Category: İdman

  • Voleybol üzrə Azərbaycan çempionu məlum oldu

    “Azərreyl” voleybol klubu növbəti dəfə Azərbaycan çempionu olub.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, martın 28-də qadın voleybolçular arasında ölkə çempionatının növbəti turunun oyunları keçirilib.

    İlk olaraq meydana “Azərreyl” və “Lokomotiv” komandaları çıxıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Lokomotiv”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Məğlubiyyətə baxmayaraq hesabında 28 xal olan “Azərreyl” komandası yarışın sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirib. “Lokomotiv”in isə hesabında 20 xal var.

    Günün digər oyununda AVF komandası “Abşeron”a 3:2 hesabı ilə qalib gəlib.

    Qeyd edək ki, “Abşeron” 7 xalla turnir cədvəlində üçüncü, AVF isə 5 xalla dördüncü pillədə yer alıb.

  • Əlil idmançımızdan örnək: Məşq üçün Şamaxıdan Bakıya gəlir

    Xatirə İsmiyeva adlı bir paracüdo ilə məşğul olan idmançımız var. Görmə qabiliyyəti tamamilə yoxdur. O, həftədə üç dəfə Şamaxıdan Bakıya məşq etməyə gəlir.

    Bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov bu gün media mənsubları ilə görüşərkən deyib.

    O bildirib ki, 13-14 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pridə Azərbaycanı təmsil edəcək 10 qadın idmançıdan biri Xatirə İsmiyevadır. Komitə sədri +70 kq çəki dərəcəsində tatamiyə çıxacaq İsmiyevanın idmana olan həvəsindən bəhs edib:

    “Paracüdo millisinin baş məşqçisi Ramin İbrahimov bir il əvvəl onu Şamaxının Ərəbşalbaş kəndindən tapıb. Şamaxıda cüdo ilə məşğul olmaq üçün o qədər də yaxşı şərait olmadığından, onun atası Xatirəni həftədə üç dəfə Bakıya gətirir. Bəlkə də, dünyada ikinci belə bir idmançı yoxdur ki, həftədə üç dəfə məşq etmək üçün uzun yol qət etsin”.

    Qeyd edək ki, Xatirə İsmiyeva hazırda qadın paracüdo millimizlə birgə Şamaxı Olimpiya Kompleksində təşkil olunan təlim-məşq toplanışında iştirak edir.
    //oxu.az

  • Bakıda özbək boksçu xəstəxanalıq oldu

    Bakıda 10-cu dəfə təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinin ilk günü insidentlə yadda qalıb.

    Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın 64 kq çəki dərəcəsində xoşagəlməz hadisə baş verib.

    Belə ki, Elnur Əliyevlə Özbəkistan boksçusu arasında gedən döyüşdə qonaq idmançı başından ağır zədələnib. Boks Mərkəzinin yaxınlığında təcili tibbi yardım maşını olmadığından onun hadisə yerinə gəlməsi yarım saat çəkib.

    Özbək boksçunu 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar.

    Qeyd edək ki, Azərbaycan bu turnirdə 10 çəki dərəcəsi üzrə 34 idmançı ilə təmsil olunur. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan idmançıları da iştirak edir.

    117 idmançının gücünü yoxladığı “Böyük İpək Yolu”nun final görüşləri aprelin 1-də olacaq.

  • Zidan Mbappeni “Real”a keçməyə razı saldı

    “Real”ın baş məşqçisi Zinəddin Zidan PSJ-nin hücumçusu Kilian Mbappe ilə görüşüb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, görüşdə 20 yaşlı futbolçunun “kral klubu”na mümkün transferi müzakirə olunub. 46 yaşlı çalışdırıcının həmyerlisini Madrid təmsilçisinə keçməyə razı saldığı iddia olunur. Mbappenin yaxın günlərdə klubun prezidenti Nasser Əl-Xəlafi ilə də görüşəcəyi və onu “Real”a buraxmasını xahiş edəcəyi bildirilir.

    İspanların Mbappeyə görə PSJ-yə İsko və Xames Rodriqesi də təklif edəcəyi gözlənilir. Gənc futbolçunun “Real”a keçidi rəsmiləşsə, o, yeni klubunda ilinə təxminən 40 milyon avro qazanacaq.

    Qeyd edək ki, bir müddət öncə “Real”ın Mbappe üçün PSJ-yə 280 milyon avroluq təklif göndərməyə hazırlaşdığı bildirilmişdi.

  • AVRO-2019: Azərbaycan millisi elit-raunddakı son oyununu böyük hesablı məğlubiyyətlə başa vurub

    19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının elit-raundunda son oyununu keçirib.

    Median.Az report-a istinadən məlumatına görə, 1-ci qrupda yer alan yığma III turda Rumıniya yığması ilə üz-üzə gəlib.

    Rusiyanın Krasnodar şəhərindəki “Kuban” stadionunda təşkil olunmuş qarşılaşma rəqib komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb. Rumıniya millisi qollarından 3-nü ilk yarıda vurub. 7-ci və 20-ci dəqiqələrdə Valentin Mihayla, 29-cu dəqiqədə Andrey-Marius Rus fərqlənib. Oyunda son nöqtəni isə 90+3-cü dəqiqədə Alexandru Tirlya qoyub.

    Qrupun digər oyununda Rusiya millisi “Krasnodar” Futbol Akademiyasının stadionunda İrlandiya yığmasına uduzub – 0:2.

    Beləliklə, 3 oyunun hamısını qələbə ilə başa vuran İrlandiya yığması 9 xalla qrup lideri olub və 14 – 27 iyulda Ermənistanda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

    Rumıniya 4 xalla 2-ci, Rusiya 2 xalla 3-cü yeri tutub. 3 oyundan cəmi 1 xalla ayrılan Azərbaycan millisi isə qrup sonuncusu olub. Bu görüşlərdə Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv cəmi 1 qol vurub və qapısından 7 top buraxıb.

    AVRO-2019-un elit-raundu

    III tur

    1-ci qrup

    26 mart

    18:00. Rumıniya – Azərbaycan – 4:0

    Qollar: Valentin Mihayla, 7; 20. Andrey-Marius Rus, 29. Alexandru Tirlya, 90+3

    Hakimlər: Adrian Jakkotte, Vital Jobin (hər ikisi İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya)

    Krasnodar, “Kuban” stadionu (Rusiya)

    18:00. Rusiya – İrlandiya – 0:2

    Qeyd edək ki, 14 – 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri olan 7 ölkə vəsiqə qazanıb.

  • Nurməhəmmədovdan Makqreqorun karyerasını bitirməsinə – REAKSİYA

    Rusiyalı qarışıq əlbəyaxa döyüş növləri ustası Həbib Nurməhəmmədov bir neçə saat əvvəl irlandiyalı döyüşçü Konor Makqreqorun idman karyerasını bitirməsi ilə bağlı bəyanatını şərh edib.

    “Cəngəllikdə yalnız bir kral ola bilər. Yalnız bir”, – deyə rusiyalı döyüşçü Twitter hesabında yazıb.

    Qeyd edək ki, Makreqorun MMA-dan gedişi ilə bağlı gözlənilməz qərarı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

  • Makqreqor karyerasını bitirdi

    İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor MMA turnirlərində bir daha çıxış etməyəcəyini elan edib.

    Bu haqda UFC döyüşçüsü Konor Makqreqor öz Twitter hesabında yazıb:

    “Bu gün mən rəsmi olaraq “Mixed Martial Arts” (qarışıq əlbəyaxa döyüş növləri) kimi tanınan idmandan gedirəm. Bütün keçmiş rəqiblərimə gələcək çıxışlarında uğurlar arzulayıram. Beləcə artıq təqaüdə çıxmış keçmiş tərəfdaşlarıma qoşuluram”.

    Qeyd edək ki, bundan əvvəl 30 yaşlı Makqreqorun iyul ayında Donald Serronla döyüşə çıxacağı gözlənilirdi. Ancaq sonradan Serronun mayda başqa döyüşçü – El Yakvintla gücünü sınayacağı məlum oldu.

  • Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

    Maraqlı və gözəl oyun oldu. Hərçənd oyunun gedişatı asan deyildi.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva yığması ilə qolsuz heç-heçə başa çatan yoldaşlıq oyunundan sonra bildirib.

    Baş məşqçinin sözlərinə görə, oyunda qələbə qazanmaq üçün hər şey ediblər:

    “İlk hissədə daha çox qol vurmaq imkanımızı var idi. Biz mümkün olan hər şeyi etdik. Fasilədən sonra əvəzetmələr reallaşdırdıq. Bu da oyunumuza təsir etdi. Rəqibimizdən daha güclü idik. Sadəcə, qol vura bilmədik. Komandadan razıyam”.

    Nikola Yurçeviç bildirib ki, əvvəldən istəkləri qələbə olub:

    “Bunun komandanın oyununa inam gətirəcəyinə inanırdıq. Amma bizim üçün nəticə ilə bərabər, oyunçuları da görmək vacibdir. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları bir çox vəziyyətlərdə görmək istəyirdik. Təsadüfi deyil ki, Xorvatiya ilə müqayisədə, start heyətində 4 dəyişiklik etmişdik.

    Məsələn, bu gün Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludovu da meydana buraxmağı düşünürdüm. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Ona görə də deyirəm ki, çıxışımızdan razı qaldım”.

    Mütəxəssis qeyd edib ki, oyunu qazanmaq üçün daha real şanslar var idi:

    “Yüz faizlik imkanlarımızın olduğunu da deyərdim. Fasilədən sonra dəyişikliklər və yorğunluq oldu. Pavel Paşayevin komandaya çağırılmamağına gəlincə, o zədəlidir. Əslində, Pavel heyətdə yer alası oyunçudur. Sadəcə, zədəli olduğu üçün oyuna çağırılmadı”.

    Nikola Yurçeviç oyunda azarkeşlərin az olmasına da münasibət bildirib:

    “Stadionun heç olmasa yarısı dolsa, atmosferlə daha yaxşı adrenalin yaranar. Belə olsa, bəlkə də qələbə qazanardıq. Ola bilsin ki, havanın soyuq olmasından qaynaqlanır.

    Digər tərəfdən, azarkeş marağını artırmaq üçün pozitiv nəticələr olmalıdır. Məqsədimiz daha yaxşı oynamalıyıq. Durumumuzu siz də bilirsiniz. Amma bunlara söykənmək fikrində deyilik. Macarıstan və Slovakiya ilə qarşıdakı oyunlarda qələbə istəyirik. Amma bu, bizim istəyimizdir. Reallıq fərqli ola bilər”.

  • Eddi İsrafilov: “Məni milliyə çağırmamasının səbəbini Qurbanovdan soruşun”

    “Bu gün sadəcə, qol çatmadı. Yaxşı oynadıq, mübarizə apardıq, amma fərqlənə bilmədik. Yeni oyunçular və baş məşqçi ilə bundan sonra daha yaxşı məşq edib növbəti qarşılaşmalara hazırlaşacağıq”.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov evdə Litva yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

    İspaniya “Alkorkon”undan dəvət almış yarımmüdafiəçi digər sualları da cavablandırıb…

    Xorvatiya ilə oyundan sonra hər kəs yığmadan qələbə gözləyirdi…

    – Gələcək haqda heç kim dəqiq nəsə deyə bilməz. Qələbəni hər birimiz arzulayırıq, amma bəzən bunu reallaşdıra bilmirik. Daha çox və daha yaxşı məşq edərək növbəti oyunlarda qələbə qazanacağımızı düşünürəm.

    Komandanın qrupdan çıxma şansını necə qiymətləndirirsiniz? Sizcə, bu, reallaşa bilər?

    – Bilmirəm. Biz qrupdan çıxmaq istəyirik, amma yekunda nə olacağını deyə bilmərəm. Əlbəttə, bunun üçün gücümüz də, istəyimiz də var. Sadəcə, gələcəyi qabaqlamaq olmur.

    Uzun müddətdir milli komandaya dəvət almırdınız. Əvvəlki illərlə müqayisədə bu dəfə həm Xorvatiya, həm də Litva ilə matçlarda daha yaxşı çıxış etdiniz. O zamandan bəri millidə nə dəyişib?

    – Mən həmişə yaxşı oynamaq istəyirəm. Bu, bəzən alınır, bəzən yox. Dediyiniz kimi, bu matçlarda yaxşı çıxış etmişəmsə, mənim üçün xoşdur.

    Qurban Qurbanov millinin baş məşqçisi olduğu zamanlarda sizə dəvət yollamadı. Onunla bu barədə söhbətiniz olmuşdu?

    – Bu barədə məndən deyil, Qurbanovun özündən soruşmalısınız.

    Nikola Yurçeviç haqqında nə düşünürsüz: Komandanı gücləndirə bilərmi?

    – Hələ bu barədə danışmaq çox tezdir. Yaxşı “oğlandır”, yaxşı motivatordur, bizimlə çox danışır, oyuna kökləyir. Amma oynayaq, görək, nəticələr necə olacaq.

  • Azərbaycan millisi yoldaşlıq oyununda heç-heçə edib

    Futbol üzrə Azərbaycan millisi yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoxlama oyununu keçirib.

    Median.Az report-a istinadən xəbər verir ki, martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya kollektivinə 1:2 hesabı ilə uduzan yığma Litva komandasını qəbul edib.

    “Bakcell Arena”da baş tutan matç qolsuz bərabərlik qeydə alınıb.

    Baş məşqçi qapını Səlahət Ağayevə tapşırıb. Müdafiənin mərkəzində Bədavi Hüseynovla Anton Krivotsyuk, cinahlarda kapitan Maksim Medvedevlə Təmkin Xəlilzadə yer alıb. Orta xətdə Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov və Araz Abdullayev qərarlaşıb. Hücumda isə Rüfət Dadaşovla Ramil Şeydayev meydana çıxıb.

    N.Yurçeviç millinin AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya yığmasına 1:2 hesabı ilə uduzduğu oyunla müqayisədə start heyətində 4 dəyişiklik edib. Rahil Məmmədov, Şəhriyar Rəhimov, Mahir Mədətov və Dimitri Nazarov bu dəfə ehtiyatda qalıb. Onları müvafiq olaraq A.Krivotsyuk, T.Xəlilzadə, A.Abdullayev və R.Dadaşov əvəzləyib.

    Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü şəraitində keçsə də, rəqib qapısı önündə real qol vəziyyəti yaratmaq mümkün olmayıb. R.Şeydayev, E.İsrafilov və R.Dadaşov bir neçə epizodda zərbə endirsələr də, Litva yığmasının qolkiperi Dzyuqas Bartkus etibarlı oynayıb.

    Fasilədən dərhal sonra R.Almeydanı əvəzləyən D.Nazarov ardıcıl 2 dəfə qapını yoxlayıb, lakin məntiqi nəticə olmayıb.

    Matçın 64-cü dəqiqəsində A.Abdullayevi M.Mədətov əvəzləyib. Bir qədər sonra isə R.Dadaşovun yerinə Namik Ələskərov oyuna qoşulub. 75-ci dəqiqədə isə zədələnən E.İsrafilovu Əli Babayev dəyişib. Bundan 10 dəqiqə sonra Emin Mahmudov Q.Qarayevi əvəzləyib.

    İlk yarıda olduğu kimi, ikinci hissədə də diqtə edən tərəf Azərbaycan millisi olub. Lakin bütün cəhdlərə baxmayaraq matçda hesab açılmayıb – 0:0.

    Görüşü AFFA prezidenti Rövnəq Abdullayev də canlı izləyib.

    Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstan, 11-də isə Slovakiya kollektivini qəbul edəcək.