Category: İdman

  • “Arsenal” Azərbaycana qarşı təxribata görə cəzalandırıldı – VİDEO

    İngiltərənin “Arsenal” klubu UEFA tərəfindən 15 min avro cərimələnib.

    Səbəb dekabrda UEFA Avropa Liqasının “Qarabağ”la oyununun gec başlaması və meydana kənar şəxsin girməsi olub.

    Həmin şəxs qondarma “Dağlıq Qarabağ” bayrağı ilə stadiona girməklə təxribata yol verib ki, bu da UEFA-nın meydan sahibi London klubunu cəzalandırması ilə nəticələnib.

    Qeyd edək ki, həmin matçda “Arsenal” 1:0 qalib gəlib.

    //oxu.az

  • Məşhur futbolçu milli karyerasını başa vurdu

    Futbolçu Maruan Fellaini Belçika millisində karyerasını başa vurub.

    Median.Az xəbər verir ki, 31 yaşlı futbolçu milli yığmada 2007-ci ildən çıxış edirdi.

    Yığmanın heyətində 87 maçtda 18 qol vurub.

    Xatırladaq ki, milli yığmanın heyətində Fellaini Rusiyada keçirilən Dünya Çempionatının bürünc mükafatçısı olub.

  • Premyer Liqamızda 19-cu turun rəmzi komandası açıqlandı

    Topaz Premyer Liqasının 19-cu turunun rəmzi komandası açıqlanıb.

    Median.Az xəbər verir ki, PFL “InStat” şirkətinin təhlilinə əsasən 11-liyi müəyyənləşdirib:

    Qapıçı: Mehdi Cənnətov (“Sumqayıt”)

    Müdafiəçilər: Slavik Alxasov (“Keşlə”), Edvinas Girdvainis (“Keşlə”), Tərlan Quliyev (“Keşlə”), Maksim Medvedev (“Qarabağ”)-2

    Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”)-4, Filip Ozobiç (“Qarabağ”)-7, Emin Mahmudov (“Neftçi”)-4, Dani Kintana (“Qarabağ”)-5

    Hücumçular: Canluka Sansone (“Neftçi”)-3, Araz Abdullayev (“Qarabağ”)-2

    Qeyd edək futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

  • Formula 1 Filarmoniya tribunasına bütün biletlər satıldı

    Formula 1 Azərbaycan Qran Prisinə əlli günün qaldığı ərəfədə Filarmoniya tribunasına olan biletlər artıq tamamilə satılıb.

    Median.Az xəbər verir ki, Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ümumilikdə yarışa olan biletlərin böyük hissəsinin satıldığını bildirib:

    “İndiyədək 52 ölkədən bilet alınıb və ümumilikdə biletlərin yetmiş faizə yaxını satılıb. Satılan biletlərin 78 faizi xarici ölkələrin payına düşür. Əvvəlki illərlə müqayisədə bu il Qərbi Avropa ölkələrindən, xüsusən də Böyük Britaniyadan bilet alanların sayında kəskin artım qeydə alınıb.

    Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində on faizlik artım müşahidə
    olunur. Yaxın günlərdə konsert proqramlarının detalları açıqlandıqdan sonra bilet alışlarının daha da intensivləşəcəyi gözlənilir”.

    Qeyd edək ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə biletlərin satışı hazırda davam edir. Biletlər yerli sakinlərə orijinal qiymətindən 25 faiz ucuza təklif olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

    Pilotların gərgin mübarizəsi fonunda baş tutacaq möhtəşəm yarış həftəsonunu qaçırmaq istəməyən əyləncəsevərlər biletləri əməliyyat şirkətinin rəsmi veb-səhifəsindən (https://www.bakucitycircuit.com/az/buy-now) və paytaxtın müxtəlif məkanlarında yerləşən bilet satış nöqtələrindən əldə edə bilərlər.//oxu.az

  • Bakıda keçiriləcək Avroliqa finalının biletləri bu gün satışa çıxarılacaq

    Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün biletlər satışa çıxarılacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, həlledici qarşılaşma üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi Bakı vaxtı ilə saat 17:00-da ümumi satışa buraxılacaq. Yerdə qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

    Qeydiyyatdan keçmək üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına kəçərək şəxsi bilet hesabını yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək.

    Final oyununa bilet satışı isə 4 mərhələdə həyata keçiriləcək. Martın 7-dən 21-dək davam edəcək birinci mərhələdə hər kəs şəxsi hesabına daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla yalnız 4 bilet ala bilər.

    Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq. Paketə biri böyük və digəri 14 yaşdan kiçik olmaqla, iki nəfər üçün 2 biletin satışı daxildir. Biletlər dördüncü kateqoriya üzrə güzəştli qiymətlə satışa buraxılacaq.

    Martın 28-dən aprelin 5-dək davam edəcək ikinci mərhələdə ödəniş etməklə lotereyada adınıza çıxan bileti əldə edə bilərsiniz. Göstərilən tarixlərdə ödəniş edilmədikdə, yerdə qalan biletlər yenidən satışa buraxılacaq.

    Mayın 21-də başlayacaq üçüncü mərhələdə aldığınız bilet mobil telefonunuza göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Siz eyni zamanda digər şəxslər üçün aldığınız biletləri onların mobil telefonuna göndərə bilərsiniz. Bu şəxslər də, öz növbələrində, UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.

    Oyun gününə təsadüf edəcək dördüncü mərhələdə biletləri stadiona giriş zamanı aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

    Final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirəcək. UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışına ötən ilin noyabr ayından başlanılıb. Biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini uelf.hospitality.uefa.com/packages/ linkinə daxil olaraq, əldə etmək mümkündür.

    Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da keçiriləcək.

  • Anar Süleymanov azadlığa çıxdı: Evlənəndə onu araşdırmamışdım

    Həyat yoldaşını döydüyü üçün həbs olunan qadın kikboksinq millimizin baş məşqçisi Anar Süleymanov azadlığa buraxılıb.

    Bu barədə oxu.az-a Süleymanovun özü məlumat verib.

    O bildirib ki, fevralın 13-də Nəriman Rayon Məhkəməsinin qərarı ilə iyirmi günlük həbs cəzasının müddəti başa çatıb.

    Anar Süleymanov əvvəlcə həyat yoldaşı Şamama Bayramova ilə münasibətlərindən danışıb:

    “Son günlər haqqımda yazılanlar sabiq həyat yoldaşımın mənə qurduğu tələlərdir. Məşhur biri olduğumu nəzərə alaraq, özünü mənim vasitəmlə gündəmə gətirmək istədi. Biz Avropada yox, Azərbaycanda yaşayırıq.

    Hər kəs bilir ki, ailədə problemlər olur. Yəni, bunlar təbii haldır. Amma heç bir Azərbaycan xanımına yaraşmaz ki, xırda bir mübahisəyə görə bölmələrdə adı işverən kimi hallansın, üzə duranlıq etsin.

    Mən ailə qurmazdan öncə onu araşdırmamışdım. Bu mənim səhvimdir. Evləndikdən sonra gördüm ki, sərbəst bir ailə imiş. Ən çox da özü daha sərbəst biri idi. Ona görə də qərara gəldim ki, həyat yolumuzu ayıraq. Ondan sonra özünə yalandan mənim əleyhimə sənədlər düzəltməyə, özünə xəsarət yetirərək bunu mənim etməyim kimi qələmə verməyə başladı.

    İki məhkəmə prosesində günahsız olduğum sübuta yetirilsə də, sonuncu prosesdə hakimin haqsız qərarı üzündən mənə iyirmi sutka həbs cəzası verildi. Onun vəkili də keçmiş arvadımla çox yaxındır, ayrıldıqdan sonra onları bir yerdə çox görmüşəm.

    Sonuncu məhkəmədə hələ qərar çıxarılmamışdan qabaq, həmin vəkilin tapşırığı ilə artıq məni həbsxanaya aparmaq üçün maşın gətirilmişdi. Həbsdə olduğum müddətdə də Şamama saxta profillər açaraq ailəmi, dostlarımı dayanmadan təhqir edib. Özünün model şəkillərini paylaşmaqla hazırda özünü reklam etdirir”.

    Daha sonra Süleymanov Oxu.Az saytında onun haqqında gedən kikboksinq millimizin kapitanı Ramal Aslanovun fikirlərinə toxunub:

    “Həbsdə olduğum müddətdə Ramal haqqımda danışıb. Onu qeyd edim ki, mən budo döyüş növü üzrə üç dəfə dünya çempionu olmuşam, bir dəfə Dünya Kubokunu qazanmışam. Budo üzrə idman ustasıyam. Universal döyüş üzrə iki dəfə Avropa üçüncüsü, kunq-fu üzrə Avropa çempionu olmuşam.

    Kikboksinqdə isə bir sıra peşəkar turnirlərin qalibiyəm. Yəni mən heç vaxt heç yerdə kikboksinq üzrə dünya çempionu olduğumu deməmişəm. O mənə kikboksçu kimi öz dəstəyini verməkdənsə, yıxılana balta vurmaqla keçdi o qız tərəfə. Halbuki onunla duz-çörək kəsmişdim.

    Azərbaycan çempionatında ilk döyüşdən nokauta düşməyimə də aydınlıq gətirim. 2016-cı ildə 16 kq çəki salmışdım və ilk gün üç döyüşüm vardı. Birinci döyüşdə vaxtından əvvəl qalib gəldim, ikinci döyüşdə rəqibim rinqə çıxmadı. Üçüncüdə isə çəki saldığım üçün halım çox pis idi. İkinci raundda gözüm qaraldı, zərbələri görmürdüm. Amma heç bir nokdaunsuz döyüş dayandırıldı və mənə texniki məğlubiyyət verildi.

    Ramal pis idmançı olmasa da, onun özünün də nokauta düşməyinin şahidi olmuşam. Məsələn, ötən il Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar beynəlxalq turnirdə Ramaldan da təcrübəsiz türk idmançı Mükrəmin Gülər ikinci raundda onu biabırçı şəkildə məğlub etdi. Ondan bir il öncə isə Çeçenistanda ayağını tutub döyüşü dayandırdı və bu da federasiyanın qınağına səbəb oldu. Biz döyüşəndə Ramal hələ kiçik uşaq idi. Yəni onun mənim haqqımda fikir bildirməyi hələ tezdir”.

  • Xorvatiya yığmasında daha bir aparıcı futbolçu sıradan çıxdı

    AÇ-2020-nin seçmə mərhələsində ilk oyunda millimizi qəbul edəcək Xorvatiya yığması ciddi itki ilə üzləşib.

    Müdafiə xəttində problemlər yaşayan rəqib komandanın bu dəfə hücumçusu Ante Rebiç sıradan çıxıb.

    25 yaşlı futbolçu “Ayntraxt”ın heyətində Almaniya Bundesliqasının XXIV turunda “Hofenhaym”a qarşı matçda zədələnib. Futbolçu zədəsi ciddi olduğu üçün Belqrada müayinədən keçməyə gedib. Rebiç zədə səbəbindən Avropa Liqasında “İnter”lə görüşün iştirak ərizəsinə də salınmayıb. Onun millimizlə oyuna hazır olub-olmayacağı məlum deyil.

    Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də baş tutacaq.

  • Futbolçunun anası oğurlandıqdan bir həftə sonra sərbəst buraxılıb

    Nigeriya yığmasının və Fransanın “Bordo” klubunun futbolçusu Samuel Kalunun oğurlanan anası cinayətkarlar tərəfindən sərbəst buraxılıb.

    Median.Az xəbər verir ki, polis qadının ötən gecə sərbəst buraxıldıqdan sonra evə getdiyini bildirib.

    Həmçinin hüquq-mühafizə orqanları oğruların qadın üçün tələb etdikləri məbləği alıb-almadıqlarını araşdırmalıdırlar.

    Qeyd edək ki, Samuel Kalunun anası fevralın 27-də oğurlanıb. Qadını oğurlayan şəxslər əvvəl 8,3 min dollar pul istəsələr də, sonuncu tələbləri 41 min dollar olub.//report.az

  • Kişi şahmatçılardan ibarət Azərbaycan millisi dünya çempionatının ilk turunda məğlub olub

    Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ilk turunda Çin yığması ilə üz-üzə gəlib.

    Median.Az report-a istinadən xəbər verir ki, duel Azərbaycan komandasının məğlubiyyəti ilə yekunlaşıb. Rauf Məmmədov Dinq Lirenə, Eltac Səfərli Vey Yiyə, Qədir Hüseynov isə Yu Yanqyiyə məğlub olub.

    Nicat Abbasov isə Bu Syançji ilə heç-heçə oynayıb.

    Qeyd edək ki, Azərbaycan yığması ikinci turda İngiltərə ilə qarşılaşacaq.

    Dünya çempionatı, I tur

    Çin – Azərbaycan – 3,5 : 0.5

    Dinq Liren – Rauf Məmmədov – 1:0

    Yu Yanqyi – Qədir Hüseynov – 1:0

    Vey Yi – Eltac Səfərli – 1:0

    Bu Syançji – Nicat Abbasov – 0,5:0,5

    Birinci turun digər qarşılaşmaları

    Hindistan – İsveç – 3.5:0.5

    İran – Rusiya – 1.5:2.5

    Misir – ABŞ – 1:3

    İngiltərə – Qazaxıstan 2.5:1.5

  • Şahmat millimiz dünya çempionlarına qarşı

    Bu gün Qazaxıstanın paytaxtı Astanada kişi və qadın şahmatçılar arasında komandalar üzrə dünya çempionatına start veriləcək.

    Oxu.az daha əvvəl xəbər verdiyi kimi, ölkəmizi bu mötəbər yarışda yalnız kişilərdən ibarət yığma komanda təmsil edəcək. Milli komandamız son Avropa çempionu kimi bu mötəbər turnirdə iştirak etmək hüququnu əldə edib.

    Kişilərin yarışında Azərbaycan yığmasından başqa Rusiya, Çin, İngiltərə, Hindistan, ABŞ, İran, Qazaxıstan, İsveç və Misir yığmaları mübarizə aparacaqlar. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovsuz FIDE reytinqi üzrə üçüncü olan millimiz ilk turda çempionluğa namizəd komanda ilə qarşılaşacaq. Rəqib reytinqdə Rusiyadan sonra ikinci sırada olan, son dünya çempionu Çindir.

    Komandamız Rauf Məmmədov (2701), Qədir Hüseynov (2664), Eltac Səfərli (2662) və Nicat Abbasovla (2627) təmsil olunacaq. Qarşı tərəfdə müvafiq olaraq rəqiblər Dinq Liren (2812), Yu Yanqyi (2761), Vey Yi (2733) və Bu Sianqjidir (2731).

    Bundan başqa, Hindistan İsveçlə, İran Rusiya ilə, Misir ABŞ-la və İngiltərə Qazaxıstanla qarşılaşacaq. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

    Qeyd edək ki, qadınlarda isə Ukrayna, Rusiya, Çin, Qazaxıstan, Misir, Ermənistan, Macarıstan, Hindistan, ABŞ və Gürcüstan yığmaları çıxış edəcəklər. Yarış dairəvi sistemlə doqquz turdan ibarət olacaq.