Category: İdman

  • Ulduz futbolçuların Bakı təəssüratları – FOTO

    Bu gün futbol ulduzları UEFA Avropa Liqasının finalı ilə bağlı fikirlərini bildirib.

    Median.Az AFFA-nın Hesabat Konfransında iştirak edən ulduzlardan bir neçəsinin fikirlərini təqdim edir.

    Deku (Portuqaliya millisinin və “Barselona”nın sabiq futbolçusu):

    “Bakıya ikinci səfərimdir. Ölkənizə ilk dəfə milli komanda ilə gəlmişdim. Bir də qayıtdığım üçün çox sevinirəm. İnsanlarınız çox qonaqpərvərdir. Federasiyanızın futbolun inkişafı üçün etdiklərini görüb, sevinirəm. Sözsüz ki, mayda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün də Bakıya gələcəyəm.

    Azərbaycana ilk dəfə oyunçu kimi gələndə şəhəri görmək imkanımız olmamışdı. Sadəcə, hotel və stadionu görmüşdüm. Bu dəfə fərqli bir səfər idi. Bakını gəzə bildim və bu, məndə xoş təəssürat yaratdı”.

    Yeji Dudek (Polşa millisinin və “Liverpul”un sabiq qapıçısı):

    “Dünənki şou matçı çox əyləncəli keçdi. Təəccübləndim ki, bizə tamaşa etmək üçün bu qədər adam gəlmişdi. “Liverpul” və “Çelsi”nin bir neçə azarkeşini gördüm və bu, çox xoşuma gəldi. Həqiqətən, çox maraqlı oldu və mən bu kampaniyanın bir hissəsi olmaqdan çox məmnunam. Düşünürəm ki, Avropa Liqasının finalının təşkili hər bir ölkə üçün olduqca mühüm hadisədir və Azərbaycan adına da bunu nailiyyət kimi qəbul etmək olar.

    “Liverpul” uzun müddət sonra çempionluq üçün yaxşı imkan əldə edib. Doğrudur, dünən xal itirdi, amma düşünürəm ki, qarşıda bu itkini sığortalamaq üçün hələ çox oyun var. Mövsümün əsas hissəsi hələ indi başlayır. Bu komandaya çox böyük inamım var”.

    Maykl Esyen (Qana millisinin və “Çelsi”nin sabiq futbolçusu):

    “Çox maraqlı səfər oldu. Sevinirəm ki, belə bir tədbirə dəvət aldım və düzgün qərar verərək bu ölkəyə gəldim. Dünənki oyun təbliğat xarakterli qarşılaşma idi və maraqlı alındı. Avropa Liqasının finalında “Çelsi”ni görmək istərdim. Həlledici oyunda Bakıda olmağa çalışacağam”.


    /oxu.az

  • Qadın güləşçilərimiz Ukraynada parlaq qələbə qazandılar

    Martın 2-də Ukraynanın Poltava şəhərində qadın güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

    Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığmamız bu yarışda parlaq çıxışla diqqət mərkəzinə düşüb.

    Belə ki, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Həşimzadənin rəhbərliyi altında Poltavada ölkəmizi təmsil edən 5 güləşçimizdən 4-ü fəxri kürsüyə qalxıb. Nigar Mirzəzadə (65 kq) qızıl, Gültəkin Şirinova (49 kq) və Elnurə Məmmədova (53 kq) gümüş, Jalə Əliyeva (61 kq) isə bürünc medal qazanıb.

  • Avropa Liqasının final oyunu günü Bakıda nəqliyyat pulsuz olacaq

    UEFA Avropa Liqasının final oyunu zamanı bileti olanlar və akkreditasiyadan keçmiş mətbuat nümayəndələri ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklər.

    Bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun hesabat konfransında deyib.

    O bildirib ki, final oyunu ilə əlaqədar 20 min azarkeşin hava yolu ilə ölkəmizə gələcəyi gözlənilir.

    Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

  • AFFA prezidenti: Təəssüf ki, milli komandamız uğursuz çıxış etdi

    İlk növbədə futbol ictimaiyyəti adından cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Bu il Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün cənab prezident tərəfindən hər cür əlverişli şərait yaradılıb.

    Bunu AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən 2018-ci ilin Hesabat Konfransında səsləndirib.

    O, klublarımız və yığma komandamızın nəticələrinə toxunub:

    “Qarabağ” bu il növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etdi. Bu, bizim üçün sevindirici məqam oldu. Təəssüf ki, milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi. Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçə uğurlar arzulayıram”.
    //oxu.az

  • Mariana Vasileva: 2019-cu ildə Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil keçiriləcək

    Bu il Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil olunacaq – Dünya Kuboku, Avropa və Dünya Çempionatları.

    Median.Az bildirir ki, bunu Trend-ə Milli Gimnastika Arenasında mayın 16-19-da Bakıda baş tutacaq bədii gimnastika üzrə Avropa Çempionatının püşkatma mərasimindən sonra bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

    M.Vasileva bildirib: “Gimnastlarımızın hansı nömrə altında iştirak etdiklərinin əhəmiyyəti yoxdur, ən əsası komandanın necə çıxış edəcəyi və hansı nəticəni göstərəcəyidir”.

    Baş məşqçi qeyd edib ki, doğma ölkədə keçirilən yarışlarda çıxış etmək hər zaman çətindir: “Evdə çıxış etmək hər zaman çətindir. Bu ən yaxşı çıxışı göstərmək istəyi ilə bağldır. Əlbəttə, bütün çıxış etdiyimiz yarışlarda yüksək nəticə əldə etmək istəyirik, ancaq Azərbaycanda keçirilən yarışlarda hər zaman dövlət bayrağını yüksəltmək və himni eşitmək istəyirsən”.

    Bədii gimnastika üzrə gələcək yarışlardan danışan baş məşqçi deyib ki, hər bir başlanğıc böyük əhəmiyyət daşıyır: “Bizimçün hər bir yarış çox vacibdir. Bu Olimpiya Oyunlarında çıxışımıza hazırlıqdır. Biz iştirak edəcəyimizə çox inanırıq”.

    Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatına hazırlıqdan danışan Vasileva iki gün ərzində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələrinin Azərbaycan Gimnastika Federasiyasının yerli təşkilat komitəsi ilə görüşlər keçirdiklərini və yarışa hazırlıq barədə məsələlərin müzakirə olunduğunu bilirib.

    Baş məşqçinin sözlərinə görə, Bakıda Avropa Çempionatında Azərbaycanı təmsil edəcək gimnastların adları məlum deyil: “Hal-hazırda fərdi proqramda çıxış edəcək seniorlar arasında 7 namizədimiz var. Onların arasında 4 gimnast daha təcrübəlidir. Ancaq mən bütün gimnastlarımızı müxtəlif startlara göndərirəm, onları dəyişdirirəm”.

    Baş məşqçi həmçinin deyib ki, Bakıda Avropa Çempionatında qrupp hərəkətlərində yuniorlar ilk dəfə iki proqramla çıxış edəcəklər – onlar 5 halqa və 5 lentlə hərəkətləri yerinə yetirəcəklər.

    Gələcək planlarda danışan Vasileva deyib ki, martın sonunda azərbaycanlı gimnastlar Fransada Qran-Pridə iştirak edəcəklər: “Martın 8-də biz İtaliyaya matç görüşlərinə yollanırıq. İtaliyada hər il sezondan öncə bu cür görüşlər təşkil olunur və biz ilk dəfə olaraq bu görüşlərə dəvət almışıq”.

  • “Neftçi” “Sabah”ı darmadağın edərək, vahid liderə çevrilib

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

    Median.Az-ın report-a istinadən verdiyi məlumatına görə, lider “Neftçi” debütant “Sabah”ı qəbul edib.

    “Bakcell Arena”da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

    Hesabı 9-cu dəqiqədə “Neftçi”nin yeni transferi Canluka Sansone açıb. Təkbətəkdən fərqlənən italiyalı hücumçu Premyer Liqada ilk qolunu vurub. 24-cü dəqiqədə kapitan Emin Mahmudov qüvvətli zərbə ilə topu “9-luğ”a göndərib. Oyunda son nöqtəni 79-cu dəqiqədə Baqali Dabo qoyub. Fransalı hücumçu qollarının sayını 9-a çatdıraraq, bombardirlər siyahısında liderliyini möhkəmlədib.

    Flaqman oyunu azlıqda başa vurub. 84-cü dəqiqədə Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.

    Bu qələbə sayəsində xallarını 41-ə çatdıran “Neftçi” ən azı bir günlük vahid liderə çevrilib. 21 xala malik “Sabah” isə 5-ci pillədə qalıb.

    Qeyd edək ki, turun açılış oyununda “Səbail” “Sumqayıt”la qolsuz heç-heçə edib – 0:0. Tura sabah keçiriləcək “Zirə” – “Qəbələ” və “Keşlə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

  • “Oyun olaraq biz xal itirmədik, 1 xal qazandıq” – Aftandil Hacıyev

    “Səbail”in baş məşqçisi Aftandil Hacıyev evdə “Sumqayıt”la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçının ardından mətbuat konfrasnı keçirib.

    Median.Az “Report”a istinadən bildirir ki, gənc mütəxəssis əvvəlcə görüş barəsində fikrilərini bildirib:

    “İki fərqli hissə oldu. Oyuna itkilərlə başlamışdıq. Rahid Əmirquliyev və Ruslan Qurbanov zədəli idi. Belə itkilərlə başlamaq çətindir. İlk dəqiqlərdə Vuqar Bəybalayevin zədə alması planlara təsir etdi. Ancaq pis oynamadıq. Sadəcə olaraq çətin oyun oldu. Rəqib bu matça dönüş oyunu kimi baxırdı. “Neftçi” ilə görüşdən sonar bu qarşılaşmaya hazırlaşmaq üçün çox əmək sərf etdik. İlk hissəni rəqib oynadı. İkinci hissə oyunu bərabərləşdirməyi bacardıq. Ancaq son nöqtəni qoymağa dəqiqlik çatmadı. Nəticəni ədalətli sayıram. Oyun olaraq biz xal itirmədik, 1 xal qazandıq. Hər bir xal bizim üçün qızıldır”.

    Hacıyev Ruslan Qurbanovu niyə start heyətdə buraxmadağına isə belə aydınlıq gətirib: “Risk etmədik. Zədədən sonra süni meydanda oynamaq çox çətin olur. Biz oyunçuları qorumalıyıq. Ruslan bizim önəmli futbolçumuzdur. Maksinmum 20-25 dəqiqə oynaya biləcəyini bildirmişdi. Biz də az da olsa, oynatdıq”.

    Gənc mütəxəssis Bəyabalayevin durumu barədə də danışıb: “Ümumiyyətlə, həmin epizodda hakim niyə cərimə təyin etmədi, bilmirəm. Vüqarın durumu ürəkaçan deyil. Üzündə şiş var. Hazırda heç nə demək olmur. İrəliləyən günlərdə daha dəqiq nəsə deyə bilərik”.

  • Bakıda bədii gimnastika üzrə Avropa Çempionatının püşkatması keçirilib – FOTO

    Milli Gimnastika Arenasında mayın 16-19-da Bakıda baş tutacaq bədii gimnastika üzrə Avropa Çempionatının püşkatması keçirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri, həmçinin Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri və təşkilat komitəsinin üzvləri iştirak ediblər.

    Püşkatmanın nəticələrinə görə, böyük gimnastlar arasında fərdi proqramda Azərbaycan təmsilçiləri sayca 18-ci çıxış edəcəklər. Fərdi proqramda 33 ölkədən idmançılar yarışacaq.

    Gənc komandaların qrup hərəkətləri proqramında isə Azərbaycan 16-cı çıxış edəcək. Bu kateqoriyada 22 ölkənin təmsilçiləri mübarizə aparacaq.

  • Joze Mourinyo yenidən “Real”da – AÇIQLAMA

    Bu mövsüm La Liqada çempionluq mübarizəsində “Barselona”dan geri qalan, “Kral Kuboku”nda əzəli rəqibinə uduzan “Real” baş məşqçi dəyişikliyinə hazırlaşır.

    Median.Az fanat.az-a istinadən xəbər verir ki, “Kral Klubu” Joze Mourinyonu geri qaytarmağa hazırlaşır. Bu iddia ilə klubun sabiq prezidenti Roman Kalderon çıxış edib.

    “Real” azarkeşləri ilə söhbət edən sabiq klub rəhbəri gələn mövsüm Mourinyonun komandanı çalışdıracağını bildirib: “Real”ın gələn mövsüm baş məşqçisi 90 faiz Mourinyo olacaq. Florentina Peresin ən çox hörmət etdiyi müxətəssis məhz odu”.

    Roman Kalderon bildirib ki, Mourinyo artıq “Real” rəhbərliyi ilə danışıqlara başlayıb.

    Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə “Real”a başçılıq edib. Komanda onun rəhbərliyi altında La Liqanın, “Kral Kuboku”nun və İspaniya Super Kubokunun qalibi olub.

  • Azərbaycanlı karateçi Avstriyada final döyüşünə çıxacaq

    Azərbaycanlı karateçi Asiman Qurbanlı (+84 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən nüfuzlu A Seriyası turnirinin finalına yüksəlib.

    Median.Az xəbər verir ki, bir-birinin ardınca Fransa, İtaliya, İran və Ekvadordan olan rəqiblərini məğlub edən A.Qurbanlı yarımfinalda son dünya çempionu Yonatan Horneyə (Almaniya) qalib gəlib.

    Sabah qızıl medal uğrunda həlledici görüşdə karateçimizi daha bir İran idmançısı Saleh Abazari ilə gərgin döyüş gözləyir.

    Altı görüşdən beşində qalib gələn Firdovsi Fərzəliyev (-60 kq) isə yarışın son günü Qazaxıstan idmançısı Kaysar Alpisbayla bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

    Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) mötəbər yarışlarından olan A Seriyası turnirinin ilk mərhələsində rekord sayda – 99 ölkədən 2057 karateçi iştirak edir. “Zalsburq Arena”da təşkil edilən turnirdəki digər idmançılarımız – Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev (-84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və dünya çempionumuz İrina Zaretskaya (-68 kq) bu gün mübarizəyə qatılacaq.

    Onu da bildirək ki, bu yarışda komandamızın lideri, dünya çempionumuz Rafael Ağayev (-75 kq) iştirak etmir.