Category: İdman

  • Azərbaycan boksçusu Avropa çempionatında finala yüksəldi

    Azərbaycan təmsilçisi Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında finala yüksəlib.

    Banuçiçək Nəsirli (48 kq) bu raundadək irəliləyib.

    O, yarımfinalda Ameliya Sulanı (İtaliya) məğlub edib.

  • Jordi Alba karyerasını başa vurur

    “İnter Mayami”nin müdafiəçisi Jordi Alba MLS mövsümünün sonunda karyerasını bitirəcəyini açıqlayıb.

    Bu barədə futbolçu sosial media hesabında məlumat verib.

    “Təşəkkür edirəm, futbol”, – o yazıb.

    Xatırladaq ki, Alba 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 68 matçda meydana çıxıb, 8 qol vurub və 20 məhsuldar ötürmə verib.

  • III MDB Oyunları: Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəlib

    Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.

    Median.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin aktivində hazırda 33 qızıl, 53 gümüş və 92 bürünc medal var.

    Siyahıya Rusiya (124 qızıl, 61 gümüş, 40 bürünc medal) başçılıq edir. Üçüncü pillədə isə Belarus (32 qızıl, 35 gümüş, 52 bürünc) qərarlaşıb.

    İndiyə qədər 10 ölkə təmsilçiləri medal qazanıblar.

    Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

  • İtaliya Olimpiya Oyunlarında ümumi barışıq təşəbbüsü ilə çıxış edəcək

    İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Roma qarşıdan gələn Olimpiya Oyunları zamanı dünyadakı bütün münaqişələrin müvəqqəti dondurulmasına israr edəcək.

    Bu barədə ANSA agentliyi məlumat yayıb.

    “İtaliya getdikcə daha çox sülh, inkişaf və tərəqqinin kəsişdiyi nöqtəyə çevrilir. Biz Olimpiya Oyunlarının Milanda keçiriləcəyini nəzərə alaraq, Birləşmiş Millətlər Təşkilatına bütün müharibələr, o cümlədən Ukrayna və Yaxın Şərq müharibələri üçün Olimpiya barışığı təklifini veririk”, – deyə Tayani bəyan edib.

    Qış Olimpiya Oyunları 2026-cı ildə fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina-d`Ampettso şəhərlərində keçiriləcək.

    Olimpiya barışığı Qədim Yunanıstan ənənələrindən qaynaqlanan beynəlxalq təşəbbüsdür. Antik dövrdə Olimpiya Oyunları zamanı müharibələr dayandırılırdı. Məqsəd idmançı və tamaşaçıların yarış yerlərinə təhlükəsiz gəlmələrini təmin etmək idi.

    Müasir dünyada bu təşəbbüs 1990-cı illərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dirçəldilib.

  • Gəncə sakinlərinin NƏZƏRİNƏ: III MDB Oyunları ilə bağlı bəzi yollar bağlanacaq

    III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncə şəhərinin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq.

    Bağlanış mərasiminin keçiriləcəyi 8 oktyabr tarixində Gəncə şəhərinin aşağıda qeyd olunan prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

    – Heydər Əliyev prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi;

    – Atatürk prospekti;

    – Turqut Özal küçəsi, Bəhram bəy Axundov, Faiq Nemanzadə, İlham Müzəffəroğlu və Çingiz Mustafayev küçələri ilə kəsişmələri.

    Qeyd edilib ki, Atatürk prospektində nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə bağlı 6 və 7 nömrəli marşrutların tədbir zamanı hərəkəti Heydər Əliyev prospektindən keçməklə təşkil olunacaq.

    Bildirilib ki, 12 nömrəli marşrut xəttinin Atatürk prospektində hərəkətin məhdudlaşdırılması səbəbindən son dayanacaq məntəqəsi olaraq Gəncə Dəmiryolu vağzalı əvəzinə Bilal Qəhrəmanov küçəsi təyin edilib.

    Məlumatda qeyd olunub ki, Heydər Əliyev prospektindən 1, 4, 6, 7 və 8 nömrəli marşrutlar fəaliyyət göstərəcək.

    Bağlanış mərasiminə gələn tamaşaçılar Gəncə şəhər stadionuna yaxın ərazidən keçən ictimai nəqliyyatdan istifadə edə biləcəklər.

  • “Qarabağ” – “Çelsi” oyunu BOS-da keçiriləcək?

    UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edən “Qarabağ” klubunun “Çelsi” ilə qarşılaşmasını Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırdığı barədə iddialar yayılıb.

    Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

    “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev açıqlamasında bildirib ki, iddialar əsassızdır.

    “Oyunlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək”, – deyə o vurğulayıb.

    Qeyd edək ki, daha əvvəl “Qarabağ” Avropa kuboklarında bəzi matçlarını Bakı Olimpiya Stadionunda keçirsə də, hazırda komanda ev oyunlarını ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır.
    //Baku.ws

  • İngiltərədə futbolçu 22 yaşında ürəktutmasından vəfat edib

    İngiltərənin yarıpeşəkar “Heşteq Yunayted” komandasının futbolçusu Raman Sidhu 22 yaşında vəfat edib.

    Klub oyunçunun ürəktutmasından həyatını itirdiyini açıqlayıb.

    İki saatdan çox davam edən tibbi müdaxiləyə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb.
    //report

  • İdman zallarında gizli risklər

    Sentyabrın 29-da Əməkdar artist Cabir İmanovun idman zalında ürək tutmasından dünyasını dəyişməsi kədərli fakt oldu. Ölüm faktının idman zalında baş verməsi suallar da doğurdu. Çünki bundan öncə də idman zallarında ürək tutmasından baş verən ölüm faktları olmuşdu. İstər-istəməz idman zamanı qəbul edilən dərmanların ölümə səbəb olması barədə ehtimallar gündəmə gəldi. Həqiqətən də, görəsən, idman zalları, istifadə edilən dərmanlar hansı hallarda ölümə səbəb ola bilərmi?

    Nutrisioloq, fəal idmanla məşğul olan Emil Allahverdiyev bildirib ki, ürək tutmaları sadəcə idman zallarında deyil, hər yerdə ola bilər: “Bu, sükan arxasında, hətta yemək yeyərkən də mümkündür. İdman zalında olması o demək deyil ki, məhz idmanla bağlıdır. İnsan içki içirdimi, yağlı yeməklər yeyirdimi, nəslində infarktdan dünyasını dəyişənlər varmı, əsas bunlara diqqət etmək lazımdır”.

    Nutrisioloqun fikrincə, idmana başlamazdan əvvəl sağlamlıq müayinəsindən keçmək lazımdır: “Yaşın 40-ın üzərindədirsə, heç vaxt idmanla məşğul olmamısansa, idmana gedirsənsə, müayinə mütləqdir. Xroniki xəstəliklər varsa, həkimlə məsləhətləşmək lazımdır. Amma bunları zaldan tələb etmək doğru deyil. Bu, insanın şəxsi məsuliyyətidir”.

    E.Allahverdiyev idman zallarında təqdim edilən proteinlərin və qida əlavələrinin ürək problemlərinə heç bir təsiri olmadığı qənaətindədir: “Bəzi idmançılar stereoidlər istifadə edirlər. Onlar protein və ya qida əlavəsi deyil. Onlar insan ömrünü qısaldır. Bir çox stereoidlər qadağandır. Lakin bəzən gizli şəkildə alına bilir. Azərbaycanda bəzi preparatlar qadağandır. Amma zallarda bu dərmanlar təklif edilir. Məşqçilər idmanla məşğul olanlara sürətli nəticə almaq üçün preparat təklif edirlər. Məşqçilər bu dərmanların fəsadlarından da danışmalıdırlar. Deməlidir ki, nəticəyə tez çatsan da, ürəyində problemlər yaranacaq, təzyiqin qalxacaq, ömrün bir neçə il qısalacaq. Heyif ki, bir çox məşqçilər bunu etmir”.

    E.Allahverdiyevin fikrincə, idman zallarında çalışan məşqçilər tibbi yardım kursları keçməlidirlər.

    Almaniyada fəaliyyət göstərən həkim-kardioloq Firudin Qurbanov da bildirib ki, idman zallarında qəfil ürəktutmalarının bir çox səbəbi var: “Əsas risk qrupu yaşı 40-dan yuxarı olan insanlardır. Siqaret çəkənlər, artıq çəkisi olanlar, ailəsində ürək-damar xəstəliyi olanlar, şəkərli diabetdən və ya təzyiqdən əziyyət çəkənlər xüsusilə risk altındadırlar. Belə şəxslərin tac damarlarında problem ola bilər, amma gündəlik həyatda bunu hiss etməzlər. İdman zalında fiziki yüklənmə nəticəsində infarkt və ya qəfil ürək tutması baş verə bilər. Gizli ürək-damar xəstəliyi olan insanlar var. Bu, bəzən irsidir”

    Həkim-kardioloq bildirdi ki, hipertrofik obstruktiv kardiomiopatiya zamanı ürək əzələsi qalınlaşır. Bu, gündəlik həyatda simptomsuz ola bilər, amma fiziki yüklənmə zamanı bədxassəli ritm pozğunluqları yarana və qəfil ölümlə nəticələnə bilər: “Bunu biz tez-tez gənc idmançılarda görürük – məşq və ya oyun zamanı qəflətən yıxılırlar və həyatlarını itirirlər”.

    F.Qurbanov yaşın yaratdığı risklərdən də bəhs edib: “Elə insanlar var ki, 40 yaşına kimi heç vaxt idman etməyib. Amma birdən sağlam həyata keçid etmək istəyir, idmana başlayır. Maksimal yüklənmə edir. Bu, çox risklidir. Təcrübəsiz şəxslər isinmə hərəkətləri etmədən ağır çəkilərlə məşqə başlayırlar. Halbuki ürəyin maksimal yüklənmə həddi var: 220-dən insanın yaşını çıxırıq. Məsələn, 50 yaşında insan üçün maksimal nəbz 170-dən yuxarı olmamalıdır. İsinmə hərəkətləri və yüklənmənin mərhələli artırılması mütləqdir”.

    Kardioloqun fikrincə, stres və stimulyatorlar da təsir edə bilir: “Daim kofein və enerji içkilərindən istifadə ürək damarlarında spazm yaradır, ritm pozğunluqlarına səbəb ola bilir. Bu da qəfil ürək tutmalarını artıran amillərdəndir”.

    Müsahibimiz bildirib ki, idmana başlamazdan əvvəl tibbi müayinələrdən keçmək mütləqdir: “Xüsusən 30–40 yaşdan sonra müayinələr vacibdir. EKQ ilə ürəyin ritminə baxmaq, gizli infarkt olub-olmadığını qiymətləndirmək lazımdır. Qan təzyiqi ölçülməlidir, çünki gizli hipertoniyaya çox rast gəlinir. Yüksək təzyiq idman zamanı aorta və ya beyin damarının yırtılmasına səbəb ola bilər. Qan analizləri ilə xolesterin, şəkər və lipidlər yoxlanmalıdır. Stres-test – qaçış və ya velosiped üzərində – ürəyin fiziki yüklənməyə reaksiyasını göstərir. Bu müayinələr əsasında həkim hansı idmanın və hansı intensivliyin uyğun olduğunu təyin edir”.

    Həkim idman zalında təklif edilən dərmanların orqanizmə təsirindən də danışdı: “Steroidlər bədənin həcminə uyğun olmayan dozada qəbul ediləndə çox zərərlidir. Tərkibində kofein, taurin olan stimulyatorlar dozanı aşdıqda ürək döyüntülərini sürətləndirir, qəfil ölümlərə gətirib çıxara bilir. Yağ yandırıcılar da təzyiqi qaldırır, ürək ritmini pozur. Protein tozları sağlam ürəyi və böyrəyi olan şəxslər üçün təhlükəsizdir, amma həddindən artıq qəbul böyrəklərə ziyan verir”.

    F.Qurbanovun sözlərinə görə, idman zallarında ilkin tibbi yardımı bilən məşqçilər olmalıdır: “İlk növbədə təcili yardıma zəng edilməlidir. Sonra nəfəsin olub-olmadığı yoxlanmalıdır. Əgər şəxs nəfəs almırsa və huşsuzdursa, dərhal ürək masajına başlanmalıdır. Dəqiqədə 100–120 dəfə sinə kompressiyası aparılmalıdır. 30 kompressiyadan sonra iki dəfə süni nəfəs verilir. İdman zallarında mütləq defibrilyator olmalıdır. Təlim keçmiş işçilər bu cihazdan istifadə edərək təcili yardım gələnədək xəstənin həyatını xilas edə bilərlər”.

  • Millimiz Rusiyaya uduzdu

    Azərbaycanın U-16 millisi III MDB Oyunlarında gümüş medalla kifayətlənib.

    Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda Qəbələ şəhər stadionunda keçirilən finalda Rusiya yığması ilə üz-üzə gəlib.

    Matçın əvvəlində üstün oyun nümayiş etdirən kollektivimiz 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. İkinci hissədə ardıcıl 3 qol buraxan U-16 komandamız görüşdən məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Əli Bəşirov hər iki qola imza ataraq dubl edib.

    Qeyd edək ki, yığmamız qrup mərhələsində Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub etmişdi.
    //qafqazinfo

  • Superliqanın təşkilatçıları UEFA-ya Çempionlar Liqasının yeni formatını təklif ediblər

    Superliqanın təşkilatçıları UEFA-ya 2027-ci ildən etibarən Çempionlar Liqasının formatını dəyişməyi təklif ediblər.

    Bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.

    Dəyişikliklər ondan ibarət olacaq ki, ümumi mərhələdə 36 komanda UEFA reytinqinə uyğun olaraq 18 klubdan ibarət iki qrupa bölünəcək. Hər komanda səkkiz oyun keçirəcək. Qrupdan ən yaxşı səkkiz komandalar 1/8 finala yüksələcək. İlk səkkizlik ilkin pley-off mərhələsində ikinci qrupda yer alan ən yaxşı səkkiz komanda ilə qarşılaşacaq.

    Hazırda Çempionlar Liqasının əsas mərhələsində 36 klub iştirak edir. Bütün komandalar səkkiz oyun keçirəcək – dördü evdə, dördü isə səfərdə.

    Bütün klublar konsolidasiya edilmiş cədvəldə birləşdirilib. Ən yaxşı səkkizlik avtomatik olaraq 1/8 finala yüksəlir, 9-dan 24-ə qədər olan komandalar isə pley-offun qalan iştirakçıları üçün oynayacaqlar. Çempionlar Liqası ötən mövsümdən bu formatda keçirilir.