən artıq biruzə vermək olmaz, daha sakit olmaq lazımdır. İstənilən halda qələbə şansını qaçırmamağa çalışıram. Yeri gəlmişkən, başa çatmış memorialda Teymur Rəcəbov birinci turdakı partiyada Maqnus Karlsenə qarşı yaxşı mövqe tutmuşdu və ona problem yarada bilərdi. Amma bunu edə bilmədi. Bundan sonra Karlsen komfortlu mövqe tutdu.

    – Siz Şəmkirdə iki dəfə qələbə qazanmısız (2016 və 2017-ci illərdə) və bu turnirlərin heç birində Karlsen iştirak etməyib. O sizə belə təsir göstərir?

    – Sözsüz ki, Maqnus iştirak etdiyi istənilən turniri gücləndirir. Onun iştirak etdiyi turnirlərdə oynamaq həmişə sadə deyil. Baxmayaraq ki, mən onun iştirak etdiyi turnirlərdə qələbə qazanmışam. Bu məqamda ötənilki İsveçrə Bilində keçirilən turniri yada salmaq olar. Mən orada nəinki birinci yeri tutmuşdum, həm də Karlsenə qalib gəlmişdim.

    Bütün bunlarla yanaşı, onun hazırda dünya şahmatının lideri olduğunu, uzun illər ərzində dünya çempionu titulunu qoruduğunu, dünya reytinqində liderliyi saxladığını və turnirlərin əksəriyyətində qalib gəldiyini etiraf etməmək olmaz. Əlbəttə ki, hazırkı dünya çempionunun iştirak etdiyi turnirlərdə qalib gəlmək xeyli çətindir. Amma heç kəs deyə bilməz ki, bu, mümkün deyil. Bunun üçün öz üzərində daha çox işləməyi davam etdirmək və partiyalara yaxşı hazırlaşmaq lazımdır.

    – Heç olmasa, Şəmkirdə Maqnus sizi uda bilmədi…

    – Bəli, lakin o, bunu yanvarda Hollandiyada, Veyk-an-Zeedəki turnirdə etmişdi. Onda ümumilikdə ona qarşı yaxşı oynadım və partiyanı sakitcə heç-heçə etmək üçün imkan qazandım. Amma mən udmaq istəyirdim. Riskli oynadım və nəticədə də uduzdum.

    – Bu il sizin üçün yaxşı başlamadı – Veyk-an-Zey və Şəmkirdə uğursuzluq. Sizcə bunun səbəbi nədir?

    – Həqiqətən də 2019-cu il mənim üçün çox pis başlayıb. Yeri gəlmişkən, Veyk-an-Zeydə Karlsenə məğlub olmağım mənim sonrakı çıxışlarıma pis təsir elədi. Şəmkirdə Ananda məğlub olmağım da həmçinin, mənə güclü təsir elədi və uğursuz oynamağa başladım. Mənim həqiqətən də psixoloji problemlərim var. Ona görə də məğlubiyyətdən sonra dərhal özümə gələ bilmirəm.

    – Nəzərə alanda ki, bir ay sonra siz FİDE Qran-Prisinin birinci mərhələsində çıxış etməlisiz, indi bu uğursuzluqlardan sonra sizə tam bərpa olunmaq lazımdır…

    – Qran-Pri turnirləri seriyası iddiaçılar turnirinə seçilmək baxımından bu ilin ən vacib turniridir. Mənim ehtiyatda hələ bir ayım var və bu müddət ərzində tamamilə bərpa olunaraq özümə gələ bilərəm. Ola bilməz ki, bu uğursuzluqlar bütün vaxt ərzində davam etsin. Ümid edirəm ki, yaxın zamanlarda daha yaxşı oynamağa başlayacağam. Həm də Beynəlxalq Şahmat Federasiyası iddiaçılar turnirinin seçim sisteminə dəyişikliklər edib. Turnirləri daha çox nokaut-sistem üzrə oynamaq lazım gələcək. İstənilən halda asan olmayacaq. İndi şahmatda rəqabət çox yüksəkdir. FİDE Qran-Prisinə hazırlıqlara ad günümü qeyd edəndən (12 aprel) dərhal sonra başlayacağam.

    – 34 yaşınızı necə qeyd edəcəksiz?

    – Əlbəttə ki, ailəmin əhatəsində. Amma uzunmüddətli istirahət olmayacaq. Çünki qarşıda çox gərgin mövsüm var. Həm də iddiaçılar turnirinə düşmək şansı qazanmaq üçün böhrandan mümkün qədər tez çıxmaq lazımdır.

  • Ayaz amerikalı turistin burnunu qırdı

    Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev insident törədib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Moskva küçələrinin birində amerikalı turistlə dalaşıb.

    Hadisə gün saat 11 radələrində baş verib. Quliyev idarə etdiyi maşınla svetoforun qırmızı işığında yolu keçib. Bu zaman onun avtomobili piyada keçidindən keçən amerikalı turist Maykl Ko Couns Eliyə toxunub. Nəticədə tərəflər arasında dava düşüb. Gənc futbolçu amerikalının burnunu qırıb.
    Hadisə yerinə polis və təcili tibbi yarım gəlib.

    Quliyev əvvəlcə günahın turistdə olduğunu, onun maşınına zərbə vurduğunu desə də, daha sonra səhvini etiraf edib və qarşı tərəfdən dəfələrlə üzr istəyib. O, turistin xəstəxana xərcini də üzərinə götürüb. Cons Eli isə futbolçudan şikayətçi olmadığını bildirib.

    Qeyd edək ki, Rusiya mətbuatı ötən ilin sonunda “Mersedes” alan Quliyevin 200-ə yaxın yol hərəkət qaydasını pozduğunu yazıb.

  • Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

    Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Finlandiya təmsilçisi Petra Ollini məğlub edib. O, finalda rumıniyalı Krista İnçe ilə üz-üzə gələcək.

    Yarımfinalda məğlub olan Tatyana Omelçenko (62 kq) isə bürünc medal görüşündə qüvvəsini sınayacaq.

    Alyona Kolesnik (57 kq) 1/4 finalda məğlub olsa da, rəqibi finala çıxdığı üçün təsəlliverici görüşə çıxacaq. Tatyana Varansova (53 kq) isə 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb.

    Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netreba (68 kq) bürünc medal görüşünə vəsiqə qazanıb. Onlar da bu gün çıxış edəcəklər.

  • Azərbaycan gimnastı Avropa Oyunlarına vəsiqə qazandı

    Polşanın Şetsin şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi İvan Tixonov təsnifat mərhələsində 79,198 xalla 23-cü olub.

    Median.Az xəbər verir ki, o bu nəticə ilə final mərhələsinə vəsiqə qazanıb.

    Həmçinin rusiyalı legionerimiz olan İvan Tixonovun nəticəsi onun iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanmasına səbəb olub.

    Bakıda keçirilmiş Dünya Kubokunun gümüş mükafatçısı Nikita Simonov zəif nəticə ilə yadda qalıb. O 12 apreldə baş tutacaq final mərhələsinə vəsiqə qazana bilməyib.

    Qeyd edək ki, bu gün qadınların yarışında Azərbaycanı Marina Nekrasova təmsil edəcək.

  • Azərbaycan millisi Avropa çempionatında ümumi komanda hesabında üçüncü yeri tutub

    Azərbaycanın sərbəst güləş yığması Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatını ümumi komanda hesabında 3-cü yerdə başa vurub.

    Median.Az report-a istinadən məlumatına görə, Saypulla Absaidovun baş məşqçi olduğu kollektiv 145 xal toplayıb. Rusiya 162 xalla 1-ci, Türkiyə 156 xalla 2-ci yeri tutub.

    Lakin ən çox qızıl medalı hərəyə 3 dəfə Azərbaycan və Türkiyə qazanıb. Rusiya 2, İtaliya və Ermənistan isə 1 qızıl medala sahib olub.

    Qeyd edək ki, Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 6 medal qazanıblar. Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medala sahib olub. Əvəzində Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) isə elə ilk görüşdə məğlub olublar və mübarizəni dayandırıblar.

  • “Ronaldunun Dağıstanda təhlükəsizliyinə cavabdeh deyiləm” – Həbib

    Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov “Yuventus”un hücumçusu Kriştianu Ronaldu ilə dostluğundan danışıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, dağıstanlı idmançı portuqaliyalı superulduzla tez-tez yazışdığını bildirib. Ancaq Həbib yaxın dostunu Dağıstana dəvət etmək barədə düşünmədiyini söyləyib:

    “Digər idman növü ilə məşğul olan bir çox şəxslə münasibətim var. Eləcə də Ronaldu ilə hər oyundan sonra yazışırıq. Onu Dağıstana dəvət etmək? Bilmirəm, hələ indiyə kimi belə bir fikrim olmayıb. Çünki bunun üçün ona cangüdən tutmalıyam. Bizdə təhlükəsizlik mətbuatda göstərildiyi kimi deyil. İstənilən halda, Ronaldu dünyanın ən məşhur idmançısıdır. Onun təhlükəsizliyinə cavabdehlik daşımaq istəmərəm. Amma belə istədiyi vaxt bura gələ bilər. Onu qarşılaşmağıma şad olaram”.

  • “Formula 1” zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli olub

    “Formula 1” üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, bu, Cardi B ləqəbli Belkalis Almanzardır.

    ABŞ-dan olan müğənni 28 apreldə Bakı Kristal Zalında səhnə alacaq.

    Qeyd edək ki, “Formula 1” zamanı Bakıda çıxış edəcək ilk ulduz Sem Smitdir. Britaniyalı müğənninin konserti aprelin 27-də olacaq.//report.az