Category: İdman

  • UEFA Avropa Liqasının Bakı finalı ilə bağlı vacib qərar

    Prezident İlham Əliyev “UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncam imzalayıb.

    Median.Az-ın xəbərinə görə, sərəncamla müəyyən edilib ki, UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il mayın 15-dən iyunun 1-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

    Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

    1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu,

    2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd,

    3. UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyununa bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UEFA-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılıb.

    Bundan başqa, nazirliyə UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırığı da verilib.

  • KİV: “Real Madrid” Zinəddin Zidanı geri qaytarıb

    İspaniyanın “Real Madrid” klubu sabiq baş məşqçisi Zinəddin Zidanı geri qaytarıb.

    Median.Az xəbər verir ki, bu barədə məlumat “La Sexta” telekanalında yayımlanan “Jugones” verilişində açıqlanıb.

    Bildirilir ki, rəsmi qərar bu gün Madrid təmsilçisinin İdarə heyətinin iclasından sonra elan olunacaq.

    Komandanın hazırkı baş məşqçisi Santyaqo Solarini isə klub rəhbərliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılacaq. Lakin ona komandada başqa vəzifə veriləcək. Fransalı mütəxəssisin rəhbərliyi ilə ilk məşq martın 12-si və ya 13-də olacaq.

    Qeyd edək ki, Zinəddin Zidan 2016 – 2018-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. O, “kral klubu”nda ardıcıl üç dəfə Çempionlar Liqasının və bir dəfə La Liqanın qalibi olub. Hazırda “Real Madrid” 27 turdan sonra 51 xalla 3-cü pillədə qərarlaşıb.

  • Azərbaycanda uşaq paralimpiyasının inkişafında yeni mərhələ

    Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) və UNICEF – Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu arasında anlaşma memorandum imzalanıb. Sənədi MPK prezidenti İlqar Rəhimov və UNICEF-in Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Edvard Carvardin imzalayıblar.

    Median.Az xəbər verir ki, əməkdaşlığın məqsədi Azərbaycanda Uşaq Paralimpiya Hərəkatının daha da inkişaf etməsi və bununla da idmanın gücündən istifadə etməklə sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin reabilitasiyası, sağlam inkişafı və cəmiyyətə sosial inteqrasiyasına töhfə verməkdir.

    Əməkdaşlıq, həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların və yeniyetmələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası, öz potensiallarına tam çatmaları üçün imkanlarının genişləndirilməsi, idman uğurları əldə etmək imkanı verilməsi, yaşadıqları icmaların həvəsləndirilməsi, pozitiv münasibət göstərmək məqsədi ilə yerli icmalarda davamlı sosial dəyişikliklər əldə olunmasına töhfə verməyi əhatə edir.

    Əməkdaşlığa əsasən, bundan sonra uşaq paralimpiya hərəkatı tək paytaxt Bakını deyil, eyni zamanda regionları da əhatə edəcək.

  • Qətər FIFA-ya rüşvət verib? – QALMAQAL

    Qətər rəhbərliyinin FIFA ilə bağladığı 880 milyon dollarlıq (məcmu məbləğ – red.) müqavilələr onun 2022-ci ildə dünya çempionatına ev sahibliyi haqqı qazanması üçün “rüşvət” sayıla bilər.

    Bu barədə “The Times” redaksiyaya daxil olan sənədlərə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, “2022-ci il dünya çempionatı ev sahibi”nin seçilməsinə üç həftə qalmış Qətərin “Əl Cəzirə” media-yayım şirkəti FIFA ilə 400 milyon dollarlıq müqavilə bağlayıb.

    Müqavilədə Yaxın Şərq və Şimali Afrika ölkələrində keçiriləcək futbol matçlarının səkkiz il müddətinə yayım hüququ (2015-ci ildən başlayaraq – red.), həmçinin, Qətərin zəfər çalacağı təqdirdə dünya futbol təşkilatına 100 milyon dollar həcmində mükafat nəzərdə tutulur.

    480 milyon dollarlıq müqavilə isə üç il sonra FIFA və “Əl Cəzirə”nin törəmə şirkəti olan “BeIN” arasında bağlanıb. Həmin vaxt Maykl Qarsiyanın başçılıq etdiyi komissiya ali futbol qurumunda korrupsiya hallarını araşdırırdı. M.Qarsiya sövdələşmə barədə hesabatın tam versiyasının dərc olunmasını tələb etsə də, FIFA bundan imtina etmişdi.

    Qeyd edək ki, “Əl-Cəzirə” media və yayım şirkəti Qətər şeyxi Həməd bin Xəlifə Al Taniyə məxsusdur.

    Bundan əvvəl də Qətərin ev sahibliyi ilə bağlı müxtəlif iddialar irəli sürülmüş və korrupsiya istintaqı başlanılmışdı. Ancaq iki il davam edən araşdırmadan sonra FIFA işə xitam vermişdi.

  • 23 yaşlı dünya çempionu intihar etdi

    ABŞ-da velotrek üzrə üçqat dünya çempionu Kelli Ketlin öz həyatına son qoyub.

    Bu barədə “VeloNews” məlumat yayıb.

    23 yaşlı idmançının atasının dediyinə görə, onun cansız bədəni Kaliforniya ştatındakı evində tapılıb. Onun hansı şəraitdə intihar etdiyi barədə açıqlama verilmir.

    İdmançının ölümü haqqında informasiyanı ABŞ Velosport federasiyasının sədri Bob Demartini də təsdiqləyib.

    Qeyd edək ki, Kelli Ketlin qadınlar arasında keçirilən velotrek üzrə 2016, 2017 və 2018-ci il dünya çempionatlarında (komandalı çıxışlarda) qızıl medal qazanıb.

  • Taekvondo millimiz Hollandiya çempionatında səkkiz medal qazanıb

    Taekvondo üzrə böyüklərdən ibarət milli yığma komandamız Hollandiyanın Eyndhoven şəhərində təşkil olunan ənənəvi “Dutch Open” turnirində səkkiz medala sahib olub.

    Sayca 46-cı olan G1 kateqoriyalı turnirdə mübarizəyə qoşulan Cavad Ağayev (-63 kq) və Fəridə Əzizova (-67 kq) bütün rəqiblərinə qalib gələrək yarışı qızıl medalla başa vurub.

    Dağıstanlı legionerlərimiz – Həşim Məhəmmədov (-58 kq) və Radik İsayev (+87 kq) isə finalda məğlub olaraq gümüş medalla kifayətlənib.

    Digər təmsilçilərimiz – Bəhruz Quluzadə (-54 kq), Məhəmməd Məmmədov (-68 kq), Ramin Əzizov və Payam Qobadi Oğaz (hər ikisi -87 kq) yarımfinala kimi irəliləsə də, həlledici döyüşə vəsiqə qazana bilməyib. Bu dörd idmançımıza bürünc medal verilib.

    Beləliklə, Hollandiya açıq çempionatından iki qızıl, iki gümüş və dörd bürünc medal qazanan millimiz Eyndhovendən birbaşa Belçikaya yollanacaq. Komandamız 16 mart tarixində Belçikanın Lomel şəhərində keçiriləcək “Belgian Open” turnirində də qüvvəsini sınayacaq.
    //oxu.az

  • “Ümidvaram ki, qollar vurmağa davam edəcəyəm” – Ramil Şeydayev

    “Ümidvaram ki, havaya girmişəm və qollar vurmağa davam edəcəyəm. Bu gün qol vurduğum və komanda qalib gəldiyi üçün şadam. İndi turnir baxımından bizə asan olacaq, komandada isə özünə əminlik yaranıb. İki oyuna 4 xal toplamışıq. Bundan sonrası daha yaxşı olacaq”.

    Median.Az “Report”a istinadən bildirir ki, bunu “Krılya Sovetov”da çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Yenisey” üzərində 4:0 hesabı ilə qələbə qazandıqları Rusiya Premyer Liqasının XIX tur matçından sonra klubun rəsmi saytına müsahibəsində deyib.

    23 yaşlı hücumçu vurduğu 4-cü qol barədə danışıb:

    “Top çönərək mənə gəldi və qol vurdum. Əlbəttə, komanda yoldaşım məndən əvvəl vura bilərdi. Amma futbolda hər şey olur”.

    Şeydayev ötən tur Moskva “Lokomotiv”i ilə səfər matçında da qol vurduğu halda, bugünkü qarşılaşmada ehtiyatda qalmasından üzüntü duymadığını söyləyib:

    “Bu, baş məşqçimiz Miodraq Bojoviçin qərarıdır. Hörmətlə yanaşmaq və ən əsası, əhvalı pozmadan işləməyə davam etmək lazımdır”.

    Gənc forvard “Krılya Sovetov”da daxili ab-havanın müsbət olduğunu da vurğulayıb. Onun sözlərinə görə, meydanda baş verənlər paltardəyişmə otağına da sirayət edir:

    “Bizim komandada yaxşı ab-hava var, biz yaxşı oyun sərgiləyirik”.

    Şeydayev bu qələbədən sonra 8-ci pilləyə yüksələn “Krılya Sovetov”un mövqeyini qoruyub-qorumamasının gələcək oyunlardan asılı olacağını da əlavə edib:

    “Baxacağıq. Bizə oyundan-oyuna irəli getmək lazımdır. Artıq qış fasiləsindən sonra 4 xal qazanmışıq. İndi isə “Anji”ni udmalıyıq. Biz hər bir oyunda qalib gəlməliyik. Mövsümün sonunda isə “8-liy”ə düşüb-düşmədiyimizə baxacağıq”.

  • Millimizin Bakıda təlim-məşq toplanışı başlayıb

    Bakıda futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 11-dək davam edəcək hazırlıq prosesində Nərgiz Əliyeva (“Keşlə”), Zuhal Ezer (“Kəmər”, Türkiyə), Alina Nahmadova (“Fidan”), Milana Rəhimova, Lamiyə Əlizadə (hər ikisi 8-İOEUGİM), Samirə Aşırova, Aysun Muradova (hər ikisi “Qubek”), Leyla Ağayeva (“Fidan”), Rübabə Atakişizadə (8-İOEUGİM), Nahidə Məmmədova (“Gənclik”), Fatimə Əhmədli, Pərvin Səfərəliyeva (hər ikisi 8-İOEUGİM), Ləman Mustafazadə (“İmişli”), Züleyxa Zamanlı, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hər üçün “Keşlə”), Neslihan Bozkaya (“Kəmər”, Türkiyə) və Nisrine Zerioul (“Bohum 1848”, Almaniya) iştirak edirlər.

    Qeyd edək ki, millimiz martın 12-dən 16-dək Tbilisidə də təlim-məşq toplanışında iştirak edəcək. Yığmamız martın 13-də və 15-də Bakı vaxtı ilə saat 14:00-da isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

  • “Keşlə” debütantı darmadağın etdi

    Topaz Premyer Liqasının 20-ci turunda “Keşlə” “Sabah”la üz-üzə gəlib.

    Median.Az xəbər verir ki, oyun “Keşlə”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

    Qolları Conatan Ayite (dubl) və Cabir Əmirli vurublar.

    Bu qələbə sayəsində “Keşlə” turnir cədvəlində altıncı pilləyə yüksəlib. Debütant “Sabah” isə beşinci yerdə qərarlaşıb.

  • Futbol millimizin baş məşqçisi milyon avro maaş alacaq

    Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin illik maaşına aydınlıq gəlib.

    AFFA onun əcnəbi köməkçiləri də daxil olmaqla, birgə ilə bir milyon avro maaş ödəyəcəyini rəsmi şəkildə açıqlayıb.

    Bu pulun iyirmi faizi əcnəbi köməkçi məşqçilər üçün nəzərdə tutulub. Bu yerdə haşiyəyə çıxaraq qeyd edək ki, Xorvatiya mətbuatı Yurçeviçin ilinə 300 min avro alacağını iddia edirdi.

    Qeyd edək ki, Nikola Yurçeviçin müqaviləsinin müddəti də açıqlanıb. Onunla 1+2 illik şərti ilə müqavilə bağlanılıb.
    //futbolinfo.az