Category: İdman

  • Xamis Məmmədovun atası: “Mən onun çiynində qəbrə getmək istəyirdim” – VİDEO

    ARB TV-nin “Bu qədər” proqramında bu dəfə dünya və Avropa çempionu Xamis Məmmədovun həyatından danışılıb.

    Median.Az xəbər verir ki, valideynləri və həyat yoldaşı onun haqqında xatirələrini bölüşüblər:

    Gülxar Məmmədova – Anası: “Ana bətnində olarkən çox narahat olurdum. Təpik, yumruq vururdu. Əvvəlki uşaqlar belə deyildi, məni belə narahat etmirdi. Dedilər, səhər canını tapşırıb. Gecə yuxuda özüm onun yasinini oxumuşam. Onunla son dəfə görüşə bilmədim”.

    Rüstəm Məmmədov – Atası: “Onun uşaqlıq illərini yadıma salanda kədərlənirəm. Mənə gəlib, “karateyə getməyə icazə ver” dedi. Əvvəlcə razı olmadım, bir neçə dəfədən sonra razılıq verdim. İdman zalı tikdirirdi, başa çatdıra bilmədi.

    Arzuları yarımçıq qaldı. Məni aldatdı. Qızım da, oğlum Vəkil də məni aldatdı. Deyib ki, anama, atama deməyin, xəstədilər bilməsinlər. Oğlunun kiçik toyuna hazırlaşırdı, qismət olmadı. Mən onun çiynində qəbrə getmək istəyirdim”.

    Rəşadə Məmmədova – Həyat yoldaşı: “Övladlarının ikisinin də davamçısı olmasını istəyirdi, amma qıza baxanda deyirdi ki, bunda öz uşaqlığımı hiss edirəm. Soruşsalar ki, dünyanın ən yaxşı atası kimdir?

    Mən öz atamdan da əvvəl Xamisi deyərdim. Övladlarını sevindirmək üçün hər yola əl atardı. Onda gördüyüm atalıq tamam başqa idi.

    Hamımız evdə xəstələnmişdik. Onun qızdırması var idi, xəstəxanaya qalmaq üçün yox, qızdırmasını salmaq üçün iynə vurulsun deyə getdi.

    Getdi, 1saat sonra zəng vurub dedi ki, həkim deyir, qalmalısan xəstəxanada. Qardaşı bilirdi, nə qədər məcbur etdilər çıxmadı xəstəxanadan.

    Xamis özü getdi girdi xəstəxanaya, amma oradan ölüsü çıxdı. Məni xəstəxanaya qoymadı, dedi, uşaqlar xəstədi onlara bax, gəlmə.

    Axırıncı dəfə xəstəxanadan mənə şəkil göndərdi və zəng vurdu. Vurduğu axırıncı zəng idi. Danışdıq, axırıncı sözü “yuxum gəlir, yatıram” oldu.

    Qızım hələ də onun yolunu gözləyir. “Ana, Atam sağalmadı? Gəlsin də xəstəxanadan” deyir. Qız elə deyəndə oğlan ağlayır, çünki başa düşür. Qızım isə hələ də atasının yolunu gözləyir”.

  • Azərbaycanlı boksçu Avropa çempionu oldu

    Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.

    Yarışın son günü Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb.

    +91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. M.Abdullayev 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

    Beləliklə, Azərbaycan millisi qitə birinciliyini bir qızıl və iki bürünc medalla başa vurub. M.Abdullayevdən öncə Rüfət Hüseynov (-49 kq) və Cəbrayıl Yelekov (-81 kq) üçüncü yeri tutub.

    Qeyd edək ki, kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında dördüncü nəticəni göstərib. Yarışda qızıl medallar da məhz dörd millinin hesabındadır.

    Rusiya boksçuları yeddi dəfə (7-0-0) çempionluq sevinci yaşadıqları halda, digər üç ən yüksək əyarlı mükafat Bolqarıstan (1-1-0), Ukrayna (1-0-3) və Azərbaycan (1-0-2) idmançılarının payına düşüb.

  • Azərbaycan Bakıda keçirilən Dünya Kubokunu bir medalla başa vurdu

    İdman gimnastikası üzrə Dünya Kubokunun final günündə Azərbaycan gimnastı Nikita Simyonov gümüş medal qazanıb.

    Gimnastımızın halqalarda çıxışı hakimlər tərəfindən 14.800 xalla dəyərləndirilib. Nikitanın sözlərinə görə, tamaşaçıların dəstəyi ona uğurlu çıxış etməkdə kömək edib:

    “Çox həyəcanlıyam. İzləyicilər çox yaxşı dəstək oldular, bu enerjini hiss edirdim. Təsnifat günü çıxışımda səhvlər var idi. Bunlar üzərində işlədim və yekundə final çıxışım daha yaxşı alındı. Doğma arenada, azarkeş dəstəyi də yüksək performans göstərməyimə kömək oldu”.

    Qeyd edək ki, bu gün – yarışların son günü gimnastımız Marina Nekrasova daha bir final mərhələsində mübarizəyə qoşulub. Bu dəfə o, gimnastika tirində öz gücünü sınayıb. O, 11.366 xallıq nəticə ilə yeddinci olub.

    Bununla da Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bu Dünya Kubokunda Azərbaycan dörd idmançı ilə təmsil olunub və bir gümüş medalla kifayətlənib.

  • “Səbail” dünya ulduzu ilə bağladığı müqavilənin müddətini açıqladı

    İngiltərənin “Çelsi”, İspaniyanın “Real” və İtaliyanın “Milan” klublarının sabiq futbolçusu Maykl Esyenin Azərbaycanın “Səbail” komandası ilə bağladığı müqavilənin müddəti bilinib.

    Qanalı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə bağlanılıb. Bu barədə saytımıza məlumatı “Səbail”in icraçı direktoru Ramin Həsənov verib:

    “Onunla artıq ilyarımlıq müqavilə bağlanılıb. O, həmçinin klubumuzda 19 yaşadək komandada məşqçi işləyəcək. U-19-un baş məşqçisi Ruslan Qafitullinlə bir yerdə çalışacaq. Onun məşqçi kimi B kateqoriyası var. Əvvəl “Çelsi”nin 23 yaşadək komandasında qeyri-rəsmi də olsa, məşqçi kimi çalışıb”.

    Qeyd edək ki, bu gün onun oynayan məşqçi kimi “Səbail”lə müqavilə bağlayacağını bildirmişdik.
    /oxu.az

  • Atletimiz dünya birincisi oldu – FOTO

    ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında səkkizinci dünya birinciliyi başa çatıb.

    50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.

    Son olaraq körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov çıxıb. O, +102 kq çəki dərəcəsində mübarizə aparıb.

    Atletimiz birdən qaldırma hərəkətində 131 kq-ı ram edərək beşinci yeri tutub.

    Təkanla qaldırma hərəkətində isə Rəhman tarixi uğurla yadda qalıb. Hər üç yanaşmasını uğurla yerinə yetirən idmançımız 174 kq-ı başı üzərinə qaldırmağı bacarıb.

    Bu nəticə ilə o bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb.

    Azərbaycan yeniyetmə ağır atletikası tarixində bu günə qədər heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmamışdı.

    Bu baxımdan Kazımovun medalı bir ilkdir.

    Toplam 305 kq (131+174) nəticə ilə Rəhman Kazımov yekun sıralamada dördüncü yeri tutub.

    Yarışı toplam altı medal – beş kiçik (bir qızıl və dörd bürünc medal) və bir böyük (bürünc medal) medalla bitirən Azərbaycan yığma komandası dünya birinciliyində beşinci yeri tutub.





  • Milli Gimnastika Arenasında apreldə Polşada keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatının püşkatma mərasimi baş tutub – FOTO

    Bu gün Bakıda Milli Gimnastika Arenasında aprelin 10-14-də Polşanın Şetsin şəhərində keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatının püşkatma mərasimi baş tutub.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, mərasim zamanı kişi idman gimnastikası üzrə püşkatma olub.

    Mərasimdə Avropa Gimnastika İttifaqının (UEG) kişi idman gimnastikası üzrə texniki komitəsinin nümayəndələri iştirak edib.

    Altı hərəkət üzrə – fərdi çıxışlar, dəstəli at üzərində hərəkətlər, halqalarla hərəkətlər, dayaqla tullanma, paralel qollarda hərəkətlər, turnik üzrə hərəkətlərdə çıxış qaydaları müəyyənləşdirilib.

    Püşkatmanın nəticələrinə əsasən Azərbaycan gimnastları öz çıxışlarını birinci yarımqrupda dayaqla tullanma yarışlarında başlayacaq.

  • “Qarabağ” “Səbail”i məğlub edib

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

    “Səbail” “Bayıl Arena”da “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Hesabı 34-cü dəqiqədə cərimə zərbəsi ilə “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana açıb. 42-ci dəqiqədə “Səbail”in hücumçusu Ağabala Ramazanov bərabərlik qolunu vurub. Oyunda son nöqtəni 77-ci dəqiqədə Riçard Almeyda qoyub. O, Elvin Yunuszadənin əlinə dəyən topa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

    Görüşü AFFA-nın baş katibi Elxan Məmmədov və “Səbail” rəhbərliyi ilə yanaşı, klubla müqavilə imzalayacağı gözlənilən Maykl Essyen də izləyib.

    “Qarabağ”la vida matçının iştirak ərizəsində yer alan albaniyalı müdafiəçi Ansi Aqolli isə sonadək ehtiyatda qalıb.

    Bu nəticədən sonra xallarını 45-ə çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Səbail” isə 31 xalla 3-cü pillədə qalıb.

    Qeyd edək ki, tura 19:00-da başlayacaq “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq. XXl turun ilk oyunlarında “Zirə” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. “Sabah” – “Sumqayıt” görüşündə qalib müəyyənləşməyib – 1:1.

  • Bakıya gedən yol: Avroliqanın püşkü atıldı

    Bu gün UEFA Avropa Liqasında 1/4 final və 1/2 final mərhələsinin püşkü atılıb.

    Püşkü Hollandiya millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Piyer van Hoidonqk çəkib. Beləliklə, püşk bu cür alınıb.

    1/4 final

    “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)

    “Vilyareal” (İspaniya) – “Valensia” (İspaniya)

    “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)

    “Slavya” (Çexiya) – “Çelsi” (İngiltərə)

    1/2 final

    “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)/“Vilyareal” (İspaniya) – “Valensia” (İspaniya)

    “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)/“Slavya” (Çexiya) – “Çelsi” (İngiltərə)

    Qeyd edək ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Finalda nominal meydan sahibi ikinci yarımfinal cütünün qalibi hesab olunacaq.

    //oxu.az

  • Hansı oyun, hansı kanalda? – TV AFİŞA

    Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

    Median.Az
    komanda.az-a istinadən sizə canlı yayımlanacaq qarşılaşmaların siyahısını təqdim edir:

    15 mart

    Azərbaycan, Premyer Liqa
    16:45 Səbail – Qarabağ (CBC Sport)
    19:00 Neftçi – Qəbələ (CBC Sport)

    Rusiya, Premyer Liqa
    20:00 Anji – Krılya Sovetov (Match! Premier)

    Türkiyə, Super Liqa
    21:30 Fənərbaxça – Sivasspor (beİN Sports 1)

    Fransa, Liqa 1
    22:00 Nitsa – Tuluza (beİN Sports MENA 7)
    23:45 Lill – Monako (beİN Sports 2, Match! TV, Futbol 1)

    Almaniya, Bundesliqa
    23:30 Borussiya M – Frayburq (İdman Azərbaycan, Futbol 3)

    İtaliya, A Seriyası
    23:30 Kalyari – Fiorentina (Futbol 2)

    İspaniya, La Liqa
    00:00 Real Sosyedad – Levante (CBC Sport)

  • “Real” və “Çelsi”də oynayan ulduz futbolçu Bakı klubuna keçir – FOTO

    Xəbər verdiyimiz kimi, “Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlar aparır.

    Klubun rəsmi “Facebook” səhifəsində verilən məlumata görə, Maykl Esyen bu gün Bakıya gəlib.

    Futbolçu “Səbail” – “Qarabağ” matçını izləyəcək.

    Qeyd edək ki, Qana millisinin heyətində 58 oyuna doqquz qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

    Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

    Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

    O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.