Category: İdman

  • Cüdo üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Birinciliyinin açılış mərasimi keçirilib – FOTO

    Cüdo üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Birinciliyinin açılış mərasimi keçirilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunmuş tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış ediblər.

    Onlar Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan danışıblar. Daha sonra medal görüşlərinə start verilib.

    Qeyd edək ki, Azərbaycan Birinciliyində 51 klubdan 314 cüdoçu iştirak edir. Onların 259-u oğlanların, 55-i isə qızların yarışında mübarizə aparır.

    Turnirə fevralın 28-də yekun vurulacaq.

  • Bakıda keçiriləcək Qran Pridə Azərbaycanı 24 idmançı təmsil edəcək

    Məlum olduğu kimi, 13-14 may tarixlərində Bakıda paracüdo üzrə beynəlxalq Qran Pri keçiriləcək.

    Median.Az xəbər verir ki, bununla bağlı Milli Paralimpiya Komitəsinin (MPK) yeni ofisində mətbuat konfransı keçirilib. MPK prezidenti İlqar Rəhimov bu turniri Tokioda keçiriləcək Paralimpiya Oyunlarına təsnifat xarakterli olduğuna görə, vacib yarış adlandırıb:

    “Biz artıq medalları sifariş etmişik. Lakin onun üzərində yarışın loqosunun əks olunmasını istəyirik. İndiyədək 29 ölkə bu yarışda iştirak etmək üçün müraciət edib. Ümumilikdə 228 idmançının iştirakı ilə bağlı ərizələr daxil olub. Martın 20-si müraciət üçün son tarixdir. Həmin günədək ölkələrin sayının 40-a, idmançıların sayının isə 350-yə qalxacağı gözlənilir.

    Yarışlarda kişilərdə yeddi çəki dərəcəsində 13, qadınlarda altı çəkidə 11 qadın idmançımız təmsil edəcək. Yarış iştirakçıları artıq müəyyənləşdirilmiş iki hoteldə qalacaq. Bunlar “Baku Royal Garden” və “Days” otelləridir. Komitəmiz möhtəşəm fləş-mob hazırlayır. Bunun keçirilməsində Əsa Teatrının yardımından da faydalanacağıq. Yarışın keçirilməsi xərclərini komitəmiz öz üzərinə götürüb. Amma Cüdo Federasiyası da bizə dəstək olacaq. Bundan başqa, yaxınlarda yeni sponsorluq müqavilələri bağlamağı planlaşdırırıq. Yarışları Heydər Əlıyev adına İdman-Konsert Kompleksindən izləmək pulsuz olacaq”.

    Beynəlxalq Görmə Qabiliyyətli İdmançılar Assosiasiyasının (IBSA) cüdo üzrə idman direktoru Yanoş Tardoş isə yarışların keçiriləcəyi məkanı təftiş etdiyini bildirib. O bunun üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini və təsnifatın keçiriləcəyi yeri təftiş edib. O burdakı avadanlıqları bəyəndiyini və yarışın keçirilməsi şərtlərinə uyğun gəldiyini bildirib.

  • Messi 40-cı dəfə “El-Klasiko”da iştirak edəcək

    İspaniya Kubokunun yarımfinal mərhələsində “Real Madrid”lə cavab matçı “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olacaq.

    Median.Az Kataloniya klubunun “Twitter” səhifəsinə istinadən xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu karyerası ərzində 40-cı “El-Klasiko”suna çıxacaq. “Barselona” əzəli rəqibi ilə evdə keçirdiyi ilk oyunda heç-heçə edib.

    Bu gün baş tutacaq cavab qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

    Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 9 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə “Qızıl top”a və eyni sayda “Qızıl buts”a layiq görülüb.

  • Rəşad Sadıqov Rusiya telekanalına erməni işğalından danışdı – VİDEO

    “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Rusiyanın “Matç! TV” telekanalına müsahibə verib.

    O, müsahibəsində “Qarabağ” klubunda forma geyinməyin məsuliyyətindən danışıb:

    “Xüsusilə yerli futbolçular üçün bu bölgəni layiqincə təmsil etmək çox önəmlidir. Hamı bilir ki, torpaqlarımız işğal edilib, amma bu, müvəqqətidir. Torpaqlarımızı ən qısa zamanda geri qaytaracağıq. Biz beynəlxalq oyunlarımızı orda keçirməyi çox arzulayırıq.

    İnanırıq ki, bu, bizə qismət olacaq. Baş məşqçimiz bütün komandaya daim bu hadisələri xatırladır. Baş məşqçimiz imkan olduqca hər məqamda, toplantılarda hansı bölgənin komandasını təmsil etdiyimizi, hansı klubun şərəfini qoruduğumuzu yadımıza salır”.

  • “Qarabağ” oyuna gec gəldiyi üçün cərimələndi

    AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

    İclasda bir neçə kluba cəzalar tətbiq olunması barədə qərarlar qəbul edilib.

    Premyer Liqanın XVIII turunun “Sabah” – “Qarabağ” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Bakı klubu 800 manat cərimə olunub. “Sabah”ın paraqvaylı futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb, klub 200 manat cərimələnib.

    “Neftçi” – “Səbail” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün qonaq klub 800 manat cərimə olunub.

    I divizionun XVI turunun “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandanın yubanması səbəbindən dörd dəqiqə gec başladığı üçün “Qarabağ” klubu 80 manat cərimələnib.

    “Turan Tovuz” – “Neftç-2” matçında lazımi inventarlar olmadığı üçün meydan sahibi klub 160 manat cərimə olunub.

    “Kəpəz” – “Zaqatala” matçının iclasında qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən “Zaqatala” klubu səksən manat cərimə ödəməlidir.

    “Sabah-2” – “Qaradağ Lökbatan” matçında qonaq komanda matçın ilkin protokolunu gec tədqim edib. Bu səbəbdən “Qaradağ Lökbatan” klubu eyni məbləğdə cərimələnib.

    Futzal üzrə I Liqanın “Çinar Cəbrayıl” – “Sabunçu” görüşünə qonaq komanda təyin olunduğu vaxtda gəlmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

  • Sabiq “Barselona”lı karyerasını başa vurdu

    “Barselona”nın sabiq futbolçusu Andrea Orlandi karyerasını başa vurub.

    Median.Az xəbər verir ki, o, ürək problemləri səbəbindən futbolla vidalaşdığını deyib: “Həkim pis xəbəri deyəndə kədərləndim. Təbii ki, qəbul etmək məcburiyyətində qaldım. Mənə kömək edən həkimlərə minnətdaram. İndi futbol haqqında yox, gələcək barədə düşünmək lazımdır”.

    Qeyd edək ki, Andrea Orlandi karyerası ərzində “Barselona” ilə yanaşı, İspaniyanın “Alaves” və İngiltərənin “Suonsi” klublarında da çıxış edib. O, son olaraq Hindistanın “Çennayin” komandasının formasını geyinib.

  • Boks millimizin üzvü “Bailando” oxuyur, rəqs edir – VİDEO

    Boks millimizin kubalı legioneri Alfonso Dominqes, sən demə, ancaq idmanla məşğul olmurmuş.

    Median.Az xəbər verir ki, idmançının həm gözəl səsi, həm də rəqs etmək qabiliyyəti varmış.

    “Qəbələ” İdman Klubunun boksçusu müğənni kimi ad çıxarmağı bacarıb. Dediyinə görə, onu, hətta tədbirlərdə ifa etməyə çağıranlar olub.

    Sözügedən videoda onun Enrike İqlesiasın “Bailando” (Rəqs) mahnısını ifa edə-edə rəqs etdiyi görünür.

    Qeyd edək ki, Alfonso Dominqes ötən ilin sonunda boks üzrə Azərbaycan çempionatının 81 kq çəki dərəcəsində mübarizə aparıb və gümüş medal qazanmaqla kifayətlənib.

  • “Neftçi”nin 17 matçlıq seriyasını qıran tapılıb

    “Neftçi”nin Azərbaycan Premyer Liqasındakı ev oyunlarında məğlubiyyətsizlik seriyası qırılıb.

    Bu, XVIII turun “Səbail”lə görüşünə təsadüf edib.

    1:2 hesabı ilə uduzan “ağ-qaralar” mövsümdə ilk dəfə öz meydanından xalsız ayrılıb.

    Bunadək “Neftçi”nin çempionatdakı son ev məğlubiyyəti 2017-ci il noyabrın 19-na təsadüf etmişdi. Həmin gün “Qəbələ”yə 2:3 hesabı ilə uduzan “ağ-qaralar” 462 gündən sonra məğlubiyyətlə üzləşib.

    Ötən mövsüm doqquz, cari çempionatda səkkiz görüşdə uduzmayan komandanın 17 matçlıq seriyası qırılıb. Bu müddətdə paytaxt təmsilçisi 12 qələbə qazanıb, beş heç-heçə edib.

  • Azərbaycanda oynayan ən bahalı futbolçular müəyyənləşdi – SİYAHI

    Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.

    “Transfermarkt” qış fasiləsindən sonra futbolçuların transfer qiymətlərini müəyyənləşdirib.

    Ölkəmizdə çıxış edən ən bahalı futbolçuların böyük əksəriyyəti “Qarabağ”ın formasını geyinir. Belə ki, dəyəri 1 milyon avrodan artıq olan 9 futbolçudan 8-i Ağdam klubunda çıxış edir. İlk onluqda son çempionun 8 futbolçusu yer alıb.

    Yerli futbolçulardan Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev və Mahir Mədətov dəyərini 1 milyon avroya çatdıraraq “onluq”da yer alıb. Bundan başqa millimizin üzvü Riçard Almeyda “Qarabağ”dakı komanda yoldaşı Filip Ozobiçlə siyahıya başçılıq edir.

    1. Riçard Almeyda (Qarabağ) – 1.500.000 avro
    2. Filip Ozobiç (Qarabağ) – 1.500.000 avro
    3. Maksim Medvedev (Qarabağ) – 1.200.000 avro
    4. Simeon Slavçev (Qarabağ) – 1.200.000 avro
    5. Abdullah Zubir (Qarabağ) – 1.200.000 avro
    6. Badavi Hüseynov (Qarabağ) – 1.000.000 avro
    7. Qara Qarayev (Qarabağ) – 1.000.000 avro
    8. Mahir Mədətov (Qarabağ) – 1.000.000 avro
    9. Stiven Monroz (Qəbələ) – 1.000.000 avro
    10. Baqali Dabo (Neftçi) – 800.000 avro
    11. Donald Qerye (Qarabağ) – 750.000 avro
    12. Miçel (Qarabağ) – 750.000 avro
    13. Dani Kintana (Qarabağ) – 750.000 avro
    14. Kiril Petrov (Neftçi) – 750.000 avro
    15. Voyislav Stankoviç (Qəbələ) – 750.000 avro
    16. Sabien Lilay (Qəbələ) – 750.000 avro
    17. Ceyms Adeniyi (Qəbələ) – 750.000 avro
    18. Mirabdulla Abbasov (Neftçi) – 650.000 avro
    19. Yakub Jezniçak (Qarabağ) – 600.000 avro
    20. Con Delarj (Qarabağ) – 600.000 avro
    21. İnnosent Emeqara (Qarabağ) – 600.000 avro
    22. Səlahət Ağayev (Neftçi) – 600.000 avro
    23. Emin Mahmudov (Neftçi) – 600.000 avro
    24. Soni Mustivar (Neftçi) – 600.000 avro
    25. Vanderson Naskimento (Sabah) – 600.000 avro
    26. Coşqun Diniyev (Sabah) – 600.000 avro
    27. Cavid İmamverdiyev (Sabah) – 600.000 avro

    //Fanat.az

  • Cüdo millimiz 93 komanda arasında üçüncü oldu

    Azərbaycanın cüdo üzrə milli komandası Almaniyanın Düsseldorf şəhərindəki “Böyük Dəbilqə” turnirində dörd medal qazanıb.

    Son yarış günündə yığma üzvləri bir qızıl, iki bürünc medala sahib olublar.

    90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev finalda yaponiyalı Sanşiro Muraonu, 100 kq çəkidəki Zelim Kotsoyev və qadınlardan 78 kq-dan yuxarı çəkidəki İrina Kindzerskaya üçüncü yer uğrunda görüşdə müvafiq olaraq, serbiyalı Boyan Dosen və tunisli Nihel Şeyx Ruhunu məğlub ediblər.

    Ötən gün isə 73 kq çəkidə Rüstəm Orucov bürünc medal əldə edib.

    Komandamız turnirdə 93 ölkə arasında üçüncü yeri tutub. Doqquz qızıl, üç gümüş, iki bürünc medal qazanan Yaponiya birinci, bir qızıl, bir gümüş, üç bürünc medalı olan Braziliya ikinci yerə çıxıb.