Category: İdman

  • “Qarabağ” “Sumqayıt”ı böyük hesabla məglub etdi

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu keçirilib.

    “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Heç- heçə bitən oyundan sonra “Qəbələ” qızıl medal qazanmaq şansını rəsmən itirib. Əyalət təmsilçisi üçüncü pillədə qərarlaşan “Səbail”dən 4 xal geri düşüb.

    “Sumqayıt” isə son 5 mövsümün çempionu “Qarabağ”ı qəbul edib.

    “Qarabağ” hər hissədə 3 top vuraraq 6:0 hesabı ilə qalib gəlib.

    Bu qələbə sayəsində xallarını 48-ə çatdıran “Qarabağ” “Neftçi”nin liderliyinə şərik olub. “Sumqayıt” isə 17 xalla 8-ci pillədə qalıb.

  • Kamran Ağayev yenə zədələndi

    “Keşlə”nin qapıçısı Kamran Ağayev yenə zədələnib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, o, Topaz Premyer Liqanın 22-ci turunda “Neftçi” ilə matçın 28-ci dəqiqəsində qolundan zədə alıb və Davud Kərimi ilə məcburi əvəzlənib. 33 yaşlı qolkiperin qoluna gips qoyulub.

    Qeyd edək ki, K.Ağayev zədəsini yeni sağaltmışdı.

  • Avropa çempionatı : Rəfael Ağayev finalda uduzdu

    Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.

    Qol.az-ın məlumatına görə, idmançımız İspaniyanın Qvadalaxara şəhərində keçirilən böyüklərin 55-ci Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz yarışı gümüş medalla başa vurub.

    Finaladək 4 döyüş keçirən Ağayev Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0, Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə məğlub edib. Yarımfinalda qaşından yüngül zədə alan idmançımız bu gün baş tutan həlledici qarşılaşmada italiyalı Luici Busa ilə görüşüb. 5 qat dünya və 11 qat Avropa çempionu bu dəfə rəqibinə 0:1 hesabı ilə uduzub.

    Bu, Rafaelin qitə çempionatlarında 20-ci medalı olub. Onun hesabında 11 qızıl, 2 gümüş və 7 bürünc medal var.

  • Səbail son dəqiqədə qələbə qazandı

    Bu gün Topaz Premyer Liqada sonuncu dövrəyə start verilib.
     
    Median.Az
    “qol.az”a istinadən xəbər verir ki, 22-ci turun 2 oyunundan biri artıq başa çatıb. Açılış matçında “Zirə” “Səbail”i qəbul edib və qonaq komanda son dəqiqə qolu ilə qalib gəlib  – 2:1. “Səbail”in yeni transferi Maykl Essyen bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.
     
    Digər görüşdə isə lider “Neftçi” “Keşlə”nin qonağı olacaq. Hazırda “Qarabağ”la eyni xala malik olan Roberto Bordinin komandası qələbə qazanaraq mövqeyini qorumağa çalışacaq.
     
    Qeyd edək ki, 31 mart soyqırımı gününə görə turun digər iki oyunu sabah yox, aprelin 1-də (bazar ertəsi) keçiriləcək.
     
     
    30 mart (şənbə)
     
    16:00. “Zirə” – “Səbail” – 1:2 
    Qollar: Ağabala Ramazanov, 41 (0:1), Sezar Rodrigez, 69 (1:1), Şəhriyar Rəhimov, 90+4 (1:2)
    Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
    Zirə İdman Kompleksinin stadionu
     
    18:30. “Keşlə” – “Neftçi”
    Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov
    “ASK Arena”

  • Sahib Əhədov Avropa çempionatının finalında

    Para-karate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib.

    Gözdən zəif idmançılar arasında üç idmançıdan ibarət qrupda Moldova və rusiyalı rəqiblərini qabaqlayan S.Əhədov 39.94 xalla qrup lideri olub.

    30 martda həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.

    Üç dərəcə üzrə Para-karateçilər arasında Avropa çempionatına 16 ölkədən 46 idmançı qatılıb.

  • İndoneziyalı idmançı Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək

    Azərbaycanı təmsil edən indoneziyalı badmintonçu Azmi Kovimuramadhoni 21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb.

    Ötən ilin fevralından Dünya Badminton Federasiyası və Avropa Badminton Konfederasiyasının bayrağı altında keçirilən müxtəlif seriyalı turnirlərdə ölkəmizin idman şərəfini qorumağa başlayan Azmi açıqlanan son reytinq siyahısına əsasən bu nailiyyəti əldə edib.

    “Minsk 2019”da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar Minskin 2016-cı ildən istifadəyə verilən “Falkon Klub” arenasında baş tutacaq. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq.

    Məlumat üçün bildirək ki, əsası ölkəmizdə qoyulan, 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında badminton idman növündə ölkəmizi kişilərin şəxsi yarışında Kənan Rzayev, qoşa yarışda isə Kənan Rzayev – Orxan Qələndərov tandemi təmsil edib.

    Xatırladaq ki, hazırda məşqçi kimi çalışan milli komandamızın sabiq üzvləri təşkilatçı ölkənin təmsilçiləri qismində iki kateqoriya üzrə yarışmaq hüququ qazanmışdı.

  • Beş idmançı Azərbaycanı təmsil edəcək

    6-13 aprel tarixlərində Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

    Median.Az Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulacaq. Asif Məmmədovun rəhbərliyi altında körpücük üzərinə qalxacaq millimizin heyəti Kənan Xəlilov (73 kq), Kənan Əliquliyev (81 kq), Nailxan Nəbiyev, Kamran İsmayılov (hər ikisi – 96 kq), Əliş Nəzərovdan (102 kq) ibarət olacaq.

  • Rəsul Çunayev qitə çempionatı və Avropa Oyunlarından məhrum oldu

    Yunan-Roma güləşi üzrə dünya çempionumuz Rəsul Çunayev gələn ayın əvvəli Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

    İdmançı səhhəti ilə əlaqədar qitə birinciliyinə gedə bilməyəcək.

    Bu isə o deməkdir ki, Rəsul Çunayev mayda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında da iştirak etməyəcək. Çünki bu qitə çempionatı məhz Avropa Oyunlarına lisenziya verirdi.
    //oxu.az

  • Rəsul Çunayev qitə çempionatı və Avropa Oyundan məhrum oldu

    Yunan-Roma güləşi üzrə dünya çempionumuz Rəsul Çunayev gələn ayın əvvəli Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, idmançı səhhəti ilə əlaqədar qitə birinciliyinə gedə bilməyəcək.

    Bu isə o deməkdir ki, Rəsul Çunayev mayda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında da iştirak etməyəcək. Çünki bu qitə çempionatı məhz Avropa Oyunlarına lisenziya verirdi.

  • Rafael Ağayev Avropa çempionatında finala çıxdı

    İspaniyanın Quadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı başlanıb.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, turnirin ilk günü kumitenin bütün çəki dərəcələrində və kata üzrə fərdi yarışlar keçirilib.

    75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev ardıcıl 4 rəqibini məğlub edərək final görüşünə vəsiqə qazanıb. O, 30 martda italiyalı Luici Busa ilə qızıl medal uğrunda döyüşə çıxacaq.

    Qeyd edək ki, 28-31 mart tarixlərində baş tutacaq qitə çempionatında Azərbaycan 19 idmançı ilə təmsil olunur. Artıq onlardan 7-si məğlub olaraq mübarizəni dayandırıb.

    -75 kq, Rafael Ağayev

    1. Yusid Suljiç (Bosniya və Herseqovina) – 3:0

    2. Bekim Başa (Albaniya) – 3:1

    3. Elhami Şabani (Kosova) – 3:0

    4. Stanislav Horuna (Ukrayna) – 5:1

    Final

    Luici Busa (İtaliya) (şənbə günü)