Category: İdman

  • Azərbaycan Kuboku: Birinci təsnifat mərhələsinə yekun vurulur

    Futbol üzrə Azərbaycan Kubokunda birinci təsnifat mərhələsinə bu gün yekun vurulacaq.

    İkinci oyun günündə iki matç keçiriləcək.

    Azərbaycan Kuboku

    I təsnifat mərhələsi

    10 oktyabr

    14:00. “Göygöl” – “Şəmkir”

    Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov.

    Hakim-inspektor: Əmrah İbrahimov.

    AFFA nümayəndəsi: Mübariz Hüseynov.

    Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

    14:00. “Quba” – “Xankəndi”

    Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.

    Hakim-inspektor: Zöhrab Qədiyev.

    AFFA nümayəndəsi: Yavər Rəhimov.

    Quba Olimpiya İdman Kompleksinin stadionu.

  • “Bavariya” 35 milyon avroluq təklif göndərəcək

    “Köln”ün futbolçusu Said El Mala Almaniyada klubunu dəyişə bilər.

    “Bavariya” 19 yaşlı vingeri transfer etmək istəyir.

    Bundesliqa nəhəngi Almaniya U-21 millisinin üzvü üçün onun klubuna 35 milyon avroluq təklif göndərməyi planlaşdırır.

    Qeyd edək ki, “Köln” Said El Malanı 2024-cü ilin yayında “Viktoriya Köln”dən 350 min avroya transfer edib. Gənc futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Mbappe Azərbaycanla matçda oynamaq istəyir

    Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində sabah Parisdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçda oynamaq istəyir.

    Madrid “Real”ında çıxış edən 27 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib.

    “Azərbaycana qarşı görüş İslandiya ilə matçdan az önəmli deyil. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bu hədəfə çatana kimi mübarizə aparmalıyıq. Azərbaycanla oyuna ciddi yanaşıb, qələbə qazanmalıyıq. Mən sabah oynamaq istəyirəm. Baş məşqçimiz Didye Deşam da bunun əleyhinə deyil. Ciddi problem olacağını düşünmürəm, özümü yaxşı hiss edirəm”.

    Qeyd edək ki, Fransa – Azərbaycan görüşü oktyabrın 10-da “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

  • Gürcüstanlı ağırlıqqaldıranlar antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya ediliblər

    İdman Arbitraj Məhkəməsi (CAS) gürcüstanlı ağırlıqqaldıranlar Revaz Davitadze və Qurami Qiorbelidzeni antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya edib.

    Bu barədə TASS məlumat yayıb.

    26 yaşlı Davitadze və 23 yaşlı Qiorbelidzenin nümunələrində ostarin metabolitləri aşkar edilib. Davitadzenin pozuntusu 2023-cü il avqustun 15-nə, Qiorbelidzenin pozuntusu isə 2023-cü il iyulun 7-nə təsadüf edir.

    Hər iki idmançı 4 il müddətinə diskvalifikasiya olunub. Davitadze 2029-cu il sentyabrın 29-dan, Qiorbelidze isə 2028-ci il sentyabrın 3-dən gec olmayaraq idmana qayıtmaq hüququ qazanacaq.

    Davitadze 2018-ci ilin Avropa çempionu və dünya çempionatının üçqat bürünc mükafatçısıdır. CAS-ın qərarından sonra o, 2024-cü il dünya çempionatının vitse-çempionluğundan və 2025-ci il Avropa çempionatının gümüş medalından məhrum olunacaq.

    Qiorbelidze 2023-cü ildə gənclər arasında Avropa çempionatının qızıl, 2024-cü ildə kişilər arasında analoji yarışın gümüş medalından məhrum ediləcək.

  • Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi keçiriləcək

    Oktyabrın 16-17-də 14 yaşadək yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək.

    Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

    Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 66 klub və idman cəmiyyətindən 460 idmançı (397 oğlan, 63 qız) 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

  • Baş məşqçi vəfat etdi

    Argentina futboluna ağır itki üz verib.

    “Boka Xuniors” klubunun baş məşqçisi Migel Anhel Russo 70 yaşında dünyasını dəyişib. Məlumatı klubun rəsmi saytı yayıb.

    Mütəxəssis ötən ayın sonlarında səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, Migel Anhel Russo futbolçu karyerasını “Estudiantes”də keçirib. O, 1989-cu ildə məşqçiliyə başlayıb, “Lanus”, “Veles Sarsfield”, “San Lorenso”, “Əl-Nəsr”, “Millonarios”, “Estudiantes” və “Boka Xuniors” kimi komandalarda baş məşqçi işləyib.

  • “Formula 1”: “Maklaren” pilotu “Ferrari”yə keçə bilər

    “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Maklaren” komandasının pilotu Oskar Piastri 2026-cı il mövsümündən sonra “Ferrari”yə keçə bilər.

    “Report” xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı sürücünün hazırda uzunmüddətli müqaviləsi olsa da, o, komandasını dəyişdirməyi düşünür.

    Daha əvvəl Şarl Lelkerlin 2026-cı ildə “Ferrari”dən ayrıla biləcəyi yazılıb. Onun meneceri Nikolas Todt “Maklaren”, “Mercedes” və “Aston Martin”in nümayəndələri ilə danşıb.

    Qeyd edək ki, 2023-cü ildən “Maklaren”in pilotu olan Oskar Piastri hazırkı mövsümdə 336 xalla liderdir. O, komanda yoldaşı Lando Norrisi 22 xal qabaqlayır.

  • “Araz-Naxçıvan” yoxlama oyunu keçirəcək

    “Araz-Naxçıvan” Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar yoxlama oyunu keçirəcək.

    Median.Az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəqib I Liqada çıxış edən “Şəfa” olacaq.

    Oktyabrın 10-da, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.

  • Gənc idmançı təşəkkür etdi

    11 -13 aprel tarixində Azərbaycan Kikboksinq Federasiyası və Xüsusi Təyinatlı İdman Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil edilən açıq çempionatda, eləcə də bir çox yarışlarda qalib olan peşəkar idmançı Borcəli Omar Rəşad oğlu budəfəki yarışda da iştirakçılar arasındadır.

    Borcəli Omar yarışda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xüsusi təyinatlıları adından iştirak edəcək. Bundan əvvəl dəfələrlə öz qələbələrini Daxili Qoşunların Vətən müharibəsində şəhid olan 66 xüsusi təyinatlısı da daxil olmaqla bütün şəhidlərə ithaf edən

    O. Borcəli budəfəki yarışın təşkilində əməyi olan, onun bu yarışda iştirakını təmin edən, maddi-mənəvi dəstəyini əsirgəməyən şəxslərə təşəkkür edib. Ölkəmizdə idmanın inkişafına xüsusi diqqət ayrıldığını deyən idmançı ölkəmizin idman şərəfini qorumaq üçün yaradılan hərtərəfli şəraitdən istifadə edildiyini bildirib.

    Onu da qeyd edib ki, yarışın təşkilati məsələlərinin yüksək səviyyədə həllində, gənclərin idmana olan həvəsinin artmasında, bacarıqlarının inkişaf və nümayiş etdirməsində Kikboksinq Federasiyasının xüsusi rolu var.

    Gənc idmançı qələbə əzmində olduğunu deyərək budəfəki yarışdan da qalib ayrılacağına ümidini ifadə edib. O, Daxili İşlər naziri Vilayət Eyvazova, Daxili Qoşunların komandanlığına, Sabunçu rayon Polis İdarəsinin rəisi Cavid Muradova, Sabunçu rayonu 13-cü Polis Bölməsinin rəisi polkovnik leytinantı Anar Süleymanova təşəkkür edib. Bildirib ki, budəfəki yarışda iştirakı üçün Sabunçu rayon Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti hərtərəfli yardımını əsirgəməyib. Ona bəslənən ümidləri doğruldacağına inandığını deyən O.Borcəli ölkəmizdə idmanın inkişafına göstərilən dəstəyin təzahürü olan belə yarışların təşkilinin xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb.

    Qeyd edib ki, əvvəllər olduğu kimi, o bu yarışda da qələbəsini şəhidlərə ithaf edəcək.

    İnanırıq ki, ölkəmizdə keçirilən yarışlarda kikboksinqin inkişafına öz dəstəyini fiziki cəhətdən göstərməklə yanaşı, kiçik yaşlarından formalaşan aydın nitqi və zəkası Omara parlaq qələbələr gətirəcək.

  • Konor Makqreqor 18 aylıq diskvalifikasiya edildi

    66 kq və 70 kq çəki dərəcələrində UFC-nin keçmiş ikiqat çempionu 37 yaşlı irlandiyalı Konor Makqreqor antidopinq siyasətini pozduğuna görə 18 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

    Bu barədə ABŞ Antidopinq Agentliyinin (USADA) Mətbuat Xidməti məlumat yayıb.

    Rəsmi məlumata görə, Konor 2024-cü ildə üç dəfə harada olduğu barədə məlumat verə bilməyib, nəticədə, müfəttişlər onun biopsiya analizlərini toplaya bilməyiblər. Bu, avtomatik olaraq pozuntu hesab olunur.

    Bununla belə, döyüşçü istintaqla tam əməkdaşlıq edib və məsuliyyəti boynuna alıb. Buna görə də standart iki illik cəza 18 aya endirilib. Belə olduqda, irlandiyalı 2027-cı il martın 20-də oktaqona qayıtmaq hüququ qazanacaq.