Category: İdman

  • Azərbaycan Gimnastika Federasiyası birinci olub

    Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların” siyahısına daxil olub.

    Median.Az bildirir ki, AGF-dən Trend-ə verilən məlumata görə, Federasiya siyahıda yenidən birincidir.

    Belə ki, AGF ötən il olduğu kimi, bu il də öz nümunəvi fəaliyyəti ilə, bütün diqqətləri üzərinə toplamağı bacarıb.

    Yüksək səviyyədə təşkil olunmuş gimnastikanın 3 növü üzrə Dünya Kuboku, FIG Akademiyasının bədii, idman və aerobika gimnastikası üzrə məşqçilik kursları, FIG-nin Ali orqanı olan Konqresi, beynəlxalq yarışlar və digər iclasların yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın 6 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu dəfə də dəyərləndirilmiş və federasiyamız birinciliklə mükafatlandırılmışdır.

    Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016 -ci illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb.

  • Xanım idmançıdan nümunəvi addım – Azərbaycan bayrağına görə şərt qoydu (VİDEO)

    Cəlilabadlı idmançı Zəhra Salmanlı Tehranda keçirilən karate üzrə beynəlxalq turnirdə tatamiyə çıxmazdan əvvəl nümunəvi hərəkət edib.

    Belə ki, turnirin keçirildiyi zalda Azərbaycan bayrağı erməni bayrağının altında asıldığını görən Zəhra buna etirazını bildirib. O, təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini bildirib.

    İdmançımızın kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.

    Daha sonra yarışa başlayan Zəhra rəqiblərini məğlub edib və 1-ci yerə çıxıb.

  • Cırtdan və Bəbir Bakıdakı mötəbər festivalın talismanı seçildi

    Bakıda keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının (AGOF) rəsmi talismanları təqdim olunub.

    AGOF “Bakı 2019” Əməliyyatlar Komitəsi yarışın startına 150 gün qalmış tədbirin rəsmi talismanlarını açıqlayıb.

    Bunlar Cırtdan və Bəbirdir. Azərbaycan dilindən tərcümədə “kiçicik” mənası daşıyan balaca oğlan Cırtdan Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və başqalarına rəğbəti ilə seçilir.

    Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir.

    AGOF “Bakı 2019”un rəsmi şüarı isə “Zirvələrə Hazırıq” sözləri olacaq.

    Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin Avropa Oyunlarından sonra keçirdiyi ikinci mötəbər turnir sayılan XV Yay AGOF 21–27 iyul tarixlərində keçiriləcək.

  • Millimizin kapitanı Afrika çempionatında ən güclü idmançı seçildi – FOTO

    Dünən Misirin Hurqada şəhərində keçirilən Afrika açıq çempionatında dörd idmançı ilə təmsil olunan parataekvondo üzrə milli komandamızın üzvləri reytinq xallarını artırıb.

    K42 və K43 (-75 kq) çəki dərəcəsində mübarizəyə qatılan komandamızın kapitanı, dünya ikincimiz Nicat Müslümov hər iki kateqoriyada qızıl medal qazanaraq yarışın qalibi olub.

    Qadın parataekvondoçulardan bu ay dünya üçüncüsü olmuş Röyalə Fətəliyeva (K44 -49 kq) və ötən il Avropa çempionu olmuş Aynur Məmmədova (K44 +58 kq) final döyüşündə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

    Digər kişi idmançımız, dünya üçüncümüz Elimxan Manafovun (K43 -61 kq) isə yarımfinal mərhələsində rəqibi keçilməz olub və o yenə bürünc medalla kifayətlənib.

    Bununla da komanda hesabında millimiz üçüncü yerə layiq görülüb. Yarışın ən güclü idmançısı isə Nicat Müslümov seçilib.

    Beləliklə, baş məşqçi Fərid Tağızadənin yetirmələri 28 ölkədən 108 idmançının yarışdığı beynəlxalq reytinq turnirindən iki qızıl, iki gümüş və bir bürünc medalla vətənə dönür.






    //oxu.az

  • Messi İnyestaya çatdı

    “Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Lion”la qarşılaşıb.

    Median.Az xəbər verir ki, qolsuz bərabərə bitən matç Kataloniya təmsilçisinin üzvü Lionel Messi üçün əlamətdar olub. Belə ki, argentinalı hücumçu bu matçda da iştirak edərək, Çempionlar Liqasında “Barselona” ilə 130-cu oyununa çıxıb. O, bu göstərici ilə “Barselona”nın sabiq üzvü Andres İnyestaya çatıb. Hər iki futbolçu ÇL-də 130 oyun keçirib.

    Klub formasıyla sözügedən turnirdə ən çox forma geyinən futbolçu isə Xavidir. İspan yarımmüdafiəçi Kataloniya təmsilçisiylə 151 görüşə çıxıb.

    “Barselona” ilə “Lion”arasındakı cavab matçı martın 13-də keçiriləcək.

  • “Şikayət etmək həmişə “Real”ın taktikası olub” – Pike rəqib klubu ələ saldı

    “Barselona”nın futbolçusu Jerar Pike əzəli rəqibləri “Real” haqda maraqlı açıqlama verib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, müdafiəçi İspaniya mətbuatına açıqlamasında Madrid klubunun daima hakimlərdən şikayətçi olduğunu deyib:

    “Real” illərdir mütəmadi olaraq hakimlərdən şikayətçidir. Həm futbolda, həm də basketbolda narazılıq edirlər. Şükürlər olsun ki, başqa komandaları yoxdur. Yoxsa həndbol və hokkeydə də hakimlərdən şikayət edərdilər. Şikayət etmək həmişə “Real”ın taktikası olub. Biz buna alışmalıyıq”.

    Qeyd edək ki, basketbol üzrə İspaniya kubokunun finalında “Real” və “Barselona” komandaları qarşılaşıb. Əlavə vaxtda uduzan madrid təmsilçisi görüşdən sonra rəsmi saytı vasitəsilə hakimlərin onların əleyhinə olan səhv qərarlar verdiyini bəyan edib.

  • Xorvatların millimizə qarşı ehtimal edilən start heyəti açıqlandı

    AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə ilk oyun öncəsi Xorvatiya millisinin start heyəti açıqlanıb.

    Dünya ikincisinin müdafiəçiləri – Şime Vrsalko, Matey Mitroviç, Yosip Pivariç və İvan Ştriniç zədəli, Deyan Lovren isə cəzalıdır.

    Lovrenlə yanaşı, Vrsalko və Pivariçin millimizlə oyunu buraxacağı dəqiqdir. Hətta müdafiədəki problem o həddə gəlib çıxıb ki, hücumçu olan Yosip Brekalodan cinah müdafiəçisi kimi istifadə edilə bilər.

    Həmçinin qapıçı Lovre Kaliniç də zədədən əziyyət çəkir. Ancaq milli həkimi onun oyuna qədər sağalacağını düşünür. O, qolkiperin durumunun ciddi olmadığını vurğulayıb.

    Xorvatiya KİV-i indiki məqamda baş məşqçinin beynindəki start heyətin bu oyunçular olduğunu iddia edib: Lovre Kaliniç (“Aston Vila”, İngiltərə) – Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), Tin Yedvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Yosip Brekalo (“Volfsburq”, Almaniya) – İvan Rakitiç (“Barselona”), Luka Modriç (“Real”, İspaniya), Marselo Brozoviç (“İnter”, İtaliya) – İvan Perişiç (“İnter”, İtaliya), Andrey Kramariç (“Hofenhaym”, Almaniya), Ante Rebiç (“Ayntraxt”, Almaniya).

    Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də Zaqrebin “Maksimir” stadionunda keçiriləcək.

  • Azərbaycanlı şahmatçıların da olduğu hoteldə bomba həyəcanı

    Rusiyanın paytaxtı Moskvada start götürən ənənəvi “Aeroflot Open” şahmat turniri dünən yarımçıq saxlanılıb.

    Yarış başladıqdan 45 dəqiqə sonra dayandırılıb.

    Buna səbəb yarışın keçirildiyi “Kosmos” hoteldə bomba olmasına dair anonim zəngin daxil olmasıdır. Bu səbəbdən ticarət mərkəzləri, kinoteatrlar, teatrlar, dəmiryolu stansiyaları, eləcə də, “Kosmos” hotelindəki 10 mindən çox insan təxliyyə edilib.

    Hoteldəki insanlar yaxınlıqdakı məktəbə köçürülüb. Şahmatçılar isə başladıqları partiyaları yarımçıq qoymağa vadar edilib. Lakin hoteldə heç bir bomba tapılmayıb. Hotel müştəriləri geri qaytarılıb.

    Onu da bildirək ki, bu hoteldə bomba olduğuna dair 2015-ci ilin noyabrında da yalançı bomba həyəcanı verilmiş və heç bir partlayıcı maddə tapılmamışdı.

    Qeyd edək ki, həmin yarışda Azərbaycanın səkkiz şahmatçısı (altı oğlan, iki qız) iştirak edir. Bu gün ilk turun oyunları keçiriləcək.

    İlk turda A qrupunda mübarizə aparan Rauf Məmmədov Semyon Lomasovla (Rusiya), Eltac Səfərli Aram Hakobyanla (Ermənistan), B qrupunda Vüqar Əsədli Ruslan Yandarbiyevlə (Rusiya), Məhəmməd Muradlı Kartikeyan Acayla (Hindistan), Xanım Balacayeva Kaiyu Ninqlə (Çin), Ülviyyə Fətəliyeva Kirill Kozyonovla (Rusiya), Aydın Süleymanlı Maksim Luqovskoyla (Rusiya) və Read Səmədov Teca Krişna (Hindistan) ilə qarşılaşacaq.
    //oxu.az

  • “Səbail” 2400 manat cərimələndi

    AFFA İntizam Komitəsi Premyer Liqanın XVII turu ilə bağlı sanksiyasını açıqlayıb.

    “Səbail” – “Sabah” matçı meydan sahibi klubun səhlənkarlığı səbəbindən birinci hissə üç, ikinci hissə doqquz dəqiqə gec başlayıb.

    Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub. Bunu nəzərə alaraq İntizam Komitəsi 23№li Protokola aşağıdaki qərarı əlavə edib:

    Matçın başlama saatını təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirdiyinə görə “Səbail” klubu 2400 manat cərimə olunur.

    Qeyd edək ki, “Bayıl Arena”da keçirilən həmin görüş “Səbail”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

  • Azərbaycanlı qadın boksçu Sofiyada medal qazandı

    Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə ənənəvi “Stranca” turnirində yarımfinal mərhələsinin döyüşləri başa çatıb.

    Bu mərhələdə Azərbaycan millisinin iki üzvü də qüvvəsini sınayıb.

    +91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev üçüncü sınağında amerikalı Riçard Toreslə üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Komandamızın digər boksçusu Aynur Rzayeva (-75 kq) da yarımfinalda büdrəyib və Naomi Qrehem (ABŞ) həlledici qarşılaşmaya vəsiqə qazanıb.

    Nəticədə, hər iki boksçumuz yetmişinci dəfə təşkil edilən yarışı bürünc medalla başa vurub.

    Qeyd edək ki, 43 ölkədən 360 idmançının qatıldığı yarışın final görüşləri bu gün olacaq.