Category: İdman

  • Yeniyetmə cüdoçularımız Avropa kubokunu qazanıblar – FOTO

    Çexiyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub.

    Azərbaycan Cüdo Federasından verilən məlumata görə, beynəlxalq yarışın son günündə millimiz aktivinə daha bir medal yazdırıb. 57 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı yalnız bir görüşdə uduzaraq bürünc medala sahib olub.

    Beləliklə cüdoçularımız Avropa kuboku yarışında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. İlk yarış günündə İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

    Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) isə bürünc medala sahib olub.

    Yeniyetmə cüdoçularımız Çexiyanın Teplitse şəhərində keçirilən Avropa kuboku yarışının komanda hesabında medalların həm əyarı, həm də sayına görə 1-ci yeri tutublar.

    Millimizin baş məşqçisi Ramiz Ramizzadəyə yarışın baş kuboku təqdim olunub.



  • “Neftçi”dən vacib qələbə

    Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, “Neftçi” “Zirə”ni darmadağın edib – 4:2.

    “Neftçi”nin heyətində Baqali Dabo (dubl), Anton Krivotsyuk və Namik Ələsgərov fərqlənib.

    Qonaqların qollarını isə Mfo Kqasvane vurub.

    Bu qələbədən sonra “Neftçi” xallarını 51-ə çatdırıb və çempionatın vahid liderinə çevrilib. “Zirə” isə 22 xalla altıncı pillədə qərarlaşıb.

  • Tərlan Əhmədov istefa verir

    “Belə oyun haqda danışmağa söz tapmıram. Autsayderlərin oyunu olduğu üçün üzərimizdə həddindən artıq təzyiq vardı. Zədəlilər də bir tərəfdən”.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 23-cü turunda səfərdə “Sumqayıt”a 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

    O, bildirib ki, futbolçularda məğlub psixologiyası var və onları dəyişməkdə çətinlik çəkir: “Burada komandanı düzəltməkdə çətinlik çəkdim. Etiraf edim ki, bacarmadım. İstefa verəcəyəmmi? Rəhbərliklə danışacam. Hər şey ola bilər. Əvvəl işlədiyim yerlərdə alınırdı, burada mümkün olmadı. Rəhbərlik danışıb, qərar verəcəyik. Bu mövsüm mənə qədər 2 baş məşqçi dəyişib. Yayda komandaya yetərincə yaxşı futbolçular cəlb etmək lazım idi. Qışda da cəmi 6 oyunçu götürdük”.

    T.Əhmədov deyib ki, səhvləri analiz etsələr də, nəticə əldə etmək olmur: “AZAL-da komandanı özüm qurmuşdum. Orda pul olmasa da, mənə görə canlarını qoyurdular. Burada həmin komandanı qura bilmədim. Bəlkə qalan 5 turda kimsə bunu bacara bilər”.

  • “ShamkirChess 2019”: Şəhriyar Məmmədyarov uduzub, Teymur Rəcəbov heç-heçə edib

    Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirində VI turun görüşləri keçirilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qara fiqurlarla mübarizə aparıblar.

    Məmmədyarov bolqarıstanlı Veselin Topolova uduzub. Bu, 34 yaşlı qrossmeysterin turnirdə ikinci məğlubiyyəti olub. Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla xalı yarı bölüb. Bu, 32 yaşlı şahmatçının ardıcıl 6-cı heç-heçəsi olub.

    “ShamkirChess 2019”

    VI tur

    6 aprel

    Dinq Liren (Çin) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5

    Sergey Karyakin (Rusiya) – Vişvanatan Anand (Hindistan) – 1:0

    Alekandr Qrişuk (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5

    Aniş Giri (Hollandiya) – David Navara (Çexiya) – 0,5:0,5

    Veselin Topalov (Bolqarıstan) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 1:0

    Qeyd edək ki, 6 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen və Sergey Karyakin hərəyə 4 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand, David Navara, Dinq Liren, Aleksandr Qrişuk, Veselin Topalov və Teymur Rəcəbov 3 – 8-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Aniş Giri 9-10-cu yerləri bölüşürlər.

  • “Sumqayıt”dan qələbə

    Azərbaycan çempionatında 23-cü tura start verilib.

    Median.Az xəbər verir ki, ilk turda “Sumqayıt” “Keşlə” ilə qarşılaşıb. Meydan sahibləri 2:1 hesablı qələbəyə sevinib.

    “Sumqayıt” – “Keşlə” – 2:1

    Qollar: Peyman Babayi, 4, Cavid Tağıyev, 85 – Samir Məsimov, 40

    Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Rauf Cabarov

    Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi:

    Məmmədəli Məmmədov Sumqayıt şəhər stadionu, 16:00//qafqazinfo.az

  • UFC tarixinin ən “təmiz” döyüşçüsü açıqlandı

    İrlandiyalı qarışıq döyüş növləri (MMA) ustası Konor Makqreqor dopinq testlərdə mənfi nəticələrin sayına görə UFC-də liderdir.

    Bu barədə təşkilatın vitse-prezidenti Ceff Novitski öz “Twitter” səhifəsində yazıb.

    Qurumun ali rəsmisi ABŞ-ın anti-dopinq agentliyinin məlumatlarını paylaşıb. 30 yaşlı irlandiyalı döyüşçü 49 dopinq testindən keçib və hər birində mənfi nəticə çıxıb. Onlardan 11-i amerikalı boksçu Floyd Meyuezerlə döyüşdən öncə olub.

    Mənfi test nəticələrinə görə ikinci yerdə hazırkı UFC çempionu (ağır çəkidə), amerikalı döyüşçü Daniel Kormye (45 test), üçüncü yerdə isə braziliyalı döyüşçü Rafael Dos Anyos (41 nəticə) gəlir.

    Qeyd edək ki, K.Makqreqor karyerası ərzində 21 qələbə qazanıb, dörd dəfə məğlub olub. Döyüşçü iki ayrı çəki kateqoriyasında UFC çempionu olub.

  • Xəstəxanaya yerləşdirilən Pele açıqlama verdi

    Parisdə xəstəxanaya yerləşdirilən əfsanəvi braziliyalı futbolçu Pele səhhəti barədə açıqlama verib.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, o, vəziyyətinin nisbətən yaxşılaşdığını bildirib:

    “Antibiotiklər yaxşı təsir edir. Analizlər müalicənin yaxşı getdiyini göstərir. Özümü yaxşı hiss edirəm. Dəstəyiniz üçün təşəkkürlər”.

    Qeyd edək ki, Pele 2 apreldə PSJ-nin futbolçusu Kilian Mbappe ilə görüşdükdən sonra səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.

  • “Bakıda ilk dəfə yarışacağam” – Şumaxerin oğlu

    “Düzü, mən belə nəticə göstərəcəyimi gözləmirdim”.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu yeddi qat “Formula 1” çempionu Mixael Şumaxerin oğlu Mik deyib.

    O, Bəhreyn trasında “Ferrari” və “Alfa Romeo” bolidləri ilə test yürüşü edib. “Formula 3″ün hazırkı çempionu və “Formula 2″nin debütantı “Ferrari” ilə ikinci, “Alfa Romeo” ilə isə altıncı ən sürətli pilot olub.

    “Hər şey çox pozitiv keçdi. Komanda ilə işləmək çox asan oldu. Hər iki komanda da mənə bilməyim lazım olan nöqtələri öyrənməkdə çox kömək etdilər”, – deyə Mik Şumaxer bildirib.

    Daha sonra o, “Formula 2″də növbəti yarışı olacağı Azərbaycan Qran-Prisi barədə danışıb:

    “Bu andan etibarən nələr olacağını bilmirəm. Yenidən “Formula 2″də yarışmağı səbirsizliklə gözləyirəm. Bakı xüsusi trasdır, orda ilk dəfə iştirak edəcəyəm.

    Simulyatorda “Prema” ilə çox işləyəcəyəm və bunun üçün hazırlaşacağam. Burada öyrəndiklərimdən istifadə etməyə çalışacağam”.

    Qeyd edək ki, Azərbaycanda bu il “Formula-1” və “Formula-2” yarışları 26-28 aprel tarixlərində keçiriləcək.

  • “Formula-1” üçün bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək prosesinə start verildi

    2019 “Formula-1” Azərbaycan Qran-Prisinə bilet alan tamaşaçılar bu gündən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişə bilər.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, bu proses aprelin 28-i yarış başlayanadək davam edəcək.

    Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidir. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər.

    Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin, onlayn qaydada davam edəcək. Onlayn alınan bilet vauçerləri 2019 “Formula-1” Azərbaycan Qran-Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

    Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər.//oxu.z

  • Azərbaycanlı cüdoçu Türkiyədəki Qran-pridə bürünc medal qazanıb

    Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, o, üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Sarah Menezesi məğlubiyyətə uğradıb.

    Bu gün mübarizəyə qoşulan digər yeddi idmançı isə turniri medalsız başa vurub.

    Orxan Səfərov (60 kq) təsəlliverici görüşdə uduzub. Oruc Vəlizadə (60 kq), İbrahim Əliyev, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq) və İçinxorlu Munxtsedev (57 kq) Qran-pri ilə erkən vidalaşıblar.

    Turnirə aprelin 7-də yekun vurulacaq.